THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Otuz illik işğal və 44 günlük Vətən müharibəsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9080
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 noyabr 2020 – Newtimes.az

Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən intiqam, qisas,

Torpaq nəfəs alıb dincəlsin bir az...

S.Vurğun

Hazırda Cənubi Qafqaz dramatik hadisələrlə dolu tarixinin gərgin səhifələrindən birini yaşamaqdadır, halbuki yaşanmaqda olan dövrün mürəkkəbliyinə baxmayaraq Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazılır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 26 il ərzində vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.

Yaşanmış tarixin epizodlarına nəzər yetirsək Azərbaycan dövlətçiliyi müstəqillik uğrunda Azərbaycan xalqının son otuz illik dövrü ərzində apardığı mübarizənin nəticəsində formalaşaraq müasir vəziyyətə gəlmiş, çoxsaylı faciələr və qanlı-qadalı hadisələr yaşamış, şəhidlər vermişdir. XX yüzilliyin sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi. Ölkə daxili və xarici düşmənlərin əli ilə parçalanmaqda idi. Azərbaycanı güclənməkdə olan fəlakətdən Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etdi. Bu məqamdaDağlıq Qarabağ münaqişəsinin elə ilk günlərindən onun Ermənistanın istədiyi nəticələrə gətirib çıxarmayacağını Heydər Əliyevin mövcudluğu ilə bağlayan Ermənistanın məkrli liderlərindən olan Karen Dəmirçiyanın aşağıdakı fikrini xatırlamaq yerinə düşərdi. Azərbaycan-Ermənistan münasibətlərində yaranmış vəziyyəti obyektiv qiymətləndirən K.Dəmirçiyan 1988-ci il fevralın 28-də Yerevan Opera Teatrı qarşısındakı meydana toplaşan mitinq iştirakçılarına müraciətində demişdi: "Ey mənim erməni millətim, biz həlli müşkül olan bir işdən yapışmışıq. Yaxşı bilin ki, XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam olub. Atatürk və Heydər Əliyev. Onlardan ikincisi sağdır. Bilin, o nə qədər ki sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri. O, bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı ən çətin günlərində onu yenidən Bakıya gətirəcək və bununla da bizim düşündüyümüz arzular puç olacaqdır''[i].

Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə "müvəqqəti atəşkəs rejiminin" yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı. Bu məqamda fransız mütəfəkkiri Jan-Jak Russonun bir əsrdə qismətinə üç dəfə parçalanmaq nəsib olmuş polyak xalqına müraciətlə dediyi sözləri xatırlamağa dəyər: "Polşa xalqı, verilən vədlərə, bağlanan müqavilələrə inanmayın, gəlib-gedən nümayəndələrə, dəvət olunan qonaqlara pullar xərcləməklə özünüzü var-yoxdan çıxarmayın. İnkişaf etmək lazımdır, islahatlar keçirmək lazımdır". Əlavə şərhə ehtiyacı olmayan bu fikri Azərbaycan rəhbərliyi öz əməlləri ilə həyata keçirmişdi.

Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq Qərb və rus diplomatiyasının gücü ilə formalaşdırılmış, xristian Ermənistanına himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 28 il ərzində "məkik diplomatiyası" yolu ilə problemin hərbi yolla həllinə imkan verməmişdi. Nəinki imkan verməmiş, hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi 5 qətnamə, habelə AŞPA və ATƏT-in özünün qəbul etdiyi qətnamə və qərarların da kağız üzərində qalmasına səbəb olmuşdu. Süni şəkildə yaradılmış çətinliklərə, xristian həmrəyliyinə, Ermənistana edilən havadarlığa, onun hərtərəfli şəkildə silahlandırılmasına, regionda gedən geosiyasi mübarizəyə baxmayaraq, zaman Azərbaycanın xeyrinə işləyirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə diplomatik-siyasi müstəvidə getdiyi üçün bu mübarizə səbir, qətiyyət və iradə tələb edirdi. Ümummilli lider Heydər Əliyev təsadüfi olaraq demirdi ki: "Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə istədiklərinə nail ola bilirlər''[ii]. Bu əzm və qətiyyəti onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərdi və göstərməkdə davam edir.

Hələ prezidentliyinin əvvəllərindən münaqişənin siyasi yollarla həll olunmasına sadiqliyini sərgiləyən İlham Əliyev bununla belə, əgər zərurət yaranarsa hərb yolunun da istisna olunmadığını vasitəçilərə bildirmiş, beynəlxalq tribunalardan səsləndirmişdi. Zaman etibarı ilə qısa müddətə müasir beynəlxalq standartlara cavab verən güclü və mütəşəkkil Azərbaycan Ordusu yaradılmış, müasir silahlar və döyüş texnikaları ilə silahlandırılaraq NATO nümunəsində ordu quruculuğu həyata keçirilmişdi ki, onun hansı gücə qadir olduğunu 2016-cı ilin aprel döyüşləri göstərdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə Azərbaycan diplomatiya və hərb meydanında demək olar ki, tək idi, respublikamızın ətrafında yaradılmış informasiya blokadası Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına imkan vermirdi. Azərbaycanın haqq işinin yeganə müdafiəçisi kimi Türkiyənin beynəlxalq mövqeləri indiki kimi güclü deyildi. Təsadüfi deyildi ki, məhz həmin dövrlərdə münaqişəyə qlobal müstəvidə yanaşan və onu təkcə Azərbaycanın yox, bütövlükdə İslam dünyasının problemi kimi xarakterizə edən Heydər Əliyev Səudiyyə Ərəbistanına 1994-cü ilin iyununda ilk səfəri zamanı ərəb jurnalistinin "Ermənistan ilə Azərbaycan arasındakı müharibə neçə ildir davam edir, bu müddətdə İslam dünyasından nə kimi kömək görmüsünüz?'' – sualına cavabında demişdi: "Az-çox kömək görmüşük. Ancaq qeyri-İslam dövlətlərinin Ermənistana etdikləri yardım qədər İslam dövlətləri Azərbaycana kömək göstərsəydilər, biz erməni silahlı qüvvələrini ərazimizdən çoxdan qovaraq torpaqlarımızı azad etmişdik''[iii]. Bu Azərbaycan dövləti başçısının səsləndirdiyi ilk belə bəyanat idi ki, əhəmiyyəti və mahiyyətinin üzərində dayanmağa dəyər. Bu fikrin səsləndirildiyi dövrdən indiyədək 16 il keçmişdir. Məhz göstərilən dövr ərzində Heydər Əliyevin "neft və kommunikasiya" diplomatiyasinın reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təchizatçısına çevrilmiş, beynəlxalq və regional qurumlarda mövqelərini möhkəmləndirmiş, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və İslam dünyasının digər dövlətləri ilə isti münasibətlər qurmuş, "balans siyasətini" yeritməklə Cənubi Qafqazda sabitliyi təmin etmiş, Rusiyanı, ABŞ-ı, İranı və digər Ermənistana havadarlıq edən dövlətləri neytrallaşdırmış, Türkiyə və Pakistanın ciddi siyasi-mənəvi dəstəyinə nail olunmuş, yüzlərlə beynəlxalq tədbirə evsahibliyi edilməsi yolu ilə respublikamızın müsbət imici formalaşdırılmışdı. Diplomatik-siyasi müstəvidə qazanılmış bu uğurlar və yüksək səviyyəli milli ordunun yaradılması fəaliyyətimizin ağırlıq mərkəzinin hərbi müstəviyə keçirilməsinə şərait və imkan yaradırdı. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirərək münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla nizamlanmasına çalışırdı.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin BMT səviyyəsindən ATƏT səviyyəsinə keçirilməsinin təşəbbüskarı Ümummilli lider Heydər Əliyev olmuşdu. Çünki praktika göstərirdi ki, BMT-də Ermənistanın əleyhinə hər hansı qərarın qəbul edilməsinə ABŞ, Rusiya və Fransa qətiyyən imkan verməyəcəklər. BMT Baş Məclisində "Azərbaycanın işğal olunmuş rayonlarında vəziyyət"lə əlaqədar qəbul edilmiş 2008-ci il 14 mart tarixli qərarla bağlı səsvermə buna əyani sübutdur. ATƏT-də isə qərarlar konsensus yolu ilə qəbul edilirdi ki, bu, Azərbaycanın şansını artırırdı. Amma tərslikdən həmin üç dövlət ATƏT-in Minsk qrupunun həmsədrləri təyin edildilər ki, bununla da "məkik (şatl) diplomatiyası" uzun illər ərzində münaqişəni "konservləşdirməklə" məşğul oldu. Azərbaycana Dağlıq Qarabağın əvəzində işğal olunmuş 7 rayonun qaytarılması təklif edilirdi, başqa sözlə, "öz torpaqlarımızı öz torpaqlarımızla dəyişmək" kompromis variant kimi irəli sürülürdü. Bunu isə Azərbaycan rəhbərliyinə qəbul etdirmək mümkün deyildi. Yaranmış vəziyyətdə Ermənistan hökuməti işğal olunmuş ərazilərdə güclü mühəndis-istehkam qurğularının yaradılmasını həyata keçirmiş (bunu alınmaz "Sərkisyan xətti" adlandırırdılar), beynəlxalq nəzarətin olmamasından istifadə olunaraq Dağlıq Qarabağ tam şəkildə və külli miqdarda müxtəlif silah sistemləri ilə təchiz edilmiş, silahlı quldur dəstələrinin düşərgələri yaradılmış, Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı mif formalaşdırılmış, Azərbaycanın yeraltı və yerüstü sərvətləri talan edilməyə və dünyanın müxtəlif yerlərindən ermənilərin Dağlıq Qarabağa və onun ətraf rayonlarına köçürülüb məskunlaşdırılmasına başlanılmışdı.

Ermənistanın keçmiş rəhbərliyi 2016-cı il aprel döyüşlərindən olduqca ciddi "dərs aldı", yəni müharibə baş verəcəyi təqdirdə Azərbaycanın nəyə qadir olacağını dərk etdi və buna görə də hakimiyyəti demək olar ki müqavimətsiz siyasətdə naşı olan N.Paşinyana – Mirzə Fətəli Axundovun "Yusif Sərracına" tərk etdi. Sorosun dəstəyi ilə "asanlıqla" hakimiyyəti ələ keçirən yeni baş nazirin – N.Paşinyanın gördüyü ilk işlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını nəzərdə tutan "Madrid prinsipləri"ndən imtina etmək oldu. Münaqişəni nizamlamaq yox, yeni əraziləri işğal etmək yolu ilə status-kvonu əbədi etməyi qərarlaşdıran N.Paşinyan hökuməti İkinci Qarabağ müharibəsinin əsas təşəbbüskarı və səbəbkarıdır.

Azərbaycanın sərhədlərinin daim atəş altında saxlanılması, dinc əhalinin, mülki obyektlərin və yaşayış tikintilərinin hədəfə götürülməsinin tədricən adi hal alması Azərbaycan xalqının hərbi əhvali-ruhiyyəsini gücləndirir və hakimiyyət orqanlarından ciddi tədbirlərin görülməsi tələb edilirdi. Bu ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı. Noyabrın 10-da gecə saat 3.00 radələrində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev hərbi əməliyyatların dayandırılması haqqında 9 bənddən ibarət Bəyanatı imzaladılar. Ardınca Azərbaycan Prezidenti İlham Əliyev televiziya ilə xalqımıza, dünya azərbaycanlılarına müraciət etdi: "Biz qalib gəldik. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır''.

Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq, çaxnaşma və olduqca mürəkkəb vəziyyət yaratdı. Hazırda Ermənistan keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın yaşadığı mürəkkəb, ziddiyyətli və qalmaqallı günləri yaşamaqdadır. N.Paşinyan – ermənilərin "Yusif Sərracı" ölkəni qoyub qaçıb, parlament binası və digər hakimiyyət idarələri zəbt edilərək dağıdılmaqdadır. Ermənistanın qüdrəti, lobbisinin gücü, etməni quldur dəstələrinin məğlubedilməzliyi haqqında onilliklər boyu formalaşdırılmış miflər milli Ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında "cəhənnəmə vasil oldu". Azərbaycan Ordusu xalqımızın son otuz ildə verdiyi şəhidlərin və qurbanların intiqamını aldı. Noyabrın 10-da gecə imzalanmış Bəyanat Ermənistanın qeyd-şərtsiz təslim olduğunu dünyaya bəyan etməklə türk-İslam birliyinin qüdrətini bütün dünyaya göstərdi, Azərbaycan "sivilizasiyaların toqquşmasından" qalib çıxdı, suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin tarixi qətnamələrini kağız üzərindən gerçək həyata köçürdü.

Qarşıda bizi müxtəlif dövlətlərin geosiyasi ambisiyalarının toqquşduğu kifayət qədər mürəkkəb, görünən və görünməyən tərəflərə malik sülh müqaviləsinin imzalanması ilə bağlı diplomatik-siyasi mübarizə, hərb yolu ilə əldə edilənlərin diplomatik-siyasi müstəvidə təsbit edilməsi kimi çətin vəzifələr gözləyir. Azərbaycan diplomatiyası 2070-ci illərdə yaşayacaq nəsillərə yeni Dağlıq Qarabağ və ya Naxçıvan sindromlarının yaradılmaması üçün bu gün olduqca mürəkkəb vəzifələri həyata keçirməlidir. Çünki biz ilan kimi məkrli, tülkü kimi hiyləgər, canavar xislətli qaniçən və Azərbaycanı hər an arxadan vurmağa hazır olan namərd düşmənlə qonşuluq etmək məcburiyyətindəyik. Buna görə də sülh müqaviləsi imzalanarkən Ermənistanın Türkiyəyə və Azərbaycana ərazi iddialarından birmənalı olaraq imtina etməsi, türk dünyasına qarşı informasiya müharibəsini dayandırması məsələlərinə xüsusi yer ayırmalıyıq. Dağlıq Qarabağda yaşayan erməni əhalisinin ya səpələnmış şəkildə, ya da Azərbaycanın rayonu statusunda ancaq bir rayonda yerləşdirilməsi və bu rayonun Ermənistan sərhədlərindən maksimum uzaqda olmasını strateji vəzifə kimi qarşıya qoymalı və reallaşdırmalıyıq.

Sülh danışıqlarının kifayət qədər çətin gedəcəyi, Ermənistana bütün səviyyələrdə havadarlıq edən dövlətlərin Azərbaycan rəhbərliyinə son dərəcə ciddi təzyiqlərin göstəriləcəyi irəlicədən məlumdur. Əgər Dağlıq Qarabağın hansı formada isə muxtar statusu saxlanacaqsa onun təhlükəsizliyinin təminatçısı hüququnun Türkiyəyə həvalə edilməsinə nail olunmalıdır. Doğrudur, 9 bənddən ibarət hərbi əməliyyatların dayandırılması haqqında Bəyanat və Azərbaycan Prezidentinin 43 gün ərzində verdiyi müsahibələr tam olmasa da sülh sazişinin bəndləri üzərində işin necə gedəcəyini təxmin etməyə imkan verir. Digər məsələ ümumiyyətlə siyasi termin kimi "Dağlıq Qarabağ" məfhumundan imtina edilməli, onun hansı sənəddə isə yer almasına imkan verilməməlidir. Bu məfhumun necə yarandığı məlumdur, amma nəzərə almalıyıq ki, axı oralar tarixən Qarabağın dağlıq hissəsi adlandırılırdı ki, sübut edilməsi elə də çətin deyildir.

Ermənistan zaman-zaman Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına göz dikən dövlətdir, hazırda öz ərazisi 29,6 min kv. kilometrdir, halbuki 1918-ci ilin iyununda imzalanmış Batumi müqaviləsinə əsasən onun ərazisi cəmi 9 min kv. km müəyyənləşdirilmişdi, Türkiyə ilə imzalanmış Gümrü müqaviləsində də həmin rəqəmə yaxın göstərici yer almışdı. Deməli, qalan 20 min kv. km-lik ərazi əsasən Azərbaycan torpağıdır. Hesab edirəm ki, sülh danışıqlarına Azərbaycanın Qazax rayonunda 1984-cü ildə alınmış 3000 hektar torpağın geri alınması məsələsi daxil edilməli və onun yenidən Azərbaycana qaytarılmasına nail olunmalıdır.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq hadisələrin içərisində dövlət müstəqilliyimizin ilk otuz illik dövrünün keşməkeşləri, 43 günlük Vətən müharibəsinin heç vaxt silinməyəcək izləri hələ əsrlər boyunca gələcək nəsillərimizin fikir və düşüncələrinə hakim kəsiləcək, şairlər, alimlər, yazıçılar, incəsənət xadimləri, mədəniyyət işçiləri və heykəltəraş nəsillərinin ərsəyə gəlməsində öz sözünü deyəcəkdir, çünki "ötüb keçən nəsillərin ənənələri bir kabus kimi həmişə canlıların zehnini məşğul edib'' (K.Marks). Hazırda Azərbaycan muzeylərinin hamısının ekspozisiyasında respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş guşələr mövcuddur və gənclərimizin vətənpərvərlik tərbiyəsində öz rolunu oynayır. Bununla belə, hesab edirəm ki, ayrıca Dağlıq Qarabağ uğrunda Vətən müharibəsinə həsr olunmuş Muzeyin yaradılması olduqca aktual və vacibdir. Təkcə ona görə ki, Ermənistan Respublikası, erməni lobbisi və dünya erməni diasporları Azərbaycan xalqının bu qələbəsini heç vaxt həzm etməyəcək və əvəzini çıxmaq üçün daim marıqda duracaqlar. Düşmənimizin nə qədər məkrli və namərd olduğunu Cənubi Qafqazın son iki yüz illik tarixinin minlərlə, yüz minlərlə hadisə və epizodları sübut edir.

Azərbaycan tarixini yaşadan abidələrimizin içərisində məscid tikililəri, məqbərə və ulularımızın ruhlarının uyuduğu qəbiristanlıqlar xüsusi yer tutur ki, bunların böyük hissəsi işğal altındakı ərazilərdə qalmışdı. Yaşı yüzilliklərlə ölçülən məqbərə və məscidlər həmişə xalqımızın iman və güman yeri kimi qalmaqdadır, bu gün Vətən müharibəsinin gedişində həmin əsir abidələrimiz öz həqiqi sahiblərinə qaytarılır. İngiltərənin görkəmli dövlət və siyasi xadimlərindən olan U.S.Çörçill 1945-ci ildə xalqa müraciətində demişdi: "Əsl ingilis olmaq istəyən hər kəs xalqının qəhrəmanlıq tarixini öyrənməyə başlamalıdır. Biz tariximizi öyrənməyi kilsədə başlayıb məsciddə bitirməliyik ..." O məscidləri ki, onların hamısı erməni vandalizminin təcavüzünün qurbanı olmuş, tək Yaradanımıza asiliyin təcəssümü kimi təhqir edilmişdi, Prezident İlham Əliyev onların bərpa edilib şanlı tariximizin bir hissəsinə çevriləcəyi ilə bağlı dünyaya çağırış etmişdi. Tarixi və əsli-kökü olmayan, ölüsünə və qocasına sahiblik etməyən ermənilər üçün müqəddəs heç nə yoxdur.

Nəhayət, Milli Məclis tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Respublikamızın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı uğurlu müharibəyə və diplomatik-siyasi mübarizəyə görə Milli Qəhrəman adı və Generalissimus hərbi rütbəsinin verilməsi məsələsinin qaldırılmasını olduqca vacib hesab edirəm. Şair demişkən: "Sağlığında qiymət qoyaq insanlara!". Bu onun halal haqqıdır! Azərbaycan durduqca Ümummilli lider Heydər Əliyevin və İlham Əliyevin adları qoşa çəkilməli, milli birliyin, qətiyyətin və qüdrətin simvolu kimi dövlət rəmzlərində və bayrağımızda yaşamalı, poeziya və nəğmələrimizdə tərənnüm edilməlidir. Təkcə ona görə ki, yaşı minilliklərin dərinliklərinə gedən, kökü, əsli-nəcabəti bəlli olan bir xalqın ləyaqətini, qeyrətini, kişiliyini, mərdliyini, qəlbinin genişliyi və mərhəmətini bütün dünyaya əməlləri ilə sübut etdi.

Məmmədov Q.H.,

BDU Beynəlxalq münasibətlər kafedrasının

müəllimi, s.e.f-d.


[i] Şabanov M. Ermənilərin ərazi iddialarına qarşı Heydər Əliyevin fəaliyyəti // Azərbaycanşünaslığın aktual problemləri, III Beynəlxalq Elmi konfransın materialları. AMEA humanitar və ictimai elmlər bölməsi – Bakı Slavyan Universiteti. Bakı, 2-5 may 2012-ci il, səh. 620-623

[ii] Azərbaycan Respublikası ilə Ermənistan arasında ''müvəqqəti atəşkəs'' haqqında sazişin imzalanması ilə əlaqədar keçirilmiş mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı. Azərbaycan qəzeti, 1994, 5 may

[iii] Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab (may, 1994 – dekabr, 1994). B.: Azərnəşr, 1997, s. 8

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...