THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərbin Qafqazda diplomatik fəallığı

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12170
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Otto Bismark "siyasət hər şeydən, hətta ikrah doğurandan belə faydalanmaq ustalığıdır”, demişdi. Son illər dünyanın böyük geosiyasi gücləri Qafqaza daha çox maraq göstərirlər. Onların hər biri bu regionda öz maraqlarının təmin olunması üçün addımlar atırlar. Hazırda isə Cənubi Qafqazda diplomatik hərəkətlilik heyrət doğurur. ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri artıq başa çatıb. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun da böyük bir nümayəndə heyəti ilə Azərbaycanda apardığı danışıqlar yekunlaşıb. ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun ölkəmizə səfəri də geridə qalıb. Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompuy isə iyulun 5-də Azərbaycana gələcək.

Rusiya diplomatiyasının Cənubi Qafqaza xüsusi diqqət yetirdiyi məlumdur. Qafqaz Moskvanın çox önəm verdiyi regiondur. Əslində, Qərb siyasi dairələrinin bu bölgəyə növbəti diplomatik həmləsində "Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşması tədbirləri haqqında” sənəddə MDB məkanının açar istiqamət kimi təqdim edilməsinin ciddi rolu olduğunu düşünürük.

"Böyük üçlüyün” Qafqaz turnesi

ABŞ, Avropa İttifaqı və ATƏT... Bu "üçlüyün” bir-birinin ardınca Azərbaycana "siyasi desant” atmaları onların Cənubi Qafqazda ortaq maraqlarının olduğundan xəbər verir. Eyni zamanda, həmin proseslər Qafqazda geosiyasi vəziyyətin yeni fəallıq zolağına daxil olduğunu təsdiqləyir. Hazırkı mərhələ üçün təhlükəsizlik və münaqişələrin həlli problemlərinin önə çıxdığını təxmin etmək olar. Bu iki məsələnin təməlində isə regionda geosiyasi tarazlığın yeni şərtlər daxilində formalaşmağa başlaması durur.

Həmin prosesi iki faktorun şərtləndirdiyini demək olar. Birincisi, İran ətrafında baş verən siyasi-diplomatik proseslərin məzmunca yeni mərhələyə keçməsidir. Təcrübəli diplomat Deyl Herşinq H.Klintonun bölgəyə səfərini birbaşa İran və Suriya ətrafında vəziyyətin gərginləşməsi ilə bağlayır. O, bu səfəri Cənubi Qafqaz ölkələrinə "dəstək jesti” kimi qiymətləndirir.

İranın B.Əsəd rejiminə yardım etməsi haqqında informasiyanın yayılması diplomatiyada bomba partlayışı effektini vermişdir. Həmin məlumat Suriya ilə bağlı BMT TŞ-də ortaq qərarların qəbul edilməsinə Rusiya və Çinin imkan verməməsi fonunda dövriyyəyə buraxılmışdır. Faktiki olaraq, Suriya və İran məsələləri bir-biri ilə sıx bağlılıqda təqdim olunur. Rəsmi Tehranın "altılarla görüşü”ndə də bir nəticənin alınmaması düşündürücüdür.

Aydındır ki, Qərb İran məsələsinə iki prizmada baxmağa başlamışdır. Onlardan biri Suriyadakı proseslərin sona çatdırılması zərurəti ilə bağlıdır. Bir neçə ay öncə Suriya məsələsinin bu ilin iyuluna qədər həll edilməsi vacibliyi haqqında Qərb analitiklərinin proqnozları dərc edilirdi.

İkinci baxış prizması Rusiyanın MDB-də xarici siyasətinə yeni nəfəs verməsi ilə münaqişələrin həlli və təhlükəsizlik məsələlərinin yeni çalarlar kəsb etməsidir. Rusiya Avropa və ABŞ-la münasibətlərini "müəyyən məsafədə” "bərabərhüquqlu əməkdaşlıq” prinsipinə uyğun saxlayacağını açıq ifadə etmişdir. Adi dilə çevirdikdə bu o deməkdir ki, artıq Rusiya MDB-də ən böyük güc mərkəzi olmaq strategiyasını həyata keçirməyə başlamışdır. Bu da Gürcüstan, Ermənistan və Azərbaycan məsələlərinə Qərbin ayrılıqda yenidən diqqət yetirməyə çalışacağını göstərir. Denis Korboy "The New York Times” qəzetində dərc edilən məqaləsində bu məqamı belə təqdim edir: "Qafqaz regionunda konfrontasiya riski var”. Başqa bir analitik Maykl Bişku qeyd edir ki, H.Klintonun diqqət mərkəzində Cənubi Qafqazın təhlükəsizlyi məsələsi durur.

Aİ və ATƏT-in yüksək səviyyəli rəsmilərinin bölgəyə səfərlərində əsasən regional təhlükəsizlik məsələsi müzakirə olunmalıdır. Qafqazdakı münaqişələrin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılmalıdır. Enerji sahəsində əməkdaşlıqla bağlı məsələlərin də danışıqların diqqət mərkəzində olması nəzərdə tutulub. Məhz bunun fonunda Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupunun rolunun artırılması məsələsi aktuallaşa bilər. Rusiyanın Cənubi Qafqazdakı rolu ilk növbədə münaqişələrin həllinə verə biləcəyi töhfədən asılı olacaq.

Qərbin Cənubi Qafqazın hər bir dövlətinə fərqli yanaşdığını mütləq nəzərə almaq lazımdır. Gürcüstanda Rusiyanın yarada biləcəyi gərginliyə yol verməmək əsas məqsəd sayılır. H.Klinton bölgəyə səfəri ərəfəsində ABŞ-ın gələcəkdə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tərk etməli olduğunu vurğulamışdı. Bu məsələ Qərb üçün Gürcüstanda bu ilin payızında keçiriləcək parlament seçkisi öncəsi xüsusi aktuallıq kəsb etmişdir. Gürcüstanlı politoloq R.Sakvarelidze H.Klintonun səfərində əsas məqsədin payızdakı seçkilərlə bağlı olduğunu deyir. Dövlət katibi doğrudan da Gürcüstanda siyasi partiyalarla geniş müzakirələr aparmışdır.

Qafqazda bütün yollar Bakıya aparır

Azərbaycanla bağlı isə Qərbin daha ehtiyatlı mövqe seçdiyi hiss edilir. Qərb bilir ki, Azərbaycan müstəqil xarici siyasət yeridir və onunla hesablaşmaq lazımdır. O cümlədən, ölkəmizin Rusiya ilə əməkdaşlığı inkişaf etdirdiyi bir fakt kimi qəbul edilir. Ona görə də Qərb siyasətçiləri Azərbaycanla hər bir məsələni bu faktorları nəzərə alaraq müzakirə edirlər. Hillari Klinton İrəvanda Dağlıq Qarabağ məsələsinin Madrid prinsipləri əsasında həll edilməli olduğu fikrini söyləmişdir. Yəni rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü nəzərə alan plana üstünlük verəcək.

İƏT-in baş katibi E.İhsanoğlunun böyük nümayəndə heyəti ilə Azərbaycana gəlməsi bu proseslərin fonunda diqqəti çəkir. E.İhsanoğlu Bakıda birmənalı vurğulamışdır ki, İƏT Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyəcəkdir. Bununla İƏT Cənubi Qafqazda cərəyan edən geosiyasi hadisələrə laqeyd qalmayacağını və ədalətli siyasət yeridən dövlətə dəstək olacağını bəyan etmiş olur.

Qərb diplomatlarının Azərbaycana bu qədər diqqət göstərməsi ölkəmizin geosiyasi statusunun yüksək olduğunu təsdiqləyən faktlardandır. Enerji təhlükəsizliyi məsələsinin daha da aktuallaşdığı bir vaxtda burada təəccüblü bir şey yoxdur. Bölgə ilə bağlı bütün beynəlxalq layihələrdə Azərbaycan əsas iştirakçılardan biridir. Obrazlı desək, enerji sahəsində əməkdaşlığın bütün yolları "Bakıya aparır”. Azərbaycanın razılığı olmadan hər hansı beynəlxalq layihənin Cənubi Qafqazda reallaşması mümkün deyildir.

Azərbaycanın Qərb siyasi dairələri üçün önəmini artıran başqa məsələ İran ətrafında hadisələrin yeni gərginlik mərhələsinə qalxması ilə bağlıdır. Əgər regionda müharibə başlasa, dünyanın aparıcı dövlətlərini Xəzər hövzəsindəki enerji ehtiyatlarının təhlükəsizliyi qayğılandıracaq. Ona görə də Azərbaycanı İran və Suriya gərginliyindən uzaq tutmaq gərəkdir. Bunun konkret yollarını müzakirə etməyə ehtiyac vardır.

Nəhayət, son vaxtlar Rusiya Avrasiya məkanında xeyli fəallaşıb. Rəsmi Moskva MDB çərçivəsində azad ticarət zonasını genişləndirməyə çalışır. Artıq Özbəkistan da həmin quruma daxil olub. Rusiya kollektiv təhlükəsizlik məsələsinə daha çox diqqət yetirməyə başlayıb. Bu mənada Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını gücləndirmək niyyətini gizlətmir. Təbii ki, Kremlin planlarında Gömrük İttifaqına daha çox ölkənin daxil edilməsi əsas yerlərdən birini tutur. Bütün bunların fonunda Rusiyanın Cənubi Qafqaz istiqamətinə də xüsusi önəm verdiyi şübhə doğurmur. Şimal qonşumuzun Ermənistana münisbəti həmişə çox isti olub. Hazırda bu ölkəni daha çox nəzarətdə saxlamaq siyasəti yeridilir. Rusiya prezidenti V.Putinin bu ilin payızında məhz Ermənistana səfər etməyi planlaşdırması təsadüfi görünmür. Gürcüstan istiqamətində Rusiyanın qarşılaşdığı maneələr məlumdur. Rəsmi Moskvanın Gürcüstanla bağlı ayrıca planlarının olduğunu proqnozlaşdırmaq olar. Azərbaycana gəldikdə isə, rəsmi Moskva yaxşı başa düşür ki, bu ölkə Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və coğrafi baxımdan ən önəmlisidir.

Göründüyü kimi, Cənubi Qafqazda müşahidə edilən diplomatik fəallıq Qərb və Rusiyanın bu bölgədə maraqlarının toqquşmasının yeni mərhələyə yüksəlməsindən qaynaqlanır. İndi hər iki qlobal güc "çayı keçəndə ayaqlarının altında olan daşları hiss etməyə” (Den Syaopin) çalışırlar. Harada hansı maneələrə rast gələ biləcəklərini və onları öz maraqlarına uyğun aradan qaldırmaq yolları üzərində düşünürlər.

Cənubi Qafqaz yeni aktiv geosiyasi savaşın astanasındadırmı? Ola bilsin ki, belədir. Ancaq indi Azərbaycana diqqət öncəki dövrlərdən xeyli fərqlidir. Bakıda hər bir siyasətçi müstəqil xarici siyasəti olan dövlətlə danışdığının fərqindədir. Bir neçə aydır ki, Qərb və Ermənistan mətbuatında Azərbaycana qarşı aparılan böhtan kampaniyasının müsbət heç bir nəticə verməyəcəyini anlamalıdırlar. Lakin Ermənistan mətbuatı H.Klintonun bölgəyə səfəri öncəsi də şər-böhtanla dolu əməlindən əl çəkmədi, əksinə, onu daha da gücləndirdi. Azərbaycan öz maraqlarını təmin edə bilən və bölgədə ədalətli siyasət yeridən dövlət imicinə malikdir. Ona görə də bu kimi təxribatların fiaskoya uğraması tamamilə təbiidir. Özləri deyir, özləri eşidir. Gözləmək olar ki, Cənubi Qafqazda diplomatik fəallığın bu mərhələsində Azərbaycanın deyəcəyi söz çox şeyi həll edəcək. Bu da Qərb diplomatiyasının ölkəmizə diqqətinin getdikcə daha da artacağını proqnozlaşdırmaq imkanı verir. Azərbaycan geosiyasi oyunçu kimi öz planlarını reallaşdırmaqda qərarlıdır.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...