THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

“Ərəb baharı“ və regiondakı siyasi hadisələrin paradoksal mahiyyəti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4632
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 noyabr – Newtimes.az

Tarixdən məlum olduğu kimi, bir neçə əsr Osmanlı dövlətinin himayəsi altında olan ərəblər XIX əsrin sonlarından etibarən milliyyətçilik hisləri ilə Osmanlıya qarşı baş qaldırdı və nəticədə müstəqil ərəb dövlətləri yarandı.

Keçən dövr ərzində isə müxtəlif ərəb dövlətlərində siyasi iqtidar dəyişikliyi daha çox hərbi yolla həll olunur. Son zamanlarda baş verən hadisələrin isə “Ərəb baharı” olaraq qiymətləndirilməsi xüsusi, səciyyəvi bir adlandırmadan ibarətdir. Belə ki, üsyanlar ilk olaraq 18 dekabr 2010-cu il tarixində Tunisdə başlayaraq daha sonra Misir, Yəmən, Əlcəzair, Suriya və digər ölkələrə yayıldı.

Belə siyasi gedişlərin ən kobud formasını İraqın NATO-Amerika hərbi qüvvələri tərəfindən işğal edilməsi prosesində görə bilərik. İraqın müttəfiq güclər tərəfindən tutulması İraqda federal dövlətin yaranması ilə nəticələndi.

Ümumiyyətlə Yaxın və Orta Şərqi, xüsusilə “ərəb baharı” adı altında baş verən hadisələri lokal və qlobal aspektlərdən təhlil etmək lazımdır. Belə ki, bu regionun özünə məxsusluğunu, buradakı ərəb qəbilələrinin və ya hakimiyyətdə təmsil olunan tayfaların daxili dinamikasını, onların xarici qüvvələrlə olan münasibətlərini dəqiq bilmədən ciddi analizlər etmək mümkün deyil.

Qeyd etməliyəm ki, Orta Şərq üzərindən aparılan siyasət dünya miqyasındakı siyasi gedişləri də müəyyən edir. Belə ki, ABŞ və müttəfiqləri İran körfəzində daha çox təsir gücünə malik olmaq üçün ciddi addımlar atmaqdadır. Bu coğrafiyada eyni zamanda İran, Türkiyə və İsrail də öz nüfuzundan istifadə edərək siyasi gedişlər edirlər. Çünki bu regiona hakim olan güc eyni zamanda regional və dünya miqyaslı siyasi problemlərin həllində söz sahibi olacaqdır.

Ərəb baharı adı altında baş verən dəyişikliklər bəzi dövlətlər üçün də fürsətlər yaratmaqdadır. ABŞ-ın İraqdan çəkilməsindən sonra İraq Baş naziri Nuri əl-Malikinin sünnilərə qarşı mənfi münasibəti, Livanda xüsusilə 2006-cı ildə Hizbullahın hörmət qazanması və İsrail ilə olan mübarizələr, Yəmən və Bəhreyndə şiələrin üsyan qaldırması, Suriyadakı Ərəb Ələvi elita və bütün bunlar İran üçün əhəmiyyət daşıyır. Məhz İraq və Liviyada ordu içərisində məzhəb fərqliliyi və digər faktorları da qeyd etmək lazımdır. Bu mənada İraq Baş nazirinin müavini Tarıq əl-Haşimi haqqında həbs qərarı İraqdakı federal struktur və etnik-məzhəbi kimliklər üzərində təsirli olmuşdur. Türkiyənin baş naziri Ərdoğan bu məsələyə münasibət bildirəndə İraqın baş nazirinin sərt cavabı ilə qarşılaşmış və Ərdoğana İraqın daxili işlərinə qarışmaması tövsiyə olunmuşdur. Öz növbəsində isə Ərdoğan, İraqa mesaj göndərərək belə bir reaksiyanın nədən İraqın müttəfiq güclər tərəfindən tutulduğunda verilmədiyini bildirmişdir. Belə siyasi gedişlər regiondakı ərəb dövlətlərinin xarici qüvvələr ilə əlaqəli şəkildə addım atdığını göstərir.

Digər tərəfdən Suriya ilə bağlı hadisələrdə böyük güclər sistemə tam olaraq hakim olmaq üçün mübarizə aparır. Məhz Suriya hadisələri Ərəb oyanışını yenidən böyük güclərin nüfuz məsələsinə çevrildi. Bu gün Suriyada əsas problem rejimin gedib-qalmağından daha çox Suriyada Rusiyanın, Qərbin və İranın nə qədər təsirli olması ətrafındadır. Bu mənada Rusiya və İran Dəməşqdəki rejim dəyişikliyinin onlara qarşı bir siyasi həmlə olduğunu düşünürlər.

Misirə gəldikdə isə, Məhəmməd Mursinin prezident seçkilərində namizədlərin ən yaxşısı olduğu ancaq, müvəffəqiyyətli olub-olmadığına qərar verməyin də hələlik tez olduğu bir reallıqdır. Bu kontekstdə Misirdə qəbul ediləcək yeni Konstitusiya layihəsi ciddi mübahisələrə səbəb olur. Azadlıq tərəfdarları qadın hüquqları və din-dövlət münasibətləri mövzusunda narahat, sələfilər isə layihədə daha çox azadlığın vurğulanmasına qarşı və ənənəvi dəyərlərə biganə qalındığı görüşündədirlər.

Ərəb Baharı və ”Müsəlmanların məsumiyyəti”

Tunisdə başlayaraq bir çox ərəb ölkəsini bürüyən ictimai təlatüm və iğtişaşların bir neçə səbəbi məlumdur. Nəticələr isə müxtəlif oldu və bu yaxınlarda ABŞ-da çəkilərək internetə yerləşdirilən ”Müsəlmanların məsumiyyəti” adlı provakativ filmlə ərəb baharı adlanan üsyan dalğası yeni bir mahiyyət qazanmağa başladı.

Belə bir filmin hazırlanmasının və radikal-fanatik müsəlmanların ifrat dərəcədə buna reaksiya vermələri bir neçə aspektdən təhlil olunmalıdır. Məlum olduğu kimi kino incəsənətin bir sahəsidir. İncəsənətin bu sahəsindən istifadə edərək hər hansı bir din və etiqada qarşı belə bir provakativ hərəkət etmək ilk növbədə incəsənətin, kinonun təhqir olunması deməkdir. Bu mənada incəsənət adı altında kin və nifrət toxumları səpmək yolverilməzdir.

İkincisi isə dünyanı, xüsusilə müsəlman dünyasını provakativ yol ilə alova atmağın bu qədər asan olması çox təəccübləndirici və kədərləndirici bir faktdır. İki fanatik, bir neçə arsız sponsor və iki-üç sadəlövh aktyor ilə milyonların dini etiqadını alçaltmağa çalışmaq və kütlələri küçələrə tökmək qlobal sülhə xidmət etmir. Digər tərəfdən son zamanlarda İslama qarşı həyata keçirilən belə təhqiramiz təbliğatlarda dağıdaraq, öldürərək ifrat dərəcədə reaksiya göstərən kütlələrlə İslamın sülh dini olduğunu iddia etmək daha da çətinləşir.

Filmin internetə yerləşdirilməsindən bir neçə saat sonra Benqazidəki ABŞ səfirinin öldürülməsi bu provakasiyanın daha əvvəlcədən planlanaraq həyata keçirilmə ehtimallarını daha da gücləndirir. Bu mənada geri qalmış müsəlman ölkələrdə kasıb kütlələri asan bir yol ilə yoldan çıxarıb nümayəndəsi olduqları dini ləkələmək üçün necə ssenarilərin reallaşdırıldığına bir daha şahid olduq. Göstərilən belə bir reaksiyanın əsasında böyük ehtimalla Qərb qarşısında məğlub olma və haqsızlığa düçar olmanın psixoloji səbəbləri vardır. Məhz bu kontekstdə İslam dünyası ucuz və provakativ reaksiyalar yerinə daha tutarlı və kasıb kütlələri küçəyə tökməklə yox, aktiv siyasi reaksiyalarla cavab verməlidir.

Rəşad İlyasov,

Fəlsəfə doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...