THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Klintonun "Pandora sandığı"

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9512
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlinin siyasi səhnəsində Pandora roluna iddiaçılar az olmayıb. Marqaret Tetçer, Madlen Olbrayt, Tansu Çillər, Angela Merkel, Helle Torninq-Şmitt (Danimarkanın baş naziri)... Siyahını uzatmaq olar. Lakin bu gün dünya siyasətinin "sirli sandığı” ABŞ-ın dövlət katibi Hillari Klintonun əlindədir. XXI əsrin əvvəllərində "Pandoranın sandığını açması”, qarşısının alınması mümkün olmayan faciələrə gətirib çıxara bilər.

Siyasi mühit çox qloballaşıb. Kiçik hesab edilən bir məkanda xırda yanlışlıq dünyada qarşısıalınmaz proseslərə təkan verə bilir. H.Klinton dünyanın ən qüdrətli və qlobal miqyasda böyük iddiaları olan dövlətini – ABŞ-ı təmsil edir. Müasir dövrün siyasi səhnəsinin real Pandorası odur. "Sandığı”nı açsa, bir bəla, açmasa başqa bəla gəlir. Məşhur yazıçı Bernard Şounun bir deyimi yada düşür: "Dünyada iki faciə var. Onlardan biri ən istəkli məqsədə çata bilməməkdir. Digəri isə həmin məqsədə çatmaqdır”.

H.Klinton Skandinaviya və Cənubi Qafqaz ölkələrinə səfəri zamanı daha çox ümumi xarakterli bəyanatlar verdi. Lakin səfər haqqında dünya mediasında yer almış qiymətləndirmələrdən başqa təəssürat yaranır. Bu səfəri qlobal miqyasda böyük geosiyasi güclərin apardığı mübarizənin bir hissəsi hesab edirlər. ABŞ dövlət katibinin payızda keçiriləcək prezident seçkisinə hesablanmış fikirlər söylədiyini vurğulayırlar. Bununla yanaşı, H.Klintonun Rusiya və İran faktorlarını nəzərə aldığını qeyd edirlər.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz tədqiqatları mərkəzinin böyük elmi işçisi Nikolay Silayev Klintonun Cənubi Qafqaza səfərini belə qiymətləndirib: "Bu, Amerikada prezident seçkiləri öncəsi Klintonun Cənubi Qafqaza son səfəridir”. ABŞ özü üçün strateji əhəmiyyət kəsb edən bu istiqamətdə uğurlarını və problemləri nəzərdən keçirməli idi (1).

Oxşar qiymətləndirmə Qərb siyasətçilərinin söylədikləri fikirlərdə də özünü göstərir. "The New York Times” qəzetində üç diplomat – Avropa Komissiyasının Ermənistan və Gürcüstandakı (Denis Korboy), ABŞ-ın Gürcüstan və Qazaxıstandakı (Uilyam Kortni) və bu ölkənin Gürcüstan və Belarusdakı (Kennet Yalovits) keçmiş səfirləri "Tüğyan edən Qafqazı sakitləşdirmək” adlı məqalə dərc etdiriblər (2). Onlar regionda mövcud olan qarşıdurmanın təhlükəli olduğunu qeyd ediblər. Bu vəziyyətin ABŞ və Avropa İttifaqının bölgədəki maraqları üçün xeyli risk yaratdığını yazıblar. Ona görə də ABŞ narahat Qafqazı sakitləşdirməli və "Rusiya ilə dialoqa girməlidir”. Unutmayaq ki, həmin diplomatlar postsovet məkanında işləmişlər.

H.Klinotunun səfərinə Rusiya XİN-in münasibəti maraqlıdır. Bu qurumun rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib ki, "bu gün dejavyu təəssüratı yaranır” (3). Yəni Klintonun dedikləri "köhnə mahnıdır”, onu eşitmişik.

ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin elmi əməkdaşı Sergey Markedonov H.Klintonun Cənubi Qafqaz səfərinə qlobal geosiyasi kontekstdə nəzər salmağı daha doğru sayır (4). O, ABŞ siyasi dairələrinin "Rusiyanın MDB məkanında nüfuzunun genişlənməsindən qıcıqlandığını”, deyir (4). Buna baxmayaraq, Vaşinqtonun bu bölgəyə can atmasının Moskva, Ankara və Tehranda "çoxlu ziddiyyətli hisslər yaratdığını” qeyd edir. S.Markedonova görə, H.Klintonun səfəri böyük bir geosiyasi məkanda əks-reaksiyalar doğurur.

Bir sıra digər nəşrlər də ABŞ dövlət katibinin Cənubi Qafqaz səfərinin qlobal geosiyasi proseslərlə bağlılığını və mümkün nəticələri önə çəkən analizlər təqdim ediblər (bax: 5).

Xanım Klintonun Sarkisyana komplimenti

Dünya analitiklərinin ABŞ dövlət katibinin Cənubi Qafqaz səfərini qlobal siyasətlə əlaqələndirməsi fonunda, onun Azərbaycan, Ermənistan və Gürcüstanda söylədiyi fikirlər maraq doğurur.

Gürcüstan siyasi dairələri H.Klintonun səfərindən çox həyəcanlandıqlarını gizlətmədilər. Onlar ABŞ-dan təhlükəsizlik, ərazi bütövlüyünün təmini və iqtisadi problemlərin həllində böyük dəstək gözlədiklərini açıq mətnlə ifadə etdilər. H.Klinton isə demokratiya, söz azadlığı və təhlükəsizliyin təmini ilə bağlı vədlərini təkrarladı. Batumidə ABŞ-Gürcüstan əməkdaşlığının strateji aspektlərinin müzakirə olunmasını adi gündəlik məsələ kimi qəbul etmək düzgün olmazdı. Bu, rəsmi Vaşinqtonun onun sözü ilə oturub-duran ölkələrə nə dərəcədə diqqət yetirdiyinin nümayişi idi.

Demək lazımdır ki, həm Qərb, həm də Gürcüstan analitikləri ABŞ-ın bu ölkənin ərazi bütövlüyünü təmin etməli olduğu fikrini birmənalı qeyd edirlər. Rusiya politoloqları da ABŞ-ın bu məsələdə çox canfəşanlıq etməsini vurğulayırlar.

Gerçəklikdə, ABŞ dövlət katibi rəsmi Tbilisiyə konkret heç bir söz verməyib. Onu müdafiə edəcəyini isə birmənalı bildirib. ABŞ-ı Gürcüstanda öz planları daha çox maraqlandırır.

Lakin H.Klintonun ən çox təəccüb doğuran sözləri İrəvandan eşidildi. Xanım Klinton Serj Sarkisyana "bu gözəl lider” deyə, müraciət edib (6). Ermənistan politoloqları bu komplimenti ABŞ-ın Cənubi Qafqazda Ermənistanı "açar dövlət” hesab etməsi kimi qəbul ediblər (7). Əslində, Klinton Ermənistanla bağlı müəyyən xoş sözlər deyib. Hətta Ermənistan-Türkiyə münasibətlərinin normallaşmamasında rəsmi Ankaranı günahlandırıb. H.Klinton, "top Türkiyə tərəfdədir” kimi obrazlı ifadə işlədib. Türkiyədə isə bu məsələ yada düşməyib: H.Klinton-Ə.Davudoğlu görüşməsində Suriyadakı proseslər və terrorla mübarizə danışıqlar mövzusu olub. Hər iki məsələdə ABŞ-la Türkiyə eyni mövqeni nümayiş etdiriblər (8).

Görünür, H.Klinton sırf seçkiyə hesablanmış fikir söyləyib. O, Ermənistan siyasi dairələrinin "başına sığal çəkib”. Ankarada isə bu günün real geosiyasi problemlərinin həllini müzakirə edib.

Əslində, H.Klintonun komplimentləri S.Sarkisyanı "siyasi Tarzan” obrazında təqdim edir. O, Qərbin geosiyasi sahəsinə "tullanmağa hazırlaşan meşə adamı” təsiri bağışlayır. Artıq Rusiyanın sərt nəzərləri rəsmi İrəvana yönəlib. Eyni zamanda, bəzi rusiyalı analitiklər Klintonun dediklərinin seçkiqabağı siyasi ritorika olduğunu və antirusiya ruhunun olmadığını deyirlər (bax: 9).

Cənubi Qafqaz ölkələri sırasında H.Klintonun səfərinə ən təmkinli reaksiya Azərbaycan tərəfdən oldu (10). Təhlilçilər qeyd edir ki, Azərbaycan məsələsi real geosiyasi faktorlarla əlaqəlidir. Ona görə də H.Klinton Azərbaycanda bir qədər fərqli danışdı. Ümumi sözlərlə "Pandora sandığını” bağlı saxladı. Burada bir məqamı vurğulamaq lazımdır.

Dövlət katibi Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi zərurətini Tbilisidə bir neçə dəfə deyib. Orada Rusiyaya Abxaziya və Cənubi Osetiya ərazisindən qoşunları çıxarması haqqında mesaj da verib. Bakıda isə Dağlıq Qarabağ problemindən danışarkən təcavüzkarın adını birbaşa çəkməyib. Qərbli analitiklər və politoloqların ritorikasında da bu məqam özünü göstərir. Gürcüstanın ərazisinin işğal edildiyini isə açıq deyirlər və təcavüzkarı konkret göstərirlər. Azərbaycana və Gürcüstana olan fərqli münasibətin səbəbi nədir? H.Klinton Bakıda bu suala cavab hesab oluna biləcək bir şey deməyib.

Geosiyasi gerçəklik: iki seçimdən biri

ABŞ dövlət katibinin Cənubi Qafqaza səfərinin regiondakı geosiyasi problemlərin həllinə hansı təsiri edəcəyi haqqında qəti fikir söyləmək çətindir. İki il əvvəl olduğu kimi bu dəfə də Amerika diplomatı özünün qlobal geosiyasi maraqları kontekstində bəzi ifadələr işlətdi. Bu, böyük bir oyunun kiçik fraqmenti kimi görünür. Əvəzində Rusiya və İranın regionda fəallaşacağını gözləmək olar. Vaşinqton Ermənistanı özünə tərəf çəkməklə Kremli əlavə tədbirlər görməyə sövq edir. Üstəlik, Ermənistanla erməni diasporu arasında fikir ayrılığının dərinləşəcəyini təxmin etmək olar. Gürcüstan məsələsində gərgin vəziyyətin qalması real görünür. ABŞ faktiki olaraq yaranmış vəziyyətdən çıxış yolunu göstərmir.

Bu səfər təsdiq etdi ki, Cənubi Qafqazda dünya siyasəti üçün ən əhəmiyyətli ölkə Azərbaycandır. Ermənistan və Gürcüstanla bağlı H.Klinton istədiyi fikri deyə bildi, Azərbaycana münasibətdə isə ehtiyatlı davranmaq istəyi açıq göründü. Avropalı politoloqlar H.Klintonun səfəri öncəsi Azərbaycan məsələsinin ABŞ üçün ayrıca əhəmiyyət daşıdığını qeyd edirdilər. Polşalı Pyotr Maçenjek yazırdı ki, Klinton Azərbaycana "müttəfiq axtarışına” gedir (11). Lakin Avropa Azərbaycan məsələsini sətiraltı İsrail-İran problemləri prizmasında təqdim etməyə meyllidir. Bu, yanlış və birtərəfli yanaşmadır.

Biz İran probleminin təsirini istisna etmirik. Lakin Azərbaycan heç bir ölkədən asılı deyil. Əlavə olaraq, Rusiyanın Azərbaycanla əməkdaşlığa çox diqqət yetirdiyini də unutmaq olmaz. Bunlar əhəmiyyətlidir, ancaq əsas faktor deyillər.

ABŞ başa düşür ki, Azərbaycan tam müstəqil xarici siyasət yürüdür. Azərbaycan 7 marşrut üzrə neft və qazını ixrac edir. Daxili sabitlik yüksək səviyyədədir. Ölkə iqtisadiyyatı yüksəlişdədir. Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür. Beynəlxalq enerji layihələrində əsas iştirakçılardan biridir. Analitiklər Azərbaycanın Qərbin enerji təminatında ciddi yer tutduğunu vurğulayırlar. Eyni zamanda, Azərbaycan postosvet məkanı ölkələrinin enerji təchizatında müsbət rol oynayır. Bütün bunların fonunda da demokratik cəmiyyət quruculuğu uğurla davam edir.

Azərbaycan məsələsinin Qərb üçün əhəmiyyətinin bir cəhətini Ariel Koen "The National Interest” dərgisində dərc edilən məqaləsində qeyd edib. O yazır ki, "Qarabağın işğalı Cənubi Qafqazı partlada biləcək barıt çəlləyidir... Bu baş versə...Ermənistanın başqa bir müttəfiqi olan İranın region işlərinə cəlb edilməsi ehtimalı artacaq. Bunlar ABŞ-ın milli maraqlarına cavab vermir” (12).

Siyasətçilər Cənubi Qafqaza səfər edəndə regiondakı geosiyasi reallıqları mütləq nəzərə almalıdırlar. Əks təqdirdə, regionla bağlı tələsik nəticələr çıxara bilərlər. Nəticədə, çox mürəkkəb geosiyasi mənzərəsi olan bu bölgədə fəlakətli proseslərə yol açılar. Bu mənada H.Klintonun səfərini Cənubi Qafqazın geosiyasi mənzərəsində ciddi dəyişikliklərin yeni mərhələsinin başlaması əlaməti kimi qəbul edə bilərik. Belə bir vəziyyətdə region dövlətlərinin hansı mövqedə durmasının əhəmiyyəti böyük olacaq.

Kamal Adıgözəlov

Mənbələr

  1. Николай Силаев. Визитом на Кавказ Клинтон подвела итоги работы США в регионе / Информационное агентство "Росбалт", 9 июня 2012. URL: http://www.rosbalt.ru/main/2012/06/06/989718.html.
  2. Denis Corboy, William Courtney, Kenneth Yalowitz. Calming the Roiling Caucasus / "The New York Times", June 3, 2012. URL: http://www.nytimes.com/2012/06/04/opinion/clinton-in-the-roiling-caucasus.html?_r=1.
  3. У МИД РФ дежавю: Вашингтон снова поощряет Грузию / Информационное агентство "Regnum", 6 июня 2012. URL: http://www.regnum.su/news/1539376.html#ixzz1xH0iZFUJ.
  4. Маркедонов С. Большой Кавказ и геополитические контексты: к итогам поездки Хиллари Клинтон по странам региона / Центр политических технологий, 8 июля 2010. URL: http://vvww.politcom.ru/10401.html.
  5. Thomas de Waal. Mrs. Clinton Goes to Georgia // "The National Interest", June 4, 2012 URL: http://nationalinterest.org/commentary/mrs-clinton-goes-georgia-7000; David M.Herszenhorn. Iran and Azerbaijan, Already Wary Neighbors, Find Even Less to Agree On / "The New York Times", June 5, 2012. URL: http://www.nytimes.com/2012/06/06/world/middleeast/iran-and-azerbaijan-wary-neighbors-find-less-to-agree-on.html; Визит Клинтон предопределит дальнейшую судьбу Закавказья / Информационное агентство "Regnum", 2 июня 2012. URL: http://www.regnum.su/news/1537836.html.
  6. Хиллари Клинтон назвала Сержа Саргсяна "прекрасным лидером" и обещала поддержку его "продолжительной деятельности" / Информационное агентство "Regnum", 4 июня 2012. URL: http://regnum.ru/news/fd-abroad/armenia/1538426.html.
  7. Аршалуйс Мгдесян. Клинтон: жесткая, но безадресная критика / "Georgia Times", 5 июня 2012. URL: http://www.georgiatimes.info/interview/76632-1.html; Армянские эксперты считают, что США стремятся усилить влияние на Южном Кавказе / "Кавказский узел", 7 июня 2012. URL: http://www.kavkaz-uzel.ru/articles/207786/.
  8. Esad’a İstanbul’dan sert mesajlar / "Hürriyet", 8 Haziran 2012. URL: http://www.hurriyet.com.tr/planet/20717266.asp.
  9. Заявления Клинтон в Армении – предвыборная риторика, не направленная против России: эксперты / Информационное агентство "Regnum", 5 июня 2012. URL: http://regnum.ru/news/fd-abroad/armenia/1538742.html#ixzz1xEkDxVc8.
  10. Novruz Məmmədov. Hillari Klintonun ölkəmizə səfəri Azərbaycan ilə ABŞ arasında çox mühüm əməkdaşlığın və tərəfdaşlığın göstəricisidir. "Newtimes.az" analitik informasiya portalı, 6 iyun 2012. URL: http://newtimes.az/az/r0/s4/d8/2/n131/.
  11. Петр Мачёнжек. Клинтон на Кавказе и в Турции о Сирии и Иране. Перелом или тупик? / "Polityka Wschodnia", http://inosmi.ru/usa/20120531/192854137.html.
  12. Ariel Cohen. The Secretary's Daunting Agenda // "The National Interest". June 4, 2012 http://nationalinterest.org/commentary/the-secretarys-daunting-agenda-7001.
Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...