THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: “Azərbaycan regional lider və geosiyasi aktor kimi özünü tam təsdiq etdi"

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7638
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Newtimes.az” portalının suallarını cavablandırıb

– Novruz müəllim, Azərbaycanla Türkiyə arasında imzalanmış Transanadolu qaz layihəsi ilə bağlı dünya mediası müxtəlif təhlillər dərc edir, analitiklər proqnozlar verirlər. Siz bu layihənin mahiyyəti və strateji əhəmiyyəti haqqında hansı fikirləri söyləmək istərdiniz?

– Doğrudan da, Transanadolu qaz layihəsinin imzalanması böyük hadisədir. Onun əhəmiyyəti regional miqyasla məhdudlaşmır. Azərbaycan Prezidenti İlham Əliyevin imzalanma mərasimində qeyd etdiyi kimi, Transanadolu layihəsi bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təminində ciddi rol oynayacaqdır. Bu müqavilənin imzalanması Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi uğurlu inkişaf yolunun parlaq göstəricisidir.

Cənubi Qafqaz geosiyasi baxımdan mürəkkəb məkandır. Böyük dövlətlərin hamısının diqqətləri bu regiona yönəlib. Bu cür mürəkkəb şərtlər daxilində müstəqil enerji siyasəti yeritmək böyük məharət tələb edir. Azərbaycan rəhbərliyi bu mənada dünyanı heyrətə salan enerji siyasəti yeridir. Transanadolu layihəsi də bunun konkret nümunələrindən biridir. Əslində, həmin prosesin kökü 1994-cü ildən başlayır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji siyasəti öz səmərəsini hər bir mərhələdə göstərdi. Bakı-Tbilisi-Ceyhan layihəsi böyük uğurla həyata keçirildi. Sonra Bakı-Tbilisi-Ərzurum qaz layihəsi reallaşdı. Bunlardan sonra isə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşmasına başlanıldı. Burada bir mühüm məqamı mütləq vurğulamaq lazımdır.

Bakı-Tbilisi-Ceyhan neft layihəsinə Qərb dövlətlərinin böyük əksəriyyəti dəstək verdi. Ancaq nədənsə, onlar həmin dəstəyi Bakı-Tbilisi-Ərzurum qaz layihəsində göstərmədilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində isə üç dövlət – Azərbaycan, Türkiyə və Gürcüstan iştirak etdi. Buna baxmayaraq, Azərbaycan Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrində əsas işi üzərinə götürərək, bir növ Qərbin verməli olduğu dəstəyi kompensasiya etdi. Qərb Bakı-Tbilisi-Qars layihəsindən kənara çəkildi. Həmin məqamda Azərbaycan təşəbbüsü ələ alaraq Gürcüstan üçün də maliyyə ayırdı. Bununla ölkəmiz regionda böyük beynəlxalq layihələri həyata keçirmək üçün güclü siyasi iradə ilə yanaşı, digər imkanlara da malik olduğunu nümayiş etdirdi.

Ancaq Prezident İlham Əliyevin Bakıda keçirilən “XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı”nın açılışında söylədiyi nitqdə dediyi kimi, 1994-cü ildə ölkəmizin maliyyə imkanları çox zəif idi. Keçən müddətdə Azərbaycanın hansı səviyyədə qüdrətli dövlətə çevrildiyi buradan aydın görünür. Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq etdi. Ölkəmizin BMT TŞ-yə üzv seçilməsi və “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etməsi də bunun konkret nümunəsidir.

Transanadolu layihəsinə məhz bu proseslərlə bağlılıqda baxsaq, dövlətimizin regional lider qismində geosiyasi aktora çevrildiyinə əmin olarıq. Baxın, Transanadolu layihəsinin reallaşmasının əsas ağırlığı Azərbaycanın üzərinə düşür – maliyyənin 80%-ni ölkəmiz ödəyəcək, 20% Türkiyənin payıdır. Yəni Azərbaycanla Türkiyə müstəqil olaraq bütün Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq enerji layihəsini həyata keçirməyə qadirdir. “Nabukko” haqqında 7-8 ildir söz-söhbətin getməsinin fonunda bu hadisə ilk növbədə Azərbaycanın 20 ildə keçdiyi yolda qazandığı uğurların təsdiqidir. Onu da deyim ki, “Nabukko” layihəsinin reallaşdırılması məsələləri ilə bağlı Qərb dövlətlərindən nümayəndələr Azərbaycana bir neçə dəfə səfər etdilər. Hətta o səfərlərdən sonra ölkəmizin bəzi qonşuları ilə problemləri yarandı. Buna baxmayaraq, Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycanla Türkiyə Transanadolu kimi böyük bir enerji layihəsini reallşadırmağa başladılar. Bu layihənin həyata keçirilməsi Azərbaycanla Türkiyə arasında bütün sahələrdə dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın məntiqi nəticəsi və gözəl nümunəsidir. Biz layihənin çox uğurlu olacağına əminik.

Onu da deyim ki, Transanadolu layihəsinin geosiyasi əhəmiyyəti böyükdür. Bu layihə “Cənub dəhlizi”nin reallaşması istiqamətdə mühüm addımdır. Azərbaycanın Avrasiya nəqliyyat-enerji dəhlizinin inkişaf etdirilməsinə verdiyi gözəl töhfədir. Transanadolu layihəsi regionlararası inteqrasiyaya ciddi təkan verəcəkdir.

Bütün bunlara görə, dünyanın Transanadolu layihəsinə marağı təbiidir. Hələ çox təhlillər aparacaqlar. İstisna deyil ki, Azərbaycana qarşı bəzilərinin qısqanclığı yaransın.   İlham Əliyev kimi rəhbəri olan bir ölkənin inkişafının qarşısını almaq mümkün deyil.

– Biz də buna tam əminik. Novruz müəllim, Sizin təhlilləriniz təbii olaraq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyinə həsr edilmiş sammiti yada salır. Ölkəmizin bu təşkilatdakı fəaliyyəti yuxarıda qeyd etdiyiniz uğurların əldə olunmasına hansı təsirləri göstərir?

– Bir şeyi yadda saxlamaq lazımdır ki, Azərbaycanın xarici siyasətinin bütün istiqamətləri bir-biri ilə sıx bağlıdır. Xarici siyasətimiz bütövdür, sistemlidir və atılan hər addım ölçülür-biçilir. Ona görə də dediyiniz hadisələr əlaqəlidir. Azərbaycanın QDİƏT-dəki fəaliyyəti iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Bu məqam hörmətli Prezident İlham Əliyevin QDİƏT-in 20 illik yubileyinə həsr edilmiş İstanbul sammitində iyunun 26-da etdiyi çıxışı zamanı dolğun şəkildə vurğulandı. Prezident İlham Əliyev nitqində vurğuladı ki, Xəzər, Qara və Aralıq dənizlərinin yerləşdikləri regionlarda əməkdaşlıqda Azərbaycan çox fəal iştirak edir. Ölkəmiz bundan sonra da həmin istiqamətdə aktiv fəaliyyət göstərəcək. Qeyd edim ki, iki neft boru xəttimiz Qara dənizə, biri isə Aralıq dənizinə çıxır.

QDİƏT çərçivəsində əsasən iqtisadi məsələlərə diqqət yetirilir. Lakin bu təşkilatın bizim üçün həm də siyasi əhəmiyyəti vardır. Azərbaycan üçün ərazi bütövlüyünün bərpa edilməsi prioritet məsələdir. QDİƏT-ə üzv ölkələr bir təşkilat olaraq ölkəmizin ərazi bütövlüyünü tanıyır.

Prezident İlham Əliyev sammitdəki nitqində işğala son qoyulandan sonra regionda əməkdaşlıq və inteqrasiya üçün gözəl şərait yaranacağını xüsusi qeyd etdi. Bu, faktiki olaraq, Azərbaycanın regional inteqrasiyada çox maraqlı olduğunu, ancaq Ermənistanın işğalçı siyasəti ucbatından nəzərdə tutduğu əməkdaşlıq layihələrini təqdim edə bilmədiyini ifadə edir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu fikirləri QDİƏT üzvlərini düşündürəcəkdir.

– Novruz müəllim, maraqlıdır, bu deyilənlərin fonunda Avropa İttifaqı ilə əməkdaşlığın perspektivləri necə görünür? Bu kontekstdə Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana rəsmi səfəri ilə bağlı nə demək istərdiniz?

– Biz konkret olaraq, hadisələrin gedişinə obyektiv və prinsipial qiymət verməyə çalışırıq. Çünki Azərbaycanın hansı səviyyədə layihələri həyata keçirə biləcəyi məlumdur. Bunu konkret layihələri reallaşdırmaqla 1994-cü ildən bu yana dünyaya nümayiş etdiririk. Keçən müddətdə Azərbaycan güclü inkişafda olub. Ardıcıl olaraq siyasi və iqtisadi islahatlar həyata keçirib. Bunları Avropa İttifaqı ilə sıx əməkdaşlıq şəraitində reallaşdırıb. O cümlədən, ölkəmiz Avropa İttifaqı ilə enerji təhlükəsizilyi və terrorizmlə mübarizə sahələrində əlaqələri daim inkişaf etdirib. Lakin Avropa hələ də enerji təhlükəsizliyinin təminindən narahatdır. Səbəb nədir? Bu qədər güclü dövlətlərin olduğu təşkilat nəyə görə enerji təhlükəsizliyini təminat altına ala bilmir? Bu suala cavab üzərində ilk növbədə avropalılar düşünməlidirlər. Hesab edirəm ki, bu zaman özlərinin siyasətinə aid olan bir sıra ziddiyyətləri görə bilərlər. Konkret nümunələr göstərə bilərəm.

Əvvəlcə deyim ki, Avropa İttifaqı ilə əməkdaşlıq adətən iki müstəvidə aparılır – üzv dövlətlərlə ikitərəfli qaydada və bütövlükdə qurumla. Ancaq hər iki müstəvidə Avropa İttifaqının yanaşmasında bir ziddiyyət özünü göstərir. Avropa İttifaqında bəzən ölkələr arasında fərq qoymur, onları bir qəlibə salırlar. Deyək ki, 6 ölkə bir yerdə (Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan) Avropa Qonşuluq Siyasətinə və “Şərq tərəfdaşlığı” proqramına qəbul edildi. Lakin bu ölkələr bir çox göstərici üzrə bir-birindən fərqlənirlər. İslahatların səviyyəsi, iqtisadi inkişafın sürəti, makroiqtisadi göstəricilər, xarici siyasətin mahiyyəti və başqa aspektlərdə böyük fərqlər vardır. Azərbaycan müxtəlif sahələr üzrə əməkdaşlıqda daha çox uğurlar əldə etmişdir. Enerji sahəsində beynəlxalq layihələrdə, terrorizmə qarşı mübarizədə iştirak və iqtisadi infrastruktun formalaşdırılması kimi məsələlərdə böyük nailiyyətləri vardır. Bütün bunların əksinə olaraq, Ermənistan heç bir sahədə uğur əldə edə bilmir. Onun yeganə “nailiyyəti” qonşu dövlətin ərazisinin 20%-ni işğal etməkdən, bir neçə ölkəyə qarşı ərazi iddialarını irəli sürməkdən ibarətdir. Azərbaycan həm qonşuluq siyasətində, həm də Şərq tərəfdaşlığı məsələsində belə bir dövlətlə necə eyniləşdirilə bilər? Təəssüf ki, Avropa İttifaqının xarici siyasətində bu qəribəlik və ədalətsizlik hələ də davam edir.

Bir məqamı da qeyd etmək istərdim. Azərbaycan yeganə nümunəvi müsəlman ölkəsidir. Burada müxtəlif dinlərə mənsub olan insanlar mehriban yaşayırlar. Ölkəmiz bu sahədə bütün Avropaya nümunədir. Diqqətinizə bir faktı çatdırmaq istərdim. İyun ayının 29-dan iyulun 3-nə qədər Bakıda Krans Montana Forumu keçirildi. Bu Forum beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədi ilə yaradılıb. Azərbaycan həmin Forumun işində fəal iştirak edir. 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa və əməkdaşlığa xidmət edən “Bakı prosesi” başlanıb. Forumun bu il Bakıda keçirilən toplantısında əsas məqsəd 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılmasından ibarət idi. Təəssüf ki, Avropa İttifaqı Azərbaycanın yaratdığı bu şansları görməməzliyə vurur.

Sonra, “postosvet ölkəsi” adı altında çoxlu sayda dövlət nəzərdə tuturlar. Onları müəyyən geosiyasi məsələlərə eyni mövqeləri olan ölkələr kimi təqdim edilər. Nə vaxta qədər bizə postosvet ölkəsi deyəcəklər? Artıq bu düşüncə tərzindən azad olmağın vaxtıdır. Azərbaycan Suriya məsələsində Avropa ilə həmrəydir, Ermənistan isə səsini belə çıxarmır. Qərb isə buna heç bir reaksiya vermir. Azərbaycanla Ermənistan arasında fərq qoyulduğu hiss edilmir. Əgər Azərbaycan Suriya məsələsində Qərbi dəstəkləməsəydi, ona qarşı nələr etməzdilər?

Bütün bunlara baxmayaraq, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını inkişaf etdirmək kursuna sadiq qalır. Eyni zamanda, bizi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlar çox maraqlandırır. Avropa İttifaqı Şurasının prezidenti ilə bu mövzularla bağlı müzakirələr aparılacaq. Biz Avropa İttifaqı ilə münasibətlərimizin daha da genişlənməsi və dərinləşməsinə çalışırıq.

Düşünürük ki, əməkdaşlıq formatı dəyişməlidir. Assosiasiativ üzvlüyü nəzərdə tutan  müqavilənin şərtləri bu günün tələblərinə cavab vermir. Çünki, yenə də deyirəm, bu müqavilədə hər bir ölkəyə qarşı dəqiq mövqe əksini tapmalıdır, hamını bir qəlibə salıb, tələsik qərar vermək olmaz. Avropa İttifaqı Cənubi Qafqaz dövlətlərinin hər birinə fərqli yanaşmalıdır. Hər bir dövlətin bu günkü vəziyyətinə uyğun olaraq münasibət göstərməlidir.

Azərbaycan Avropa İttifaqı ilə çox uğurlu əməkdaşlıq edir və bu, hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. Əməkdaşlığımız bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Məqsədimiz Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığı daha da irəli aparmaqdır.

Newtimes.az

 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...