THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyaya qarşı informasiya müharibəsinin görünməyən tərəfləri

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8358
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 iyun 2013 – Newtimes.az

Suriyadakı vətəndaş müharibəsində tərəflərdən birinin aşkar üstünlük əldə edə bilməməsi bu müharibənin iki ildən artıq müddətdə davam etməsinə gətirib çıxarıb. Region ölkələri və böyük dövlətlərin bu münaqişədəki maraqlarının toqquşması da prosesləri gecikdirən əsas faktorlardan biridir.

Hazırkı vəziyyətdə Suriya ətrafında gedən proseslərdə diqqəti çəkən əsas məqamlardan biri xüsusən Qərb KİV-lərində, telekanallarında vətəndaş müharibəsi ilə bağlı dərc olunan informasiyalardakı bəzi ziddiyyətlərdir. İnformasiyaların əksəriyyətində Bəşər Əsəd rejiminin hökumət əleyhinə nümayişləri qəddar üsullarla dağıtdığı, dinc əhalini qətl etdiyi, insanlıq əleyhinə müxtəlif cinayətlər törətdiyi xüsusi qabardılır. Bu xəbərlər CNN, BBC, Əlcəzirə, Avronyus kimi telekanalların Suriyada gedən vətəndaş müharibəsindən göstərdiyi video materiallarla dəstəklənir.

Bu xəbərlərlə ziddiyyət təşkil edən və elə Qərbin öz jurnalistləri (məsələn, fransalı Tyerri Meysan) tərəfindən yayılan informasiyalarda isə hökumət qüvvələrinin ittiham olunduğu bir sıra proseslərin əslində müxalifəti təmsil edən silahlı qruplaşmalar tərəfindən törədildiyi bildirilir. Məlum telekanalların reportajlarının isə hadisə yerindən deyil, xüsusi hazırlanmış kinostudiyalardan yayımlandığı iddia olunur. Qeyd etmək lazımdır ki, ümumi mənzərəyə zidd olan bu tip informasiyalar Qərb mətbuatında geniş şəkildə işıqlandırılmır, məhdud sayda KİV-lərdə dərc olunur və müzakirəyə çıxarılmır.

Bəzi müşahidəçilər baş verənləri Suriyaya qarşı informasiya müharibəsinin aparılması ilə izah edirlər. Məqsəd isə ictimai rəydə Əsəd rejiminin cinayətkar imicinin formalaşdırması yoluyla bu ölkəyə müdaxilə üçün hüquqi əsasın yaradılması və ictimai dəstəyin qazanılmasıdır. Son zamanlarda Suriyada kimyəvi silahdan istifadə olunması haqda dərc olunan xəbərlərin də bu məqsədə xidmət etdiyi ehtimalı böyükdür.

Kimyəvi silahdan istifadə Qərbin müdaxiləsi üçün əsas kimi

Liviya nümunəsindən fərqli olaraq, Qərbin Suriyada üsyançılara açıq şəkildə dəstək göstərmək üçün hüquqi əsası yoxdur. Suriya hökumətini silahla təmin edən Rusiyanın "qanuni seçilmiş hökumətlə əməkdaşlıq” arqumentlərinə qarşılıq olaraq, Qərbin müxalifətə hər hansı bir dəstəyi dövlətin suverenliyinin pozulması və daxili işlərinə müdaxilə deməkdir.

Bu baxımdan, kütləvi qırğın silahlarından istifadə edilməsi ilə insanlıq əleyhinə cinayətlərin törədilməsi Qərb üçün lazımi hüquqi zəmin təşkil edir. Suriya müxalifətinə yardım haqda qərar qəbul edən ABŞ administrasiyası da bu addımını məhz Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi ilə əsaslandırıb. Lakin proseslərin müşahidəsi kimyəvi silahdan istifadəyə dair informasiyaların məqsədyönlü şəkildə müəyyən istiqamətə doğru yönləndirildiyini deməyə əsas verir.

Türkiyəyə qaçmış Suriya ordusunun generalı Adnan Silla Əsəd rejiminin çıxılmaz vəziyyətdə kimyəvi silahdan istifadəni nəzərdən keçirdiyini deyib. Bundan əvvəl isə ABŞ prezidenti Barak Obama bildirib ki, belə bir addım Suriya hökumətinin "qırmızı xətti” keçməsi deməkdir və təsdiqlənəcəyi təqdirdə, ABŞ-ın münaqişəyə müdaxilə edib-etməməklə bağlı düşüncələrinə ciddi təsir göstərəcəkdir.

Son aylarda Qərb mətbuatında hökumət qüvvələrinin dinc əhaliyə qarşı kimyəvi silah hesab edilən sarin qazından istifadə etdiyinə dair informasiyaların sayının artdığı müşahidə olunur. Bu informasiyalarda KİV-lər Suriyadakı jurnalistlərinə, müxtəlif təşkilatların nümayəndələrinə istinad edirlər. Xüsusilə Fransanın "Le Monde” qəzeti bu faktın mövcudluğunu böyük əminliklə vurğulayır.

Belə bir vəziyyətdə BMT-nin Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının komissarı Karla Del Pontenin 2013-cü ilin mayında verdiyi bəyanat kifayət qədər ajiotaj doğurdu. Suriya ilə qonşu ölkələrdə yerləşmiş münaqişə qurbanları və şahidlərin verdiyi ifadələrə əsaslanan Del Ponte kimyəvi silahın müxalif qüvvələr tərəfindən istifadə edildiyinə dair "güclü və qəti şübhələrin” olduğunu bildirib. O, hökumət qüvvələrinin sarin qazından istifadə etdiyinə dair heç bir dəlillə rastlaşmadıqlarını bildirib.

ABŞ Del Pontenin açıqlamasına etiraz edərək, onun fikirlərinə şübhə ilə yanaşdığını, hökumət qüvvələrinin zarin qazından istifadə etməsi ehtimalının daha yüksək olduğunu bildirdi. BMT-nin Araşdırma Komissiyası da Del Pontenin bəyanatından geri çəkilərək, əllərində heç bir qəti sübutun olmadığını bəyan etdi. Göstərilən reaksiyalardan belə nəticəyə gəlmək olar ki, Del Pontenin açıqlaması gözlənilməz olub.

Maraqlıdır ki, Del Pontenin bu bəyanatı Qərb mətbuatında bir neçə gün işıqlandırıldıqdan sonra gündəmdən çıxarıldı və ətraflı müzakirə edilmədi. Bunun yerinə isə mətbuatda Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə dair yeni faktlar dərc olunmağa başladı. ABŞ, Fransa və Britaniya rəsmiləri bununla bağlı əllərində kifayət qədər sübutun olduğunu bəyan etdilər. BMT-nin bu faktları araşdırmaq üçün yaradılmış müstəqil texniki missiyası isə bəyan edir ki, Suriyaya səfər etmədən və yerində araşdırma aparmadan bu sübutların həqiqiliyini müəyyən etmək mümkün deyil.

Nəticə etibarilə, bu sübutlar Qərbin müxalifətə yardım qərarı üçün yetərli oldu. Lakin əvvəlki təcrübələri nəzərə alaraq, Qərbin bu cür "fəndlər”dən istifadəsinin nələrə yol açdığını unutmaq olmaz. Qərb İraqa da məhz bu ölkənin kütləvi qırğın silahlarına malik olması "fakt”ını əsas tutaraq müdaxilə etdi. Lakin bu "fakt”lar öz təsdiqini tapmadı. İraqa hərbi müdaxilə nəticəsində yaranmış xaos isə hələ də davam etməkdədir.

Hökumətə qarşı etimadsızlıq?

Qərb dövlətlərinin Əsəd rejiminə qarşı istifadə etdiyi və mətbuatda da dövriyyəyə buraxdığı arqumentlərindən biri də budur ki, hökumət artıq Suriya vətəndaşlarının etimadını itirib və hakimiyyətdə qala bilməz. Son məlumatlar isə bunun əksini sübut edir.

Suriyada Qərb tərəfindən maliyyələşdirilən fəallar və müstəqil təşkilatlar tərəfindən toplanmış məlumatlar son 6 ayda Əsəd rejiminə dəstəyin kəskin şəkildə artdığını göstərir. NATO tərəfindən nəzərdən keçirilən bu məlumatlara görə əhalinin 70%-i hazırki hakimiyyəti dəstəkləyir. Bu dəstək xüsusilə sünni icmasında daha aşkar hiss olunur. Səbəbi isə belə izah edilir ki, insanlar Qətər və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən xarici döyüşçüləri Əsəd rejimindən daha ciddi təhlükə kimi qəbul edir. Onu da qeyd etmək lazımdır ki, Almaniyanın xarici kəşfiyyat üzrə federal xidməti Suriyada hökumət qüvvələrinin 2013-cü ilin sonuna kimi qələbə qazanması ehtimalını yüksək qiymətləndirir.

Kimyəvi silahdan istifadə ilə bağlı vəziyyətdə olduğu kimi, qeyd olunan məlumatlar da Qərb mətbuatında geniş əks etdirilmədi. Bunun yerinə, Suriya xalqının Əsəd rejimindən xilas yollarının müzakirəsi daha da qabardılır. Belə görünür, Bəşər Əsədlə bağlı artıq qəti fikir formalaşdırılıb.

Bütün bunlar bir daha onu göstərir ki, Qərb öz geosiyasi planlarını reallaşdırmaq üçün medianın imkanlarından geniş istifadə edir. Öz maraqlarına xidmət edən informasiyaların yayılması yoluyla ictimai fikrin manipulyasiyası, əks arqumentlərin yayılmasını əngəlləməklə, ictimai rəyin öz planlarına haqq qazandırılması istiqamətində yönləndirilməsi Qərb dairələrinin bir çox ölkəyə qarşı istifadə etdiyi əsas üsullardan  biridir. Suriya ilə bağlı qeyd olunanlar isə bunun növbəti nümunəsidir.

Elmar Hüseynov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...