THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Postbreksit mərhələsi: Avropa İttifaqının gələcəyi ilə bağlı qeyri-müəyyənliklər və risklər

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5849
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 sentyabr 2020 – Newtimes.az

Hazırda ekspertlər Avropa İttifaqından Böyük Britaniyanın çıxmasının dəqiqləşməsindən sonra bu təşkilatın gələcəyi məsələsi üzərində düşünürlər. Təhlillər aparıb, proqnozlar verirlər. Yanaşmalar və kriteriyaların müxtəlifliyindən, fərqli ssenarilərdən bəhs edilir. Onların hamısını birləşdirən xüsusiyyət Aİ-nin inkişaf etməsi, yəni, təşkilatın dağılmayacağı və ya ciddi surətdə zəifləməyəcəyi şərtinin qəbul edilməsidir. Aİ müasir dünya siyasətinin əsas aktorlarından biri olaraq qalacaq. Bu tezisdə irəli sürülən ssenarilər prizmasından baxdıqda isə, bir qədər fərqli mənzərə yaranır. Aydın olur ki, həm ssenarilərin özləri tam əsaslandırılmayıb, həm də onların reallaşması konkret şərtlərlə təmin edilməyib. Belə çıxır ki, təşkilatın ekspertləri, mütəxəssis və rəsmi nümayəndələrində belə onun gələcəyi barədə dəqiq təsəvvürlər yoxdur. Bu məqam qlobal proseslərə qeyri-müəyyənlik elementi gətirir.

Mümkün ssenarilər: konkret proqnozun yoxluğu

Böyük Britaniyanın Avropa İttifaqını tərk edəcəyi dəqiqləşəndən sonra ekspertlər bu təşkilatın digər üzvlərinin reaksiyası ilə bağlı müxtəlif proqnozlar verirlər. "Breksit"in bütövlükdə Avropa İttifaqını zəiflədəcəyi tezisi ilə demək olar ki, böyük əksəriyyət razılaşır. Bir qisim isə Aİ-nin çevik islahatlar vasitəsilə daha təkmil struktur halına gəlməsini istisna etmir. Bütün hallarda hələlik müzakirələr nəzəri xarakter daşıyır. Onlara ümumi mövqedən baxılanda, Avropa İttifaqının təkamülünün mümkün ssenariləri haqqında proqnozlar vermək mümkün olur.

Öncədən deyək ki, Aİ-nin tamamilə dağılması ssenarisi nəzərdən keçirilmir, çünki mütəxəssislər bu variantı demək olar ki, istisna edirlər. Hazırkı geosiyasi şərtlər daxilində Avropa İttifaqının aradan çıxması çox böyük geosiyasi silkələnmələrə səbəb ola bilər. Həmin səbəbdən söhbət əsas olaraq bu təşkilatın mümkün transformasiya istiqamətindən gedə bilər. Ekspertlər də diqqətlərini məhz bu çərçivədə mümkün ssenarilərə yönəldirlər.

Bundan başqa, Aİ-dən bəhs edərkən, təşkilatın ekspertləri ilə müstəqil ekspertlərin qiymətləndirmələri arasında fərqlər qeyd edilməlidir. Burada həm də Avropa İttifaqı rəsmilərinin proqnozlarını da nəzərə almaq gərəkdir. Təcrübə göstərir ki, Brüsselin apardığı xətt ümumən təşkilatın real dəyişmələrinin ana xəttini təşkil edir. Məsələn, miqrasiya məsələsində müxtəlif fikirlər, mövqelər ifadə olunur, ancaq Aİ-nin rəsmi olaraq qəbul etdiyi qərarlar əsas təşkil edir. Həmin səbəbdən təşkilatın rəsmi nümayəndələrinin mövqeləri önəmlidir. Bu baxımdan Avropa Komissiyanın keçmiş Prezidenti Jan-Klod Yunkerin "Ağ kitabı" maraq doğurur.

2019-cu ilin martında o, "Breksit"dən sonra Aİ-nin beş mümkün dəyişmə ssenarisindən danışıb. J.-K.Yunkerin arqumentlərindən birinə görə, "Breksit" nə qədər ağrılı və təəssüfedici hadisə olsa da, Avropa İttifaqının gələcəyə doğru hərəkətini dayandıra bilməz. Yəni, Aİ rəsmisi öz ssenarilərini təşkilatın inkişafı aspektində qurub. O, hesab edir ki, istənilən variantda Aİ yaşayacaq və inkişaf edəcək. Lakin daha maraqlısı odur ki, bu prosesi J.-K.Yunker birmənalı qiymətləndirə bilmir. Aİ-nin gələcəyində qeyri-müəyyənliyi avtomatik olaraq qəbul edir və fərqli təkamül xətlərindən bəhs edir. Konkret olaraq o, beş mümkün variant üzərində dayanır.

Birincisi hazırkı kursun davam etməsi variantıdır. Təşkilatın bütün üzvləri islahatlara, iş yerləri probleminə, iqtisadi inkişaf və sərmayə məsələsinə diqqət yönəldəcəklər. Ancaq miqrasiya ilə bağlı təcrübə göstərdi ki, bu ssenaridə birlik pozula bilər. Yəni, birinci ssenarinin risk faktoru az deyil. Bundan başqa, əvvəlki kursun davam etdirilməsi təşkilatın qlobal proseslərin dinamikası ilə ziddiyyətə girməsi deməkdir. Çünki proseslər o dərəcədə sürətlə cərəyan edir ki, bütövlükdə geosiyasətin mənzərəsi dəyişir. Bu mənzərəyə adaptasiya olmaq eyni dərəcədə sürətli dəyişmə tələb edir. Ona görə də "əvvəlki kurs"u qoruyub saxlamaq daha çox hipotetik məzmun kəsb edən ssenariyə bənzəyir.

İkinci variantda Avropa İttifaqı daxili siyasi inteqrasiya proseslərini dayandırır, ancaq bütün gücünü ümumi daxili bazarın inkişafına yönəldir. Bununla yanaşı, J.-K.Yunker vurğulayırdı ki, təşkilatın daxili bazar imkanları məhduddur ki, bu səbəbdən də nəticə ilə proqnoz arasında kəskin fərqlər ola bilər. Deməli, əslində, bu ssenari də mövcud reallığa uyğun deyil. Hər şeydən öncə, hazırkı mərhələdə siyasi inteqrasiyanı inkişaf etdirmədən bazarı daha yüksək inteqrasiya halına gətirmək imkansızdır. Digər tərəfdən isə, Aİ qlobal iqtisadi sistemə sıx daxil olmuş qurumdur. Onun xarici bazara çıxışı ilə daxili bazarın inkişaf dinamikası bir-birini tamamlamalıdır. O halda faktiki olaraq ikinci ssenari daxili bazarla xarici bazar arasında ziddiyyəti gücləndirmiş olacaq. Onun təşkilata nə kimi fayda verəcəyini demək çətindir. Çox güman ki, Avropa İttifaqı iqtisadi cəhətdən daha az cəlbedici ola bilər və onun xarici tərəfdaşlarla əlaqələri zəifləyər.

Qeyri-şəffaflıq şəraitində risklər: ekspertlərin xəbərdarlığı!

Üçüncü variant Avropa İttifaqının fərqli sürətlə inkişaf edən ölkələr birliyinə çevrilə bilməsini nəzərdə tutur. Burada əsas prinsip kimi "daha çox pay uman daha çox iş görməlidir" tezisi qəbul edilir. Bu zaman Avropa İttifaqı daxilində müxtəlif lokal inteqrasiya qrupları meydana gələ bilər. Seçim isə könüllü olmalıdır. Bu ssenaridə ekspertlərin fikrinə görə, təşkilat daha mürəkkəb struktura malik olur. Fərqli təkamül sürətinə malik belə sosial-siyasi-mədəni-iqtisadi sistemin inkişaf qanunları hələ aydın deyil. Bütövlükdə lokal inteqrasiya strukturlarının ortaq təkamül ritminə gəlmələri zərurəti yaranır. Bunun mexanizmi Brüsselə aydın deyil. Üstəlik, J.-K.Yunker də hesab edirdi ki, Avropa İttifaqında şəffaflıq itəcək və struktur çox mürəkkəbləşəcək.

Şəffaflıq məsələsi hazırda təşkilat üçün xeyli aktual mövzudur. Xüsusilə maliyyə məsələsində şəffaflığın olmadığı haqqında təşkilatın bir çox üzvləri danışır. Onlar hesab edirlər ki, Fransa və Almaniya əvvəlcə öz aralarında başlıca məsələləri həll edir, bundan sonra başqa üzvlərə məlumat verilir. Bu baxımdan Transparency International təşkilatının hesabatı ekspertlərin marağına səbəb olub.

Hesabatda göstərilir ki, Almaniya və Fransa təşkilatın digər üzvlərinin maliyyə məsələsində "əl-qolunu bağlaya bilərlər". Bunun səbəbi milli valyutası avro olan 19 Avropa ölkəsini öz ətrafında birləşdirən Avroqrupun fəaliyyətinin şəffaf olmamasıdır. Belə ki, orada Berlin və Parisin üzv dövlətlərin bütün göstəricilərinə çıxışı mövcuddur. Digərləri isə bundan məhrumdurlar.

Deməli, başlıca analizləri fransızlar və almanlar aparıb nəticələr çıxarırlar. Belə çıxır ki, Aİ üzvləri onlara məlum olmayan təhlil əsasında qəbul edilən qərarlara sözsüz əməl etməlidirlər. Bunun isə milli inkişafa mənfi təsiri böyük ola bilər. Çünki həmin analizlər əsasında üzv dövlətlər öz milli inkişaf strategiyalarını hazırlamalıdırlar. Konkret olaraq üzvlər analizlərdən və göstəricilərdən məlumatsız şəkildə öz inkişaf strategiyalarını müəyyən etməlidirlər. Bu isə son dərəcə risklidir və təhriflərə, sapıntılara yol aça bilir. Belə bir mexanizmlə hansı obyektivlik və ədalətlə Aİ-yə daxil olan üzvlərin harmonik inkişaf xəttini müəyyənləşdirmək olar? Həmin sahədə ətraflı informasiyaya yalnız Almaniya və Fransa malik ola bilərlər. Belə çıxır ki, məsələn, Polşa və ya Çexiya hökuməti öz ölkəsinin hazırkı vəziyyəti və inkişaf imkanları barədə fransızlardan və almanlardan az məlumata malikdirlər. Təbii ki, özünə hörmət edən istənilən dövlət bununla razılaşmaz. Həmin səbəbdəndir ki, Aİ-də bir sıra ölkələr öz milli inkişafını təşkilatın inkişafı prinsiplərindən üstün tutmağa başlayıblar. Bu, Aİ-də inteqrasiya prosesini real müstəvidən kənara çıxarır, o cümlədən fərqli sürətlə inkişaf ssenarisini də xeyli absurd edir.

Dördüncü variantda Avropa İttifaqı diqqətini "az, ancaq daha səmərəli" prinsipinə yönəldir. Burada müxtəlif aktual istiqamətlər üzrə sürətli və qənaətcil inkişafa nail olmaq nəzərdə tutulur. Məsələn, texnoloji innovasiyalar, təhlükəsizlik, miqrasiya, sərhədlərin qorunması və müdafiə sferalarına diqqət artır. Burada əsas məqsəd odur ki, prinsipial əhəmiyyət daşıyan istiqamətlərdə təşkilatın böyük uğur qazanması təmin olunsun. Eyni zamanda, əmək bazarı, regionlara dəstək, tibb, sosial siyasət kimi mühüm sferaların üzv dövlətlərin kompetensiyasına qaytarılması həyata keçirilir. Yəni, bir təşkilat olaraq Aİ ağır problemlərdən azad olunur.

Ancaq burada da bir qeyri-müəyyənlik mövcuddur. Çünki belə olduğu halda Aİ-nin bütöv siyasi sistem kimi gələcəyi riskə girir. Konkret sahələr üzrə inkişafla üzv dövlətlərin kompetensiyasına veriləcək sferalar arasında bir uyğunsuzluq yaranacaq. Müasir siyasi nəzəriyyələrə görə, hazırda cəmiyyətin bütün sahələri bir-biri ilə sıx bağlılıqda inkişaf etməlidir. Yəni, bir sahənin inkişafı avtomatik olaraq digərlərinin inkişafına aparmır. Bu prinsip dördüncü ssenaridə ciddi şəkildə pozulur. Ona görə də həmin ssenari də real görünmür. Konkret desək, Aİ üçün perspektivli deyil.

J.-K.Yunkerin axırıncı, beşinci ssenarisi də xeyli ziddiyyətlidir. Bu ssenariyə görə, Avropa İttifaqı daxili potensialı hesabına inteqrasiyada sinerji effekti yarada bilər. Onun üzvləri arasında əlaqələr daha da inkişaf edər və yeni millətlərüstü təsisatlar meydana gələr. Ancaq mövcud vəziyyətin analizi göstərir ki, burada da kifayət qədər ziddiyyət mövcuddur. O cümlədən üzv dövlətlərin sosial, iqtisadi, hərbi, təhlükəsizlik və digər məsələlərdə fərqli mövqedə olduqlarını təsdiq edən sosioloji araşdırmalar aparıldığına diqqət yetirmək lazımdır. Alınan nəticələr göstərir ki, təşkilata daxil olan ölkələrin cəmiyyətlərində məsələyə fərqli münasibətlər kifayət qədər qabarıqdır. Bununla yanaşı, dünya siyasətindəki silkələnmələr, risklər, qeyri-müəyyənliklər əlavə gərginlik yaradır. Bütün bu kimi faktların prizmasından Avropa İttifaqının "Breksit"dən sonra təkamülü xəttinin müəyyənləşdirilməsi aktual problem olaraq qalır.

Mürəkkəb situasiya: ssenariləri aşan reallıqlar

Ümumiyyətlə, beşinci ssenarini J.-K.Yunker daha təntənəli təqdim etməyə çalışır. Görünür, onun üçün ən uyğun olan ssenari budur. Beşinci ssenaridə Avropa İttifaqı rəsmisi təşkilat daxilində bir sinerji axtarır. Konkret olaraq deyir ki, Aİ ölkələri səlahiyyətləri, resursları və qərar qəbuletmədə məsuliyyəti bölüşəcəklər. Yəni, birgə fəallığı daim gücləndirəcəklər. Sinerji burdadır. Əsas istiqamətlər – avrozonanın gücləndirilməsi, hüququn (qanunun) aliliyi və Avropa İttifaqının səlahiyyətlərinin (dövlətlərüstü idarəetmə strukturlarının yaradılması prosesi) genişlənməsidir. Təşkilatın hazırkı durumuna baxdıqda, bunlar kifayət qədər ciddi iddialardır. Avrozona ilə bağlı konkret tezis aşağıdakı kimidir: "avrozona ölkələri üçün yaxşı olan, hamı üçün yaxşıdır". Aİ-nin və hüququn səlahiyyətlərinin genişlənməsi isə cəmiyyətinin təşkilatın legitimliyinə şübhə edən kəsiminin "ovqatını təlx edəcək". Onlar hesab edirlər ki, Avropa İttifaqının millətlərüstü strukturları milli hökumətdən "izafi hakimiyyət alır".

Burada faktiki olaraq J.-K.Yunker beşinci ssenarinin daxili ziddiyyətlərini ifadə edib. Faktlara baxaq. Aparılan sosioloji sorğu göstərir ki, Aİ-yə daxil olan ölkələrin vətəndaşları avrozonanı heç də birmənalı qəbul etmirlər. Onların avrozonaya daxil olma haqqında təsəvvürləri fərqlidir. Məsələn, Bolqarıstan 2022-ci ildə avrozonaya daxil olmaq fikrindədir. Xorvatiya qarşıdakı 5-7 ili nəzərdə tutur. Polşa isə hələ təşkilata daxil olmaq arzusunda deyil. Polşa hakimiyyətinin qənaətinə görə, bu addım dövlətin xeyrinə deyil. Əlbəttə, təşkilatın fərqli mövqedə olan üzvləri də vardır.

Ancaq məsələ ondan ibarətdir ki, Aİ-nin vahid valyutasına münasibətdə ortaq mövqe yoxdur. Belə olan halda necə ümid etmək olar ki, avrozonanın genişlənməsi ziddiyyətsiz ötüşəcək? İndidən bir sıra üzv dövlətlər avrozonaya daxil olmaqdan ehtiyat etdiklərinin səbəbini açıq deyirlər. Adətən iki arqument gətirilir. Birincisi, yerli bazarda qiymətlər bahalaşacaq və bundan digər üzvlər yararlanmağa çalışacaq. İkincisi, Fransa və Almaniyanın təsiri altına düşüləcək. Çünki bu ölkələrin iqtisadiyyatı çox güclüdür və digər ölkələri asanlıqla vahid valyuta məkanında təsir altına sala bilərlər.

Bu faktların fonunda Avropa İttifaqında milli hakimiyyətlərüstü qurumların yaradılması məsələsi də kifayət qədər problemli görünür. Sosioloji araşdırmalar həmin bağlılıqda maraqlı mənzərəni ortaya çıxarıb. Avropa Komissiyasının apardığı araşdırmaya görə, üzv dövlətlərin vətəndaşlarının təşkilata olan münasibətləri heyrətedici dərəcədə fərqlidir. Alınan nəticələr Aİ rəsmiləri üçün gözlənilməz olub. Məsələn, polyakların 47 faizi ölkənin Aİ-dən çıxmasına üstünlük verir. 45 faiz isə təşkilat üzvü olmağı müsbət hal sayır. 8 faiz tərəddüd edir. Bu, az rəqəm deyil. Və onu göstərir ki, Polşanın sürətlə və davamlı inkişaf etməsinə baxmayaraq, ölkə vətəndaşları hələ də Aİ-yə inanmırlar. Səbəb?

Səbəblər çoxdur. Təhlükəsizliklə bağlı problemlərin aradan qaldırılmaması, polyakların Aİ-nin inkişaf etmiş ölkələrinə miqrasiyasına mənfi yanaşılması, böyük dövlətlərin öz maraqlarını digərlərinə diqtə etməsi, daha kasıb üzvlərin Polşadan öz məqsədləri üçün istifadə cəhdlərinin istisna olunmaması və s. Hətta Böyük Britaniya Şərqi Avropa ölkələrindən olan miqrantlara sosial təminat ödəməyəcəyini açıqlamışdı. London hesab edir ki, bu, büdcə üçün lazımsız yükdür. O zaman Aİ-yə üzv olan Şərqi Avropa ölkələri öz narazılıqlarını bildirmişdi. Lakin bu, Böyük Britaniyanın mövqeyində heç bir dəyişiklik etmədi. Əlavə olaraq ingilis siyasətçilər Aİ-ni tərk etmək səbəblərindən biri kimi miqrasiya faktorunu gətirməkdə davam etdilər.

Cavabsız suallar: Brüssel tərəddüd edir

Görünür, bu kimi ziddiyyətli məqamlar Avropa İttifaqına üzv olan ölkələrin vətəndaşlarının rəyində izsiz qalmır. İnsanlar düşünür və qərarlar qəbul edirlər. Brüsselin verdiyi pafoslu vədlərə elə də inanmırlar. Maraqlısı və qəribəsi budur. Belə çıxır ki, təşkilata üzv ölkələrin ictimai rəyi ilə onların hökumətlərinin mövqeləri arasında uçurum dərinləşir. Bu isə bütövlükdə Aİ-də ziddiyyətləri qabarda bilər. Təbii ki, belə vəziyyətdə sürətli inteqrasiyadan danışmaq elə də əsaslı görünmür.

İtalyanlar da Aİ-yə əmin deyillər. Sosioloji sorğuların nəticələrinə görə, İtaliya əhalisinin 44 faizi təşkilatda qalmağı lazımsız sayır. 46 faiz isə əks-mövqedədir. Məsələ ondan ibarətdir ki, İtaliya kimi inkişaf etmiş bir ölkədə 44 faiz göstərici düşündürücüdür. Bu, Aİ-yə qarşı güclü əks-mövqenin olması deməkdir. Sloveniyada isə Aİ-yə etimadsızlıq daha güclüdür. Onların 48 faizi ölkənin təşkilatdan çıxmasının tərəfdarıdır. Bu, Polşadan da yüksək rəqəmdir. Maraqlıdır ki, "Breksit"in mövcud olmasına rəğmən, Böyük Britaniyada qəribə nəticələr alınıb. Britaniyalıların 45 faizi ölkənin təşkilatda qalmasına üstünlük verir. 42 faiz isə Aİ-ni tərk etməni doğru sayır.

Bunların fonunda Aİ-yə üstünlük verən ölkələr də maraq doğurur. Hollandiyada 87 faiz, Danimarkada 80 faiz, Almaniyada 78 faiz, Finlandiyada 76 faiz Avropa İttifaqına üzvlük məsələsinə müsbət yanaşdıqlarını ifadə ediblər. Baltikyanı ölkələrdə nəticələr daha nikbindir.

Bu rəqəmlər, təbii ki, Aİ-nin daxili inteqrasiyasında problemlərin kifayət qədər qabardığını göstərir. Eyni zamanda, ekspertlərin rəyinə görə, indi Polşa daha həssas məkana çevrilib. Mütəxəssislər hesab edirlər ki, Polşanın təşkilatı tərk etməsi Böyük Britaniyadan da böyük nəticələrə səbəb ola bilər. Arqument ondan ibarətdir ki, Polşa iqtisadiyyatı Avropada Almaniyadan sonra ikinci böyük sistemdir. Bu səbəbdən Varşavanın Aİ-dən uzaqlaşması qitənin iqtisadi sisteminə ciddi mənfi təsir göstərə bilər.

Bununla yanaşı, mütəxəssislər Polşanın təhlükəsizlik baxımından Avropa üçün böyük önəmini vurğulayırlar. Çünki Polşa Rusiya ilə həmsərhəddir və onu qəbul etmir. İki ölkə arasındakı ziddiyyətlər hər kəsə geniş məlumdur. Qəribədir ki, bu ziddiyyətlər azalmır, əksinə, getdikcə daha kəskin xarakter alır. Bu baxımdan NATO-nun London sammitində Polşanın təhlükəsizliyinin təşkilatın nizamnaməsinin beşinci maddəsinə uyğun şəkildə təmin edilməsi haqqında rəsmi qərarın qəbulu məntiqidir. Avropa İttifaqı rəsmən Polşanın təhlükəsizliyini özünə bağlayır. Bunlara baxmayaraq, yenə də Polşada Aİ ilə bağlı həyəcan hökm sürür.

Məsələ ondan ibarətdir ki, Polşa Ali Məhkəməsi ölkədə qəbul edilən qanunların bütövlükdə Aİ-nin qanunlarına zidd olduğunu ifadə edir. Bu isə müəyyən zamandan sonra ölkənin təşkilatdan çıxmasına əsas yarada bilər. Maraqlıdır ki, bu xətti sistemli olaraq Polşadakı siyasi partiyalardan biri yeridir. Həmin partiya hakim Hüquq və Ədalət Partiyasıdır (HƏP). Onun lideri Yaroslav Kaçinskidir. Bu adamı Brüsseldə sevmirlər, hətta "əl dişləyən qudurmuş köpək" adlandırırlar. Bəziləri "Aİ-nin xəstə uşağı" deyir, bir başqası "çərənçi" adlandırır. Lakin maraqlıdır ki, polyakların əksəriyyəti Brüssellə qarşıdurmada məhz öz "çərənçilərini" dəstəkləyirlər. Xatırladaq ki, Polşa yeganə üzv dövlətdir ki, Brüssel ona qarşı sanksiyalar tətbiq edib.

Bu deyilənlər nəyi göstərir? Yuxarıdakı ssenarilərin analizi belə qənaətə gəlməyə əsas verir ki, "Breksit"dən sonra Avropa İttifaqının hansı xətlə təkamül edəcəyi haqqında dəqiq proqnoz vermək mümkün deyildir. Vurğulanan beş ssenarinin də kifayət qədər əsaslı olması şübhə doğurur. Onların hər biri daxilən ziddiyyətlidir və daha çox nəzəri konstruksiya xarakteri daşıyır. Məsələ belədir ki, reallıq həmin ssenarilərdə yer alan təsvirdən xeyli fərqlənir. Onların uyğunlaşdırılması mexanizmləri isə yoxdur. Belə çıxır ki, faktiki olaraq beş ssenarinin reallaşma ehtimalı zəifdir. Başqa tərəfdən, J.-K.Yunker artıq Aİ-də rəhbər deyil. Onu əvəz edənlərin nə düşündükləri də tam aydın deyil.

Bütün bunlar Aİ-nin "Breksit"dən sonra müəyyən müddət təkamül xətti axtaracağını ifadə edir. Brüsselin özü üçün situasiya fərqli məzmun kəsb edir. Digər tərəfdən, qlobal geosiyasətdə müşahidə edilən proseslər risklərin və qeyri-müəyyənliklərin getdikcə artdığını göstərir. Bu baxımdan Avropa İttifaqı inkişaf ssenariləri üzərində yenidən düşünməli olacaq. Əslində, hazırda bu barədə birmənalı proqnoz vermək real şərtlərə uyğun görünmür. Şərait çox sürətlə dəyişir. Avropa İttifaqı onları öncədən görmək və həmin əsasda qərar qəbul etmək imkanına malik deyil. Deməli, bu təşkilatın da qeyri-müəyyən şərtlər daxilində risklərlə "oynamaqdan" başqa yolu yoxdur. Bu, elə bir prosesdir ki, sonucunu kimsə bilmir. O cümlədən Brüssel!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...