THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiyanın strateji dərinlik siyasəti - II hissə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11901
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Rusiyanın yeni xarici siyasət kursunun "düyün” nöqtələri

Yuxarıdakı geosiyasi faktorlar Rusiyanın xarici siyasətinin yeni prioritetlərinin müəyyənləşməsində istiqamətverici rol oynayıb. Sənəddə xarici siyasətin hazırkı tarixi mərhələ üçün strateji məqsədi Rusiyanın daxili monolitliyini gücləndirmək əsasında postsovet məkanında geosiyasi inteqrasiyaya nail olmaq və qlobal güclərlə tarazlığı təmin etmək hesabına Avrasiya birliyinə təkan verməkdən ibarətdir. Bu zaman Rusiya daxilində və ona bitişik ərazilərdə ("yaxın xaric”) konkret səmərə verən diplomatik-siyasi fəaliyyət nəzərdə tutulur. Qlobal güclərlə münasibətlərdə isə vaxt udmaq taktikasına üstünlük verilir. Vaxt qazanmaq taktikasının əsas səbəbi yuxarıda sadaladığımız parametrlər üzrə Rusiyanın daxilinə olan təhlükələri neytrallaşdırmaqdır. Bu prosesin fonunda Rusiyanın daxili monolitliyi və yaxın xaricin inteqrasiyası həyata keçirilməlidir. Bundan sonra isə bütövlükdə Avrasiya məkanında inteqrasiya modelinin konkret reallaşması mərhələsi başlamalıdır.

Sənəddə Rusiya xarici siyasəti iki geniş sahəni – Asiya-Sakit okean və Avro-Atlantika məkanlarını əhatə edir. Hər iki istiqamətdə konkret vəzifələr qarşıya qoyulur. Asiya-Sakit okean regionu istiqamətində yeridilən siyasətdə "inteqrasiya proseslərinə yardım etmək və...beynəlxalq təhlükəsizlik strukturunun formalaşmasına dəstək vermək” (2, z bəndi) nəzərdə tutulur. Avro-Atlantika istiqamətində isə "beynəlxalq hüquq əsasında bərabər və bölünməz təhlükəsizlik sistemi yaratmaq, ...NATO ilə münasibətləri Rusiyanın maraqlarını nəzərə almaqla inkişaf etdirmək, ...Avropada təhlükəsizlik modelində islahatlar aparmaq...” (2, k bəndi) diqqət mərkəzindədir. Göründüyü kimi, bu əsas istiqamətlər arasında fərqlər Rusiyanın təhlükəsizliyini təmin etməyə bağlıdır.

Bununla bağlı sənəddə konkret punktlar nəzərdə tutulub. Onları şərti olaraq üç səviyyəyə ayırmaq olar. Birinci səviyyə sənədin 1-ci punktunda ifadə edilib: "Rusiya Federasiyasının uzunmüddətli inkişafı, onun iqtisadiyyatının modernləşməsi, ölkənin dünya bazarında bərabərhüquqlu mövqeyinin möhkəmlənməsi üçün uyğun xarici şərait yaratmalı” (2). Sonrakı üç punktda bu məqsədə nail olmaq üçün konkret diplomatik təşəbbüsləri həyata keçirmək ifadə olunub. Bunlar BMT-nin dünya işlərində rolunu yüksəltmək (b punktu), müxtəlif inteqrativ beynəlxalq təşkilatlar (BRİCS, "iyirmilər qrupu”, "səkkizlər qrupu”, Şanxay Əməkdaşlıq Təşkilatı) istiqamətində çoxtərəfli diplomatiyadan aktiv istifadə etmək (v punktu) və qlobal təhlükə və çağırışlara qarşı beynəlxalq kollektiv müqavimət təşkil etməkdir(q punktu).

Rusiyanın bu seçimləri etməsinin konkret səbəbləri var. Keçən əsrin 90-cı illərindən BMT dünya işlərini həll etməkdə böhran keçirir. ABŞ faktiki olaraq təkbaşına istədiyi qərarları bu qurumdan keçirə bilir. Rusiya ABŞ-ın hegemonluq planlarının qarşısını Nyu-Yorkda – BMT-də kəsmək istəyir. Bunun üçün BMT təkmilləşməli və aktiv surətdə dünya işlərini tənzimləməlidir.

Rusiya paralel olaraq inteqrativ qlobal və regional təşkilatlar daxilində diplomatik fəallığı artırmaqla birqütblülüyün bərpa edilməsinə mane olmağa çalışır. Qlobal geosiyasi mühitdə çoxqütblü dünya modelini konkret reallaşdırmağı nəzərdə tutur. Bu, Rusiyanın daha güclü ABŞ-a qarşı cəbhə yaratmasına imkan verərdi.

Nəhayət, qlobal miqyasda özünü göstərən təhlükələrə qarşı kollektiv müqavimət təşkil etməklə həm də geosiyasi təhlükəsizliyin təmininə əlverişli şərait yaratmaq olar. Bu punktda kütləvi qırğın silahlarının yayılması, beynəlxalq terror və regional münaqişlərin əks olunması təsadüfi deyil (bax: 2, q bəndi).

Sadalanan diplomatik-siyasi fəaliyyət iki səviyyədə həyata keçirilən tədbirlər vasitəsi ilə konkret nəticə verməlidir. Onların birincisi postosvet məkanı ölkələrinə yönəlmiş siyasətdir. Sənəddə bu siyasətin üç əsas istiqaməti qeyd olunub. Birinci istiqaməti Ukrayna, Belarus, Moldova təşkil edir. Burada mühüm bir məqam qeyd edilməlidir.

Sənəddə Ukraynanın adı çəkilmir. Bir sıra analitik və politoloqlar bunu sənədin çatışmayan tərəfi hesab edir (bax: 5). Lakin əslində, Rusiya ustalıqla Ukrayna faktorundan istifadə edir. Sənəddə Belarusla əlaqələrin bütün istiqamətlərdə şərtsiz inkişaf etdirilməsi zərurəti göstərilir. Moldovaya münasibətdə isə ikibaşlı "bitərəflik” mövqeyi fonunda Dnestryanıya "xüsusi status” verilir. Yəni Ukrayna üç istiqamətdən geosiyasi "mühasirəyə” alınır – Rusiya şərqdən, Belarus cənub-qərbdən və Moldova şimal-qərbdən. Ukrayna Qərb üçün çox əhəmiyyətli ölkə olduğundan onunla bağlı planlar sənədin "yazılmamış hissəsinə” salınıb. İndiki mərhələdə Ukrayna azad ticarət zonası üçün lazımdır. Ondan istifadə edib, Moskva Avropanın strateji dərinliyinə nüfuz edir və onun fonunda vaxt qazanır.

Sənəddə Rusiyanın Qafqaz siyasəti də əksini tapıb. Burada Gürcüstanla bağlı konkret mövqe bildirilir. Abxaziya və Cənubi Osetiya həmin sənəddə "yeni müstəqil dövlət” kimi təqdim edilir və onların müdafiə olunması vacibliyi vurğulanır. Bu, Gürcüstan istiqamətində vəziyyəti müəyyən mərhələyə qədər sabit saxlamaq istəyindən xəbər verir. Gürcüstan Rusiya xofunu daim üzərində hiss etməlidir, lakin Moskva hələlik bu məkanda ABŞ-la toqquşmaya getmək istəmir, çünki gücü çatmır. Həm də Ermənistan və Azərbaycan məsələsi var.

Ermənistan sənəddə Dağlıq Qarabağla bağlı yalnız ümumi fikir bildirilməsindən çox narahatdır. Erməni politoloqlar və onlara yaxın olan analitiklər bundan həyəcanlanırlar. "Rusiya kimi seçir – Ermənistanı, yaxud Azərbaycanı” kimi suallar verirlər (bax: 6 və 7). Onların təlaşı əsassız deyil. Rusiya Ermənistanı özünün forpostu hesab edir. Rəsmi İrəvan onun tam nəzarəti altındadır. Bu fikri sənəddə qeyd etməyin mənası yoxdur. Əgər Rusiya üçün Ermənistanın geosiyasi əhəmiyyəti dəyişsəydi, sənəddə qeyd edilərdi. Yəni Ermənistan köhnə rolunda qalmalıdır və o, gözləməlidir. Nəyi? Məsələ Azərbaycanla bağlıdır.

Azərbaycan Cənubi Qafqazın açar ölkəsi kimi Rusiya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan öz iqtisadi, mədəni və geosiyasi potensialına görə, Rusiyanın regionda əsas tərəfdaşıdır. Yaxın Şərqdən radikal dini təhlükənin aktuallaşdığı bir məqamda Azərbaycana qarşı çox ehtiyatlı olmaq lazımdır. Əsas faktor isə Türkiyədir! Məlumdur ki, Azərbaycan tək deyil, yanında həmişə Türkiyə var. "Anadolu pələngi” Rusiyanın Yaxın və Orta Şərqdə yaxın müttəfiqi ola bilər. Ankaranın bölgədə rolu sürətlə artır. Türkiyə bir çox prinsipial məsələlərdə müstəqil siyasət yeridir.

Rusiya avrasiyaçılıq siyasətində Türkiyəni nəzərə alır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Vladimir Avatkov yazır ki, Rusiya bütün Avrasiya məkanını birləşdirən ideyaya üstünlük verməlidir (7).

Türkiyənin Qafqazda maraqları var. O sırada Azərbaycan birinci yerdədir. Deməli, Azərbaycan məsələsi Rusiya üçün indi çox vacibdir. Ancaq Ermənistanı qıcıqlandırmaq da Kremlə sərf etmir – onun ABŞ-ın ağuşuna düşməsindən ehtiyatlanır. Ona görə də Ukrayna məsələsində olduğu kimi Azərbaycan və Ermənistan sənədin yazılmamış hissəsində yer alıb.

Rusiyanın xarici siyasətinin Qafqaz istiqamətində bu cür məzmun kəsb etməsi Azərbaycanın şansını artırır. Bəli, bəzilərinin təxmin etdiyi kimi, Rusiya Azərbaycan üçün qorxu deyil, əksinə, yeni səviyyədə əməkdaşlıq imkanıdır. Çünki Putinin çevik alyanslar modelinə Azərbaycan uyğun reaksiya verməklə regionda geosiyasi mövqeyini möhkəmlədə və Rusiya ilə daha etibarlı əməkdaşlığı inkişaf etdirə bilər.

Üçüncü istiqaməti Mərkəzi Asiya təşkil edir. Bu istiqamətdə Rusiyanın Özbəkistanı ilk sırada ziyarət etməsi yuxarıda qeyd etdiyimiz radikal dini qrupların yarada biləcəyi təhlükə ilə bağlıdır. ABŞ Əfqanıstanı tərk etdikdən sonra həmin istiqamətdən radikal dini qruplar Özbəkistan və Rusiyanı təhdid edə bilər. Qazaxstan isə gömrük ittifaqının üzvü kimi artıq Rusiya ilə inteqrasiyanın ilk mərhələsini keçmişdir.

Rusiyanın xarici siyasətinin prioritetləri arasında Uzaq Şərqə, o cümlədən Çinə böyük önəm verilməsi qismən yuxarıda apardığımız təhlildən aydındır. Bu, sənəddə ikinci səviyyə əməkdaşlıq dairəsini təşkil edir. Sənədin z bəndində Çin, Hindistan, Vyetnam, Yaponiya və b. Uzaq Şərq ölkələri ilə strateji əməkdaşlığı inkişaf etdirmək açıq qeyd edilir.

Sənədin üçüncü səviyyə əməkdaşlıq dairəsi ABŞ və Aİ-ni əhatə edir. Bunlarla bağlı ehtiyatlı və məsafəli əlaqələr qurmaq strategiyası mövcuddur. Aİ ilə "ortaq insani və iqtisadi məkan yaradılmasından” danışılır (j bəndi), ABŞ ilə bərabərhüquqlu, bir-birinin daxili işlərinə qarışmamaq, maraqlara qarşılıqlı hörmət prinsipləri əsasında sabit və davamlı münasibətlərin formalaşdırılması qeyd edilir (i bəndi). Görünür, Rusiya ABŞ və Avropa istiqamətində daha çox vaxt qazanmaq taktikasına sadiq qalır.

Rusiya strateji dərinliyi hədəfə alır

Rusiya xarici siyasətinin prioriteti MDB məkanında inteqrasiyaya nail olmaqdan ibarətdir. Bunun üçün Avropa və Asiya qitələri daxil olmaqla, geniş bir sahədə aktiv diplomatik-siyasi fəaliyyət nəzərdə tutulub. Rusiya həm xarici siyasətin həyata keçirilməsi üsullarında, həm də məzmununda yeniliklər etməklə çoxqütblü dünya modelini bərqərar etməyə çalışır. O, müxtəlif istiqamətlərdən təhlükə gözləyir. Moskva postosvet məkanında "iqtisadi maraqları uyğunlaşdırmaqla strateji dərinliyə nail olmaq” xəttini seçib (8).

ABŞ-da Rusiyanın bu planına münasibət birmənalı deyil. Bəziləri Amerikanın Rusiyanı başa düşməsini vacib sayır. Vaşinqton Strateji Tədqiqatlar və Beynəlxalq Münasibətlər Mərkəzinin əməkdaşı Endryü Kaçins qeyd edir ki, ABŞ-Rusiya münasibətlərinin ən dinamik dövrü artıq arxadadır. İndi Amerika Cekson-Venik düzəlişini ləğv etməli, Rusiyanın ÜTT-yə üzvlüyünü dəstəkləməlidir və "irəliyə doğru addım atmalıdır” (9).

Rusiyanın xarici siyasətinin prioritetlərində MDB ən vacib geosiyasi məkan kimi qeyd edilir. Bu məkanın özündə də Moskva əhəmiyyətlilik dərəcəsinə görə dövlətlərlə münasibətin strategiyasını həyata keçirir. Sənəddən görünür ki, Ukrayna, Azərbaycan və Özbəkistan üç müxtəlif istiqamətdə Kreml üçün çox əhəmiyyət daşıyır. Özbəkistanı Rusiya artıq öz tərəfinə çəkə bilibsə, Ukrayna və Azərbaycanla bağlı bir qədər gözləmə mövqeyindədir. Çox şey geosiyasi proseslərin bundan sonrakı gedişindən asılı olacaq.

Rusiyanın hazırda ən çox ehtiyat etdiyi faktor "ərəb baharı” dalğası ilə Şərqə tərəf irəliləyən radikal dinçilikdir. ABŞ Rusiyanın ətrafında RMS yaratmaqla Avropa dövlətlərini müdafiə etdiyini göstərir. Paralel olaraq, Rusiyanın daxilində ixtilaflar törətməyə çalışır. Bunu "Rusiyanın geosiyasi sıxışdırılması” (Corc Fridman) adlandırırlar. Rusiyanın xarici siyasətin prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə ABŞ-ın bu siyasətini neytrallaşdırmağa çalışdığı görünür.

Paralel olaraq, rəsmi Moskva Uzaq Şərqdə yeni geosiyasi güc mərkəzi yaratmaqla qlobal mübarizəni şaxələndirib, vaxt qazanmaq istəyir. Onun məqsədi MDB məkanında möhkəm iqtisadi, mədəni, humanitar və geosiyasi birlik yaratmaqla ABŞ-ın təsirini neytrallaşdırmaqdan ibarətdir. Bu aspektdə gözləmək olar ki, MDB ölkələrində rus mədəniyyəti və rus dilinin daha geniş yayılması ilə bağlı yeni addımlar atılacaq.

Qlobal miqyasda baş verən bu proseslərin sonu necə ola bilər? Dünya yenə iki qütbə bölünəcəkmi? Yaxud çoxqütblü dünya modeli bərqərar olacaq? Birmənalı proqnoz vermək çətindir, lakin Z.Bzejinskinin Böyük şahmat taxtasında dünyanı silkələyə bilən proseslərin getdiyi şübhəsizdir.

Newtimes.az

Ədəbiyyat və mənbələr

  1. La pensée stratégique russe – Guerre tiède sur l'échiquier eurasien. Entretien avec Jean Géronimo Centre de recherche sur la mondialisation (CRM), 23 février 2012 URL: http://mondialisation.ca/index.php?context=va&aid=30607.
  2. Указ «О мерах по реализации внешнеполитического курса Российской Федерации». Официальный сайт Президента России, 7 мая 2012. URL: http://kremlin.ru/acts/15256.
  3. George Friedman. Putin's Evolving Strategy in Europe // Stratfor, May 8, 2012. URL: http://www.stratfor.com/weekly/putins-evolving-strategy-europe?utm_source=freelist-f&utm_medium=email&utm_campaign=20120508&utm_term=gweekly&utm_content= readmore&elq=5c9cacdd235446d1a761002610e4cd02.
  4. Henry Kissinger. Diplomacy. New York: Simon & Schuster, 1994, 912 pp.
  5. Модест Колеров. Новая внешняя политика Путина / Информационное агентство "Regnum", 7 мая 2012. URL: http://regnum.ru/news/analitics/1528564.html.
  6. Алексей Мартынов. Новейшие государства в новой внешнеполитической повестке Владимира Путина / Информационное агентство "Regnum", 8 мая 2012. URL: http://regnum.ru/news/analitics/1528630.html.
  7. Владимир Аватков. Евразийская идеология Путина и будущее российско-турецких отношений / Информационное агентство "Regnum", 8 мая 2012. URL: http://регнум.рф/news/fd-abroad/turkey/analitics/1528772.html.
  8. George Friedman. Russia's Strategy // Stratfor, April 24, 2012. URL: http://www.stratfor.com/weekly/russias-strategy.
  9. Юрий Жигалкин, Аллан Давыдов. Президент Путин: взгляд из США / Radio Free Europe, 8 мая2012. URL: http://www.svobodanews.ru/content/article/24573942.html.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...