THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan – geosiyasi təhdid mənbəyi

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17828
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 iyun 2013 – Newtimes.az

Son zamanlar analitiklər Cənubi Qafqazın geosiyasi gələcəyi ilə bağlı ehtiyatlı proqnozlar verirlər. Böyük dövlətlərin bu məkanda yeritdikləri siyasətdə də qeyri-müəyyən məqamlar vardır. Belə bir şəraitdə region dövlətlərinin xarici siyasətinə maraq daha da artır. Ekspertlər Ermənistanın hazırkı mərhələdə region üçün ciddi təhlükələr yaradan siyasət yeritdiyi haqqında danışırlar.

Yeni hərbi bazalar Ermənistanı qoruya biləcəkmi?

Cənubi Qafqaz üçün mürəkkəb bir geosiyasi mərhələ başlayıb. Qlobal geosiyasi güclərin regionla bağlı yeritdikləri siyasətdə dəyişikliklər özünü göstərir. Onlar daha sərt və kəskin mövqe tuturlar. Diplomatik fəallıq daha da artıb. Belə başa düşülür ki, böyük dövlətlər bölgə ölkələrindən geosiyasi mövqelərini dəqiqləşdirməyi tələb edirlər. Bu şəraitdə Ermənistanın ciddi tərəddüd içində olması diqqətdən yayınmır. Erməni KİV-də bu əhval-ruhiyyə açıq ifadə olunub.

Doğrudan da, rəsmi İrəvan üçün çox mürəkkəb vəziyyət yaranıb. Həmişə Ermənistanı himayə edən Moskva yeni geosiyasi şərtlərə uyğun olaraq, Cənubi Qafqaz siyasətinə müəyyən düzəlişlər edir. Rusiya Azərbaycanla münasibətlərinə diqqəti artırır. O, Avrasiya inteqrasiyası modeli və Gömrük İttifaqı çərçivəsində fəaliyyətini daha da genişləndirməkdədir. Kreml bu bağlılıqda Qərbin bölgədə aktivliyini artırmasını nəzərdən qaçırmır. Nəticədə, regionda Ermənistanın adət etmədiyi bir ab-hava yaranır.

Həmin kontekstdə Rusiyanın Cənubi Qafqazda hərbi potensialını artırmaq istiqamətində yeni addımlar atması diqqəti çəkir. O cümlədən, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə ciddi tədbirlər görür. Mərkəzi Asiya istiqamətində o, əsasən, Qazaxıstana "stavka” edirsə, Cənubi Qafqazda Ermənistana forpostu kimi baxır. Bu haqda erməni ekspertlər indi açıq yazırlar (bax: məs., Наира Айрумян. Армения становится российской казармой // "Lragir", 3 iyun 2013). Ermənilər Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın verdiyi bir məlumatdan sonra daha çox narahat olmağa başlayıblar.

A.Baqdasaryan Rusiyanın Ermənistanda hərbi gücünü artıracağı haqqında "Yerkir Media” telekanalına verdiyi müsahibədə söyləmişdi. Onun dediyinə görə, Ermənistan ərazisində KTMT-nin yeni birləşmiş qüvvələri, çevik güclər və aviasiya birləşməsi yerləşdiriləcək. Balaovit və Stepanavan hərbi-hava limanları da KTMT-nin ixtiyarına verilməlidir. Bunlardan başqa, Ermənistanda hazırda mövcud olan Rusiya hərbi bazaları saxlanılacaq.

Rəsmi İrəvan hesab edir ki, bu tədbirlər İran və Türkiyə ilə sərhədləri möhkəmləndirməyə imkan yaradacaq. Gürcüstanla olan sərhəddə texniki nəzarət gücləndiriləcək. Ancaq bu, Avropa ilə razılaşdırılmış formada aparılmalıdır. Erməni mətbuatının qənaətinə əsasən, A.Baqdasaryanın bu informasiyaları sevincək verməsi ölkənin tamamilə Rusiyanın hərbi nəzarəti altına keçməsini ifadə edir. Obrazlı deyilsə, Ermənistan Cənubi Qafqazda Moskvanın hərbi kazarmasına çevrilir.

Region ətrafında geosiyasi proseslərin mürəkkəbləşdiyi və gərginliyin artdığı bir mərhələdə rəsmi İrəvanın bu addımını necə qiymətləndirmək olar? Burada hər şeydən əvvəl, Ermənistanın geosiyasi seçim etmək məcburiyyəti qarşısında qaldığını vurğulamaq lazımdır. Çünki bu aspektdə indiyə qədər Ermənistan rəhbərliyi aydın mövqe tutmayıb və havadarlarının hər birindən öz məqsədləri üçün yararlanmağa çalışıb. Artıq bu çirkin oyunun sonu gəlir. Qərb və Rusiya Ermənistan rəhbərliyi qarşısında qəti seçim etmək məsələsini qaldırır. Əslində, Rusiya birbaşa öz iradəsini diqtə edir. Təcrübə göstərir ki, ermənilər Moskvanın bu hərəkətinə müqavimət göstərə bilmirlər.

Əvəzində, onların fəaliyyətində bir gizli məqamı hiss etmək mümkündür. Söhbət Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qalmaq üçün Rusiya ilə müəyyən razılaşmalara nail olmağa çalışmasından gedir. Təsadüfi deyil ki, erməni ekspertlər həmişə KTMT-yə aid hərbi hissələrdən birinin Dağlıq Qarabağda yerləşdiriləcəyini vurğulayırlar. Burada onlar real gedişatdan yox, ürəklərindən keçənlərdən danışırlar. Çünki Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu Rusiya rəsmən qəbul edir və rəsmi Bakının icazəsi olmadan orada hərbi qüvvə yerləşdirə bilməz. Bundan başqa, KTMT yalnız Rusiyadan ibarət deyil – onun digər üzvlərinin mövqeyi əhəmiyyətlidir.

Şübhə yoxdur ki, bunları erməni təhlilçilər də anlayırlar. Sadəcə, onlar rəsmi İrəvanın indiyə qədər yeritdiyi yarıtmaz və əsassız xarici siyasətin mümkün acı nəticələrindən açıq danışmağa cəsarət etmirlər. Digər tərəfdən, onlar Ermənistanın düzgün geosiyasi seçim edəcəyinə inanmırlar. Bunun üçün ermənilərin çox az şansı qalıb. Ölkə faktiki olaraq, geosiyasi dalana dirənib – nə Rusiyanın təsirindən çıxa, nə də Qərblə bərabərhüquqlu münasibətlər qura bilir. Böyük güclərin heç biri Ermənistanı sözün tam mənasında müstəqil dövlət olaraq qəbul etmirlər.

Cənubi Qafqaza erməni təhdidi

Bütün bunların işığında Rusiyanın Ermənistanda hərbi qüvvələrini artırması bütövlükdə bölgə üçün ciddi təhlükə kimi görünür. Birincisi, aydın olur ki, rəsmi İrəvan Cənubi Qafqazda demokratik mühitin formalaşması qarşısında böyük maneədir. Reallıqda Ermənistan regionda gərginliyin və qeyri-müəyyənliyin qalmasında maraqlıdır. Yalnız bu şəraitdə o, Dağlıq Qarabağ münaqişəsi ətrafında siyasi spekulyasiyalar edə bilər.

İkincisi, ermənilər bölgədə siyasi-hərbi sabitliyin yaranmaması üçün əllərindən gələni edirlər. Onlar hiss edirlər ki, bu halda münaqişənin ədalətli həll olunması imkanları genişlənir. Çünki Azərbaycan bütün sahələr üzrə inkişaf edir və onun beynəlxalq nüfuzu sürətlə artır. Gec və ya tez beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini qəbul edəcək.

Üçüncüsü, Ermənistan regional əməkdaşlığa əngəllər törədir. O, bunun üçün böyük dövlətlər arasında müşahidə edilən ziddiyyətlərdən yararlanmağa çalışır. Sirr deyil ki, ABŞ, Rusiya, Çin, İran və Türkiyə Cənubi Qafqazla bağlı fərqli mövqedə dururlar. Onların hər birinin öz maraqları var və güzəştə getmək istəmirlər. Bu səbəbdən müəyyən məqamlarda həmin dövlətlər regionda "suların durulmasında” maraqlı deyillər. Nəticədə, Ermənistan kimi təcavüzkar dövlət manevrlər edir və bölgədə gərgin vəziyyət qalır.

Burada bir məqamı vurğulamağa ehtiyac vardır. Məsələ ondan ibarətdir ki, yuxarıda ifadə edilən fikirlərin fonunda Ermənistan prezidentinin mayın 28-də KTMT-nin Bişkek, ondan bir gün sonra isə Avrasiya İqtisadi Birliyinin Astanadakı toplantısına getməməsi paradoksal görünür. Bir sıra erməni ekspert bunu S.Sarkisyanın Moskvadan inciməsi kimi təqdim etməyə çalışırlar. Məsələn, Qloballaşma və regional əməkdaşlıq Mərkəzinin direktoru Stepan Qriqoryan hesab edir ki, Ermənistan prezidenti məqsədli şəkildə həmin tədbirlərdə iştirak etməyib (bax: Почему президент Армении не принял участие во встрече глав стран ОДКБ // "Regnum”, 30 may 2013). Politoloq Ervand Bozoyan isə burada hər hansı gizli məqam axtarmağın düzgün olmadığını vurğulayır. Çünki Bişkek və Astanada müzakirə olunan məsələlərin Ermənistana elə bir aidiyyəti yox idi.

Bu cür fikir ayrılığı Rusiyanın Ermənistana ögey münasibət bəsləməyə başladığı anlamına gəlmir. Reallıq ondan ibarətdir ki, Moskvanın Cənubi Qafqazda hərbi bazaları Ermənistandadır. Bu səbəbdən demək olar ki, S.Sarkisyanın KTMT-nin tədbirində iştirak etməməsi formal mahiyyət kəsb edirdi. Rəsmi İrəvan ölkəni hərbi cəbbəxanaya çevirməkdən çəkinmir.

Bütün bunlar onu göstərir ki, Ermənistan hazırda region üçün əsas təhlükə mənbəyinə çevrilib. O, ərazisində daha çox hərbi qüvvə yerləşdirməyi təhlükəsizliyinin təminatı kimi qəbul edir. Əslində isə, bu proses Cənubi Qafqazı barıt çəlləyinə döndərir. İstənilən an o partlaya bilər. O cümlədən, İrana qarşı Qərb hər hansı hərbi adım atsa, Ermənistan avtomatik olaraq bu prosesə qoşulmuş olacaq. Çünki Rusiya dərhal müdafiə tədbirləri görməyə çalışacaq. Faktiki olaraq, indidən Ermənistan regionda potensial müharibənin sitmullaşdırıcısına çevrilir. Belə şəraitdə Azərbaycan və Gürcüstan üçün əlavə çətinliklər yaranır. Münaqişələrin həll edilməməsi bütün bölgə üçün ciddi geosiyasi problemlər yaradır. Böyük dövlətlər qarşısında Cənubi Qafqaza olan erməni təhdidini zərərsizləşdirmək vəzifəsi durur. Ancaq onların bunu dərk etdiyi duyulmur. Buna görə region ətrafında qeyri-müəyyən geosiyasi oyunların davam edəcəyini demək mümkündür.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...