THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiyanın strateji dərinlik siyasəti - (I hissə)

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12091
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Avrasiyada yeni geosiyasi konfiqurasiya

7 may 2012-ci il. Vladimir Putin "Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşdırılması tədbirləri haqqında” fərman imzalayıb (bundan sonra qısaca – fərman). Dünya siyasi dairələri bunu adi sənəd kimi qəbul etməyiblər. Onun təhlilinə çoxlu sayda yazılar həsr edilib. Xüsusilə, Qərb analitikləri, politoloqları və siyasətçiləri fərmanın mahiyyətini dərk etməyə çalışırlar. Səbəb nədir?

Rusiya üzrə məşhur mütəxəssis Jean Geronimo Kanadanın "Mondialisation.ca" saytına verdiyi müsahibədə qlobal geosiyasi konfiqurasiya ilə bağlı maraqlı fikirlər söyləyib (1). O, Avrasiya məkanında böyük geosiyasi güclərin (ABŞ, Rusiya, Avropa İttifaqı və Çin) "soyuq müharibə”dən "sərin müharibə”yə keçdiyini deyir. Yəni indi geosiyasi güclər qarşıdurmanı nisbətən yumşaq münasibətlər müstəvisinə keçiriblər. "Soyuq müharibə” dönəmindəki mübarizə motivləri, hegemonluq və rəqibi zəiflətmək strategiyası qalır. Bu parametrlər üzrə Avrasiya məkanında yeni geosiyasi konfiqurasiya formalaşır. Rusiyanın xarici siyasət kursu bu dəyişməyə uyğunlaşma cəhdidir. Həmin dəyişmələr hansı faktorlarda ifadə olunur?

Birinci faktor ərəb ölkələrində iğtişaşların genişlənməsi və kütləvi hal alması ilə bağlıdır. Bu, Rusiya üçün Avrasiya məkanında qeyri-sabit sərhəd zonasının yaranması anlamına gəlib. Suriya bu sırada indi hadisələrin episentrini təşkil edir. Bundan sonra silkələnmələr postsovet məkanına sıçraya bilər. Həmin prosesin əsas geosiyasi faktoru dindir. Çünki "ərəb baharı”nda dini faktor əsas hərəkətverici qüvvə sayılır. Dini həmrəylik, əhalisinin 15%-i müsəlman olan Rusiyanın Qafqaz və Mərkəzi Asiya ilə sərhədlərində güclü silkələnmələr yarada bilər.

İkinci faktor ABŞ-ın Raketdən Müdafiə Sistemlərini (RMS) Avropaya yerləşdirməsidir. Moskva bunu güc tarazlığının pozulması kimi qəbul edir.

Üçüncü faktor Əfqanıstanda baş verən hadisələrlə bağlıdır. Kreml hesab edir ki, NATO əsgərlərinin Əfqanıstandan çəkilməsi ilə, bu ölkədən radikal dini ideyaların postsovet məkanına yayılması imkanı genişlənə bilər. Təsadüfi deyil ki, Özbəkistan MDB çərçivəsində azad ticarət zonasının yaradılmasını bu məkanın təhlükəsizliyinin təmini ilə birbaşa bağlayır. Bütün Mərkəzi Asiya dövlətləri bu məqamı ayrıca qeyd edirlər. Qazaxıstanın Çinlə sərhəddə olan hərbi məntəqəsində baş verən müəmmalı kütləvi qətl hadisəsi, açıq deyilməsə də, xəbərdarlıqdır.

Nəhayət, enerji faktoru Avrasiya məkanında yeni konfiqurasiyaya ciddi təsir edir. Rusiya dərin strategiya xəttini seçir. Yəni Qərbin dərinliklərinə təsir edə biləcək geosiyasi parametrlər formalaşdırır. Ukraynanın taxıl məhsulu və Qazaxıstanın enerji ehtiyatlarına nəzarət böhran içində olan Avropaya təsir mexanizmi ola bilər. Bununla Moskva özünə bağlı bir geosiyasi məkan formalaşdırmaq istəyir. Həmin məkanın məsuliyyətini və dotasiyasını isə boynuna götürmür.

Rusiyanın "xüsusi” kontinental gücü

V.Putinin xarici siyasətlə bağlı imza atdığı fərmanının məzmunu qeyd edilən geosiyasi paramterləri nəzərə alır. Bu kursun fəlsəfəsi "beynəlxalq münasibətlərin yeni polisentrik sisteminin formalaşması şəraitində praqmatizm, açıqlıq və çoxvektorluluq prinsipləri əsasında Rusiya Federasiyasının milli maraqlarının təmin edilməsi”ndən ibarətdir (2). Görünür ki, Rusiya indiki mərhələdə ABŞ-ın hegemonluq siyasətinə qarşı çoxqütblü dünyada güc tarazlığının saxlanması prinsipini qarşı qoyur. Bu, Rusiyanın "xüsusi” kontinental supergüc olmasından irəli gəlir.

Corc Fridman Vladimir Putinin yenidən prezident seçilməsi ilə bağlı yazır: "Putinin missiyası Rusiyaya sabitlik və təhlükəsizliyi qaytarmaqdan ibarətdir. Bu, dünyada ən böyük, daxilən qeyri-bircins və potensial düşmən olan nəhəng dövlətlərlə əhatə olunmuş ölkənin lideri üçün mühüm vəzifədir” (3). Bu cür geosiyasi xüsusiyyətlərin nəzəri izahını H.Kissincer "Diplomatiya” əsərində vermişdir (bax: 4, s.10-19).

O, ABŞ-la Avropanı müqayisə edərkən yazır ki, ABŞ-ı tarixən güclü dövlətlər əhatə etmədiyindən, onun üçün "güc tarazlığı” xarici siyasətin strategiyası olmayıb. Avropa dövlətləri isə həmişə potensial düşmən dövlətlərlə əhatə olunub. Ona görə də Avropa dövlətlərinin xarici siyasəti üçün təqribən eyni gücə sahib dövlətlərin mövcudluğu şəraitində tarazlıq prinsipi əsas olmuşdur (4, s.12-13). Doğrudur, Rusiyanı tipik Avropa dövləti hesab etmirlər. Lakin onun xarici siyasəti sırf kontinental gücün mahiyyətinə uyğundur.

H.Kissincerin bu tezisləri işığında Rusiyanın yeni xarici siyasət prioritetlərinə nəzər salanda, onun daxili məntiqi aydın olur. Faktiki olaraq, hər bənd böyük geosiyasi mərkəzlər arasında güc tarazlığını təmin etməyə xidmət edir. Bu bağlılıqda iki məqama nəzər salaq.

Putin əvvəlcə Rusiyanı daxilən birləşdirmək və sabitlik yaratmaq xəttini seçdi. Bunun üçün Qafqazda separatizmi səngitdi, ölkəni oliqarxlardan təmizlədi, iqtisadi və siyasi sistemi mərkəzləşdirdi. Prosesdə güc strukturları ciddi rol oynadı. Bu, mahiyyətcə, klassik Rusiya idarəçiliyinin yeni tarixi şəraitdə qeyri-klassik improvizasiyasıdır.

İkinci addım Rusiyanın yaxın xaricdə daha fəal siyasət yeritməsindən ibarət olmalı idi. Lakin yaxın xaric ölkələrinin əksəriyyəti Rusiyadan üz döndərmişdi, üstəlik, Aİ və NATO ölkənin sərhədlərinə doğru irəliləyirdi. Belə situasiyalarda ənənəvi Rusiya reaksiyası hərbi güc tətbiq etməkdən ibarətdir! V.Putin müasir şəraiti nəzərə alıb, başqa yol seçdi. O, Qərbi diplomatik yolla daxildən parçalamaq kursuna üstünlük verdi. Bunun üçün Qərb dövlətləri ilə ikitərəfli sazişlər imzalayıb, onları sakitcə üz-üzə qoymağa çalışdı. Bu işdə Rusiya enerji faktorundan siyasi məharətlə istifadə etməyə başladı.

V.Putin Almaniya, Fransa və İtaliya ilə münasibətləri yaxın əməkdaşlıq səviyyəsinə qaldırdı. Çox keçmədi ki, Avropanı şimaldan "Şimal axını”, cənubdan isə "Mavi axın” layihələri məngənəsinə aldı. Bu layihələr Belarus, Ukrayna və Moldovanı Avropa üçün enerji təchizatı baxımından bir qədər aşağı statusa saldı, Baltikyanı ölkələrlə Aİ-nin başqa dövlətləri arasında nisbi soyuqluq yaratdı, NATO-nun Şərqə genişlənməsini mürəkkəbləşdirdi (Ukrayna və Gürcüstan istiqamətində). Putin Fransa ilə qlobal geosiyasi məsələlərdə ABŞ və Böyük Britaniyaya qarşı tandem yarada bildi (məsələn, ABŞ-ın İraq siyasətini Moskva və Paris birgə qınadı). Bunlara paralel olaraq, Rusiya kapitalı Avropanın enerji nəhənglərini "işğal” etməyə başladı. Böyük Britaniya həyəcan siqnalı çalırdı ki, Avropanın iri şirkətlərinin səhmlərinin xeyli hissəsi Rusiya maqnatlarının əlinə keçib. Onlar Putinə yaxın adamlar idilər. Bununla V.Putin iki məqsədə nail oldu. Birincisi, təhlükəni Rusiyanın sərhədindən uzaqlaşdırdı. İkincisi, Qərb cəbhəsini parçaladı.

V.Putin bu dəfə prezident kürsüsünə əyləşəndə artıq qarşısında dəyişmiş Avropanı gördü. Böhran içində olan Avropa daha çox daxili problemlərinə diqqət yetirir. Rusiya Aİ siyasətində düzəlişlər edir. O, Avropa daxilindəki paçalanmanı saxlamaqla, oradan maliyyə və texnologiya dəstəyi almaq istəyir. Aİ-Rusiya sammiti göstərdi ki, bi istiqamətdə Moskvanın şansları az deyil. Hələlik Rusiya Aİ ilə sosial-iqtisadi, elmi-texnoloji əməkdaşlığı gücləndirməyi planlaşdırır. Bununla yanaşı, geosiyasi aspektdə müttəfiqliyi Uzaq Şərqdə axtarır. Mərkəzi Asiya və Çin bu səbəbdən V.Putinin bir səfərinin ortaq hədəfi oldu. Ancaq bu siyasət çox mühüm bir istiqaməti – Qafqazı kölgədə qoymamalı idi.

(ardı var)

Newtimes.az

Ədəbiyyat və mənbələr

  1. La pensée stratégique russe – Guerre tiède sur l'échiquier eurasien. Entretien avec Jean Géronimo Centre de recherche sur la mondialisation (CRM), 23 février 2012 URL: http://mondialisation.ca/index.php?context=va&aid=30607.
  2. Указ «О мерах по реализации внешнеполитического курса Российской Федерации». Официальный сайт Президента России, 7 мая 2012. URL: http://kremlin.ru/acts/15256.
  3. George Friedman. Putin's Evolving Strategy in Europe // Stratfor, May 8, 2012. URL: http://www.stratfor.com/weekly/putins-evolving-strategy-europe?utm_source=freelist-f&utm_medium=email&utm_campaign=20120508&utm_term=gweekly&utm_content= readmore&elq=5c9cacdd235446d1a761002610e4cd02.
  4. Henry Kissinger. Diplomacy. New York: Simon & Schuster, 1994, 912 pp.
  5. Модест Колеров. Новая внешняя политика Путина / Информационное агентство "Regnum", 7 мая 2012. URL: http://regnum.ru/news/analitics/1528564.html.
  6. Алексей Мартынов. Новейшие государства в новой внешнеполитической повестке Владимира Путина / Информационное агентство "Regnum", 8 мая 2012. URL: http://regnum.ru/news/analitics/1528630.html.
  7. Владимир Аватков. Евразийская идеология Путина и будущее российско-турецких отношений / Информационное агентство "Regnum", 8 мая 2012. URL: http://регнум.рф/news/fd-abroad/turkey/analitics/1528772.html.
  8. George Friedman. Russia's Strategy // Stratfor, April 24, 2012. URL: http://www.stratfor.com/weekly/russias-strategy.
  9. Юрий Жигалкин, Аллан Давыдов. Президент Путин: взгляд из США / Radio Free Europe, 8 мая2012. URL: http://www.svobodanews.ru/content/article/24573942.html.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...