THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqı: yeniləşmənin yolayrıcında – I hissə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7168
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 oktyabr – Newtimes.az

Qərbdə Avropa İttifaqının hazırkı formada uzun müddət mövcudluğuna inam qalmayıb. Bunun səbəbi qurumun dərin böhran içində olmasıdır. Onun bir neçə variantda yeniləşməsi proqnozlaşdırılır.

Böhranın səbəbləri və miqyası

Avropa İttifaqı (Aİ) tarixinin böhranlı mərhələsini yaşayır. Yarandığı vaxtdan o, bu qədər dərin ziddiyyətlər sahəsinə düşməmişdi. Analitiklər Aİ-nin indiki vəziyyətini "soyuq müharibə”dən sonra Qərb üçün ən çətin mərhələ kimi qiymətləndirirlər. Bunun səbəbi həm Aİ-nin daxilində yetişmiş, həm də qlobal geosiyasi mühitdə formalaşmış bir çox faktorla bağlıdır.

Doğrudan da Avropa İttifaqı sosial, siyasi, ideoloji, iqtisadi, maliyyə və mədəni sahələrdə böhran keçirir. Digər tərəfdən, qlobal miqyasda geosiyasi mühitdə cərəyan edən hadisələr Aİ-nin XXI əsrdə qarşısında çox çətin vəzifələrin durduğunu göstərir.

Geosiyasi aspektdə əsasən iki faktor Aİ-yə təsir edir: birincisi, ABŞ-da maliyyə böhranının davam etməsi. İkincisi, Amerikanın əsas diqqətini Sakit okean məkanına yönəltməsi. Birinci faktora nisbətən ikinci daha çox təsir gücünə malikdir. Çünki ABŞ Aİ-nin təhlükəsizliyi məsələsinə əvvəlki dövrlərdə olduğu qədər diqqət yetirə bilmir. Vaşinqton öz gücünü Uzaq Şərq istiqamətində yenidən qruplaşdırır. Bu vəziyyət Avropanın təhlükəsizliyinin yeni modelini işləməyi tələb edir.

Aİ ölkələrinin təhlükəsizliyinə başqa təhdid onun sərhədləri yaxınlığında siyasi və geosiyasi xarakterli böhranların yaranmasıdır. Burada ilk olaraq Suriyadakı vətəndaş müharibəsinin və İran-İsrail qarşıdurmasının yaratdığı gərginlik yada düşür. Eyni zamanda, Rusiyanın sürətlə inkişaf etməsi Aİ üçün ayrıca problemlər yaradır. Xüsusilə, enerji təminatı məsələsi yeni məzmun kəsb edir.

Bunlara Avropa ölkələrinin daxilində güclənən bir çox böhranlı vəziyyəti əlavə etmək lazımdır. Burada maliyyə böhranı ilk yerdə durur. Onun əlamətlərindən biri Aİ üçün ortaq vergi-büdcə siyasətinin formalaşdırılmamasıdır (1). Hazırda İttifaqın əsas çətinliyi bu sahə üzrədir. Onun fonunda vahid Avropa valyutasının, avronun ümidləri doğrultmaması xüsusi psixoloji çətinliklər yaradır. Bəzi Aİ ölkələrinin avrozonadan çıxmaq təhlükəsi ilə üzləşməsi böhranın ən təhlükəli əlamətlərindən biri sayılır.

Beləliklə, ABŞ-ın əsas diqqətini Sakit okean regionuna yönəltməsi ilə Avropa özünü "geosiyasi yetim” kimi hiss edir. Maliyyə-iqtisadi böhranın yaratdığı psixoloji apatiya siyasi-ideoloji qeyri-müəyyənlik fonunda təşkilatın təhlükəsizliyi problemini xeyli çətinləşdirib. Bununla yanaşı, Avropada sosial-iqtisadi inkişafın fərqli modellərinin axtarışı prosesi gedir. Sol təmayüllü partiyalar bu sahədə təşəbbüsü ələ almağa çalışırlar. Onların ritorikasında "ədalətli bölgü” və "rifah” ifadələrini "iqtisadi inkişaf kursu” əvəz edir (2).

Aİ-də yeni sosial-iqtisadi inkişaf modelinə ehtiyacın yaranması bütövlükdə bu qurumun taleyi ilə bağlı müxtəlif proqnozlara yol açıb. Anlitiklər bir-birindən fərqli inkişaf ssenariləri göstərirlər. Hətta Aİ rəsmiləri də mövcud vəziyyətin dəyişməsi zərurətini vurğulayırlar. Təşkilatın hansı model üzrə inkişaf edəcəyi məlum deyil. Mümkün variantların təhlili göstərir ki, burada hətta İttifaqın parçalanması ehtimalı vardır.

Avropa İttifaqının yenidən qurulma perspektivləri

Ən güclü inteqrasiya modelini Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu təklif edir. O, Avropa Parlamentindəki çıxışı zamanı təşkilatın yenidən qurulmasına ehtiyac yarandığını vurğulayıb. J.M.Barrozu Avropa Federasiyası yaratmaq zamanının gəldiyini deyib. Aİ-nin yeni adını isə Avropa Birləşmiş Ştatları kimi təklif edib. Bu, möhkəm federal əsasda dövlətlərin güclü birliyini formalaşdırmağı nəzərdə tutur. Onun vahid valyutası, büdcəsi və mərkəzləşmiş iqtisadiyyatı olmalıdır. İdarəetmə bir mərkəzdən həyata keçirilməlidir (3).

Avropa İttifaqının federal dövlətə çevrilməsi ilk baxışdan cəlbedici ideya təsiri bağışlayır. Lakin Aİ-yə daxil olan ölkələrin vətəndaşları bir qədər fərqli düşünürlər. Alman sosioloqların apardığı tədqiqatlar göstərib ki, rəyi soruşulan almanların yalnız yarısı və fransızların üçdə biri Avropa İttifaqında inteqrasiyanın onların həyatlarına daha yaxşı təsir edəcəyinə inanır. Aİ-nin yaranmasından həyatlarının daha yaxşı olduğu fikrində olan almanlar 29 faiz, fransızlar isə 34 faiz təşkil edir.

Bunlar avrozonaya etibarın azalması prosesi ilə müşayiət olunur. Rəyi soruşulan almanların üçdə ikisi hesab edir ki, alman markası dövriyyədə olsaydı, həyat səviyyəsi daha da yüksələrdi. Fransızların 89 faizi avronun ölkədə qiymətlərə pis təsir etdiyi fikrindədir. 67 faiz isə Avropa İttifaqının bir hissəsi olmaq istəmədiklərini bildirib (daha ətraflı baxın: 4).

Təbii ki, hər bir sosioloji sorğu tam mənzərəni ifadə etmir. Ancaq bu kimi tədqiqatlar cəmiyyətin ümumi əhval-ruhiyyəsini müəyyən etməyə imkan yaradır. Sorğuların nəticələrindən görünür ki, Avropa İttifaqına daxil olan ölkələrin cəmiyyətlərində ziddiyyətli proseslər gedir.

Vətəndaşlar qurumun gələcəyi ilə bağlı aydın təsəvvürə malik deyillər. Onların sırasında bədbinliyə qapılanlar vardır. Bunlar bir qurum olaraq Aİ-nin daxilində böhranın dərinləşməsi əlamətidir. Belə bir şəraitdə Avropa Birləşmiş Ştatları ideyası yalnız xoş arzu təsiri bağışlayır.

Qərb analitikləri içərisində Aİ-nin gələcəyinə daha geniş mövqedən yanaşanlar da vardır. ABŞ-ın Alman Marşall Fondunun (AMF) aparıcı elmi işçisi Konstansa Ştelsenmüller yaxın 10 il üçün Avropa İttifaqının üç inkişaf ssenarisini proqnozlaşdırır. Onlardan birincisi parçalanmış və bölünmüş Avropanı, ikincisi inteqrasiya proseslərinin dərinləşməsi hesabına müvəffəqiyyət əldə edilməsini, üçüncüsü isə zəifləmiş və hissələrə ayrılmış Avropanın yenidən qurulmasını nəzərdə tutur (baxın: 5).

Parçalanmış və bölünmüş Avropa

Birinci ssenari ən pis variant hesab edilir. Bu halda Avropa İttifaqı bir təşkilat olaraq parçalanır və böyük geosiyasi güclərdən asılı hala gələcək. Hətta zəngin avropalılar övladlarını Çin və Hindistana təhsil almağa göndərməli olacaqlar. Buradan məlum olur ki, birinci ssenaridə Avropanın bilik və informasiya sahəsində geridə qalması ehtimalı nəzərə alınır.

Digər parametr kimi təhlükəsizlik, kəşfiyyat və polis sisteminin təkmilləşməsi sahələrində Aİ-nin lazımi nəticələr əldə edə bilməməsi göstərilir. Belə çıxır ki, avropalılar qarşıdakı 10 ildə dövlət üçün əsas problemlərin təhlükəsizliyin təmini ilə bağlı olacağını proqnozlaşdırırlar. Müəllifin bu arqumentdə nə dərəcədə haqlı olduğunu demək çətindir. Ancaq o da faktdır ki, dünyanın müxtəlif regionlarında münaqişələr artır və onların ədalətli həlli modeli təklif edilmir. Ona görə də kəşfiyyat, polis, ordu kimi məsələlər aktuallığını artıra bilər.

Nəhayət, birinci ssenariyə görə, Aİ-nin vergi-maliyyə sistemini vahid mərkəzdə cəmləşdirə bilməməsi həlledici rol oynamalıdır. İqtisadi sahədəki böhran bütövlükdə Aİ-nin infrastrukturunu çökdürə bilər. Bu proses narkoticarətin və terrorun artması fonunda daha geniş miqyas alar. Nəticədə, Avropa iqtisadi cəhətdən parçalanmış və zəifləmiş bir geosiyasi məkan halına gələr.

Burada maraqlı olan məqamlardan biri Aİ-ni əhatə edən geosiyasi məkanlarda proseslərin proqnozlaşdırılması ilə bağlıdır. Rusiyanın zəifləyəcəyi təxmin edilir. Yaxın Şərqdə xaosun davam edəcəyi və bunun da regionun böyük dövlətlərinə təsir göstərəcəyini proqnoz edirlər. Türkiyə Aİ-dən imtina edəcək, lakin onunla əlaqələrini saxlamağa çalışacaq. ABŞ-ın dünyaya təsiri azalacaq, Çin daha sürətlə inkişaf edəcək.

(Ardı var)

Kamal Adıgözəlov

Mənbələr

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...