THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərq: geosiyasi mənzərənin inkişaf ssenariləri

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14239
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 iyun 2013 – Newtimes.az

"Ərəb baharı” adlanan prosesin kökündə hansı amillərin durduğu hələlik tam aydın deyil. Lakin heç kimin bu prosesin regional miqyasda çox şeyləri dəyişəcəyinə şübhəsi yoxdur. Analitiklər həmin aspektdə müxtəlif proqnozlar verirlər. Onlardan birini oxuculara təqdim edirik.

Gənclər hərəkatı və "domino effekti”

Bir neçə ildir ki, Yaxın Şərq dünya geosiyasətinin əsas mövzularından biridir. Məsələ ilə bağlı müxtəlif analizlər, izahlar və şərhlər verilir. Belə təəssürat yaranır ki, qabaqcıl analitik və ekspertlər ya qəsdən reallığı nəzərə almırlar, ya da durum doğrudan da o dərəcədə mürəkkəbdir ki, qeyri-müəyyənliyin sonu görünmür. Hər bir halda, Yaxın Şərq ziddiyyətlər, münaqişələr və silahlı toqquşmalar məkanı olmaqla yanaşı, qlobal geosiyasətin ümid yeri kimi də diqqəti çəkir.

Bu yaxınlarda rusiyalı alimlər A.Akimov və V.Naumkinin həmin regionla əlaqəli analitik məqaləsi dərc edilib. V.Naumkin REA-nın Şərqşünaslıq institutunun direktoru, A.Akimov isə həmin elmi müəssisənin iqtisadi tədqiqatlar şöbəsinin müdiri, professordur. Məqalədə mövcud vəziyyətin təhlili ilə yanaşı, yaxın gələcək üçün regionun təkamül proqnozları da verilir (daha ətraflı bax: Александр Акимов, Виталий Наумкин. Перспективы развития ситуации в странах Ближнего Востока до 2020 года // "Российский совет по международным делам”, 29 aprel 2013).

Müəlliflər Yaxın Şərqdə gedən proseslərə və onların inkişaf dinamikasına iki mərhələdə nəzər salmağı daha doğru hesab edirlər: 2013-2016-cı və 2016-2020-ci illər. Bölgünün bu cür aparılması təbii ki, xeyli dərəcədə subyektivdir. Müəlliflər hesab edirlər ki, regionda növbəti 4 ildə siyasi və iqtisadi sahələrdə proseslər müəyyən yekunlaşma mərhələsini keçəcək, lakin dərhal keyfiyyətcə yeni mərhələ başlayacaq ki, o da 2020-ci ildə yekunlaşcaq.

Bəs niyə məhz 2020-cı il? Görünür, burada Moskvanın Avrasiya məkanında inteqrasiya proseslərini 2015-ci ildə tamamlamaq məqsədi nəzərə alınıb. Reallığı heç kəs inkar edə bilməz. Avrasiya inteqrasiya modelinin taleyini də zaman özü göstərəcək. İkinci mərhələnin 2020-ci ildə yekunlaşması proqnozu isə bir neçə ildir ki, ifadə edilən fikirlərdən qaynaqlanır.

Burada maraq doğuran bir vacib məsələ var. Müəlliflərin fikrincə, 6 ölkədə başlayan və "ərəb baharı” adlanan proses mahiyyətcə ziddiyyətlidir. Onun bir tərəfi həmin ölkələrdə gənclərin etiraz dalğalarının yüksəlməsi prosesinə bağlıdırsa, digəri "domino effekti” ilə bütün region dövlətlərinə və qonşu ərazilərə yayılması təhlükəsinin mövcudluğudur. "Ərəb baharı” adlanan hadisənin kökündə gənclər hərəkatının dayanması çox vacib məqamdır. Bu o deməkdir ki, proseslər hələ xeyli müddət davam edə bilər. Çünki gənclər uzun illər fəal qala bilirlər və ən əhəmiyyətlisi, yeniyetmələrdə də etirazçılıq əhval-ruhiyyəsi formalaşdırırlar. Nədənsə geosiyasi analizlərdə bu məqam açıq deyilmir.

"Domino effekti”nə gəldikdə isə... Müəlliflər buna az ehtimal verirlər. Lakin məsələ ondan ibarətdir ki, hadisələr pik nöqtəsini keçməyib (nümunə, Suriyada proseslərin səngiməməsi, əksinə, qəfil kəskin dəyişmələrin baş verməsidir). Belə situasiyalarda hər an gözlənilməz vəziyyət yaranır. Həmin kontekstdə mühüm amillərdən biri olan İslam amilinin siyasi funksiyasının hələlik tam aydın olmamasından ibarətdir. Bunun əsas səbəbi isə uzun illər gizli fəaliyyət göstərən və daha çox terror qrupları kimi təqdim edilən bəzi dini hərəkatların açıq siyasət səhnəsinə çıxmasıdır. Ümumiyyətlə, bu problem siyasi-nəzəri və praktiki müstəvidə çox aktual məsələdir. Onun analizi ayrıca yanaşma tələb edir.

Qeyri-müəyyənliyə aparan ssenarilər

Hər bir halda İslam amilinin siyasi səhnədə təsiri artıq dünya səviyyəsində qəbul edilir. Lakin Yaxın Şərqdə bu məsələni təhrif edən, vəziyyəti mürəkkəbləşdirən xeyli sayda məqamlar var ki, onlarda dini qrupların oynadığı rol sona qədər aydın deyil.

Bütün bunlar Yaxın Şərqi kifayət qədər qeyri-müəyyən vəziyyətdə saxlayır. Bölgə dövlətlərinin baş verən hadisələrə fərqli münasibəti hansısa ortaq mövqenin formalaşdırılması ehtimalını heçə endirir. Bununla yanaşı, regionun taleyində İran və Səudiyyə Ərəbistanında cərəyan edəcək proseslərin ciddi rol oynayacağını proqnozlaşdırmaq mümkündür.

Həmin müstəvidə Yaxın Şərqin ümumi geosiyasi dinamikasına nəzər salmaq olar. Burada ilk olaraq Türkiyənin vəziyyəti nəzərə alınmalıdır. Bu ölkə bütün ziddiyyətlərə baxmayaraq proseslərə ciddi təsir etməkdədir. Onu bir çox analitiklər regionun lideri kimi görürlər. Suriyadakı son hadisələr bir daha göstərdi ki, Ankara lider dövlət kimi hərəkət edir. Onun qlobal miqyasda mövqeyi möhkəmlənir. Bu proses Türkiyənin iqtisadi və hərbi gücünün durmadan artması fonunda çox düşündürücüdür. Belə görünür ki, yaxın illərdə Türkiyənin regional liderlik rolu hər kəs tərəfindən qəbul ediləcək.

İran haqqında məqalə müəllifləri bu fikirləri söyləyə bilmirlər. Tehran daha çox Qərbin qəzəbinə gəlmiş və ziddiyyətlər girdabına düşəcək ölkə təsiri bağışlayır. İran üçün xarici ticarət dövriyyəsi ÜDM-in 45 faizini təşkil edir ki, bu da xeyli dərəcədə risklidir. Ancaq sanksiyaların tətbiqinin ölkə iqtisadiyyatına ciddi ziyan vuracağını məqalə müəllifləri qəbul etmirlər. Onlar İranın əsasən daxili bazara istiqamətlənmiş iqtisadi sistem qurduğu fikrindədirlər. Bununla yanaşı, xarici təzyiqlərin artması halında bu dövlətdə ciddi silkələnmələrin başlaması ehtimalı az deyil. Geosiyasi aspektdə isə çətin ki, Tehran qlobal miqyasda söz sahibi olmaq imkanı əldə etsin.

Səudiyyə Ərəbistanının iqtisadi potensialı yüksək qiymətləndirilir. Lakin bu ölkənin dövlətçilik tarixi və daxili "etnik xəritəsi” əsaslı ziddiyyətlərin mövcudluğundan xəbər verir. Ciddənin bu proseslərdən silkələnə biləcəyi haqqında proqnozlar var. Onun regional lider olmaq şansları da bu səbəbdən yüksək qiymətləndirilmir.

Bütün bunlardan siyasi situasiya kontekstində regionda iqtisadi proseslərin üç inkişaf ssenarisinin ola biləcəyi nəticəsi çıxır. Birinci, "siyasi proseslər regionu və onun iqtisadiyyatını zəiflədir”. İkinci, "xarici iqtisadi proseslər siyasi partlayış üçün qığılcım rolunu oynayır”. Üçüncü, "dayanıqlı inkişaf baş verir”.

Ssenarilərdən hansının reallaşacağını demək çətindir. Lakin görünür ki, çox şey hansı faktorun proseslərin gedişinə necə təsir edəcəyindən asılı olacaq. Bu mənada bütövlükdə region həssas hala gəlmişdir.

Bunlara uyğun olaraq, siyasi proseslərin ssenariləri haqqında düşünmək olar. Burada dini qrupların fəallığı ilə yanaşı, etnik-konfessional amilin təsirini unutmaq olmaz. İran, Suriya, Yəmən və İraqın vəziyyəti bu səbəbdən aydın deyil. Qeyri-müəyyənliklər kifayət qədərdir. Eyni məntiqlə "əl-Qaidə”, "Müsəlman qardaşları”, "Həmas”, "Hizbullah” və başqa dini qruplaşmaların regionun siyasi səhnəsində oynayacağı rol dəqiqləşməyib. Bu məqam da regionda vəziyyəti kifayət qədər mürəkkəbləşdirir.

Bütün bunlardan alınan əsas nəticə ondan ibarətdir ki, müəlliflər Yaxın Şərqdə yaxın perspektivdə geosiyasi və iqtisadi mənzərənin qeyri-müəyyən məqamlarla müşayiət olunacağını düşünürlər. Analitiklərin proseslərin müxtəlif inkişaf ssenarilərindən danışmaları və bütövlükdə vəziyyəti xaosu ifadə edən "turbulentlik” anlayışı ilə xarakterizə etmələri bunları deməyə əsas verir. Lakin arzuolunmaz ssenarilərdən sığortalanmaqla əlaqəli heç bir fikir bildirilmir. Görəsən, nəyə görə bu məqam dünya analitikləri tərəfindən həmişə "unudulur”?

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...