THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bakı-Tbilisi-Qars: qlobal əməkdaşlıqda yeni mərhələ

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1041
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 noyabr 2017 – Newtimes.az

Azərbaycan növbəti dəfə tarixi hadisə məkanı oldu. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistandan yüksək səviyyəli təmsilçilər iştirak ediblər. Layihənin açılışı xüsusi təntənə ilə qeyd edilib. Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu nitq söyləyib. Ekspertlər isə hadisənin geosiyasi, iqtisadi, nəqliyyat, ticari və mədəni aspektlərini geniş təhlil etməkdədirlər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük bir geosiyasi məkanda ciddi əhəmiyyətinin olduğu bildirilir. Bu baxımdan onu qlobal əməkdaşlıqda yeni mərhələ adlandırmaq olar. Biz bu məqam üzərində geniş dayanmaq istərdik.

Tarixi addım: maneələri aşan perspektivli layihə

Beynəlxalq ekspertlər Azərbaycanın geosiyasi rolunun artmasında enerji və nəqliyyat layihələrinin önəminə böyük diqqət yetirirlər. TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi" kimi əhəmiyyətli layihələrin reallaşmasının qlobal səviyyədə insanların rifahının yüksəlməsində ciddi rol oynadığı vurğulanır. Daha çox isə bu kimi proyektlərin təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyi ifadə edilir. Həmin sırada Azərbaycanın "Bir qurşaq, bir yol" layihəsində iştirakı xüsusi geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi bu səbəblərdən bütün dünyanın diqqət mərkəzində idi.

Məlumdur ki, proses çoxdan başlamışdı. Onun reallaşa biləcəyinə inanmayanlar da vardı. Hətta Qərbdə bir sıra dairələr bu işə əngəl olmağa çalışdılar. Erməni diasporunun sözçüləri dəmir yolunun Ermənistandan keçməsini şərt kimi qoymağa cəhd etdilər. Nəticədə, maliyyə problemi ortaya çıxdı. Azərbaycan və Türkiyə dərhal çətinliyi aradan qaldırdılar. Onda aydın oldu ki, bu layihənin arxasında iki dost və qardaş dövlət dayanıb. Bu, Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun önəmli qələbələrindən biri idi.

Bakıda layihənin açılış mərasimi bu tezisləri tam təsdiq etdi. Prezident İlham Əliyev həmin tədbirdə söylədiyi nitqində vurğulayıb: "Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq" (bax: Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər / AZƏRTAC, 30 oktyabr 2017).

Bu fikirlərdən aydın olur ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin geosiyasi əhəmiyyəti onun Avrasiyanın nəqliyyat xəritəsində önəmli bir yer tutması ilə əlaqəlidir. Bunun üç aspekti mövcuddur. Birincisi, layihənin üzərində yerləşən ölkələr arasında ticarət dövriyyəsi artacaq. İkincisi, mədəniyyət və turizm sahələrində əməkdaşlıq yeni səviyyəyə qalxacaq. Üçüncüsü, bu yol sabitlik və təhlükəsizliyə xidmət edəcək. Bütün bunların nəticəsi olaraq həmin layihə iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq. Etiraf edilməlidir ki, olduqca əhəmiyyətli olan bu addım bütövlükdə dünyanın inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu fikri əsaslandırmaq üçün proyektin oynadığı rola daha geniş prizmadan təhlili nəzər salaq.

Hər şeydən əvvəl ekspertlər Avropa ilə Asiya arasında ən qısa dəmir yolu xəttinin Azərbaycandan keçdiyini vurğulayırlar. Obrazlı olaraq deyirlər ki, Londonda qatara oturan insan Çinə qədər kəsintisiz gedə biləcək. Bu, sözün həqiqi mənasında tarixi olaydır. Məsələ heç də bir nəqliyyat növünün böyük bir məsafədə hərəkət etməsindən ibarət deyil. Bu, ilk növbədə, müxtəlif ərazilərin birləşməsi, mədəniyyətlərin sintezləşməsi, iqtisadi-ticari əlaqələrin daha da sıxlaşması və qarşılıqlı asılılığın artması deməkdir. Ölkələrin mövcudluğu bir-birindən nə qədər çox asılı olsa, ümumi təhlükəsizlik sisteminin yaradılması da daha inandırıcı olar.

Ermənistan: "yolların kəsişməsində yerləşən minillik kor yarasa"

Çünki artıq çoxlu sayda dövlətin taleyi bir-birinə bağlanmış olur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin geosiyasi mənasında bu məqam ayrıca yer tutur. Təsadüfi deyil ki, Ermənistan siyasi ictimaiyyəti və KİV-ləri hadisəyə çox həssas reaksiya verib. Hətta Ermənistanı "yolların kəsişməsində yerləşən minillik kor yarasa"ya bənzədiblər (bax: Иосиф Кубатьян. Баку-Тбилиси-Карс оставляет Армению вне игры? / "Regnum", 30 oktyabr 2017).

Başqa vacib geosiyasi məqam Çinin təklif etdiyi "Yeni İpək Yolu" layihəsinin əsas marşrutunun Azərbaycandan keçməsinin reallaşması ilə bağlıdır. Bu məsələ ətrafında da ermənilər və onların havadarları çoxlu spekulyasiyalar apardılar. Onlar mütəmadi olaraq Pekinin Ermənistana üstünlük verdiyi haqqında yazdı, Mərkəzi Asiya-İran-Ermənistan marşrutunun işə salınacağını dedi, bir sıra hallarda isə Moskvanın buna yardım edəcəyini vurğulamağa çalışdılar. Lakin reallıq nəyi göstərdi? Bir neçə dövlətin başçıları Bakıya toplaşaraq Bakı-Tbilisi-Qars dəmir yolunu açdılar! Və Ermənistan yenə də kənarda qaldı. Artıq "Yeni İpək Yolu"nun fəaliyyətində Azərbaycan və onun dostlarının yeri və rolu tam aydındır. Ermənistanla bağlı qeyri-müəyyənlik isə qalmaqdadır.

"Yeni İpək Yolu" layihəsi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başqa əhəmiyyətli məqamı Azərbaycanın faktiki olaraq Cənubi Qafqazın geosiyasi mərkəzinə çevrilməsi ilə bağlıdır. Çünki burada söhbət həm də bu layihəyə Şimal-Cənub dəhlizi kontekstində baxmaqdan gedir. Prezident İlham Əliyev həmin məqamı ayrıca vurğulayıb. Dövlət başçısı ifadə edib: "Bakı-Tbilisi-Qars tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir və buradan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya, Avropa ölkələrini birləşdirəcək və Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir" (bax: Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər / AZƏRTAC, 30 oktyabr 2017).

Buradan məntiqi olaraq belə nəticə alınır ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bütövlükdə Avrasiyanın iqtisadi coğrafiyasına ciddi təsir edəcək. Prezident İlham Əliyev və mərasimdə iştirak edən digər dövlət və hökumət rəhbərləri bunu xüsusi qeyd ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün bunları nəzərə alaraq layihəni yüksək qiymətləndirib. Avrasiyanın iqtisadi coğrafiyasının dəyişməsi həmin məkanda inteqrasiya modellərinə də yeni məzmun verə bilər. Bu o deməkdir ki, layihə Rusiya və İranı da yaxından maraqlandırır. Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehrandakı müzakirələri bu tezisi bir daha təsdiq etdi.

Nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətli geosiyasi məqamı kimi regional inteqrasiyaya yeni nəfəs verilməsini göstərmək olar. Azərbaycanın dövlət başçısı bu məqamı da ayrıca vurğulayıb (bax: Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun nəticəsidir / AZƏRTAC, 30 oktyabr 2017). Belə ki, bu layihə regional əməkdaşlığın sözdə deyil, əməldə konkret ifadəsidir. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı bərabərhüquqluluq əsasında perspektivli əməkdaşlıq formulunun real olduğunu tam sübut etməkdədir. Əsas məsələ səmimi niyyət, ədalət və konstruktiv mövqe nümayiş etdirməkdən ibarətdir.

Beləliklə, sözün həqiqi mənasında strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi əməkdaşlıq üçün gözəl imkanlar açır. Onun işə salınması böyük bir geosiyasi məkanda tərəqqi və inkişafa xidmət edə bilər. Bizim üçün qürurvericidir ki, dünyaya örnək ola biləcək bir işin mərkəzi fiqurlarından biri də Azərbaycandır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...