THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərqdə təhlükəli proseslər yeni səviyyədə

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14979
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 avqust 2013 – Newtimes.az

Suriya və Misirdən həyəcanlı informasiyalar verilir. Silahlı qarşıdurmalar, müxtəlif qruplar arasındakı çəkişmələr, xarici qüvvələrin müdaxiləsi haqqında danışılır. Əsas olaraq dini məzhəblər arasında ixtilafların dərinləşdiyi müşahidə edilir. Buna etnik mənsubluqdan siyasi məqsədlərlə istifadə etmək də əlavə olunub. Bütövlükdə region bir çox təhlükələrlə üz-üzə qalıb. Böyük dövlətlər isə vəziyyəti düzəltmək üçün heç bir ciddi addım atmaq istəmirlər.

Məzhəb savaşı: müsəlmanlar arasında ixtilaf dərinləşir

Yaxın Şərqin geosiyasi mənzərəsi ziddiyyətlərlə o dərəcədə "örtülüb'' ki, bundan sonra regionun taleyinin necə olacağı məlum deyil. Müxtəlif xarici və daxili güclərin yaratdığı problemlər qarşısıalınmaz tendensiyaları meydana çıxarıb. İndi analitik və ekspertlər daha çox bölgənin parçalanmasından, silahlı toqquşmaların ətraf yerlərə sıçrama ehtimalından, orada yerləşən ölkələrin bölünməsindən danışırlar. Onların arqumentlərində iki məqam diqqəti cəlb edir.

Birincisi, Yaxın Şərqdə etnik münasibətlər ciddi böhran keçirir. İkincisi, regiondakı geosiyasi proseslərə dini faktorun təsiri həlledicidir. Bu faktorların tarixi səbəbləri haqqında yazılır. Lakin böyük dövlətlərin oynadıqları rol nədənsə kölgədə qalır. Qərb analitikləri daha çox radikal dini qrupların fəaliyyətini qabardırlar. Nəticədə, indi həmin regionda baş verənlərin ümumi mənzərəsi belə görünür: Yaxın Şərqdəki müsəlman dövlətləri etnik identifikasiya böhranı yaşayırlar və burada radikal İslam dağıdıcı rol oynayır.

Onu demək lazımdır ki, bu cür təsəvvür yalnız Qərb ekspertləri tərəfindən formalaşdırılmır. Dünyanın digər böyük dövlətləri də öz maraqlarına uyğun ya Qərbi, ya regionda rəqib saydıqları dövlətləri, ya da radikal dini qruplaşmaları günahlandırırlar.

Şübhəsiz ki, bütün bunların gedən proseslərdə rolu vardır. Lakin hiss olunur ki, İslam aləmini müsəlman ölkələrində xaos yaratmaq yolu ilə kənardan idarə etmək planları həyata keçirilir. Bu məqsəd altında böhranı dərinləşdirən real faktorlar kölgədə qalır. Belə yanaşmanın nəticəsi isə çox ağırdır – günü-gündən artan insan ölümləri, məzhəb savaşları və bölgə xalqları arasında nifaqın dərinləşməsi!

Bəlkə də Yaxın Şərq əvvəllər də buna bənzər fəlakətli dövr yaşayıb. Ancaq indi bu vəziyyətin bütövlükdə dünyada geosiyasi balansı poza biləcəyi, o cümlədən digər regionlarda qarşısı alınmayan hadisələrə səbəb olacağı təhlükəsi realdır. Daha düşündürücüsü də odur ki, Yaxın Şərqdə sınaqdan keçirilən ikili standartlar münaqişələrin mövcud olduğu başqa yerlərə tətbiq edilə bilər.

Regionda hazırda iki böyük təhlükə mənbəyi vardır – Misir və Suriya! Lakin bütövlükdə Yaxın Şərq bölgəsi ciddi böhran keçirir. "The Washington Post'', "Foreign Policy'', "Le Figaro'', "Corriere della Sera'', "Le Mond'', "Независимая газета'' və digər nüfuzlu nəşrlərdə dərc edilən yazılarda vurğulanır ki, Yaxın Şərqin hər yerində həyəcan və qeyri-müəyyənlik hökm sürür. Bu proseslərin fonunda İsrail-Fələstin münaqişəsinin regionda oynadığı rolun qiymətləndirilməsi müəyyən suallar doğurur. Belə təsəvvür yaranır ki, Yaxın Şərq hər an partlaya biləcək barıt çəlləyinə bənzəyir.

Suriyada daxili münaqişələr yeni kəskinlik mərhələsinə qədəm qoyub. Hazırda mövcud hakimiyyət, birləşmiş Suriya müxalifəti və kürdlər əsas siyasi qüvvələr hesab edilirlər. Müxalifəti də öz növbəsində bir-biri ilə düşmən olan iki düşərgəyə ayırırlar – sünnilər və şiələr. Bununla yanaşı, müxalifət daxilində başqa bir "sərhəd də çəkiblər''; bu və ya digər məzhəbin silahlı qruplaşmaları! Yəni həm dini olaraq məzhəb bölgüsünə siyasi məna verirlər, həm də onların maraqlarını silahlı qrupların müdafiə etdiyini deyirlər. Nəticədə, Suriyanın siyasi xəritəsi ziddiyyətli və qaranlıq məqamları çox olan rənglərdən ibarət kimi görünür (bax: David Ignatius. Syria, shattered // "The Washington Post", 15 avqust 2013). Savaşdan sonra belə ölkədə məzhəb ziddiyyətlərinin davam edəcəyini proqnozlaşdırırlar. D.İqnatius yazır ki, "Şimali Hələbdə şiə siyasətçinin, şiələrin yaşadığı məhəllədə isə sünni polisin təhlükəsizliyinə heç kəs təminat verə bilməyəcək'' (bax: yuxarıdakı mənbəyə).

Qorxulu ssenari: region parçalanırmı?

"Financial Times'' isə daha uzağa gedən proqnoz verir. Bu nəşrdə məqaləsi dərc edilən Maykl Pil hesab edir ki, "Suriya müharibəsi dini əsasda regional münaqişəyə çevrilə bilər'' (bax: Michael Peel. Middle East: Battlelines drawn //www.ft.com, 31 iyul 2013).

Bu proseslərdə bir neçə dini qruplaşmaların dağıdıcı fəaliyyətini xüsusi qeyd edirlər. Əsasən "əl-Qaidə'', "Cəbhət ən-Nusra'', "Əhfad əl-Rasul'' və "İraq və Levantanın İslam dövləti'' təşkilatlarının adını hallandırırlar. Bunların fonunda "Hizbullah'' və "Həmas''ın oynadığı rolu vurğulayırlar. Belə çıxır ki, Suriyada hökumətin hərbi qüvvələrinə qarşı fərqli siyasi məqsədləri olan dini qruplaşmalar aktiv şəkildə mübarizə aparırlar.

"Hizbullah''dan başqa adı çəkilən radikal dini qruplaşmalar sünnilərə məxsusdur. Bunlara "Azad Suriya Ordusu''nu (ASO) da əlavə edəndə regionda böyük məzhəb qarşıdurmasının mövcud olduğu qənaətinə gəlmək olar. Çünki məsələ radikal dini qruplarla məhdudlaşmır - ərəb dövlətləri və İranın da bu məsələlərə fəal surətdə müdaxilə etdiyindən danışılır. Bunlar onu göstərir ki, Suriyada müxalifətçilikdə dini məzhəb ciddi yer tutur.

Onu deyək ki, rəsmi Dəməşq özünə qarşı olan qüvvələri parçalamaq üçün din faktorundan geniş istifadə edir. ASO hesab edir ki, sünni-şiə qarşıdurmasını məhz B.Əsəd alovlandırır. Hər bir halda indi hakimiyyət-müxalifət savaşından çox müxtəlif dini qrupların ələ keçirilmiş ərazilərdə nüfuz uğrunda müharibəsindən bəhs edilir.

Problemin daha təhlükəli digər tərəfi kürdləri bu münaqişəyə etnik tərəf qismində cəlb etməkdən qaynaqlanır. Hazırda Suriyadakı proseslərə Şimali İraq da qarışır. Səbəb isə guya "əl-Qaidə''yə bağlı silahlıların kürd qadın və uşaqları qətlə yetirməsidir. Aydındır ki, bu kimi işlərdə "kənar əl'' əsas rol oynayır.

Lakin İraq rəsmiləri belə hesab edirlər ki, kürdləri Suriyanın şimalında etnik mənsubluğa görə qırırlar. Suriyalı kürd qruplaşmaları hazırda özlərinin yaşadıqları ərazilərdə hakim olmaq üçün savaşırlar. Onlar assuriyalılar, ermənilər və şiələrlə muxtariyyət yaratmaqla bağlı razılıq əldə etdiklərini deyirlər.

PKK-nın Suriya qolu PYD-nin lideri Saleh Müslim isə Ankaraya səfərində həmin məsələlər ətrafında müzakirələr apardığını iddia edir. Ekspertlərin qənaətinə görə, Türkiyə həmin prosesdə kürdlərə mane olmaq istəmir (bax: Курдский кризис-2 и дезинтеграция на Ближнем Востоке // www.russiapost.su, 12 avqust 2013). Çünki öz ərazisində yaşayan kürdləri narazı salmaqdan çəkinir. Bunun belə olub-olmadığını demək çətindir. Lakin fakt faktlığında qalır: Suriyanın şimalında kürdləri təmsil edən qruplar "əl-Qaidə''yə bağlı qüvvələrlə savaşırlar və muxtariyyət tələb edirlər. Yəni faktiki olaraq Suriyada etnik mənsubluq dini məzhəbçiliklə birgə siyasi qarşıdurmalarla əlaqəli hala gəlib.

Suriyada bu cür gərgin vəziyyətin yarandığı bir mərhələdə Misirdə qan tökülməsi əlavə təhlükədən xəbər verir. Qahirədə ordu dinc müqavimətçiləri kütləvi qətlə yetirdikdən sonra proses dövlətlərarası qarşıdurma səviyyəsinə qalxdı. ABŞ, Avropa İttifaqı, Rusiya, ərəb ölkələri və Türkiyə öz münasibətlərini bildirdilər. Bununla yanaşı, Misirdəki hadisələrdə dini məzhəb faktoru da müəyyən rol oynayır. Baş verənlərin bütün regiona mənfi təsir edə biləcəyi haqqında proqnozlar verilir.

Bütün bunların fonunda İsrail-Fələstin münaqişəsinin səngiməsi düşündürücüdür. Amerika diplomatiyası tərəflər arasında danışıqlar təşkil etməklə prosesi dinc müstəviyə çəkə bildi. Belə təəssürat yaranır ki, Qərb İsraili Yaxın Şərqdəki münaqişəli vəziyyətdən bir qədər kənara çəkməyə çalışır. Hazırda regionun demək olar ki, bütün müsəlman dövlətlərində həyəcan və ziddiyyətlər var. Təl-Əvivdə isə sakitlikdir. Ancaq bunun regionun hansı guşəsində növbəti partlayışa səbəb ola biləcəyini demək çətindir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...