THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ-Rusiya-Türkiyə xəttində gərginlik: qonşuluq siyasətinin böhranı fonunda

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7660
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 sentyabr 2020 – Newtimes.az

Avropa İttifaqı sürətlə dəyişən qlobal geosiyasətdə öz yerini və rolunu yenidən müəyyənləşdirməyə çalışır. Bunun üçün Brüssel, Paris və Berlin müəyyən addımlar atmağa cəhdlər göstərirlər. Bütövlükdə Aİ-nin bu istiqamətdə ciddi uğuru gözə dəymir. Son zamanlar bu təşkilatın rəhbərlərinin ifadə etdiyi tezislər də göstərir ki, hələlik Brüssel qeyri-müəyyən vəziyyətdədir. Hətta bir sıra siyasi məqamlarda, məsələn, NATO məsələsində, ziddiyyətli mövqe tutur. Terrorla mübarizənin prinsipləri də birmənalı qiymətləndirilmir. Miqrasiya siyasəti aydın deyil, fərqli mövqelər vardır və s. Bütün bunlar yekun halında Aİ-nin qonşuluq siyasətində böhranın yarandığını göstərir. Həmin tezisin fonunda Avropa İttifaqının Rusiya və Türkiyə siyasətinin bir sıra geosiyasi aspektləri üzərində geniş dayanmağa ehtiyac olduğunu düşünürük.

Birtərəfli yanaşma: Brüsselin Ankara və Moskvaya münasibətinin ziddiyyətləri

Son dövrlərdə Avropa İttifaqı-Rusiya-Türkiyə geosiyasi xəttində ekspertlərin marağına səbəb olan proseslər baş verir. Yaxın Şərqdə Moskva ilə Ankaranın fəallığını daha da artırması və xüsusilə Suriyada proseslərin yeni səviyyəyə yüksəlməsi Brüsseldə müəyyən narahatlıq doğurub. Avropa İttifaqı rəhbərliyi bəyan edib ki, yaranmış vəziyyət təşkilatın maraqlarına uyğun deyil və onu dəyişmək lazımdır. Eyni zamanda, belə bir vəziyyətin yaranmasında Amerika ilə Türkiyəni ittiham edirlər. ABŞ-ı Suriyada fəallığını azaltmasına və NATO ilə koordinasiyalı hərəkət etmədiyinə görə qınayırlar. Türkiyəni də yenə Şimali Atlantika Alyansı ilə məsləhətləşmədən Suriyaya hərbi müdaxilə etdiyi üçün tənqid edirlər.

Rusiya məsələsi isə Avropa İttifaqının xarici siyasətində ayrıca yer tutur. Tərəflər arasında xeyli ziddiyyətlər yaranıb. Onların önündə Ukrayna və Suriya məsələləri gəlir. Hər iki istiqamətdə Avropa İttifaqı ilə Rusiyanın razılığa gələ bilmədikləri məqamlar mövcuddur. Bununla yanaşı, qlobal geosiyasi səviyyədə də Brüssel-Moskva münasibətlərinin taleyi məlum deyildir. Fransa Prezidenti Emmanuel Makron həmin məqamı konkret tezislərlə ifadə edib.

Belə proqnozlaşdırılır ki, Aİ-Rusiya münasibətləri üç ssenari üzrə davam edə bilər. Birincisi, Rusiya supergüc olmaq iddiasını davam etdirə bilər. E.Makron bu ssenarini real hesab etmir. Onun fikrin görə, Rusiya indi buna hazır deyil. Ərazisi və iqtisadi imkanlarına görə Rusiya yaxın perspektivdə supergüc səviyyəsinə yüksələ bilməz. Onun texnologiyası və idarəetmə sistemi də köhnədir. Bunlardan başqa, E.Makrona görə, dövlət olaraq Rusiya mühafizəkar-pravoslav mahiyyətli layihədir ki, gələcəyi yoxdur. Təbii ki, Fransa Prezidentinin bu fikirləri onun mövqeyini ifadə edir. Lakin Fransa Avropanın böyük dövlətlərindən biridir və mövqeyi daha çox maraq doğurur.

İkincisi, Rusiya Avrasiya məkanında lider olmaq istəyər. Ancaq burada onun Çin kimi rəqibi vardır. Çini isə E.Makron Rusiyadan daha güclü və potensiallı hesab edir. İndiki mərhələdə Pekinin dünyadakı mövqeyi və iddiaları məlumdur. Buna baxmayaraq, onun büdcəsi haqqında dəqiq məlumat yoxdur. Bu məqam çox maraqlıdır. Belə çıxır ki, Avropada Çinin imkanları barədə dəqiq informasiya yoxdur. Rusiyanın belə bir rəqiblə mübarizədən qalib çıxması imkanını E.Makron çox aşağı qiymətləndirir.

Üçüncüsü, Rusiya Avropa İttifaqı ilə əlaqələrə üstünlük verə bilər. Fransa Prezidenti hesab edir ki, bu xətt daha realdır və Rusiya üçün də uyğundur. Moskva gec və ya tez həmin kursu götürməlidir. Lakin bu fikirdə başqa bir məqam da vardır. Bu ondan ibarətdir ki, Aİ Rusiyanı müəyyən mənada özündən asılı görmək arzusundadır. Çünki Avropada hesab edirlər ki, Qərb dəyərləri bütün dünyaya yayılmalıdır. Fransanın özü isə ayrıca liderlik iddiasındadır. Bu o deməkdir ki, Rusiyanı özlərinə cəlb etmək üçün avropalı siyasətçilər güc sərf edəcəklər. Və bu zaman hətta sərt güc tətbiqi belə istisna deyil.

Sərt güc məsələsi Brüsseldə tez-tez səslənən fikirlərdən biridir. Fransa və Almaniya hesab edirlər ki, Avropanın müstəqil ordusu və müdafiə strategiyası olmalıdır. Bu strategiya Amerikadan hərbi asılılığı qəbul etmir. Deməli, Rusiyaya münasibətdə bu məqam da öz yerini almalıdır. Onu avropalı liderlər aşağıdakı iki aspektdə daha mühüm hesab edirlər: birincisi, yeni texnologiyalar, ikincisi, hərbi təhlükələrin aradan qaldırılması. Hər iki istiqamətdə Rusiyadan təhdidin olduğu qənaətindədirlər.

Geosiyasi reallıq və qonşuluq siyasəti: qeyri-müəyyənliyin əhatəsində

Birinci istiqamətdə əsas olaraq kiberhücumlardan bəhs edirlər. Rusiyanın həmin üsulla Avropanın maliyyə, siyasi-ideoloji və seçki resurslarına təsir etdiyi bildirilir. Brüssel bunların qarşısını almağa çalışır. İkinci istiqamətdə isə Rusiyanın hətta Avropa İttifaqı üzvlərinə belə hərbi texnika və müasir texnologiyalar satmaq planlarının olması nəzərdə tutulur. Bunun üçün Moskva müxtəlif təsir üsullarından istifadə edir. Emmanuel Makron konkret olaraq Balkanlara Kremlin təsir imkanlarını göstərir. Həmin əsasda belə bir fikir ifadə edir ki, Aİ həmin regionda fəallaşmalıdır. Əks halda, Rusiya, Türkiyə və Çin orada nüfuzlarını artıra bilərlər.

Beləliklə, Aİ-nin Rusiya ilə bağlı münasibətlərdə hələlik konkret bir xətt seçmədiyi aydın olur. Brüssel daha çox şikayət edir və özü üçün ümidsiz bir vəziyyətin yarandığını düşünür. Bu vəziyyətdən çıxmaq üçün isə müxtəlif imkanları nəzərdən keçirməyə çalışır. Bu baxımdan Avropa İttifaqının Türkiyə ilə bağlı mövqeyi də diqqəti çəkir.

Belə görünür ki, Aİ getdikcə daha böyük ölçüdə Ankaradan uzaqlaşır. Demək olar ki, elə bir sfera yoxdur ki, tərəflər arasında ümidverici münasibət olsun. Bunun fonunda Türkiyənin Aİ-yə üzvlüyü heç yada düşmür. Brüssel insan hüquqlarının qorunmasında, terrorla mübarizədə, miqrasiya, Suriyadakı vəziyyət məsələsində, müxtəlif sahələrdəki islahatlarda Türkiyəni qınayır. Bütün bu məsələlər üzrə Ankara ilə ortaq mövqeyə gəlmək istiqamətində deyil, onu özünə tabe etmək yönündə hərəkət etməyə çalışır. Hər dəfə də Ankaranın ciddi müqaviməti ilə rastlaşır. Bu kontekstdə Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Avropa İttifaqı ilə müzakirələr hər an dayana bilər. Ekspertlər bunu Ankaranın müstəqil güc olmaq iddiası ilə izah edirlər.

Məlumdur ki, Suriya və Şərqi Aralıq dənizi məsələlərində Avropa İttifaqı ilə Türkiyə arasında kifayət qədər dərin fikir ayrılıqları mövcuddur. Brüssel hər addımında, faktiki olaraq, Türkiyənin maraqlarını nəzərə almamaq mövqeyini tutduğunu nümayiş etdirir. Ən qəribəsi odur ki, Avropa NATO-da müttəfiqi olduğu Türkiyəni deyil, terror qruplarını özünə "dost" sayır. Hətta bu barədə açıq deyir. Bəhanələri də İŞİD-dir. Guya İŞİD-lə mübarizədə Suriya və İraqdakı terror təşkilatları Qərbə dəstək verir. Bu tezisin hətta ABŞ və Fransa prezidentlərinin dilindən səsləndirilməsi təəssüf doğurur və beynəlxalq hüququn əsas prinsiplərinə etinasızlıqdır.

Aydın görünür ki, Qərb özü NATO-nun Nizamnaməsinin 5-ci maddəsini pozur. Çünki, birincisi, özü terrordan qorunmaq istəyir, lakin Türkiyəni terrordan qorunmamağa məcbur etməyə çalışır; ikincisi, Şimali Atlantika Alyansının nüvəsi hesab olunan 5-ci maddəni Türkiyənin təhlükəsizliyinə qətiyyən tətbiq etmək istəmir. Ümumiyyətlə, bu barədə danışmaq belə istəmirlər. Əksinə, Türkiyədə yerləşdirdikləri bir sıra yeni silahları oradan çəkməklə terrorçulara yardım edirlər.

Bütün bunların fonunda Türkiyə miqrasiya məsələsində Avropaya təsir etməyə çalışır. Ankara artıq terrorçuları saxlamayacağını və onları vətəndaşları olduqları ölkələrə göndərəcəyini deyir. İŞİD-çilərlə bağlı artıq bu proses başlayıb. Hələlik Avropa narahatdır, ancaq təsirli addım da ata bilmir. Hər şeydən öncə, aydın olur ki, İŞİD-in yaradılmasında Qərbin əli var. Digər tərəfdən, məlum olur ki, Avropa yetirdiyi terrorçulardan təcrid olmağa çalışır. Bu isə mümkün deyildir, Ankara qətiyyətlə terrorçuları öz ölkələrinə göndərəcəyini ifadə edir.

Digər məqam ondan ibarətdir ki, Türkiyə Avropaya getmək istəyən bütün qaçqınlara sərhəd qapılarını açıb. Çünki bir neçə ildir ki, milyonlarla qaçqın Türkiyəyə sığınıb. Artıq dövlət onları qəbul edə bilmir. Miqrantlar da Avropaya getmək arzusundadırlar. Deməli, qapıların açılması ilə Avropa üçün xaos və hərc-mərclik qaçılmaz prosesə çevrilə bilər.

Bütün bunlar ümumilikdə Aİ-Rusiya-Türkiyə münasibətləri xəttində bir sıra problemlərin yığıldığını göstərir. Brüssel, faktiki olaraq, iki güclü qonşusu ilə dil tapa bilmir. Bu isə onu göstərir ki, Aİ-nin qonşuluq siyasəti dalana dirənib. Bu siyasətdə konseptual düzəlişlər edilməlidir. Konkret desək, Aİ qonşuları ilə münasibətlərinin prinsiplərini dəyişməlidir. Onların sırasında ancaq özünün deyil, qonşularının da maraqlarının və ehtiyaclarının nəzərə alınması zəruridir. Belə çıxır ki, Brüsselə çətinlikləri ilk növbədə özünün siyasi kursundakı qeyri-müəyyənliklər yaradır. Buna görə də başqalarını günahlandırmaq və ya onların daxili işlərinə qarışmaq xilas yolu deyildir!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...