THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bir qələbə və bir məğlubiyyət: Hələbdən Palmiraya və Mosula qədər

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2812
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 dekabr 2016 – Newtimes.az

Suriyada savaş getdikcə fərqli məzmun kəsb etməyə başlayır, çünki burada ərazilər əldən-ələ keçməkdə davam edir. Hökumət qüvvələri hansısa bir yeri azad edirsə, başqa istiqamətdən ağır zərbələr alır. Sanki ssenarisi əvvəlcədən yazılmış bir geosiyasi-hərbi oyun gedir. Hələlik tərəflərdən heç biri tam üstünlük əldə edə bilmir. Rusiyanın dəstəyi ilə Bəşər Əsəd ordusu xeyli ərazi azad etsə də, onun necə qorunacağı məsələsi aydın deyildir. Bunun fonunda Hələbin müxalifətin əlindən alınmasının sevinci uzun sürmədi – "Yaxın Şərqin mirvarisi" sayılan Palmiranı İŞİD yenidən zəbt etdi. B.Əsədə bağlı qüvvələr sürətlə şəhəri tərk etməli oldular. Bundan başqa, İŞİD-ə qarşı Mosulda aparılan əməliyyat da uğurlu görünmür. Bir sıra ekspertlər hesab edirlər ki, Suriya ordusunun hissələri azad etdikləri ərazilərdə qətliam törədirlər. Bu da sadə insanların İŞİD-in tərəfinə keçməsinə səbəb olur. Belə çıxır ki, hay-küylə başlayan hərbi əməliyyatlar digər səbəblərdən səmərəliliyini itirməyə başlayıb. Bəs çıxış yolu nədədir? Suriyada qan axıdılmasının qarşısını kim ala biləcək?

Ləng irəliləyiş, sürətli qaçış: Əsəd ordusunun bir sindromu haqqında

Hələbin Bəşər Əsədə bağlı silahlı qüvvələr tərəfindən zəbt edilməsindən sonra Suriyada sülhün yarana biləcəyinə ümidlər tamamilə puç oldu. Dəməşqi dəstəkləyən Moskva və Tehranın sevinci elə də uzun sürmədi. Bu ölkələrin kütləvi informasiya vasitələrində bir neçə gün davam edən qələbə raportları indi baş verənlərin analizi ilə əvəz edilib. Məsələ heç də Rusiya-İran-rəsmi Dəməşq hərbi ittifaqının zəifliyində deyil. Əksinə, proseslər göstərir ki, bu, Suriyada vəziyyəti dəyişə biləcək potensiala malik ittifaqdır. Ancaq reallıqda döyüş səhnəsinə daha çox faktorlar təsir edə bilir. Onun təsdiqi kimi İŞİD-in Hələb itirilən anda Palmiranı sürətlə Əsəd tərəfdarlarından təmizləməsini göstərmək olar.

Analitiklər bu məqamı xüsusi qeyd edirlər. Çünki Rusiya, İran və Qərb siyasi dairələrinin məruzələrində İŞİD-in çox zəiflədiyindən, artıq əvvəlki kimi döyüşmək imkanına malik olmadığından bəhs edilir. Digər tərəfdən, Palmiranın məhz Hələbin çöküşü ilə eyni vaxtda yenidən terror qruplaşmasının əlinə keçməsi müəyyən suallar doğurur. Özü də Rusiya aviasiyası və İranın seçmə əsgərləri İŞİD-in qarşısını kəsə bilməyib. Bu, nə deməkdir?

Mütəxəssislər bir neçə səbəb göstərirlər (bax: məs., Николай Кожанов. Падение Пальмиры и Алеппо: как это изменит ситуацию в Сирии / "carnegie.ru", 15 dekabr 2016). Öncə onu vurğulayırlar ki, Hələbin alınması ilk növbədə Rusiya hərbi dairələrinin xidməti ilə bağlıdır. Çünki təcrübə göstərir ki, müharibədə Rusiya əməliyyatları təşkil edib həyata keçirməkdə Suriya ilə İrandan xeyli üstündür. Artıq Suriyada Rusiyanın yalnız aviasiyası deyil, zabitləri, həkimləri, kəşfiyyatçıları və xüsusi təyinatlıları da iştirak edirlər. Ruslar işə bu cür qarışandan sonra B.Əsəd ordusu irəliləyə bilib.

Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, bu uğur Moskvanın özündən razılıq hissini gücləndirib və sayıqlıq itirilib. Digər tərəfdən, Qərb siyasi dairələri və mediası İŞİD haqqında yanlış informasiyalar yayıblar. Belə ki, onlar bu terror təşkilatının gücünü xeyli itirdiyi barədə müntəzəm xəbər veriblər. Buna rəğmən, konkret heç bir addım atılmayıb. ABŞ əsas olaraq kürd qruplaşmalarını yeni silahlarla təmin edib. Son məlumatlara görə, artıq PKK/PYD-də amerikanların ağır silahları, "Stinger" hava hücumundan müdafiə sistemi və zirehli avtomobillərə qarşı istifadə olunan raketləri vardır (bax: Özcan Yeniçeri. Suriye'de bilek güreşi ve Türkiye / "yenicaggazetesi.com.tr", 16 dekabr 2016).

Qərbin bu addımları Rusiya üçün aldadıcı manevrlərmi olub? Burada xüsusi məqsədləmi hərəkət ediblər? İndi bir sıra ekspertlər bu suallara müsbət cavab verməyə meyllənirlər (bax: məs., əvvəlki mənbəyə). Bu kontekstdə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin aşağıdakı fikri diqqəti çəkir. O Hələbin çöküşündən dərhal sonra deyib: "Dəməşqdəki rejim və onu hərbi vasitələrlə dəstəkləyənlər – Rusiya və İran Hələbin avtomatik olaraq Suriya münaqişəsində dönüş nöqtəsi olması illüziyasına qapılıblar. Əlbəttə, Hələbin çöküşü ciddi hadisədir, buna şübhə yoxdur. Ancaq mən düşünürəm ki, əgər bunu Dəməşqdə vətəndaş müharibəsinin sonu sayırlarsa, bu, tezliklə illüziya olacaq" (bax: Евгений Крутиков. Асаду дают понять, что война еще не окончена / "vz.ru", 13 dekabr 2016).

Diplomatların bu cür fikirlərinə ABŞ-ın radikal qruplara yeni silahlar satması ilə eyni məntiqi çərçivədə baxsaq, aydın olar ki, söhbət hansısa sistemli və düşünülmüş fəaliyyətdən, ciddi bir prosesdən, vətəndaş müharibəsindən gedir. Bu mənada Palmiranın yenidən İŞİD-in nəzarətinə keçməsi Dəməşqə konkret siqnaldır. Təbii ki, Moskva və Tehran da ondan lazımi nəticələr çıxarmağa məcburdurlar. Ekspertlərə görə, Rusiya və İran əmin oldular ki, sırf hərbi yolla terrorun qarşısını ala bilməyəcəklər. Onların orada sərf etdiyi güclə qazancları arasında ciddi uyğunsuzluq vardır. Çünki uzun müddət savaşıb azad etdikləri əraziləri İŞİD heyrətedici sürətlə geri ala bilir.

Hələb-Palmira-Mosul xətti: kimin kabusu?

Palmira ilə yanaşı, Mosulda da vəziyyət arzu edilən deyil. Orada ilk günlər sürətlə irəliləyən İraq ordusu və onun müttəfiqləri artıq yerlərində sayırlar. Rakkadan da söhbət getmir. Oraya olacaq hücum planı Palmira küçələrində ilişib qalıb. İndi düşünürlər ki, Rakka, yaxud Mosul, İdlib alınsa belə, onları əldə saxlaya biləcəklərmi? Bu suala konkret cavab verən yoxdur. Qərb indi daha çox PYD-nin nəzarətində olan təhlükəsizlik zolağının yaradılmasından danışır.

Lakin bu qruplaşmanın həmin vəzifənin öhdəsindən gəlməsi mümkün deyildir. Çünki, birincisi, Türkiyə PYD-ni terror təşkilatı adlandırır və onu daim vurur. İkincisi, Türkiyənin özünün təhlükəsizlik zolağı planı vardır. "Fərat qalxanı" əməliyyatının əsas məqsədi bunu təmin etməkdən ibarətdir. Deməli, söhbət faktiki olaraq Suriyada Türkiyə-Qərb qarşıdurmasından gedə bilər. Çətin ki, tərəflər buna getsinlər. İkincisi, rəsmi Dəməşq və bir sıra müxalif qruplar kürd qruplaşmasının aktivləşməsini qəbul etmirlər. Onlar PYD də daxil olmaqla kürdlərin təşkilatlarının bir yerə qədər təsirli olmasını istəyirlər. Bu səbəbdən təhlükəsizlik zolağına qarşı Bəşər Əsəd və bəzi radikal qruplar da çıxış edəcəklər. Deməli, faktiki olaraq ABŞ-ın bu planı vəziyyəti yaxşılaşdırmağa, münaqişəni aradan qaldırmağa yox, daha xaotik bir vəziyyət yaratmağa xidmət edir.

Məsələyə regionda marağı olan başqa dövlətlərin fəaliyyəti aspektində baxdıqda da, bir qarışıqlıq görünür. Belə ki, Fransa, Səudiyyə Ərəbistanı, İsrail və başqa ölkələrin Suriya məsələsində öz maraqlarının olduğu sirr deyil. Fransa son zamanlar xeyli passivləşib, Səudiyyə Ərəbistanının başı isə Yəməndəki münaqişəyə qarışıb. Türkiyə özü xüsusi hərbi əməliyyat keçirir, ancaq ərazisindəki terror aktlarından da zərər görməkdədir. Buna baxmayaraq, hələlik Ankara yuxarıda sadalanan ölkələrdən daha çox Suriya proseslərinə təsir edə bilir. Ankaranı Rusiyanın da müəyyən məsələlərdə dəstəkləməsi ona əlavə üstünlük verir.

Bütün bunlar ekspertləri belə nəticəyə gətirir ki, Dəməşqin ərazi azad etmək limiti tükənmək üzrədir. Müəyyən şərtlər daxilində hansısa yaşayış məntəqəsi azad olunsa belə, onun əldə saxlanması problemi daimi olacaq. O halda bir neçə ssenari ola bilər.

Onlardan biri Rusiya və İranın Suriyaya yeni hərbi qüvvələr göndərməsi ilə bağlıdır. Onu reallaşdırmaq isə xeyli risklidir. Çünki sanksiyalar altında qalan Rusiya və hələ də özünə gələ bilməyən İran üçün bu, ağır yükdür. Bu səbəbdən həmin ssenarinin reallaşması ehtimalı yüksək görünmür. Başqa ssenari yeni ərazi azad etmək məqsədindən əl çəkərək danışıqlara üstünlük verməkdən ibarətdir. Bu da kifayət qədər mürəkkəb prosesdir. Çünki böyük qüvvələr öz maraqlarını gözləyəcəklər ki, proses də uzanacaq. Yaranmış boşluqdan istifadə edən müxaliflər və rəsmi Dəməşq yeni səviyyədə silahlı toqquşmalara rəvac verə bilərlər. Bu da regionu daha dərin böhrana sürükləyə bilər.

Nəhayət, üçüncü ssenariyə görə, Rusiya hər şeyi necə varsa, qoyub Suriyanı tərk edə bilər. Bu isə Moskvanın qanlı olaylar arasında qalması demək olardı (bax: Николай Кожанов. Падение Пальмиры и Алеппо: как это изменит ситуацию в Сирии / "carnegie.ru", 15 dekabr 2016). Çətin ki, Kreml bu variantı qəbul etsin.

Bunlar onu təsdiqləyir ki, Suriyanın ikinci iri şəhərinin böyük dağıntılarla hökumət qüvvələrinin əlinə keçməsi faktiki olaraq heç nəyi həll etmir. Sadəcə, münaqişə yeni səviyyədə və fərqli qüvvələr nisbəti ilə başqa məzmun kəsb edir. Görünür, bu proses uzun müddət davam edə bilər. Böyük dövlətlər arasında konkret razılaşma olana qədər Suriyada qan töküləcəkdir. Belə bir risk var ki, Donald Tramp dövründə Yaxın Şərq daha böyük və geniş intriqalar meydanına çevrilsin. Buradakı hadisələrə region dövlətləri ilə yanaşı, digərləri də qarışa bilər. Hələb, Palmira və Mosul hadisələri daha çox bu müstəvidə düşünməyə məcbur edir. Suriyada müharibə bütün şiddətliliyi ilə davam edir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...