THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Saakaşvili-İvanişvili: Gürcüstan yeni geosiyasi müstəvidə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6207
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 oktyabr – Newtimes.az

Gürcüstandakı parlament seçkisində müxalifət qalib gəldi. Bu hadisənin ölkənin daxili siyasi vəziyyətinə necə təsir edəcəyi tam aydın deyil. Cənubi Qafqazda geosiyasi mənzərənin hansı istiqamətdə dəyişəcəyi haqqında da birmənalı proqnoz yoxdur.

Seçki eyforiyası

Gürcüstan parlament seçkisinin nəticələri ilə dünyanı maraqlandırdı. İndi isə seçkidən sonra ölkədə yarana biləcək vəziyyət təhlil edilir. Demokratiya tərəfdarları müxalifətin qələbəsini öz “demokratlıqlarının” təsdiqi kimi qələmə verirlər. Seçkiyə geosiyasi güclərin mübarizəsi prizmasından yanaşanlar, həmin kontekstdə ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsinin mümkün nəticələrini proqnozlaşdırmağa çalışırlar.

Siyasətdə şəxsiyyət amilinə üstünlük verənlər Mixeil Saakaşvili ilə Bidzina İvanişvilinin psixoloji portretlərini müqayisə edirlər. Hər bir halda “seçkinin yaratdığı geosiyasi duman” (Ariel Kohen, baxın: 1) dağıldıqca emosional reaksiyaları rasional analiz əvəz edir.

Bu regionu tanıyanlar üçün isə Gürcüstanda yaranmış vəziyyət sadədir. M.Saakaşvili atdığı addımlar nəticəsində indiki vəziyyətə düşdü. Onun partiyası müxalifətdən 10 faiz az səs topladı. Bu, hakim partiya liderinin ciddi səhvlərinin olmasından xəbər verir. Həmin səhvləri, əslində, çoxları görürdü. Hər şeydən öncə, başqaları kimi “rəngli inqilab” yolu ilə hakimiyyətə gələn Saakaşvili bu yolu axıradək qoruya bilmədi.

Bir neçə ölkədə “inqilabın rənginə” inananlar siyasətin daha dərin faktorlara bağlı olduğunu unutdular. Ukrayna və Gürcüstanda həmin üsulla hakimiyyətə gələnlər bunu daha çox hiss etdilər. Hazırda hər iki “rəngli inqilab aşiqi”nin siyasi taleyi “toz-duman”a bürünüb.

Görünür, əsas məsələ “inqilabın rəngini” deyil, siyasi praqmatizm və reallığı qiymətləndirməkdir.

M.Saakaşvilinin digər addımı xarici siyasətdə hansısa bir istiqamətə mütləq üstünlük verməkdən ibarət idi. İndi Qərb mətbuatında Gürcüstanın qərbyönlü siyasət kursu yeritməsi variantında belə, “rusiyapərəst” mövqe tutmalı olduğunu ifadə edən fikirlərə rast gəlinir.

Gürcüstan prezidentinin düzgün hesablanmamış addımlarından biri də Rusiya ilə müharibəyə girişməsi oldu. O, bununla yalnız Gürcüstanı deyil, bütövlükdə Cənubi Qafqazı çətin vəziyyətə saldı. 2008-ci ilin avqustundan sonra regionda geosiyasi vəziyyətin mürəkkəbləşdiyini analitiklər birmənalı olaraq vurğulayırlar. Hazırda bütün ciddi geosiyasi təhlillərdə həmin hadisə bölgədə geosiyasi risk faktoru olaraq qiymətləndirilir.

Polşanın “Nowa Europa Wschodnia” nəşrinin redaktoru Zbiqnev Rokita yazır: “Gürcüstan rusiyapərəst olmalıdır” (2). Z.Rokita “rusiyapərəst” terminini Rusiyanın qonşusu olub, xarici siyasətdə ona kifayət qədər qiymət verməməyin doğru olmadığı kimi başa düşür. Bu, ziddiyyətli mövqe deyil, reallığa əsaslanan praqmatizmdir.

Gürcüstan prezidenti, eyni zamanda, bir sıra müsbət dəyişikliklərə baxmayaraq, əhalinin sosial-iqtisadi tələbatını ödəyən kurs hazırlaya bilmədi. Ölkədə artan işsizliyin qarşısını ala bilmədi.

İnsanlar iş dalınca qonşu ölkələrə və Qərbə getməli olurdular. Bir qisim isə müxtəlif yollarla Rusiyaya üz tutdu. Bunlarla yanaşı, Rusiyanın xarici ticarətdə qoyduğu qadağalar müəyyən problemlər yaratdı. Sosial-iqtisadi vəziyyətin ağırlığı ölkədə həyata keçirilən demokratik dəyişiklikləri kölgədə qoydu.

Gürcüsayağı siyasi praqmatizm

Estoniya İnsan Haqları İnstitutunun məsləhətçisi Silver Meykar “Eesti Paevaleht” qəzetində “Gürcüstan aldatmacaları” (Обманы Грузии) ifadəsini işlədir (3). Onun fikrincə, Gürcüstanın demokratik ölkə obrazı süni yaradılıb. M.Saakaşvili bəzi sahələrdə müsbət dəyişikliklər etsə də, üstü açılmayan cinayətlər də az olmayıb. Seçkidə qalib gələn Bidzina İvanişvilinin həmin cinayətləri açmaq niyyəti var.

Beləliklə, gözlənilir ki, ölkədə siyasi mübarizə gərginlik müstəvisinə keçsin. Bir tərəfdən, M.Saakaşviliyə qarşı yeni hökumətin atacağı sərt addımlara veriləcək reaksiya məlum deyil. Seçkidə qalib gələnlərin indiki iqtidar nümayəndələrinə qarşı sərt davrana biləcəklərinin ilkin əlamətləri özünü indidən göstərir. Artıq Marneulidə qan tökülməsi ilə nəticələnən qarşıdurma baş verib.

B.İvanişvilinin komandasından olan bəzi adamlar M.Saakaşvilini seçkidən əvvəl sərt ittiham edirdilər. Onlar ABŞ-ı ölkəni oyuncağa çevirməkdə günahlandırırdılar. Təbii ki, Amerika üçün bu şəraiti yaratmış M.Saakaşvili də hədəfdədir.

Digər tərəfdən, B.İvanişvilinin komandasında siyasi görüşləri bir-birindən fərqlənən partiyalar var. Onların bir qismi ultramillətçi mövqeyi ilə seçilir. Ona görə də B.İvanişvilinin özünün komandasının taleyi tam aydın deyil. Eyni zamanda, yeni hökumətin milli azlıqlarla bağlı siyasətində radikal elementlərin nə dərəcədə yer alacağı qeyri-müəyyəndir.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstanın xarici siyasət kursunda dəyişiklik baş versə, bunun ABŞ-Rusiya münasibətlərinə hansı yeni çalarlar gətirəcəyi maraqlıdır. Demokratiyanı müdafiə Fondunun Berlində fəaliyyət göstərən əməkdaşı Ceyms Kirçik Gürcüstandakı seçkini belə qiymətləndirib: “Rusiyanın Gürcüstandakı seçkilərdə qələbəsi” (4). O, B.İvanişvilinin komandasının Rusiyaya bağlı olduğunu vurğulayır. ABŞ-ı isə ən azından “sevmirlər”.

B.İvanişvilinin özü isə seçki ərəfəsi Amerikanın Gürcüstandakı səfirinə seçkiyə qarışmaması ilə bağlı xəbərdarlıq məktubu yazmışdı. Müəllif qeyd edir ki, Gürcüstan geosiyasi oyun aparmalıdır. Lakin seçkidən sonra bu oyunun qaydalarının dəyişməsi məsələsi düşündürücüdür.

“The Washington Post” qəzetinin redaktoru Cekson Dil seçkinin Gürcüstanda “dərin parçalanmaya” səbəb olduğunu vurğulayır (5). Bir tərəfdən həm iqtidar, həm də seçkidə qalib gələn müxalifət Vaşinqtonu əsas tərəfdaş hesab edir, digər tərəfdən isə Rusiya məsələsində fərqli mövqe tuturlar. B.İvanişvili verdiyi bəyanatlarda Moskva ilə münasibətlərə böyük diqqət yetirəcəyini ifadə edir.

Bütün bunlar Gürcüstan prezidenti M.Saakaşvilinin kursunun ölkəni yeni bir qeyri-müəyyənlik müstəvisinə atdığını göstərir. Qərb analitikləri Tbilisinin qarşısında iki yolun olduğunu qeyd edirlər. Onlardan biri Ukraynada olduğu kimi korrupsiya və qanunsuzluq müstəvisinə keçməkdir. Digər yol isə Belarusdakına oxşar avtoritar rejim formalaşdırmaqdır. Hər iki variant Gürcüstanın bir addım geriyə getməsi demək olardı.

Məsələ ondan ibarətdir ki, Gürcüstan üçün nikbin proqnozlar verməyə elə də ciddi əsas yoxdur. M.Saakaşvilinin yaratdığı qeyri-müəyyən sosial-iqtisadi və siyasi mühit üzərində necə sağlam sistem qurulacağı aydın deyil. Ölkədə bunu edə biləcək siyasi təcrübəyə malik lider də gözə dəymir.

Digər düşündürücü məqam Cənubi Qafqazda formalaşacaq geosiyasi mənzərənin qeyri-müəyyənliyidir. Münaqişələrin mövcud olduğu bir regionda konkret siyasi kursu olmayan komandanın iqtidara gəlməsi həmişə risk faktorunu gücləndirir. Görünür, region növbəti “geosiyasi adaptasiya” mərhələsini keçməlidir.

Newtimes.az

Mənbələr

 

Copyright © 2012 | Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...