THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiyadan Ermənistana hərbi yük tədarükü: təhlükəli eskalasiya?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7388
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 sentyabr 2020 – Newtimes.az

Bu il iyulun 12-16-da Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar olub. Bu, tərəflər arasında 2016-ci ilin aprel döyüşlərindən sonra ən miqyaslı hərbi qarşıdurma idi. Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədində, daha dəqiq desək, Tovuz rayonu istiqamətindəki hərbi təxribatı nəticəsində hər iki tərəfdən onlarla hərbçi həyatını itirib. Bu zaman Azərbaycan tərəfindən 76 yaşlı mülki vətəndaş və 1 general da həlak olub.

Döyüşlərin ən qızğın vaxtında Avropa İttifaqı (Aİ), ATƏT-in Minsk qrupu, BMT, ABŞ və Rusiya daxil olmaqla, beynəlxalq birlik tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb və sonda döyüşlər dayanıb.

İndi isə ekspertlər Yerevanın təxribatının səbəbləri haqda düşünür, öz mülahizələrini irəli sürürlər. Bəziləri hesab edir ki, Ermənistan bu təxribata əl atmaqla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanla münaqişəyə cəlb etməyə çalışıb. Ermənistanda hesab edirdilər ki, KTMT Nizamnaməsinin 4-cü maddəsinə, yəni kollektiv müdafiə haqda bəndə əsasən, bunu edə bilər.

İkincisi, Ermənistan Azərbaycanın beynəlxalq tərəfdaşları ilə birgə ərsəyə gətirdiyi, Tovuz rayonunun yaxınlığında yerləşən və mühüm əhəmiyyətə malik enerji infrastrukturuna zərbə vurmaq istəyib.

Üçüncüsü, Ermənistan rəhbərliyi bununla öz xalqının diqqətini daxili problemlərdən yayındırmağa çalışıb.

Hər bir halda, bu gün iki ölkə sərhədində vəziyyət sabit görünür. Lakin Bakıda Yerevanın hər an yeni təxribata əl ata biləcəyini düşünürlər. Yeri gəlmişkən, Ermənistan bu günlərdə cəbhə bölgəsində kəşfiyyat və diversiya fəaliyyətini yenidən artırıb. Azərbaycan Müdafiə Nazirliyi avqustun 23-də erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanın əsir götürüldüyü haqda məlumat yayıb. Bundan başqa, Müdafiə Nazirliyi son aylarda mütəmadi olaraq, Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatlarının məhv edildiyi haqda xəbərlər yayır. Həmin dronlar Azərbaycan Ordusunun mövqeləri üzərində uçuş həyata keçirməyə çalışan zaman vurulur.

Bütün bunlar vəziyyətin gərgin və təxminedilməz olduğunu göstərir. Rusiya ilə bağlı son xəbərlər isə bu qaranlıq, potensial olaraq hər an partlaya biləcək vəziyyəti daha da gərginləşdirir. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyaya Ermənistan-Azərbaycan münaqişəsinin həllinə vasitəçilik etmək həvalə olunub.

Məsələ ondadır ki, iki ölkə arasında iyulda baş vermiş döyüşlərdən sonra Rusiyanın Ermənistana silah tədarük etdiyi haqda xəbərlər yayılmağa başlayıb. Məlumata görə, iyul döyüşləri zamanı və ondan sonra Rusiya Federasiyasından Ermənistana ümumilikdə 9 uçuş həyata keçirilib. Son günlərdə isə Rostov-Mineralnıye Vodı-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-Yerevan və əks istiqamətdə uçuşların sayında artım müşahidə olunur. Nəticədə Rusiyadan Ermənistana "İL-76” təyyarələri vasitəsilə 510 tondan çox hərbi yükün tədarük edildiyi qeydə alınıb.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı iyul döyüşləri fonunda Moskvanın Yerevana hərbi texnika tədarük etməsindən narahat olduğunu bildirib. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 25-də "Dəniz Kuboku'' beynəlxalq müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün Azərbaycana işgüzar səfər edib. O, silah tədarükü ilə bağlı şübhələrdən danışarkən deyib ki, əslində, Rusiyadan Ermənistana Gümrüdəki 102-ci hərbi bazadakı tikinti işlərilə əlaqədar inşaat materialları daşınır. Lakin Şoyqunun bu izahı skeptikləri qane etməyib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Xarici siyasət məsələləri şöbəsinə rəhbərlik edən Hikmət Hacıyev də bildirib ki, "Rusiyadan Ermənistana müxtəlif istiqamətlərdə yük daşımaları həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir. Rusiya tərəfinin izahı bizi tam qane etmir. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərib. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər''.

Moskvadan Yerevana silah tədarükü bu iki ölkə arasında mövcud strateji hərbi əməkdaşlıq fonunda həyata keçirilir. Rusiyanın Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazasının, Yerevanda isə 3624-cü aviasiya bazası yerləşdiyini qeyd etmək yerinə düşər. Ermənistan hər zaman Rusiyanın hərbi dəstəyinə arxalanır. Moskva Yerevana dəfələrlə pulsuz silah, həmçinin "İskəndər” raket kompleksi tədarük edib. Bütün bunlar isə Rusiyanın Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişənin həllində obyektivliyinə və qərəzsizliyinə kölgə sala bilər.

Bir çox politoloq hesab edir ki, Moskvanın hərbi dəstəyi olmasaydı, Yerevan Azərbaycan ərazilərini işğal altında saxlaya bilməzdi. Demək, Rusiyanın Ermənistana hərbi dəstəyinin arxasında gizli geosiyasi motivlərin dayana biləcəyini düşünən ekspertlərin fikirləri bu məqamda üstünlük qazana bilər. Məsələn, Azərbaycanda nəşr edilən "Yeni Müsavat'' qəzeti iddia edir ki, Rusiya Ermənistanı Cənubi Qafqaza nəzarəti gücləndirmək, Türkiyəni regiondan kənarda saxlamaq strategiyası çərçivəsində silahlandırır.

Digər ekspertlər isə düşünür ki, Moskva Yerevanla Bakını müharibə vəziyyətində saxlamaqla onların üzərində, nəticə etibarı ilə bütünlükdə regional məsələlərə nəzarətini davam etdirməyə çalışır. Bəzilərinə görə isə Rusiya həqiqətən neytral vasitəçidir və bu çətin münaqişədə heç kimin tərəfini tutmur.

Doğrudur, Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə nəzər yetirən zaman Rusiyanın müsbət addımlarına da şahid oluruq. 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsini, 2016-cı ilin aprel döyüşlərinin dayanmasını buna nümunə göstərmək olar. Bu razılaşmalar məhz Moskvanın vasitəçiliyilə əldə olunub.

Başqa sözlə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun fəal üzvüdür və Ermənistanla Azərbaycan arasında ikitərəfli görüşlərin keçirilməsinə dəfələrlə yardım göstərib.

Ümid edək ki, Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı narahatlıq verən, müxtəlif suallar yaradan xəbərlərə yaxın zamanlarda aydınlıq gələcək. Hər halda, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində qərəzsiz vasitəçilik rolundan Yerevanın xeyrinə imtina etdiyini, hətta Ermənistanın hərbi təxribatlarına yol açdığını heç kəs düşünmək belə, istəmir.

Esmira Cəfərova

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...