THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan-Rusiya: mövcud ziddiyyətlər və erməni şıltaqlığı

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10641
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 iyun 2013 – Newtimes.az

Son zamanlar erməni mətbuatında anti-Rusiya mahiyyətli informasiyalar çoxalıb. Ekspertlər bunu regionda gedən geosiyasi proseslərin intensivləşməsi ilə izah edirlər. Ermənilər Moskvaya narazılıqlarını bildirirlər. Onlar Kremlə qarşı kəskin ittihamlar irəli sürürlər. Bu cür davranışın səbəbləri maraq doğurur.

Şimala yönəlmiş qəzəbli baxışlar

Cənubi Qafqazda geosiyasi mühitin daha həssas bir mərhələyə qədəm qoyduğu dövrdə Ermənistan-Rusiya münasibətlərinin dinamikası maraq doğurur. Prezident seçkisindən sonra rəsmi İrəvanın yeritdiyi siyasi kursun məzmunu və qonşu Gürcüstanda müşahidə edilən dəyişikliklər kontekstində bu məsələ xeyli dərəcədə düşündürücüdür. Etiraf etmək lazımdır ki, Ermənistanın Rusiyaya qarşı tutduğu mövqedə bir sıra təəccüblü məqamlar vardır. Sağlam düşüncəyə görə, İrəvan hazırkı şərtlər daxilində Moskvaya minnətdar olmalıdır. Lakin erməni mətbuatının qısa təhlili belə göstərir ki, burada vəziyyət bir qədər başqadır.

Hər şeydən əvvəl, normal məntiqə görə, Gürcüstan hökumətinin Rusiya ilə əməkdaşlığa istiqamətlənmiş addımları fonunda Ermənistan Moskvanın regiondakı mövqeyini möhkəmləndirəcək addımlar atmalı idi.

Digər tərəfdən, Qərbin Cənubi Qafqazda fəallaşmasına rəğmən, İrəvan tarixi, siyasi, iqtisadi və geosiyasi məqamları nəzərə alaraq, birmənalı şəkildə Moskvanın yanında olmalı idi. Lakin müşahidələr fərqli mənzərəni ortaya qoyur.

Əvvəla, Ermənistanın siyasi mühitində müstəqilliyin radikal təsəvvürü üstünlük təşkil edir. Burada ermənilər Rusiyanın aktiv dəstəyi ilə dövlət qurduqlarını ya unudurlar, ya da özlərini unutmuş kimi göstərirlər. Hər kəs bilir ki, indi "Ermənistan" adlanan ərazi Azərbaycana məxsus idi. Keçən əsrin əvvəllərində regionda gedən ziddiyyətli geosiyasi, siyasi və hərbi proseslərdən istifadə edərək, Moskva süni surətdə erməni dövləti yaratdı. Məhz buna görədir ki, iki il bundan əvvəl hətta ermənipərəst mövqedə olan Modest Kolerov ("Regnum" informasiya agentliyinin keçmiş rəhbəri) sual edirdi ki, "...ümumiyyətlə, Rusiyasız Ermənistan nə deməkdir? Belə bir ölkə mövcuddurmu?"

İkincisi, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu birtərəfli izah olunur. Erməni ekspertlər məsələni belə təqdim edirlər ki, rus hərbi hissələri sırf Kremlin geosiyasi maraqlarına görə ölkədə yerləşdirilib. Təbii ki, bu fikirdə həqiqət var. Lakin məhz həmin hərbi qüvvələrin hesabına Ermənistan regionda təcavüzkar siyasət yeridib və indi də bunu davam etdirir. "Rossiya v qlobalnoy politike" jurnalının baş redaktoru Fyodor Lukyanov bu barədə ətraflı və dəqiq danışıb (bax: Ованнес Мандакуни, Аракс Мартиросян. О цене на российский газ для Армении: "за" и "против" // "Zhamanak", 22 may 2013). Maraqlıdır, ermənilər bu məqamı nəyə görə "unudurlar"?

Üçüncüsü, "Qazprom”un Ermənistana satılan qazın qiymətini qaldırmasını və "Rosneft”in ölkəyə maraq göstərməsini erməni siyasətçiləri və kütləvi informasiya vasitələri yalnız siyasi müstəvidə təqdim edirlər (bax: Армине Аветян. Какие задачи решает Россия в Армении через "Роснефть"? // www.m.1in.am, 13 aprel 2013). Bu fəaliyyətin arxasında Moskvanın iqtisadi maraqlarının dayanması variantı nədənsə qəbul edilmir. Əgər ermənilər Rusiyanı həqiqi dost ölkə hesab etsəydilər, belə düşünməzdilər. O zaman hansı səbəblərdən Ermənistan ictimai şüurunda Kremlə münasibətin dəyişdiyi məsələsi maraq doğurur.

Bütün bunlar erməni cəmiyyətində Rusiyaya münasibətin birmənalı olmadığını göstərir. Ermənistan regional miqyasda müşahidə edilən geosiyasi yeniləşmələrə əsəbi reaksiya verir. Keçən əsrin 90-cı illərindən başlayaraq, İrəvanın radikal milliyyətçilik və təcavüzkarlıq təsəvvürlərinə əsaslanan xarici siyasət kursu tam iflasa uğrayıb. Yeni siyasi kurs modeli isə yoxdur. Hətta bu istiqamətdə erməni siyasi rəhbərliyinin tam çaşqınlıq içində olduğu müşahidə edilir. Rəsmi İrəvanın bir sıra məsələlərə verdiyi reaksiyalarda bunu aydın görmək olar.

Erməni siyasi şüurunun problemləri

Hər şeydən əvvəl, Dağlıq Qarabağ məsələsində Ermənistan rəhbərliyi mövqe zəifliyini getdikcə daha çox hiss edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı ilə Moskvada görüşərkən, "işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi" ifadəsini işlətməsini erməni siyasi şüuru böyük fəlakət kimi qiymətləndirib (bax: Айк Арамян. Шантаж Москвы переходит все границы // www.lragir.am, 23 may 2013). Ermənistan KİV-də hətta sual edirlər ki, "Dağlıq Qarabağın harasında Azərbaycan torpaqları var?". Görünür, havadarlarının uzun müddətdir ki, ermənilərin şüuruna yeritdikləri yalanlar indi özlərinə qarşı çevrilib. Ermənilər xəstə səviyyəsində inanırlar ki, Qarabağ onların torpağıdır. Bu zaman real tarixi faktları belə etiraf etmək iqtidarına malik deyillər.

Rəsmi İrəvanın siyasi mövqeyindəki qeyri-müəyyənliyi ifadə edən başqa məqam ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə tərəddüd etməsində əks olunub. Bu aspektdə Ermənistan ictimaiyyətinin Moskvanın inteqrasiya ilə bağlı hər bir təklifini əsəbi qəbul etməsi diqqəti çəkir. Gömrük İttifaqı, KTMT, Avrasiya iqtisadi ittifaqı kimi layihələrə verilən reaksiyalar bunu təsdiq edir. Bir tərəfdən, İrəvan həmin təkliflərə alternativ ola biləcək addımlar atmır. Digər tərəfdən isə, isteriya səviyyəsində təhlükəsizliyə mümkün təhdidləri sadalayır. Faktiki olaraq, çıxılmaz vəziyyətə düşüblər. Əsrlərdir ki, formalaşmış bir böyük dövlətin himayəsindən yararlanmaq vərdişindən imtina etməyin yolunu tapa bilmirlər.

Bu bağlılıqda rus hərbi qüvvələrinin Dağlıq Qarabağa yeridilməsi ehtimalından erməni KİV-in təhlükə amili kimi yazması maraq doğurur. Əvvəla, həmin əraziləri Ermənistan Rusiya hərbi-sənaye kompleksindəki müəyyən ermənipərəst dairələrin yardımı ilə işğal edib. Bu mənada Moskvanın hərbi aspektdə orada iştirakı çoxdandır. İkincisi, Azərbaycanın bu məsələyə olan münasibətini ermənilər hansı səbəblərdən nəzərə almırlar? Və yaxud vəziyyəti elə təqdim edirlər ki, guya rəsmi Bakı məhz bu modeli reallaşdırmağa çalışır.

Gerçəklik isə ermənilərin təqdim etməyə çalışdıqları mənzərədən tamamilə fərqlidir. Azərbaycan həmişə suverenliyi və müstəqilliyinin təmin edilməsinə üstünlük verib. Rəsmi Bakı ölkə ərazisində heç bir xarici ölkənin hərbi qüvvələrinin yerləşdirilməyəcəyi haqqında dəfələrlə bəyanat verib. S.Lavrovun işğal olunmuş Azərbaycan ərazisinin azad edilməsi barədə dedikləri isə xüsusi kontekstlə əlaqəlidir. Rusiyalı nazir Ermənistanın təcrid edilməsinin aradan qaldırılması müqabilində erməni qoşunlarının işğal etdikləri torpaqlardan çıxarılması yollarından bəhs edib. Burada qeyri-adi və ya ədalətsiz nə var? Münaqişənin Madrid prinsipləri əsasında davamlı və sülh yolu ilə həllinə edilən hər bir cəhd nəyə görə Ermənistan tərəfdən faciə kimi qarşılanmalıdır?

Əslində, burada bizim üçün qeyri-adi heç nə yoxdur. Çünki İrəvanın şıltaqlığının konkret səbəbləri vardır. İndiyə qədər böyük dövlətlərin bir qrupu müxtəlif faktorlara görə ermənilərə havadarlıq ediblər. Onların yalanlarını həqiqət kimi qəbul ediblər. İndi isə özlərinin yaratdıqları bu şər-böhtan yuvasından yaxa qurtara bilmirlər. Ermənilər son zamanlardakı siyasi davranışları ilə öz ağalarına bir daha sübut etdilər ki, sözün tam mənasında nankordurlar! Onlar bir vaxtlar Avropanı atıb Rusiyaya sığındıqları kimi, indi əks istiqamətdə hərəkət edirlər. Belə ölkənin bir sifəti olmur.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...