THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

II Qarabağ müharibəsində qələbə həm də Azərbaycan diplomatiyasının geosiyasi meydanda və informasiya müharibəsində böyük uğurudur

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11273
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 aprel 2021 – Newtimes.az

Cənubi Qafqazın siyasi simasını və geosiyasi mozaikasını əsaslı şəkildə dəyişən 44 günlük müharibə Azərbaycanın uzun illərdən bəri məqsədyönlü şəkildə davam etdirdiyi diplomatik, hərbi və siyasi tədbirlərin və hazırlığın nəticəsi idi. Hazırda bütün dünyanı, xüsusilə xristian təəssübkeşliyi zəminində Ermənistanı, dünyanın 66 ölkəsinə xərçəng xəstəliyi kimi yayılmış erməni lobbisi və diasporunu bir sual düşündürür: bu necə oldu ki, bu baş verdi?... Çünki məglub edilən təkcə haqqında mifoloji mətnlər yayılan, "rus tanklarının üstündə Bakıya gəlməyə hazırlaşan" məğlubedilməz erməni ordusu, "Arsax cəngavərləri", hər şeyə qadir erməni lobbisi və diasporu, mövcud status-kvo deyildi, məğlub edilən arxasında bütün xristian dünyasının dayandığı Ermənistan dövləti idi, regionda otuz ilə yaxın mövcud olan və dəyişdirilməsinə imkan verilməyən geosiyasi mənzərə idi, hərb meydanında olduğu kimi, informasiya müharibəsində də sarsıdıcı zərbə alan Ermənistanın informasiya siyasəti idi. Elə bir geosiyasi mənzərə ki, Qərb demokratiyası, Rusiya, İran və digər dövlətlərin illərlə davam edən, davam etməkdə olan "böyük oyunları" nəticəsində, Ermənistanın Azərbaycana əsassız ərazi iddiaları zəminində yaradılmışdı. Ermənistan Respublikası bu gün 70 il davam edən sovet hakimiyyəti ərzində Azərbaycandan qopardıqlarının, ələ keçirdiklərinin və qəsb etdiklərinin hesabını vermək məcburiyyətindədir.

XX əsrin 90-cı illərinin əvvəllərində baş verən qlobal sarsıntılar Cənubi Qafqada da hər şeyi alt-üst etdi, əgər coğrafi xəritədə üç müstəqil dövlət yaradıldısa, geosiyasi mozaikada baş verənlər görünməmiş xaosa gətirib çıxardı, etnosiyasi münaqişələr baş alıb getdi, siyasət neftə, geosiyasət regionda nüfuz üstünlüyü uğrunda supergüclərin savaşına qarışdı, məzhəb itdi... Məhz bu qarmaqarışıqlığın gedişində Azərbaycanda hakimiyyət uğrunda mübarizə fəlakətli həddə çatdı, sosial-iqtisadi sabitlik pozuldu, ölkə ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu və 1 milyon nəfərdən çox soydaşımız öz vətənində qaçqın və köçkünə çevrildi, ağrılı və əzablı həyat yaşamağa məhkum edildi. Çox tezliklə Azərbaycanın ətrafında və Cənubi Qafqaz regionunda baş verənlərin ərəb mifoloğiyasında "şeytanın göz yaşları adlandırılan" Xəzər nefti və geosiyasətlə bağlı olduğu aydınlaşdı. Yeni yaranmaqda olan milli mətbuat başgicəllədici sürətlə dəyişən situasiyanı necə dərk etməsindən asılı olmayaraq informasiya burulğanına düşdü və informasiya müharibəsinin iştirakçısına çevrildi. Məhz həmin dövrdə amerikan politoloqlarından Pol Qobl regionda yaranmış vəziyyəti təhlil edərək baş verənlərin "razılaşdırılmış" xarakterinə diqqəti yönəltmiş və yazmışdıı ki, "dərindən diqqət yetirildikdə Qafqaz siyasət meydanında əlavə fiqurların olduğu aydın görünür ki, bunlar baş verənlərlə bu və ya başqa dərəcədə əlaqəlidir". Cənubi Qafqaz keçmiş SSRİ məkanının bir hissəsi kimi son otuzillik dövr ərzində Rusiya, Türkiyə və İranla yanaşı, ABŞ və Avropa ölkələrinin də maraq dairəsində olmuş və olmaqdadır ki, bu amil regionda gedən geosiyasi oyunlarda və informasiya müharibəsində həlledici əhəmiyyətə malikdir.

Qərb politoloji fikrinin digər nümayəndələrindən olan A.Rar regionda gedən prosesləri Xəzər nefti ilə bağlayır və bütün problemlərin "açarının" Rusiya və ABŞ-ın əlində ölduğunu qeyd edərək yazırdı: "bu regionda kommersiya maraqları geosiyasi və hərbi mənafelər üzərində üstünlüyə malik olmalıdır, yəni neft hamıya çatar, başlıcası regional və qlobal müharibələrdən çəkinməkdir". Nəzərə alsaq ki, Azərbaycan torpaqlarının işğalı ABŞ-ın razılığı və Rusiya hərbi hissələrinin erməni quldur dəstələrinə yardımı ilə həyata keçirilmişdir, onda geosiyasi mübarizənin konturlarını və informasiya müharibəsinin hədəflərini aydın şəkildə təsvir edə bilərik, bu dövr geosiyasi mübarizədə və informasiya müharibəsində Azərbaycan Respublikasının təkləndiyi ağır bir dövr idi.

Ermənistan-Azərbaycan münaqişəsinin konturları genişləndikcə baş verənlərdə yeni maraqların və aktorların iştirakı özünü aydın şəkildə göstərir, geosiyasi mozaika bir qədər də tündləşir, Qərbin və Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrində, xüsusilə mətbuat orqanlarında regionda baş verənlər obyektivlikdən uzaq olsa da daha geniş təhlil edilməyə başlayırdı ki, belə vəziyyət qismən də olsa Azərbaycanın xeyrinə idi. Vaşinqton Mərkəzi Asiya və Qafqaz Araşdırmalar İnstitutunun direktoru F.Starr yaranmış vəziyyəti aşağıdakı kimi qiymətləndirmişdi: "Qarabağ məsələsi təkcə Azərbaycanın və Ermənistanın problemi deyil, regional məsələdir və ümumavropa təhlükəsizliyinə ciddi hədədir... təəssüflər olsun Dağlıq Qarabağ münaqişəsi üzündən Cənubi Qafqazda inkişafın olmamasını heç kim açıq sürətdə bəyan etmir, münaqişə ilə bağlı yaranan vəziyyət çox təhlükəlidir. Əgər məsələdə hər hansı irləiləyişə nail olunmasa, vəziyyət daha da pisləşəcəkdir”. Rusiyalı ekspertlərdən D.Malışeva məhz yeni əsrin əvvəllərində xəbərdarlıq etmişdi ki, Dağlıq Qarabağla bağlı "danışıqlar prosesi sülhün real olaraq gerçəkləşməsi yalnız o zaman mümkündür ki, problemə dünya birliyinin qəti müəyyənləşmiş mövqeyi formalaşsın, yalnız o zaman regionda geosiyasi vəziyyət tam aydınlaşar müəyyənləşər”. Diplomatiyanın dilinə çevrildikdə bu o demək idi ki, münaqişəyə münasibətdə ABŞ-ın, Rusiyanın, Aİ-nin, Türkiyə və İranın mövqelərində ortaq məxrəc yarandığı zaman onun nizamlanması və ya həll olunması mümkün olacaqdır.

Aparılmış təhlil göstərirdi ki, münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu 28 il ərzində hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Dünyanın ermənipərəst mövqe sərgiləyən müxtəlif KİV-ləri münaqişənin hətta göstərilən kontekstdə nizamlana biləcəyini də mümkün hesab etmirdilər, çünki Ermənistanın ambisiyaları daha yüksək idi, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına hədəflənmişdi. Hələ keçən əsrin 90-cı illərində "Qardian" qəzeti yaranmış vəziyyəti aşağıdakı kimi xarakterizə etmişdi: "Azərbaycanın münaqişədən əvvəlki sərhədləri bərpa etmək tələbindən azacıq da olsa əl çəkməsinə və yalnız "Azərbaycanın tərkibində Qarabağa geniş muxtariyyət verməsinə" ümid etmək real deyil. İndi belə bir şans yoxdur. Bəla burasındadır ki, Bakının neft perspektivləri vəziyyəti daha da qəlizləşdirir. Bir Qərb diplomatı bu barədə belə deyir: "Azərbaycanda elə bilirlər ki, Ermənistan və Qarabağ diz çöküb onlara yalvaracaqdır. Bu heç də belə deyil, düyün çox möhkəm bağlanmışdır". Əslində, düyünü belə möhkəm şəkildə bağlamağa çalışan qüvvələr münaqişənin davamlı xarakter almasına və Ermənistanın əsassız ərazi iddialarının təmin edilməsinə nail olmağa çalışırdılar. Geosiyasət və informasiya müharibəsi Cənubi Qafqazın yenidən bölüşdürülməsi üzərində köklənmişdi ki, o dövrkü mövcud politoloji fikir bunu "böyük oyun" adlandıraraq onun konturlarına bütün Yaxın Şərqi aid etmişdilər, çox tezliklə əvvəlcə müxtəlif cür adlandırılmasına baxmayaraq müəllifinin ABŞ siyasətçiləri olduğu "Böyük Orta Şərq" layihəsi meydana gəlmişdi.

Ermənistanla Azərbaycan arasında müvəqqəti atəşkəs rejimi yaradıldıqdan sonra keçən dövr ərzində Ümummilli lider H.Əliyevin "neft və kommunikasiya diplomatiyası", habelə balans siyasəti çox tezliklə Cənubi Qafqazda nisbi sabitliyin yaradılmasına gətirib çıxardı. Məhz həmin dövrdən etibarən münaqişənin nizamlanması məqsədilə yaradılmış ATƏT-ın Minsk qrupu onun nizamlanmasını diplomatik-siyasi müstəviyə keçirmiş və hərbi həll yolunu inkar etmişdi ki, bütün ermənipərəst xristian dünyasının kütləvi informasiya vasitələri bu tezisi sözün həqiqi mənasında "bütləşdirmişdilər".Hələ keçən əsrin 90-cı illərində - Dağlıq Qarabağ Ermənistanın silahlı qüvvələri və erməni quldur dəstələrinin birgə iştirakı ilə işğal edildikdən sonra Rusiyanın siyasi xadimlərindən Y.Primakov Ermənistan prezidenti L.Ter-Petrosyanla söhbəti zamanı onu xəbərdar etmişdi ki, əgər Dağlıq Qarabağın bir hissəsini dinc yollarla Azərbaycana geri qaytarmasanız Ermənistan əldə etdiklərinin hamısını itirə bilər. Y.Primakov Dağlıq Qarabağla bağlı Avropa və ABŞ arasında əldə edilmiş razılaşmanı da həmsöhbətinin diqqətinə çatdırmış, Ermənistan prezidenti isə bu informasiya ilə bağlı "Arsax rəhbərləri və komandirlərini" xəbərdar etmişdi. Ermənistana zamanında təklif edilirdi ki, Dağlıq Qarabağın statusunun rəsmi olaraq tanınması əvəzində Ermənistan işğal edilmiş bir neçə rayonu Azərbaycana qaytarmalıdır.

Ümummilli lider H.Əliyevin prezidentliyi dövründə Dövlət müşaviri vəzifəsində fəaliyyət göstərən V.Quluzadə sonralar münaqişənin sifarişçisi və təşkilatçısının birbaşa Rusiya olduğunu qeyd edərək yazırdı ki, azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan və 7 rayonumuz işğal ediləndən sonra H.Əliyev Moskvaya getdi və orada B.Yeltsin və L.Ter-Petrosyanla görüşdü. Görüş zamanı o L.Ter-Petrosyana münaqişənin başa çatması və işğal edilmiş ərazilərin boşaldılması əvəzində Dağlıq Qarabağa Tatarıstanın statusuna bərabər status verməyə hazır olduğunu bildirmişdi. Belə mövqe Azərbaycanda haqlı narazılıq doğursa da, hamı H.Əliyevdən ehtiyat etdiyinə görə bunu açıq şəkildə dilə gətirə bilmirdi. Hətta L.Ter-Petrosyan heyrətini gizlədə bilməyərək, "doğrudanmı Siz bizə belə status vermək istəyirsiniz?" – deyə soruşmuşdu. H.Əliyev isə bu təklifi şahidlərin yanında dediyini diqqətə çatdırmışdı. Amma sonra Rusiya L.Ter-Petrosyana elə ciddi xəbərdarlıq etmişdi ki, Ermənistan prezidenti hər hansı formada muxtariyyatdan qəti şəkildə imtina etmişdi. L.Ter-Petrosyan 1998-ci il fevralın 3-də hakimiyyətdə olan daha şovinist əhvali-ruhiyyəli liderlərlə razılaşmayaraq istehfa vermişdi. İstehfa ərəfəsində: "zaman gələcək, erməni xalqı Azərbaycanın Dağlıq Qarabağa verdiyi statusu Ermənistanın qəbul etməməsinin fərqində olacaqdır, – demişdi. Həmin zaman isə 12 ildən sonra gəldi. L.Ter-Petrosyan münaqişə başa çatandan sonra etiraf etməyə məcbur olmuşdu ki, biz fikirləşirdik ki, yenidənqurma Dağlıq Qarabağın Ermənistana verilməsinə imkan yaradacaqdır, əvəzində hər şey tərsinə oldu.

II Qarabağ münaqişəsi ərəfəsində Cənubi Qafqazda geosiyasi vəziyyət keçən əsrin 90-cı illərinin əvvəllərindəkindən qat-qat fərqli idi. Azərbaycanın keçmiş Dövlət müşaviri V.Quluzadə "Ayna" qəzetinə 27 iyul 2004-cü il tarixli müsahibəsində regionda vəziyyəti şərh edərək yazırdı ki, "Qafqaz uğrunda mübarizə davam edir və bu mübarizədə ABŞ Moskvanın tütəyi altında oynaya-oynaya ciddi şəkildə uduzmaqdadır, çünki Gürcüstanın əhəmiyyətini olduqca şişirtməklə unudurlar ki, onların qələbəsində başlıca faktor Azərbaycandır". Azərbaycan "Əsrin müqaviləsi" imzalanandan sonra keçən dövr ərzində siyasi, iqtisadi, xüsusilə hərbi cəhətdən Ermənistandan qat-qat üstün idi. ABŞ və Rusiya ilə yaradılan isti münasibətlər respublikamıza diplomatik-siyasi müstəvidə böyük üstünlüklər verirdi. Türkiyənin, Pakistanın, İsrailin, bir sıra İslam və Qərb ölkələrinin Azərbaycana dəstəyini də deyilənlərə əlavə etsək regionda geosiyasi mənzərənin xeyrimizə necə dəyişdiyinin şahidi olarıq. Halbuki Ermənistan başlıca olaraq İranla və İran vasitəsi ilə Rusiya ilə tərəfdaşlıq və müttəfiqliyi davam etdirirdi. Ermənistanın Baş naziri N.Paşinyanın İrana səfəri zaman 2019-cu il fevralın 27-də dini lider Ayətulla Xomeneyi ilə görüşü zamanı ayətullah qeyd etmişdi ki, "üçüncü tərəfin (yəni ABŞ-ın – müəllif) buna qarşı olmasına baxmayaraq, İran və Ermənistan arasında dostluq və digər əlaqələrin (?) daha da inkişaf etdirilməsi hər iki ölkənin mənafeyinə xidmət edir". Qeyd edək ki, ABŞ-da və Avropada Azərbaycanın İsraillə, Ermənistanın isə İranla müttəfiqlik münasibətlərinə malik olmasının fərqini obyektiv qiymətləndirirdilər.

Məlum olduğu kimi, müharibə dövründə düzgün informasiya siyasəti böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İ.Əliyevin rəhbərliyi altında müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm hərb meydanında, həm də informasiya cəbhəsindəki üstünlüklərimizi təmin etdi. Daxili auditoriya mərkəzləşmiş qaydada hərbi informasiya mərkəzindən döyüşlərin gedişi və cəbhədə qazandığımız uğurlarla bağlı operativ məlumat verilir, dünyanın ən məşhur televiziya kanalları olan "CNN", "Əl-Cəzirə", "Euronews", "CNN-Türk", "Rossiya 1", Türkiyənin "TRT Haber", Rusiyanın Birinci kanalına, eləcə də Avropa və Asiya ölkələrinin məşhur kanallarına verilən informasiyalarda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və uzun illərdən bəri işğal altında olan torpaqlarımızda törədilən vandalizm aktları, tarixi mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərdə qeyri-qanuni köçürlümə siyasətinin həyata keçirilməsi, 27 sentyabrdan başlayaraq isə Ermənistanın mülki əhalimizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması konkret fakt və sənədlərlə dünya birliyinin diqqətinə çatdırılırdı. Qətiyyətli siyasi iradə nümayiş etdirən İ.Əliyev hərbi əməliyyatların getdiyi 44 gün ərzində xarici informasiya kanallarına verdiyi 30-a yaxın müsahibələrinin hər birində münaqişənin əsl mahiyyətini, problemə dünyanın ikili standartlar əsasında yanaşmasının fəsadlarını, Ermənistanın işğalçılıq və faşist siyasətinin mahiyyətini açıb göstərir, jurnalistlərin dəfələrlə səsləndirdiyi ittiham dolu, qərəzli, Ermənistana dəstəkdən irəli gələn suallarını təmkinlə cavablandıraraq onları həqiqətə obyektiv qiymət verməyə çağırırdı.

Düzğün qurulmuş informasiya siyasətinin nəticəsi idi ki, Azərbaycanda xalqla hakimiyyətin siyasi birliyi "dəmir yumruğu" yaratdı. Sosial şəbəkələrdə "Bizim torpaqlarımız işğaldan azad olub", "Bayrağımız bütün rayonlarda dalğalanacaq", "Erməni işğalçıları fərarilik edirlər", "Ermənistan ordusundan qaçanların sayı on min nəfəri ötüb", "Qarabağ Azərbaycandır", "Bakıda zəfər yürüşləri keçirilir" və s. kimi paylaşımlar kütləvi şəkil almışdı. QHT-lər Azərbaycan Prezidentinin, Ali Baş Komandanın yanında olaraq və onun çağırışlarına cavab verərək sosial mediada da bu yöndə uğurla fəaliyyət göstərirdilər. QHT-lər Prezident İ.Əliyevin: "nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!" – tezisini öz fəaliyyətləri üçün deviz seçmişdilər.

Müxtəlif informasiya kanalları, televiziya, internet, mətbuat və sosial şəbəkələr vasitəsi ilə Azərbaycanın mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdıran Respublika Prezidenti İ.Əliyev dönə-dönə bəyan edirdi ki, "bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır, lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır, biz buna hazırıq. Hər bir ölkə, o cümlədən ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır".

Azərbaycanın yaranmaqda olan mediasının ötən əsrin 90-cı illərində, xüsusən də I Qarabağ müharibəsi dövründə cəbhə bölgələrindən informasiyaların toplanması və çatdırılmasında müəyyən təcrübəsi var idi. Həmin dövrə aid informasiyaların yayılmasında və ekranlara çıxarılmasında Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Seyidağa Mövsümlü, Əli Qafarov, Fəxrəddin Şahbazov, Bəxtiyar Qaraca və s. kimi tanınmış jurnalistlərimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdılar. 44 günlük Vətən müharibəsində 27 jurnalistimiz döyüşçü kimi iştirak etmiş, 1 nəfəri şəhid olmuş, 2 nəfər yaralanmışdı.

Azərbaycanın apardığı informasiya müharibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi də mühüm rol oynamışdı. Belə ki, Mətkəz 44 günlük müharibə və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın icrası müddətində informasiya müharibəsi sahəsində Ermənistanın yaratdığı mifin puç olduğunu açıb göstərə bilmişdi. Mərkəzin əməkdaşları "The National Interest", "Jamestown Foundation", "Euractiv", "The London Post", "New Eastern Europe", "Geopolitical Monitor", "Nezavisimaya Gazeta" və digər nüfuzlu nəşrlər daxil olmaqla Türkiyə, ABŞ, Kanada, Latın Amerikası, Avropa və Rusiyanın bır çox nəşrlərində 50-dən çox silsilə məqalələr dərc etdirməyə nail olmuş, Azərbaycan xalqının haqq işi bütün dünyada təbliğ edilmişdi. Azərbaycanın yaxın dostu, peşəkar ərəb jurnalisti, Əl Cəzirə Arabik televiziyasının əməkdaşı Ömər Kaşram 2016-cı il aprel döyüşləri və 44 günlük müharibədə  respublikamızın haqq işini müdafiə edən verilişləri bütün dünyaya yayımlanaraq ölkəmizə rəğbət yaratmışdı.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara baxmayaraq Ermənistan müvəqqəti atəşkəs dövründə dəfələrlə hərbi-siyasi xarakterli təxribatlara əl atmış, Azərbaycana hədə-qorxu gəlmiş, regionda yaradılmış status-kvonu daimi etmək üçün danışıqların formatını dəyişdirməyə, Dağlıq Qarabağ seperatçılarını tərəf-müqabil kimi danışıqlar stolu arxasında oturtmağa çalışmışdı. Ermənistanda 2018-ci il hadisələrindın sonra hakimiyyətə gələn Baş nazir N.Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" açıqlaması ilə çıxış etdikdən sonra diplomatik-siyasi danışıqların davam etdirilməsi əhəmiyyətini itirdi. Belə ki, son bəyanata qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq, siyasi-hüquqi və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini pərdələyir, onu Dağlıq Qarabağın erməni əhalisinin "öz müqəddəratını təyin etmək hüququ" formasında təqdim edirdisə, N.Paşinyan bu bəyanatı Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunu əyani şəkildə göstərdi. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktının müddəalarını saymadığını bütün dünyaya nümayiş etdirdi ki, bu beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun fəaliyyətinin əhəmiyyətsiz olması anlamına gəlirdi. Yaranmış vəziyyətə Azərbaycanın cavabı özünü çox gözlətmədi. Belə ki, Azərbaycan Prezidenti İ.Əliyev 2019-cu il oktyabrın 3-də "Valday" beynəlxalq diskussiya klubunun 16-cı illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatını cavablandırdı: "Qarabağın Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına cavab olaraq bildiririk ki, birincisi, yumşaq desək, bu yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. İkincisi, Qarabağ Azərbaycandır və nida işarəsi".

Dağlıq Qarabağ münaqişəni nizamlamaq yox, Azərbaycanı öz mövqelərindən geri çəkilməyə vadar etmək üçün yeni əraziləri işğal etmək yolu ilə status-kvonu əbədi etməyi qərarlaşdıran N.Paşinyan hökuməti İkinci Qarabağ müharibəsinin başlıca səbəbkarıdır. Belə ki, Azərbaycanın sərhədlərinin daim atəş altında saxlanılması, dinc əhalinin, mülki obyektlərin və yaşayış tikintilərinin hədəfə götürülməsi Azərbaycan xalqının hərbi əhval-ruhiyyəsini gücləndirirdi. Başa vurduğumuz 2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Bu sırada sonuncu təxribat isə sentyabrın 27-də səhər baş verdi ki, bu Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı.

Azərbaycan hələ müharibənin əvvəlindən onun sülhəməcburetmə əməliyyatı olduğunu bütün dünyaya bəyan edərək Respublika Prezidenti İ.Əliyevin dilindən elan edirdi: "Mən münaqişənin və II Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu hərb meydanında öz gücü ilə sübut etdi. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonlarımız da yaxın günlərdə Azərbaycana qaytarılsın". Bununla da, müharibənin hərbi-texniki fazası bitdi, noyabrin 10-a keçən gecə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış bəyanata əsasən Rusiyaya məxsus Mərkəzi hərbi dairənin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının 1960 nəfərdən ibarət hərbi kontingenti Dağlıq Qarabağda atəşin dayandırılması rejiminə nəzarəti həyata keçirmək üçün qısa müddətə Dağlıq Qarabağın ərazisinə gətirildi.

Toplanmış fakt, sənəd və materialları təhlil edərkən gördük ki, 44 günlük müharibənin gedişində Ermənistan bir neçə dəfə ona dəstək verən qüvvələrin köməyi ilə müharibəni dayandırmağa və bundan sonra Dağlıq Qarabağın statusu haqqında yenidən diplomatik danışıqlara başlamağa cəhd göstərmişdi. Bu məsələdə Fransa, ABŞ və Rusiya atəşkəsə nail olmaq üçün üç dəfə müharibə tərəfləri ilə Paris, Vaşinqton və Moskvada uğursuz danışıqlar aparmışdılar. Hazırda Ermənistan rəhbərləri və himayədarları Azərbaycanın qazandığı hərbi-siyasi qələbənin üzərində baş sındırmaqda, bunun necə baş verməsinə dair müxtəlif fikirlər səsləndirməkdədirlər. Aydın görünür ki, onlar bu qələbənin nəticələrini və Ermənistan ordusunun darmadağın edilməsini həzm edə bilmirlər. Fikrimizcə, Azərbaycana cəmi bir neçə günlüyə vaxt verilmişdi ki, işğal altında olan ərazilərin kiçik bir hissəsini azad etdikdən sonra (2016-cı il aprel döyüşlərində olduğu kimi) yenidən sülh danışıqlarına başlanılsın. Amma bu plan 19 oktyabrda pozuldu, belə demək mümkünsə, Ermənistanın havadarları simvolik A planını reallaşdıra bilmədilər, çünki Azərbaycan rəhbərliyi tərəfindən məqam olduqca əlverişli seçilmişdi. COVİD-19 bütün dünyanın diqqət mərkəzində idi, BMT-nin vasitəsilə ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin müharibənin dayandırılması ilə bağlı layihələri fiaskoya uğramışdı, ABŞ-da prezident seçkiləri kompaniyası gedirdi, Rusiya Prezidenti Sorosun adamı olan N.Paşinyanın hakimiyyətdə qalmasını istəmirdi, Fransanın isə Azərbaycanı dəstəkləyən Türkiyəyə təkbaşına çıxışı uğur qazanmamışdı.

Yaranmış vəziyyət simvolik A planının həyata keçirilməsinə imkan vermədi, hərbi əməliyyatların uzanması isə Azərbaycanın böyük üstünlüyünü təmin etdi, Ermənistanın təxribatları, ABŞ, Rusiya və Fransadan yardım almaq cəhdləri nəticəsiz qaldı. Əgər belə demək mümkündürsə, simvolik B planının həyata keçirilməyə başlanması əlacsızlıqdan atılan addım idi. Maraqlıdır ki, 44 günlük KİV materiallarının təhlili göstərir ki, nə respublikada, nə də kənarda heç bir informasiya vasitəsi hərbi əməliyyatların qəflətən başlandığı kimi, belə qəflətən də dayandırılacağını gözləmirdi. KİV əsasən baş verənləri təsvir etməkdən uzağa gedə bilmir, informasiya kanalları geosiyasi oyunlarla bağlı "ağlına gələni yazırdı". Rusiya mediası "görək Putin nə deyəcəkdir" tezisinə dirəndiyi halda, Azərbaycan Prezidenti İ.Əliyev "nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!" fikrini səsləndirməklə hadisə və proseslərin ciddi nəzarət altında getdiyini xalqımızın və dünyanın diqqətinə çatdırmışdı.

II Qarabağ müharibəsinin gedişində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş iki qapalı iclasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti ilə bağlı baş verənlərin üzərində xüsusi olaraq dayanmağa dəyər. Belə ki, 2020-ci il 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirildiyi məlumdur. Oktyabrın 19-da BMT TŞ-nin Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransa tərəfindən xüsusi bəyanat layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanat layihəsində Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinə istinad edilməmişdi ki, bu, Azərbaycanı təşkilatda dəstəkləyən dövlətlərin gözündən yayınmamışdı.

Belə ki, Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatının üzvü olan 7 ölkənin – İndoneziyanın, Nigeriyanın, Vyetnamın, Tunisin, Cənubi Afrika Respublikasının, Dominikan Respublikasının, Sent Vinsentin və Qrenadin nümayəndələri layihəyə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinadən daxil edilməsini təklif etmişdilər, lakin həmsədr ölkələr bunun qəbul edilməz olduğunu bildirdikdən sonra vəziyyət dəyişmişdi ki, həmsədr ölkələr vəziyyətin belə xarakter alacağını gözləmirdilər. Rusiya və Fransa bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərsələr də, Qoşulmama Hərəkatına üzv ölkələr prinsipial mövqe sərgiləmiş, TŞ-nin məlum qətnamələrinə istinad edilməsində təkid edərək BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının sənədlərinə sadiqlik nümayiş etdirərək Azərbaycanın haqq işini müdafiə etməkdən çəkinməmişdilər ki, nəticədə həmin bəyanat layihəsi rəsmən geri götürülmüşdü. Nəzərə alsaq ki, məlum bəyanatdan əvvəl Türkiyə faktorunun mövcudluğuna baxmayaraq Rusiyanın Azərbaycana təsir göstərərək hərbi əməliyyatları dayandırmaq imkanı mövcud idi, halbuki qətnamənin rədd edilməsi bu şansı aradan qaldırdı, müharibənin daha 20 gün davam etdirilməsi isə Azərbaycanın qalan torpaqlarının işğaldan azad edilməsinə imkan verdi. Müharibə nəticəsində 300-dən çox yaşayış məskənimiz – şəhər, qəsəbə və kəndlərimiz, Dağlıq Qarabağ ərazisinin 30 faizi, nəhayət noyabrın 8-də "Qafqazın mirvarisi" sayılan Şuşa şəhəri düşməndən azad edildi, Azərbaycanla Ermənistan arasında min km-dən çox olan dövlət sərhəddinin münaqişəyəqədərki vəziyyətdə bərpa edilməsinə başlandı.

Azərbaycanın qələbəsi eyni zamanda Ermənistanın, erməni ordusunun, erməni diasporu və lobbisinin məğlubedilməzliyi haqqında miflərinin sonu demək idi. "Ermənistanın güclü ordusu var", "erməni xalqı döyüşkən xalqdır", "Azərbaycan xalqı döyüşə bilmir" kimi miflərə son qoyuldu. Rəsmi İrəvanın törətdiyi vandalizmə görə cavab verməli olacağı ilə bağlı məsələlərin gündəmə gəlməsinə gətirib çıxardı. İnsanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyət daşıması, beynəlxalq məhkəmə qarşısında cavab verməsi ilə bağlı fikirlər müxtəlif informasiya kanallarının mövzusuna çevrilmişdir. Törədilmiş cinayətlərə və vandalizm aktlarına görə Ermənistan hakimiyyətinin beynəlxalq məhkəmələrdə cavab verəcəyi, bütün vurulmuş ziyan hesablanandan sonra onun əvəzinin ödənilməsi məsələsinin ortaya çıxacağı, məhkəmə çəkişmələrinin başlanacağı qaçılmaz olacaqdır.

Dünyanın müxtəlif KİV-ləri müharibədən sonra Ermənistanın məğlubiyyət səbəbləri, Azərbaycanın qələbəsindən sonra regionda geosiyasi vəziyyətin əsaslı şəkildə dəyişməsi və bir sıra dövlətlərin hadisələrə münasibəti ilə bağlı təhlillər aparmaqda, baş verənlərin görünməyən tərəflərini gündəmə gətirməkdədirlər. Fikrimizcə, Rusiya iki səbəbdən II Qarabağ müharibəsində KTMT üzrə müttəfiqi Ermənistanı müdafiə etmədi: birincisi, Ermənistanın Baş naziri N.Paşinyanın "rəngli inqilab" nəticəsində hakimiyyətə gəlməsi, qərbyönumlü siyasəti və Avropaya üz tutması olmuşdu ki, son nəticədə Ermənistanın Gürcüstanla birlikdə Avropaya inteqrasiyasına gətirib çıxarmalı idi. İkincisi, Azərbaycanın Rusiyanın orbitindən çıxmasına imkan verilməməsi. Rusiya hadisə və proseslərə bu şəkildə müdaxilə etməklə və Cənubi Qafqazda yaranmış yeni vəziyyətdən istifadə etməklə Qərbin buradan uzaqlaşdırılmasına nail olmaq istəyirdi. Təsadüfi deyildi ki, üçtərəfli bəyanatda ABŞ və Fransanın imzaları yox idi, İran da oyundankənar vəziyyətdə qalmışdı, amma ABŞ-ın NATO bloku üzrə müttəfiqi Türkiyənin regiondan uzaqlaşdırılması mümkün olmamışdı. Rusiya Ukraynada 2008-ci il və 2014-cü il "rəngli inqilablarından" sonra belə hadisələrin baş verməsini əvvəlcədən əngəlləmək qərarına gəlmişdi, çünki hadisələri nəzarətdən buraxmaq və sonra qarşısını almağa çalışmaq Qərblə qarşıdurma və sanksiyalara gətirib çıxarırdı. Rusiya elitası yaxşı başa düşürdü ki, Ermənistan belə ağır məğlubiyyətdən sonra Rusiyaya olan bütün ümidlərini itirəcəkdir ki, belədə Dağlıq Qarabağ erməni ictimaiyyətinə təsir göstərmək üçün çox etibarlı vasitəyə çevriləcək, Qarabağ elitası yaranmış vəziyyətdən istifadə edərək Ermənistanda hakimiyyəti yenidən ələ keçirmək üçün güclü dəstəyə malik olacaqdır. Diğər tərəfdən dilənçi, daim müxtəlif yardımlar tələb edən Ermənistandansa, güclü Azərbaycanı əldə saxlamaq və Ermənistanı daimi olaraq təhlükədə qoymaq strateji baxımdan daha əlverişlidir.

Qeyd etməyə dəyər ki, Türkiyənin diplomatik və hərbi-siyasi dəstəyi olmadan Azərbaycan belə sürət və çevikliklə Ermənistanı sıradan çıxararaq otuz illik işğala son qoya bilməzdi. Məlum olduğu kimi, Ermənistan yalnız İranla müttəfiqlik etmək imkanlarına malik idi, halbuki Azərbaycan İsraillə, Pakistanla və Türkiyə ilə müttəfiqlik edirdi və buna əsasən bu dövlətlərdən, xüsusilə İsraildən yüksək dəqiqliyə malik silahlar alırdı. Təsadüfi deyildi ki, müharibənin olduqca kəskin xarakter aldığı dövrdə ABŞ və Avropa dövlətləri bunu susmaqla qarşılayaraq Ermənistanın yalvarışlarını cavabsız qoymuşdular. Noyabrın 10-da Azərbaycan Prezidenti İ.Əliyevin gözlənilmədən hərbi əməliyyatları dayandıraraq Rusiya sülhməramlılarını Dağlıq Qarabağa dəvət etməsi heç kəsin gözləmədiyi diplomatik-siyasi gediş idi ki, bununla da "xristian təəssübkeşliyi" kontekstində Ermənistanın sonradan Azərbaycana qarşı istifadə edə biləcəyi bütün "kartlar" hərb meydanında olduğu kimi son dərəcə dəqiqliklə vurulmuş oldu.

Problemin kifayət qədər ciddi politoloji təhlil tələb edən tərəflərindən biri də ABŞ-ın başının prezident seçkilərinə qarışdığı dövrdə NATO bıokunun üzvü Türkiyənin diplomatik-siyasi baxımdan hadisələrdə iştirakıdır. Bu, ilk növbədə Rusiyanı Ermənistanın tərəfində hadisələrə müdaxilədən çəkindirdi, belə ki, Rusiya hərbi gücünə və regionda olmasına baxmayaraq o NATO blokunun üzvü Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmirdi, bu məsələdə yəqin ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın "qırmızı xətti keçməmək" xəbərdarlığı da öz sözünü demişdi. Göründüyü kimi, Türkiyə artıq fəal aktor kimi Azərbaycandadır, Dağlıq Qarabağda hadisələrə nəzarət məntəqəsinin harada olmasından asılı olmayaraq... Digər tərəfdən, Azərbaycanın ABŞ-ın razılığı olmadan belə mürəkkəb "oyuna" başlaması da inandırıcı görünmür. Rusiya sülhməramlılarının Azərbaycanda yerləşdirilməsi hələ heç nəyin sonu demək deyildir, onun əldə etdiklərini ABŞ-la necə bölüşdürməli olacağı qarşıdakı diplomatik-siyasi mübarizənin gedişində məlum olacaqdır. Azərbaycan Prezidenti İ.Əliyev hərb və diplomatiya sahələrində öz bacarıq və məharətini ortaya qoymaqla əslində Ermənistanı hərb, geosiyasət və informasiya meydanlarında tam təcrid vəziyyətinə salaraq tarixi ədaləti bərpa etdi.

II Qarabağ müharibəsinə qələbə ilə son verən 10 noyabr tarixi sənədi ilə problemin hərbi fazası başa çatdı. Bu müharibə bəlkə də tarixə düşəcək "PUA-ların ilk və son müharibəsidir" və hərb sənətinin buna hazır olmadığını göstərdi. Şübhəsiz, yaxın gələcəkdə PUA-ların yeni növləri ilə birlikdə onları məhv etmək qabiliyyətinə malik daha güclü vasitələr yaradılacaqdır. Azərbaycanın dünyaya təqdim etdiyi nümunənin təcrübəsi isə hələ uzun müddət öyrəniləcəkdir. Erməni işğalından azad edilmiş ərazilərin yenidən qurulması isə dövlətimizin, sahə idarəçilik orqanlarının, iqtisadiyyatımızın, sənayemizin, nəqliyyatımızın, rabitəmizin, zavod və fabriklərimizin, fermer təsərrüfatları və iş adamlarımızın qarşısında mühüm vəzifələr qoyur. Həmin ərazilərdə idarəçiliyin təşkili, rayonlaşmanın aparılması və məskunlaşdırılmanın həyata keçirilməsi problemin daha planlı tərəfləridir. Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının əsasında Zəngəzur mahalının yaradılması məsələsinin üzərində düşünməyə dəyər. Əgər Rusiya sülhməramlılarının nəzarəti altında 60 min nəfərə yaxın erməninin (?) Dağlıq Qarabağa qaytarılmasından söhbət gedirsə, onda həmin qüvvələrin nəzarəti altında 250 min nəfər azərbaycanlının da Ermənistandakı ata-baba yurdlarına qaytarılması gündəmdə olmalıdır. Ən yaxşı variant isə hər iki tərəfə kompensasiya ödəməklə onların öz ölkələrinə yerləşdirilməsi olmalıdır, buna isə regiona münasibətdə çıxış edən, Ermənistana havadarlıq edən dövlətlərin geosiyasi maraqları yəqin ki, imkan verməyəcəkdir. Digər mühüm məsələlərdən biri, bəlkə də başlıcası millətlərarası düşmənçiliyə son qoyulması üçün çıxış yollarının axtarılmasıdır. Bu məsələdə aralarındakı düşmənçiliyin iki dünya müharibəsinə gətirib çıxardığı Almaniya və Fransanın təcrübəsindən istifadə etmək gərəyimiz olacaqdır.

Azərbaycan dövlətini qarşıda müxtəlif dövlətlərin geosiyasi ambisiyalarının toqquşduğu kifayət qədər mürəkkəb, görünən və görünməyən tərəflərə malik sülh müqaviləsinin imzalanması ilə bağlı diplomatik-siyasi mübarizə, hərb yolu ilə əldə edilənlərin diplomatik-siyasi müstəvidə təsbit edilməsi kimi çətin vəzifələr gözləyir. Sülh danışıqlarının kifayət qədər çətin gedəcəyi, Ermənistana bütün səviyyələrdə havadarlıq edən dövlətlərin Azərbaycan rəhbərliyinə son dərəcə ciddi təzyiqlər göstərəcəyi irəlicədən məlumdur. Müharibə başa çatdıqdan az sonra – dekabrın 17-də – eyni gündə Belçika və Niderland parlamentlərinin Dağlıq Qarabağın erməni əhalisinə dəstək nümayiş etdirən qərəzli, bitərəflikdən və obyektivlikdən uzaq, anti-Azərbaycan və anti-Türkiyə xarakterli qətnamələr qəbul etməsi bu təzyiqlərin ilkinləridir. Azərbaycan Respublikası XİN-in Mətbuat xidmətinin Niderland Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qərəzli qətnamələrə münasibətlə bağlı məlumatında deyilir: "Son dövrdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik. Belə ki, 7 oktyabr tarixindən etibarən Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirmiş, açıq anti-Azərbaycan və anti-Türkiyə mövqeyi sərgiləmişdir. 17 dekabr tarixində qəbul olunmuş "Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı" qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur. Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq". Azərbaycanda güclü mərkəzi hakimiyyət, xalqla dövlətin birliyi, vahid komandanlıq və koordinasiyalı fəaliyyət respublikamızın tarixi qələbəsinin başlıca səbəbidir. Zaman artıq çoxdandır ki, Azərbaycanın xeyrinə işləyir.

Məmmədov Q.H.,

BDU Beynəlxalq münasibətlər kafedrasının dosenti, s.e.ü.f-d.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...