THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ-Azərbaycan münasibətləri: Cənubi Qafqazın geosiyasi ziddiyyətləri fonunda

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5380
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 oktyabr 2020 – Newtimes.az

Avropa ilə iki səviyyədə əlaqələr

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin məzmununun bütövlükdə Cənubi Qafqazın geosiyasi taleyinə ciddi təsir etdiyinin hər kəs fərqindədir. Bunun səbəbləri ilə bağlı ekspertlərin fikirləri də məlumdur. Əvvəla, enerji ehtiyatları ilə zəngin olan Azərbaycan Cənubi Qafqazın ən qüdrətli ölkəsidir. Azərbaycan regionda müstəqil və milli maraqlara söykənən balanslaşdırılmış siyasət yeridən yeganə dövlətdir. İkincisi, Azərbaycan böyük bir sivilizasiyanın – türk sivilizasiyasının mühüm dövlətlərindən biridir. Onunla dost olmaq faktiki olaraq türk dünyası ilə dost olmaq anlamına gəlir. Üçüncüsü, Azərbaycan müstəqillik dövründə tam sübut edir ki, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin yanaşı yaşamasının səmərəli modelinə malikdir. Beynəlxalq miqyasda atdığı addımlarla bu ruhu xarici siyasətinin əsas məqamlarından birinə çevirə bilib. Nəhayət, Azərbaycan sübut edir ki, Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verə bilər. Aİ ilə bərabərhüquqlu əməkdaşlıq vasitəsilə dünyanın dayanıqlı inkişafına faydalı ola bilər.

Bütün bunların əsasında belə bir qənaət mövcuddur: Azərbaycan Aİ üçün mühüm tərəfdaşdır və eyni zamanda, Avropa ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısı İlham Əliyev həmin mövqeni konkret olaraq belə ifadə edib: "Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb".

Burada dövlət başçısı Aİ ilə münasibətlərin əsas istiqamətlərini, məzmununu və strateji özəlliklərini yığcam şəkildə ifadə edib, yəni faktiki olaraq prioritetliyin daxili məzmununu açıb. Azərbaycan Avropa İttifaqı ilə iki səviyyədə əməkdaşlıq qurmaqdadır. Birinci səviyyə təşkilata üzv olan ayrı-ayrı dövlətlərlə strateji tərəfdaşlığı inkişaf etdirməklə bağlıdır. Artıq 9 Aİ ölkəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədi vardır. Bu o deməkdir ki, rəsmi Bakı başlıca olaraq müstəqil dövlət kimi Avropanın nüfuzlu dövlətləri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu isə Aİ ilə təşkilat səviyyəsində qurulan əlaqələrin nüvəsini və ya bazasını təşkil edir. Aydındır ki, bu cür yanaşma bəri başdan Aİ-nin təşkilat olaraq Azərbaycanı təsir altına almaq imkanını heçə endirir. Və həmin keyfiyyətdə Azərbaycan-Aİ münasibətləri Şərq Tərəfdaşlığı Proqramına daxil olan başqa ölkələrdən fərqlənir.

Buna rəğmən, Azərbaycan Aİ ilə təşkilat daxilində də sıx münasibətlər qurur. Bu, ikinci səviyyədir. Demək lazımdır ki, bu səviyyə də çox aktual və maraqlıdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Brüsselə Bakının əməkdaşlıq modeli təklif edilib. İlham Əliyev cari il sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edən zaman həmin bağlılıqda bəyan edib: "Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Ümidvaram ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək... Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib".

Ədalət və sülh naminə

Bu kontekstdə Azərbaycan Prezidentinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən səsləndirdiyi fikirlər konseptual xarakter kəsb edir. Belə ki, T.Klaar ilə görüş zamanı ölkə rəhbəri Cənubi Qafqazda geosiyasi vəziyyəti dərindən təhlil edərək, həm Aİ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, həm də Ermənistanın təcavüzkar siyasətinə "dur" deməyin vaxtının çatdığını ifadə edib. İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları fonunda regionda gərginliyin aradan qaldırılmasının vacibliyini bir daha vurğulayıb. Bu, Aİ-nin Cənubi Qafqazdakı proseslərə ümumi ifadələrlə deyil, konkret məsuliyyətlə yanaşması ehtiyacını növbəti dəfə ortaya çıxarmaq deməkdir. Aİ artıq tərəfkeşlik etməməli, ədalətli olmalı və təcavüzkarın yerində oturdulmasına çalışmalıdır.

Bunlar Aİ-Azərbaycan münasibətlərinin gələcəyi baxımından olduqca əhəmiyyətli məqamlardır və Prezidentin ədalətli və obyektiv mövqedə dayandığının növbəti təsdiqidir. Azərbaycan rəhbərliyi sabitlik, əməkdaşlıq və barış naminə fəallığını daha da artırır. Bunu Aİ-nin xüsusi nümayəndəsi də tam olaraq gördü. Ancaq Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi T.Klaarın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər yenə də müəyyən suallar yaradır. Cənab T.Klaar Azərbaycanın Xarici İşlər naziri ilə görüşündə deyib ki, hərbi əməliyyatlar qeyd-şərtsiz dayandırılmalıdır və münaqişə edən tərəflər substantiv danışıqlara başlamalıdırlar.

Burada Avropanın mövqeyində yeni heç nə yoxdur. Aİ həmişə təxminən bu qəbildən fikir bildirib. Brüssel hesab edir ki, Ermənistan və Azərbaycanı eyni qəlibə qoymaq olar. Yəni Aİ faktiki olaraq təcavüzkarla təcavüzün qurbanı arasında fərq qoymayıb. Təəssüf ki, bu, reallıqdır. Lakin indi vəziyyət daha kəskindir və Azərbaycan qətiyyətlə öz haqlı mövqeyini döyüş meydanında müdafiə edir. Konkret desək, Azərbaycan hərbi əməliyyatlarla Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad edir. Prezident İlham Əliyev də bu barədə, yuxarıda vurğuladığımız kimi, dəfələrlə bildirib.

Bütün bunlara baxmayaraq, Brüsselin nümayəndəsinin yenə də ümumi frazalar və şüarlar səsləndirməsi olduqca düşündürücüdür. Üstəlik, Aİ-nin aparıcı dövlətlərindən olan Fransanın açıq şəkildə təcavüzkar Ermənistanı müdafiə mövqeyindən çıxış etməsi çox mənfi haldır. Belə çıxır ki, əslində, Brüssellə Parisin mövqeyində elə də fərq yoxdur. Aİ əvvəlki kimi Ermənistandan işğal etdiyi torpaqlardan çıxmağı tələb etmək əvəzinə, Azərbaycanı hərb meydanında dayandırıb, təcavüzkara vaxt qazandırmaq, onun yenidən güc toplamasına imkan yaratmaq və Azərbaycan Prezidentinin çox dəqiq ifadə etdiyi kimi, işğalı əbədiləşdirmək istəyir.

Dünyanın nüfuzlu geosiyasi mərkəzlərindən olan Aİ-nin bu cür mövqeyi faktiki baxımdan Cənubi Qafqazda geosiyasi mənzərəni yeni risklərə atır. Birincisi, erməni terroruna yeni səviyyədə şans verilir. İkincisi, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinin önü kəsilir. Üçüncüsü, Azərbaycana münasibətdə ədalətsiz, haqsız və beynəlxalq hüququn normalarına uyğun olmayan mövqe ortaya qoyulur.

Bunların nəticəsi isə bütövlükdə çox arzuolunmaz ola bilər. Belə ki, Cənubi Qafqazda proseslər daha mürəkkəb və ziddiyyətli geosiyasi dinamikaya keçər. Belə bir vəziyyət isə başqa fəsadlarla yanaşı Avropanın özünün enerji təhlükəsizliyini risk altına alar. Çünki Bakı Avropa siyasətinə yenidən baxa bilər. Brüssel və Vaşinqton dəfələrlə etiraf ediblər ki, Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir və Qərbin enerji təhlükəsizliyində ciddi rol oynayır. Onu da deyək ki, Ermənistan məhz Azərbaycandan Avropaya gedən enerji dəhlizinin üstündə yerləşən məntəqələri bombalayır. Avropa faktiki olaraq ermənilərin azğınlığına seyrçidir.

Beləliklə, Azərbaycan öz ədalətli və haqlı mövqeyində qalır, ona sadiqdir. Avropa isə dəyişməlidir, sülh, barış naminə. Eyni zamanda, özünün təhlükəsizliyinin təmini naminə...

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...