
Cənubi Qafqazda dondurulmuş münaqişələr dünyanın formalaşmaqda olan geosiyasi mənzərəsi fonunda kifayət qədər təhlükəli xarakter alır. "Qolos Rossii” saytının 2012-ci il 10 fevral tarixli buraxılışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünyanın yeni geosiyasi mənzərəsində həyəcan doğuran "nöqtələrin” olduğunu açıq demişdir. S.Lavrov bu təhlükələrin Yaxın və Orta Şərq ölkələrinin bəzilərində cərəyan edən hadisələrlə bağlılığını qeyd edir.
Diplomatların peşə bayramına həsr edilmiş tədbirdəki çıxışında nazir beynəlxalq sabitliyin pozulmaqda olmasını, böhran bölgələrindəki gərginliyi ayrıca vurğulamışdır. S.Lavrovun dediklərindən aydın olur ki, dünyanın böyük dövlətləri arasında müasir qlobal geosiyasi proseslərlə bağlı yekdil mövqe yoxdur. Bu durumun çox təhlükəli nəticələr verə biləcəyini onlar dərk etməkdədirlər. Fövqəlgüclər "sürünən qlobal depressiyadan” söz açmağa başlayıblar.
Təxminən eyni vaxtda KİV ABŞ kəşfiyyatının şefinin dünyanın təhlükəli nöqtələri ilə bağlı hesabatını dərc etdilər. Orada Cənubi Qafqazla əlaqəli ayrıca bəndlər vardır. Həmin bəndlərdə göstərilir ki, Cənubi Qafqazda müharibə təhlükəsi Gürcüstan və Azərbaycan ərazisində olan münaqişələrdən qaynaqlana bilər. Ön sırada Cənubi Osetiya və Abxaziya göstərilir, sonra isə Dağlıq Qarabağ vurğulanır. Səbəblər isə tam aydın ifadə edilmir, ancaq münaqişə tərəflərinin məsuliyyəti hər addımda qeyd olunur.
Onu deyək ki, müstəqil Qərb və Rusiya analitiklərinin qənaətləri bundan az fərqlənir. Məsələn, "Caspian Intelligence” portalında A.Cəkson Ermənistan və Azərbaycanın davranışları ucbatından Dağlıq Qarabağda gərginliyin bu il də qalacağını proqnozlaşdırır (baxın). S.Konovalov isə "Nezavisimaya qazeta”da yazır ki, əslində, savaşa hazırlıq başlamışdır (baxın). O, general Y.Netkaçevin sözlərinə əsaslanaraq, İrana qarşı müharibə təhlükəsi fonunda Rusiyanın "Gürcüstan nəqliyyat blokadasını yarmaq məcburiyyətində” qalacağını qeyd edir.
"Komsomolskaya pravda” qəzetində isə hərbi ekspert M.Barabanov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general N.Makarovun bəyanatını şərh edərkən, "bəzi NATO ölkələrinin Rusiyanın maraq dairəsi olan bölgələrə soxulmağa çalışdığını” xüsusi vurğulayır və bu səbəbdən hətta nüvə müharibəsinin başlaya biləcəyini iddia edir.
Bütün bunların fonunda Jirinovskinin hamıya yaxşı məlum olan "üçüncü dünya müharibəsi Qafqazdan başlayacaq” fikrini sayıqlama da adlandırmaq olar. Ancaq Jirinovski ilə yuxarıda adlarını sadaladığımız ciddi təhlilçilərin fikri üst-üstə düşdüyündən ağılla ağılsızlığın sərhədi silinmiş kimi görünür.
Fransanın sabiq prezidenti Sarkozinin dünya geosiyasi mənzərəsi üçün karikatura ola biləcək məlum "erməni soyqırımı”nı inkar edənlərə qarşı qanun qəbul etmək cəhdini də buraya əlavə etmək mümkündür.
Hər nə olsa da, daha düşündürücü məqam sadalanan proqnozların daşıdığı məzmunla yanaşı, onları kimlərin verməsidir. Yəni həmin dairələr özləri vəziyyəti gərginləşdirib, sonra "təntənəli müdrik” poza alaraq müharibələr, təhlükələr haqqında məlumatlar verirlər.
Əvvəla, Dağlıq Qarabağda müharibə təhlükəsindən danışanlar ABŞ, Rusiya və Fransanın siyasətini müəyyənləşdirənlərdir, desək yanılmarıq. Məhz bu ölkələr 20 ildir ki, Dağlıq Qarabağ məsələsini "nizamlamaqla” məşğuldurlar. Əgər, birincisi, doğurdan da bu gün Dağlıq Qarabağ mümkün müharibə ocağıdırsa, bunun birbaşa günahkarı həmin həmsədr dövlətlərdir. Çünki bu müddətdə tutarlı bir addım atmaq əvəzinə, Ermənistanın və erməni diasporunun nazı ilə oynayıblar. Daha doğrusu, ermənilərin təcavüzkar planlarından öz geosiyasi maraqları üçün istifadə edirlər. Bu zaman problemin ədalətli həlli məsələsi üçüncü və ya dördüncü plana keçir. Buna diplomatlar "ikili standartlar” deyirlər.
İkincisi, indi həmin cənablar bölgədə müharibə təhlükəsindən yerli cəmiyyətlərin təhlükəsizliyi naminə danışmırlar. Yuxarıdakı qısa müqayisələr də göstərir ki, onlar yenə də yaranmış gərgin vəziyyətdə öz maraqlarına uyğun ola biləcək addımları müəyyənləşdirməyə çalışırlar. Yaxud indidən atacaqları addımların guya "əsl geosiyasi maraqlara”, "dünyanın təhlükəsizlik sisteminin formalaşmasına” və s. uyğun olduğunun təməlini qoyurlar.
Doğurdan da, yaranmış vəziyyət təhlükəlidir, elə buna görə də düşündürücüdür. Hələlik bu əsl təhlükənin qarşısını ala biləcək siyasi-diplomatik proqram-ideya gözə dəymir. Belə getsə, Cənubi Qafqazdakı münaqişələrin həllində "zaman seytnotu” yaranacaq. Yəni münaqişələrin ədalətli həlli üçün sadəcə zaman çatmayacaq.
NewTimes
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...