THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

131-1: Zərbə kimə dəyir və yaxud Vardan Oskanyanın qaranlıq gələcəyi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6171
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 oktyabr – Newtimes.az

Ermənistanda cari ilin mayın 6-da keçirilən parlament seçkilərində hakim Ermənistan Respublika Partiyası (ERP) mandatların əksəriyyətini əldə edərək qələbə qazandı. Ancaq seçkilərin sabahı koalisiya hökuməti ortaqlarından Çiçəklənən Ermənistan Partiyası (ÇEP) başda olmaqla digər müxalif partiyalar seçkilərdə saxtakarlıq edilməsi haqqında protokolları və video görüntüləri Mərkəzi Seçki Komisiyasına (MSK) təqdim etsələr də, nəticə etibarıyla dəyişən bir şey olmadı.

Həmişə olduğu kimi, hakim partiya seçkiləri qazandı və parlamentdə koalisiya hökuməti deyil, təkbaşına hökumət qurmaq hüququna sahib oldu. Bununla da Ermənistan daxili siyasətinin dinamizmində köklü dəyişikliklər yaşandı. İkinci ən böyük partiya olan ÇEP hökumətdə təmsil olunmadı və müxalifət cəbhəsində bərqərar oldu.

Parlament seçkilərindən əvvəl Ermənistanın sabiq Xarici İşlər Naziri Vardan Oskanyan təntənəli şəkildə ÇEP-ə üzv qəbul olundu və parlamentdə deputat mandatı qazandı. 19 fevral 2008-ci ildə prezident seçilən Serj Sərkisyanın isə ilk işi Vardan Oskanyanı Xarici İşlər naziri vəzifəsindən çıxarmaq oldu.

Uzun müddət kölgədə qalan Oskanyan “Sivilatis” fondunu quraraq daha çox Dağlıq Qarabağ problemi, siyasi və iqtisadi məsələlələrlə maraqlanmağa və açıq şəkildə Sərkisyan rejiminə qarşı müxalif fikirlərini dilə gətirməyə başladı. Oskanyan israrla Sərkisyan iqtidarının Dağlıq Qarabağ probleminə olan münasibətinin qəbul edilməz olduğunu bildirdi və bu problemlə bağlı hökumətin zəif nöqtələrini ictimai rəyə təqdim etdi. Belə bir şəraitdə Oskanyanın ikinci böyük partiya siyahısında parlamentdə təmsil olunması hakim partiyanı narahat etməyə bilməzdi. Eyni zamanda Oskanyan ÇEP-də kifayət qədər nüfuza və tərəfdaşa sahib təcrübəli siyasətçi kimi tanınmağa başladı.

Hökumət belə bir şəraitdə həm ÇEP-i zəiflətməyə, nüfuzdan salmağa, həm də Oskanyanın siyasi reputasiyasını zədələmək üçün bir daşla iki quş vurmağa qərar verdi və Oskanyanın “Sivilitas” fondunda maliyyə yoxlamalarına başladı. Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan yoxlama nəticələrinə görə fondun təxminən 2 milyon dollar məbləğində çirkli pulların “yuyulmasını” faktını müəyyənləşdirdi və cinayət işi açdı.

Cinayət işi açıldıqdan sonra ÇEP Sədri oliqarx Qaqik Çarukyan Oskanyanı dəstəkləyən fikirlər səsləndirdi. Müxalifətdə təmsil olunan bir neçə siyasi partiya da Oskanyanı dəstəklədi. Buna paralel olaraq 28 sentyabrda Avropa İttifaqı dövlətlərinin, ABŞ və Braziliyanın Ermənistandakı səfirləri “Sivilitas” fondunda Oskanyan ilə görüşərək onu müdafiə edən bəyanatlar verdilər. Belə bəyanatlar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən də dilə gətirildi.

Ancaq hökumət bu vəziyyət qarşısında geri addım atmadı və Oskanyanı israrla istintaqa dəvət etdi. Oskanyan isə deputat toxunulmazlığından istifadə edərək istintaqa ifadə verməkdən boyun qaçırdı. Məsələ ilə bağlı Ermənistanda müzakirələr davam edərkən Baş prokurorun təqdimatı ilə Oskanyanın deputat toxunulmazlığının ləğv edilməsi məsələsi gündəmə gəldi.

İlk baxişda Oskanyana qarşı ortaya atılan bu məsələ əslində ÇEP və lideri Qaqik Çarukyana qarşı düşünülmüş bir təxribatdır. Çarukyan ölkənin ən böyük oliqarx siyasətçisidir və gələn il keçiriləcək prezident seçkilərində namizəd olma ehtimalı olduqca yüksəkdir. Xeyriyyə işləri ilə məşğul olan Çarukyan xüsusilə kasıb əhali tərəfindən rəğbətlə qarşılanır. Digər siyasi partiyaların rəhbərləri ilə müqayisədə Çarukyan Sərkisyanın potensial rəqibidir.

Erməni Ümummilli Hərəkatının lideri Levon Ter-Petrosyan qocalıb və son parlament seçkilərindən sonra siyasi arenada fəal deyil. Ermənistan Xalq Partiyasının (EXP) lideri Stepan Dəmirçiyan da ciddi rəqib deyil. Daşnaqsutyun Partiyasının üzvü Vahan Hovannesyan xarizmatik olsa da, təmsil etdiyi partiyanın xalq arasında dəstəyi zəifdir. Ermənistan siyasi həyatında radikal milliyyətçi dəyərləri təmsil etdiyi üçün böyük nüfuzu yoxdur.

Ermənistanda bəzi təhlilçilər isə Oskanyana qarşı ortaya atılan bu məsələdə Rusiyanın da maraqlarının olduğunu bildirirlər. Səbəb isə, nazir vəzifəsindən çıxarıldıqdan və müxalifət cəbhəsinə keçdikdən sonra Oskanyanın Rusiyanın Ermənistanın siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində birmanalı olaraq hegemon olmasından narahatçılığını dilə gətirməsi olub.

Oskanyanın ÇEP-də və parlamentdə təmsil olunmasını istəməyən yüksək siyasi dairələr onu sıradan çıxarmağa və ÇEP daxilində ikitirəlik törətməyə çalışırlar.

Oskanyanın məsələsi oktyabrın 2-də Ermənistan parlamentində müzakirəyə çıxarıldı və deputat toxunulmazlığı ləğv edildi. Ermənistanda 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını iddia edən Oskanyan bununla da daxili ictimai-siyasi həyatdan əhəmiyyətli dərəcədə uzaqlaşdırıldı. O, artıq Milli Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilib və dindirilib.

İqtidar daxili ictimai-siyasi həyatı daha da gərginləşdirməmək və Avropa dövlətlərindən gələn tənqidləri gücləndirməmək üçün Oskanyanın işini böyük ehtimalla gələn il keçiriləcək prezident seçkilərinə qədər uzadacaq və daha sonra açılan cinayət işinə xitam verəcəkdir.

2013-cu ildə keçiriləcək seçkilər ərəfəsində hakim partiya ictimai rəyi Ermənistanın iqtisadi, sosial və siyasi problemlərindən yayındırmaq üçün də Oskanyan işini gündəmə gətirə bilər. Əlbəttə bu zaman ÇEP və Oskanyanın tərəfdarlarının etirazları da ortaya çıxa bilər. Ancaq hakim partiya müxalifət arasındakı parçalanmanın və fikir ayrılığının dərin olduğunu nəzərə alaraq, əhalinin bu etirazlara ciddi reaksiya verməyəcəyini ehtimal edir.

Dr. Hatəm Cabbarlı

Copyright © 2012 | Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...