THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Asiyanın Qəlbi": "İstanbul Prosesi"nin Bakı "ritmi"

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1450
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 dekabr 2017 – Newtimes.az

2011-ci ildə Türkiyə mərkəzi Əfqanıstan olmaqla böyük bir geosiyasi məkanda sülh, əməkdaşlıq və qarşılıqlı etimadı təmin edə biləcək format irəli sürdü. Onun adı "Asiyanın Qəlbi – İstanbul Prosesi"dir. 2012-ci ildə Prosesə dəvət alan Azərbaycan onun fəal iştirakçısıdır. Bu il Azərbaycanın Prosesə sədrliyi başa çatır. Estafeti Türkiyə götürür. Bunun fonunda Bakıda keçirilən "İstanbul Prosesi" çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda 7-ci Nazirlər Konfransının geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac duyulur. Bu məsələ Prezident İlham Əliyevin dərin məzmunlu nitqində lakonik tezislərdə öz ifadəsini tapıb. Prosesin məqsədi, məzmunu geosiyasi-strateji nitqdə əks olunub. Eyni zamanda, Azərbaycanın ona verdiyi töhfələr, həmin layihənin perspektivləri konkret faktların işığında göstərilib. Onların nəzəri təhlili mühüm əhəmiyyət kəsb edir.

Asiyada sülh və əməkdaşlıq: Türkiyənin təşəbbüsü və Azərbaycanın fəallığı

Azərbaycanın paytaxtında əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Mütəxəssislər bu tədbirlərin yüksək səviyyədə təşkil edildiyini daima vurğulayırlar. Maraqlıdır ki, Bakı çox müxtəlif mövzularda qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu, Azərbaycanın sözün həqiqi mənasında həm regionun lider dövləti olduğunu, həm də geosiyasi mərkəz rolunu oynadığını nümayiş etdirməkdədir. Bunun növbəti təsdiqi paytaxtımızda "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda 7-ci Nazirlər Konfransının keçirilməsi oldu.

Öncə vurğulayaq ki, "Asiyanın Qəlbi – İstanbul Prosesi"nin əsası 2011-ci il noyabrın 2-də İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında qoyulub. Bu prosesin başlıca məqsədi çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi böyük bir geosiyasi məkanda sülhü, əməkdaşlığı və sabitliyi təmin etməkdən ibarətdir. Onun təşəbbüskarı isə qardaş Türkiyədir. Onu da qeyd edək ki, həmin prosesdə Əfqanıstanda sülh, sabitlik və inkişafın reallaşması məqsədi xüsusi yer tutur. İndi 14 dövlət qısa müddətdə böyük nüfuz qazanan "Asiyanın Qəlbi – İstanbul Prosesi"nin tamhüquqlu üzvüdür. Bundan başqa, 17 dövlət və 12 beynəlxalq təşkilat dəstəkçi qismində iştirak edir.

2012-ci ildə bu prosesə dəvət alan Azərbaycan onun fəal üzvüdür və ölkəmizin sədrlik müddəti bu il başa çatır. Bu baxımdan 7-ci Nazirlər Konfransının Bakıda keçirilməsi başqa faktorlarla yanaşı, həm də Azərbaycanın fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətli idi (bax: Bakıda "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində 7-ci nazirlər konfransı keçirilir / AZƏRTAC, 1 dekabr 2017).

Tədbirdə Azərbaycan Prezidenti ilə yanaşı, Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qani də iştirak edib. Üzv ölkələrdən çoxlu sayda nümayəndələr də tədbirə qatılıblar. Ekspertlərin ilkin rəyinə görə, Bakı müzakirələri çox maraqlı və səmərəli keçib. Prezident İlham Əliyevin nitqi böyük maraqla qarşılanıb (bax: Prezident İlham Əliyev: Azərbaycan "Asiyanın Qəlbi – İstanbul Prosesi"ni sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizm hesab edir / AZƏRTAC, 1 dekabr 2017).

Sonda konfrans iştirakçıları bəyannamə qəbul ediblər. Orada Prosesin əhəmiyyəti, görülən işlərin vacibliyi ilə yanaşı qarşıda duran vəzifələr də öz əksini tapıb. Azərbaycanla Əfqanıstan arasında ayrıca bir neçə əməkdaşlıq sənədi imzalanıb.

"Gücləndirilmiş Qitə" qlobal kontekstdə: "İstanbul Prosesi" üstəgəl "Yeni İpək Yolu"

Bu hadisənin geosiyasi əhəmiyyəti bir neçə aspektdə özünü büruzə verir. Əslində, bu barədə Prezident İlham Əliyev dolğun nitqində bəhs edib. "Asiyanın Qəlbi – İstanbul Prosesi" Əfqanıstandan başlayaraq Türkiyəyə qədər uzanan geosiyasi məkanda ölkələr arasında iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sferalarında əməkdaşlığı qarşısına məqsəd kimi qoyduğundan onun səmərəli beynəlxalq əməkdaşlıq formatı olduğunu deyə bilərik. Həmin aspektdə dövlət başçısı İlham Əliyev nitqində vurğulayıb: "Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, "Asiyanın Qəlbi" Bəyannamələrində bir daha vurğulanmışdır" (bax: əvvəlki mənbəyə).

Buradan görünür ki, "İstanbul Prosesi" beynəlxalq hüququn prinsiplərinə tam sədaqətlilik əsasında davam edir və bir neçə ölkənin sıx əməkdaşlığına böyük imkanlar yaradır. Azərbaycanın buradakı geosiyasi rolu isə xüsusi olaraq qeyd edilməlidir. Məsələnin mahiyyəti İlham Əliyevin nitqində gətirdiyi faktlarda tam olaraq açılıb. Belə ki, Azərbaycan energetika, nəqliyyat və təhlükəsizliyin təmini sahələrində "İstanbul Prosesi"nə ciddi dəstək verir.

Bu baxımdan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin reallaşdırılması, "Lapis-Lazuli" layihəsi üzrə sazişin imzalanması, Bakıda yeni limanın tikilməsi ayrıca vurğulanmalıdır. Ölkə rəhbəri həmin bağlılıqda qeyd edib: "Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir... Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış "Lapis-Lazuli" razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır..." (bax: əvvəlki mənbəyə).

Deməli, "Asiyanın Qəlbi – İstanbul Prosesi" daha geniş miqyasda geosiyasi inteqrasiyanın real mexanizmlərindən biri kimi çıxış edir. Onun digər layihələrdən iki fərqini vurğulamaq gərəkdir. Birincisi, yeganə beynəlxalq təşəbbüsdür ki, uzun illərdir qan içində olan Əfqanıstanı böyük geosiyasi məkanın mərkəzi kimi qəbul edib, onun dünya ilə əməkdaşlığını sistemli təşkil etmək məqsədi daşıyır. Dünyanın inkişaf etmiş böyük gücləri başlıca olaraq yeni silahlarını Əfqanıstanda sınaqdan keçirməklə məşğuldursa, Türkiyənin təşəbbüsü ilə bir neçə dövlət öz üzərinə çox humanist bir missiyanı götürüb.

İkinci fərq bu Prosesin "Yeni İpək Yolu" layihəsi ilə həmahəng olmasından ibarətdir. Çünki Çinin irəli sürdüyü həmin layihədə əsas məqsəd böyük geosiyasi məkanda qarşılıqlı faydalı əməkdaşlıq, təhlükəsizlik, sülh və dövlətlərin birgə inkişafı kimi müəyyənləşib. Eyni tezislər "İstanbul Prosesi"nin başlıca məqsədlərini təşkil edir. Deməli, bu iki layihənin bir-birini tamamlamasından səmərəli və rasional surətdə istifadə etmək olar.

Onun əsas xətti İslam ölkələri ilə başqalarının dialoqu və əməkdaşlığına real məzmun verməkdən ibarət ola bilər. Məhz bu prizmadan İlham Əliyevin öz nitqində vurğuladığı ""Asiyanın Qəlbi – İstanbul Prosesi" sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizmdir" tezisinin dərin nəzəri və praktiki mənası var. Bizcə, həmin Prosesin başlıca geosiyasi əhəmiyyətinə məhz bu fikir prizmasından yanaşmaq daha doğrudur.

Bununla Azərbaycan növbəti dəfə dünya səviyyəli bir tədbirə uğurla ev sahibliyi etdi. Bakı qlobal miqyasda sülh, əməkdaşlıq, barış, terrorla mübarizə və qarşılıqlı inkişaf məsələlərinə real töhfələr verdiyini nümayiş etdirməkdədir. Şübhə yoxdur ki, bu cür fəaliyyət əvvəl-axır təcavüzkar Ermənistanı yerində oturtmağa aparıb çıxaracaq. Tədbirdəki çıxışında Əfqanıstan Prezidenti də Azərbaycana qarşı elan olunmamış müharibənin aparıldığını ayrıca qeyd edib, münaqişənin ədalətli həll olunacağına inamını ifadə edib.

Bu kimi fikirlər son zamanlar ən mötəbər beynəlxalq tədbirlərdən səslənir. Şübhə yoxdur ki, bunlar Azərbaycan rəhbərliyinin apardığı uğurlu və səmərəli xarici siyasətin birbaşa nəticəsidir. Həmin çərçivədə deyə bilərik ki, "Asiyanın Qəlbi – İstanbul Prosesi"ndə Azərbaycan bundan sonra da səmimi, aktiv və səmərəli fəaliyyətini davam etdirəcək. Sülh, barış, sabitlik və əməkdaşlıq naminə!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...