THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Vətən müharibəsi: Azərbaycan regionun geosiyasi mənzərəsini yeniləşdirir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4921
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 31 oktyabr 2020 – Newtimes.az

Sonun başlanğıcı: təcavüzkarın cəzalandırılması və havadarları

Müzəffər Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi ərazi bütövlüyünü təminetmə əməliyyatı və əldə etdiyi zəfərlər dünya miqyasında əks-səda yaradıb. Ekspertlər bu hadisəni müxtəlif aspektlərdə analiz etməyə çalışırlar. Onlar birmənalı olaraq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən qat-qat güclü olduğunu qəbul edirlər. Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovanisyan bildirib ki, Azərbaycan yüksək texnologiyalara əsaslanan silahlara malikdir ki, bu cür hazırlıq supergüclərin ordusunda ola bilər. O, ayrıca vurğulayıb ki, elə sahələr var ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 12 dəfə güclüdür!

Əlbəttə, burada təəccüblü bir məqam yoxdur. Çünki Azərbaycan müstəqil dövlətdir və öz potensialı hesabına illərdir ki, Ordusunu gücləndirir. Azərbaycan Ordusu hazırda regionun ən güclüsüdür. Özü də yalnız texniki təchizat aspektində deyil, Ordunun təşkilində, çevikliyində və peşəkarlığında da Cənubi Qafqazda ona tay yoxdur. Bütün bunlar dünya ekspertləri qarşısında maraqlı mənzərəni ortaya çıxarır.

Aydın olur ki, dünya üçün əhəmiyyəti böyük olan bir regionda iki xristian ölkəsindən bir müsəlman dövləti daha güclüdür. Avtomatik olaraq bu, burada aparıcı rolu məhz müsəlman ölkəsinin oynamalı olduğu qənaətini yaradır. Bu isə təbii ki, supergücləri qane etmir. Təcrübə göstərir ki, onlar ikili standartlara uyğun davranaraq dini təəssübkeşlik edir, islamofobiya və türkofobiyaya uğrayırlar. Həmin məqam istər-istəməz Azərbaycanın hərbi-siyasi və diplomatik uğurlarına qısqanclıq yaradır.

Onun əlaməti kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin hələ də Ermənistandan "işğal etdiyin əraziləri tərk et" kimi konkret tələbinin olmamasını göstərmək olar. Bunun əvəzində gah Azərbaycanı tənqid edirlər, gah da ümumi "barışın" deyirlər. Əlavə olaraq Ermənistanı aktiv surətdə silahlandırırlar. Azərbaycanın təqdim etdiyi sənədlərdə Rusiyanın, İslandiyanın, Belçikanın, ABŞ-ın müxtəlif şəhərlərindən Ermənistana qaçaq yollarla mülki təyyarələrdə daşınan silahların dəqiq siyahısı mövcuddur. Ancaq, qəribədir ki, sanki Azərbaycanın təqdim etdiyi dəlillərə reaksiya yoxdur, onları görməzdən gəlib, yenə də rəsmi İrəvana təzyiq etmirlər. Başqa vaxtı silah qaçaqçılığı ilə bağlı qulaq batıran dairələr indi lal qalıblar. Ermənistandan və silahı ona qanunsuz satanlardan hesab tələb edən gözə dəymir.

Bunların fonunda geosiyasət meydanında baş verən hadisələrlə bağlı nələrin müşahidə edildiyi çox maraqlıdır. Belə təəssürat yaranır ki, həmsədr ölkələr də daxil olmaqla Avropa və Amerika Ermənistanı məğlubiyyətdən xilas etmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar sözdə bitərəflikdən danışırlar, əməldə isə Ermənistana yardım göstərirlər. Bəzi hallarda isə çox gülünc iddialar irəli sürürlər.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib ki, Ermənistanın Dağlıq Qarabağda Azərbaycanın qarşısını alacağına ümid edirlər. Avropanın bir neçə ölkəsinin deputatları Xankəndiyə qanunsuz səfər edərək separatçı və terrorçuları dəstəkləyiblər. Rusiya Dövlət Dumasının üzvü Vitali Milonov da Xankəndiyə gedib təxribatçı bəyanatlar verib. Fransa Prezidentinin isə münasibəti çoxdan məlumdur.

Geosiyasi kontekst: Cənubi Qafqazda yeni qüvvələr nisbətinə doğru

Bunlar onu göstərir ki, həmsədrlər də daxil olmaqla Avropa, Amerika və Rusiya hələ də ədalətli mövqeyə gəlməyiblər. Doğrudur, onların sırasında özünün daha çox bitərəf mövqeyi ilə seçilən ölkə Rusiyadır. Moskva Ermənistanla Azərbaycan arasında humanitar atəşkəsə nail olmaq istədi, lakin ermənilər onu pozdular. Belə görünür ki, Ermənistan rəhbərliyi ədalətli həlli deyil, təcavüzkarı qane edən həll yolunu arzulayır. Bunun üçün böyük dövlətlərin bu haqsızlığı dəstəkləyəcəklərinə ümid edirlər.

Təsadüfi deyildir ki, rəsmi İrəvan ortaya elə cəfəng və gülünc iddialar atır ki, hətta havadarları belə qəbul edə bilmirlər. Məsələn, Nikol Paşinyan deyir ki, Rusiya Dağlıq Qarabağda Azərbaycana qarşı antiterror əməliyyatı aparmalıdır. İşğalçı ərazi sahibinə qarşı öz torpaqlarını azad etmək uğrunda savaşdığına görə antiterror əməliyyatı tələb edirsə, bu, onun tam xəstə olmasının əlamətidir. Əlbəttə, Moskva bu absurd işə gedə bilməz.

Yaxud Ermənistan prezidenti Armen Sarkisyan NATO-dan Türkiyəyə təzyiq etməsini istəyib. Nəyə görə? Ona görə ki, Türkiyə Azərbaycana mənəvi dəstək verir? NATO-da da ona "get, ağlını başına topla" deyiblər. Bununla da Ermənistanın Rusiya ilə Qərb arasında "diplomatik manevrləri"nin tam iflasa uğradığını ekspertlər vurğulayırlar.

Azərbaycan isə uğurlarını artırmaqda davam edir. Hərb meydanında erməni işğalçılarının tarixi ərazilərimizdən qovulması prosesi sürətlə gedir. Hər gün düşmənə sarsıdıcı zərbələr endirilir. Eyni zamanda, siyasi-diplomatik aspektdə də Azərbaycanın və Türkiyənin fəallığı azalmır. Azərbaycan dünyaya real vəziyyəti hər an çatdırır. Mülki yaşayış məntəqələrinə raket hücumlarının törətdiyi fəsadlarla yerində tanış olmaq üçün xarici ölkələrin diplomatik nümayəndələri və hərbi attaşeləri hadisə yerinə aparılır. Vəziyyəti öz gözləri ilə görən xarici diplomatlar erməni vəhşiliyinin əyani şahidi olurlar.

Digər tərəfdən, Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda əsl vəziyyəti izah etməkdədirlər. Artıq bütün beynəlxalq təşkilatlar Ermənistanı qınayan bəyanatlar veriblər. Ondan işğal etdiyi ərazilərdən çıxmasını tələb edirlər.

Azərbaycanın siyasi-diplomatik fəallığı və uğurlu informasiya siyasəti nəticəsində bir sıra dövlətlər Bakını dəstəkləyən qətiyyətli mövqe nümayiş etdiriblər. Bu sırada Pakistan, Ukrayna, Gürcüstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Əfqanıstanı göstərmək olar. Onlar bu və ya digər dərəcədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər. Eyni zamanda, konkret və praktiki addımlar atan ölkələr də vardır. Türkiyə-Ukrayna münasibətlərini həmin sıraya daxil etmək olar.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri geniş əks-səda doğurub. Çünki tərəflər geosiyasi və strateji əhəmiyyəti olan sənədlər imzalayıblar. Türkiyə tərəfi Ukraynaya ərazi bütövlüyünü təmin etməkdə yardımçı olacağını ifadə edib. Ankara bir daha vurğulayıb ki, Krımın işğalını qəbul etmir. Donbasda münaqişənin həll edilməsini vacib sayır. Bunlardan başqa, Türkiyə və Ukrayna hərbi sahədə geniş əməkdaşlıq haqqında razılığa gəliblər. Onlar bir neçə ortaq hərbi layihələr üzərində işləyirlər. Nəhayət, Türkiyə və Ukrayna azad ticarət zonası yaratmaq üzərində işləri sürətləndirməyi qərara alıblar.

Bütün bunlardan ekspertlər çox maraqlı geosiyasi qənaət əldə edirlər. Onlar təsdiqləyirlər ki, Azərbaycan Ordusunun Qarabağda apardığı döyüş əməliyyatları bütövlükdə postsovet məkanında separatizmə qarşı səmərəli mübarizənin fəlsəfəsini yaratdı. Azərbaycanın bu təcrübəsindən istifadə edərək, digər münaqişələri də həll etmək mümkündür. Əlbəttə, bizim üçün çox əhəmiyyətli qənaətdir. Çünki söhbət faktiki olaraq Azərbaycanın geosiyasi rolunun yüksəlməsindən gedir. Bu bağlılıqda Azərbaycan regional təhlükəsizlik sisteminin formalaşdırılması üçün də faydalı arqumentləri ortaya qoymuş olur.

Daha geniş geosiyasi kontekstdə isə Türkiyə-Azərbaycan birliyinin Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edən gücə çevrildiyi nəticəsini çıxara bilərik. Artıq bu barədə real fakt kimi danışmaq olar. İki qardaş ölkə postsovet məkanında və bütövlükdə Avrasiya regionunda təsirli qüvvə olaraq özünü təsdiq etməkdədir. Təbii ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla inkişaf etdirilən xarici siyasət kursu burada başlıca məqamı təşkil edir. Həmin siyasi kursun bəhrələrini dövlətimiz və cəmiyyətimiz yüksək qiymətləndirir. Azərbaycan bütün dünyaya öz ədalətini və gücünü göstərdi. Özü də elə bir səviyyədə ki, geniş bir geosiyasi məkanda ümumi mənzərə dəyişməkdədir.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...