THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (III yazı)

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10420
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 may 2020 – Newtimes.az

Üçüncü yazıda Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci il mayın 11-də qəbul etdiyi sənəddə ifadə olunan müddəalar fonunda "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində təşkilatla Azərbaycanın qarşılıqlı münasibətlərinin bir sıra özəlliklərinə nəzər salmağa çalışacağıq. Məsələ ondan ibarətdir ki, ekspertlər həmin sənəddəki bir çox müddəalarda birbaşa və ya dolayısı ilə əksini tapan fikirlərin (ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, təhlükəsizliyin təmini, münaqişələrin sülh yolu ilə həlli və s.) daha qətiyyətli və birmənalı şəkildə, gerçəkliyin, o cümlədən siyasi reallığın mürəkkəbliyini və müxtəlifliyini nəzərə almaqla ifadə edilməsində Azərbaycan diplomatiyasının oynadığı roldan haqlı olaraq xüsusi vurğu ilə bəhs edirlər. Biz bu fikirlərə tam qoşulmaqla daha konkret səviyyədə Azərbaycan rəhbərliyinin vurğulanan aspektdə həyata keçirdiyi siyasətin, atdığı addımların Aİ-nin rəhbər dairələrində meydana gətirdiyi dəyişikliklər üzərində geniş dayanmağa ehtiyac görürük. Və bu dəyişikliklərin sənədin məzmununa necə təsir etdiyini müəyyən etməyə çalışacağıq.

Aİ: daha aktiv fəaliyyət zamanı

Avropa Komissiyasının artıq keçmiş sədri Jan-Klod Yunker "Şərq Tərəfdaşlığı" ölkələrinin beşinci sammitində çıxışı zamanı vurğulamışdı ki, "İrəliyə, 2020-ci il və ondan sonrakı dövrə baxaraq dərk edirik ki, daha aktiv fəaliyyət zamanı gəlmişdir. Biz düz yoldayıq, gəlin ona əməl edək". Üç il bundan öncə, ola bilsin ki, bu sözlər ümumi xarakter daşıyırdı. Lakin 2020-ci ilin reallıqlarından baxdıqda, onların daha konkret məzmun kəsb etdiyini görə bilərik. Belə ki, keçən müddətdə Aİ-ni tutduğu yoldan sapdırmağa ciddi cəhdlər oldu. O cümlədən Ermənistan rəhbərliyi ortaya bir sıra absurd ideyalar atmağa çalışdı. Onların məzmunu Aİ-nin 2017-ci və 2020-ci illərdə qəbul etdiyi sənədlərin konkret müddəaları prizmasından daha aydın dərk edilir.

"Şərq Tərəfdaşlığı"nın 2017-ci ildə keçirilən sammitinin Birgə Bəyannaməsində vurğulanırdı ki, sammit iştirakçıları bir daha demokratiyanın möhkəmlənməsinə, qanunun aliliyinə, insan haqlarına və əsas azadlıqlara, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha təsdiq edirlər. "Avropa İttifaqı əvvəlki kimi bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiqdir". Bundan başqa, təşkilat BMT-nin Nizamnaməsinə, 1975-ci il Helsinki Yekun Aktına və ATƏT-in 1990-cı ildə qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına sədaqətini də ifadə edib. Nəhayət, Birgə Bəyannamədə Aİ əvvəlki sammitlərdə müəyyən edilmiş öhdəliklərə əməl etməkdə qərarlı olduğunu vurğulayıb.

Bütün bu deyilənləri 2020-ci ilin may ayının 11-də qəbul edilən sənədin məzmunu kontekstində nəzərdən keçirək. Sənədin 2-ci bəndində qeyd edilir: "Şura "Şərq Tərəfdaşlığı"nın Avropa Qonşuluq Siyasətinin (AQS) konkret regional ölçüsü kimi strateji əhəmiyyətini təsdiq edir...". 2017-ci ildən bu yana "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı baş verən proseslər müstəvisindən baxdıqda, bu tezis həm də Azərbaycanın ötən müddətdə tutduğu mövqe baxımından son dərəcə maraqlıdır.

Məsələ ondan ibarətdir ki, həmin müddətdə Azərbaycan bütün qətiyyəti ilə öz suveren mövqeyini müdafiə etdi və irəli sürdüyü yeni əməkdaşlıq paketindən vaz keçmədi. Azərbaycan Prezidentinin bu təşəbbüsündə Aİ ilə əlaqələr "Şərq Tərəfdaşlığı" çərçivəsində də strateji aspektdə öz real ifadəsini tapıb. Yəni Azərbaycan rəhbərliyi Brüsselin istədiyi kimi Aİ-nin geosiyasi marağına uyğun olaraq keçici, müvəqqəti və daha çox qurumun marağına cavab verən əməkdaşlıq formulunu qəbul etmir. Assosiativ üzvlüyün şərtləri bunu tələb edir. Onu qəbul edən dövlətlər birbaşa Aİ-nin istəklərinə uyğunlaşmalıdır, o cümlədən ərazi bütövlüyü məsələsində də hansısa güzəşti qəbul edə bilər. İndiki vəziyyət göstərir ki, Aİ assosiativ üzvlük çərçivəsində Ukrayna, Moldova və Gürcüstana təzyiqlərini getdikcə artırır. Bu, müstəqil dövlətin strateji maraqlarını nəzərə almamaq deməkdir.

Azərbaycan tutduğu mövqe ilə öz strateji maraqlarına vurula biləcək zərbəni önlədi. 2020-ci ildə qəbul edilən sənəd isə göstərir ki, Azərbaycan Prezidentinin bu əzmkarlığı və qətiyyəti Aİ-nin mövqeyinə də təsir edib. Konkret olaraq, Aİ "Şərq Tərəfdaşlığı"nı özünün qonşuluq siyasətinin əsas regional ifadəsi hesab edir və bu məsələyə strateji aspektdə yanaşır.

Lakin Azərbaycan bu mövqeyini asan geosiyasi şərtlər altında qorumadı. Əksinə, daim rəsmi İrəvanın təxribatları fonunda qətiyyətli mübarizə apardı. Belə ki, Ermənistanın yeni rəhbərliyi müxtəlif bəhanələrlə təxribatçı fikirlər ortaya atır, Aİ-ni birtərəfli mövqe tutmağa təhrik edirdi. Bu işdə ona Avropadakı himayədarları da ciddi dəstək verirdilər. Məsələn, Ermənistanın baş naziri Brüsselə səfərlərində əməkdaşlıq, demokratiya, "məxməri inqilabın bəhrələri" barədə bol-bol, o dərəcədə də boş-boş vədlər verir və bunların fonunda Azərbaycana münasibətdə təhrikçi davranmağa çalışırdı.

Ənənəvi olaraq ermənilərin fikirlərini qəbul edənlər də rəsmi İrəvanın təxribatlarına dəstək verir, müxtəlif şər-böhtan dolu fikirlər irəli sürürdülər. Hətta Azərbaycana qarşı sanksiyalardan, müxtəlif təzyiq xarakterli addımlardan dəm vururdular. Bütün bunların qarşısını Brüssel deyil, məhz Azərbaycan dövləti aldı. Azərbaycan sübut etdi ki, heç bir böhtana, şərə boyun əyən deyil, mövqeyi qətidir – "Şərq Tərəfdaşlığı" yalnız obyektivliyə, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqe tutulduqda, uğurlu ola bilər. Azərbaycan Prezidenti müsahibələrinin birində açıq ifadə etdi ki, Azərbaycan vədinə sadiqdir, lakin milli maraqlarına, beynəlxalq hüquqa uyğun olmayan heç bir şərti qəbul etməyəcək. Bu baxımdan Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramından imtina etmir, ancaq, eyni zamanda, ona can da atmır.

İlham Əliyevin qətiyyəti: sənəddə ərazi bütövlüyü və suverenliyə vurğu

Bunlar, əlbəttə, Brüssel üçün soyuq duş idi və burada anladılar ki, müstəqilliyini və suverenliyini strateji miqyasda müqəddəs hesab edən bir dövlətlə ortaq fikrə gəlməlidirlər. Əslində, Aİ-ni bu qənaətə Azərbaycanın real geosiyasi meydanda atdığı addımlar vadar etdi. Onlar 2020-ci ildə qəbul edilən sənədin fonunda daha aktual görünür.

Belə ki, sənədin 2-ci bəndində vurğulanır: "Şura ümumi demokratiya, tərəqqi və sabitlik məkanının yaradılmasına olan birgə sadiqliyi təsdiq edir. Bunu ərazi bütövlüyü, müstəqillik və suverenlik də daxil olmaqla beynəlxalq nizamın, beynəlxalq hüququn qaydalarına və normalarına əsaslanaraq edir". 2017-ci il sənədində olduğu kimi, burada da Aİ Şurası Helsinki Yekun Aktı və ATƏT-in Paris Xartiyasını vurğulayır. Həmin kontekstdə də dayanıqlı inkişaf və bazar iqtisadiyyatının fundamental dəyərlərinə əməl olunması zərurətini ifadə edir.

Belə görünür ki, vurğulanan məqamlarla bağlı da Aİ rəsmi İrəvanın cəhdlərinə baxmayaraq mövqeyini nəinki dəyişib, hətta daha konkret səviyyədə onu ifadə edib. Brüsselin "Şərq Tərəfdaşlığı" proqramını Azərbaycanın illərdir təbliğ etdiyi şərtlər daxilində həyata keçirmək niyyəti aydın ifadə olunur. Bu mənada həmin tezislərin rəsmi sənəddə ifadəsini tapması həm də Azərbaycan diplomatiyasının uğurudur, Prezidentin qətiyyətli, obyektiv, müasir demokratik tələblərə cavab verən mövqeyinin bəhrəsidir. Faktlar bu tezisi tam təsdiq edir.

Belə ki, 2017-ci ildən indiki zamana qədər Azərbaycan müxtəlif sferalarda səmərəli əməkdaşlıq layihələrini inamla həyata keçirib. Nikol Paşinyan gedib Avropada boşboğazlıq edəndə, Azərbaycan Prezidenti konkret layihənin açılışına digər siyasi liderlərlə yanaşı, Avropanın da liderlərini dəvət edirdi. Aİ-nin yüksək vəzifəli rəsmi şəxsləri bu proseslərdə birbaşa iştirak edirdilər. Məsələn, Cənub Qaz Dəhlizi ilə bağlı atılan addımlar, təşkil edilən tədbirlərdə Aİ-nin məsul şəxsləri iştirak etdilər və mövqe bildirdilər. Onların hamısını birləşdirən bir tezis vardı: Aİ Azərbaycanla nəqliyyat və enerji layihələrində birgə çalışmaqdan məmnuniyyət duyur və əlaqələri daha da inkişaf etdirməkdə çox maraqlıdır. O maraqlı idi ki, bu məsələdə sanki Amerika rəhbərliyi ilə Aİ rəhbərliyi yarışa giriblər. İndi də hər iki düşərgədən əməkdaşlıq təklifləri gəlir.

Bunun fonunda Qərb cəbhəsindən Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki fəaliyyətinə dair yeni təklifin edilməsi strateji əhəmiyyət kəsb edir. Konkret olaraq, Amerika və Aİ Azərbaycanın daha geniş məkanda Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihələrdə fəal iştirakını arzuladıqlarını açıq ifadə etdilər! Bu, adi hadisə deyil, əksinə, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi kursun düzgünlüyünə, faydalılığına, beynəlxalq aləm üçün səmərəli olduğuna və konkret olaraq, enerji təhlükəsizliyi kontekstində perspektivli olmasına inamın ifadəsidir.

Məsələ baxılan kontekstdə bunlarla məhdudlaşmır. Azərbaycan rəhbərliyi postsovet məkanında yeganə ölkədir ki, cəmiyyətdə islahatları son dərəcə incə, demokratik, insan haqlarını dəqiq gözləməklə, şəffaf və beynəlxalq normalar çərçivəsində aparmaqdadır. Buraya idarəetmə mexanizmlərinin təkmilləşməsi ilə yanaşı, kadr siyasətinin uğurları da aiddir. Azərbaycan korrupsiya və rüşvətə qarşı hazırda bütün cəbhə boyu uğurla mübarizə aparan yeganə postsovet ölkəsidir!

Bu məqam Ermənistanda N.Paşinyanın uğursuz, kobud və yöndəmsiz "islahatçı addımları", korrupsiya və rüşvətlə mücərrəd "mübarizəsi" fonunda kifayət qədər cəlbedici görünür. İnsanların xatirindədir ki, N.Paşinyan məmurlardan biri ilə söhbətdən sonra iki əli ilə başını tutub, "bəsdir, gedin bu biabırçılıqları başqasına danışın", "mən özümü pis hiss edirəm" deyərək, qətiyyətsizliyi və səriştəsizliyini nümayiş etdirdi. Azərbaycan iqtidarı isə təmkinli, qətiyyətli və səmərəli addımları ilə tərəddüd etmədən, geri çəkilmədən islahatlarını aparır, korrupsiyanın belini qırır.

Əlbəttə, bunları Aİ də görməyə və nəzərə almağa məcburdur. Eyni zamanda, aydın görünür ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində təxribatçı mövqe tutmaqda davam edir. Belə bir prosesi Aİ-nin dəstəkləməsi onun iflası olardı. O cümlədən qondarma "dqr"də "prezident seçkiləri"nin keçirilməsini Aİ qəbul edə bilməz.

Bunlar təsdiqləyir ki, bir neçə ildir N.Paşinyan və komandasının münaqişənin həlli ilə bağlı ortaya atdıqları təxribat xarakterli fikirlərini Brüssel qətiyyən ciddiyə almır, onu qəbul etmir. Bu, zatən həmsədrlərin verdikləri bəyanatlarda da ifadə olunurdu. Deməli, N.Paşinyanın demokratiya, insan haqları, öz müqəddəratını təyinetmə hüququ ilə bağlı söylədiyi nağıllar Azərbaycan rəhbərliyinin əsaslı, qətiyyətli, beynəlxalq hüquqa tam uyğun olan mövqeyinə dəyib, çilik-çilik olmaqdadır. Ermənistan rəhbərliyini artıq himayədarları da əvvəlki inadla müdafiə edə bilmirlər. Beynəlxalq miqyasda sürətlə dəyişən şərtlər ermənilər və onların havadarlarının manevr sahəsini daraldır. Erməni faşizminin məğlubiyyət günü uzaqda deyil.

Nəhayət, qəbul edilən sənəddə bir məqam da Azərbaycanın xarici siyasəti aspektində maraqlıdır. Biz COVID-19-la mübarizədə ölkə rəhbərliyinin müəyyən etdiyi kursun bütün dünya üçün əhəmiyyətli olduğunu nəzərdə tuturuq. Aİ Şurasının may ayında ortaya qoyduğu mövqeni Azərbaycan bir neçə ay bundan əvvəl Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində ifadə edib. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə hər iki təşkilat daxilində pandemiya ilə mübarizədə dayanışma yaranıb. Ermənistan isə adəti üzrə yenə yalnız və aciz qalmaqdadır. İrəvana ancaq "Rusiya ordusu yardım edəcək" deyib, durublar. Fərq aydın görünür. Aİ Azərbaycanın seçdiyi yola uyğun "Şərq Tərəfdaşlığı" çərçivəsində pandemiya ilə mübarizəyə üstünlük verir.

Beləliklə, Avropa İttifaqı Şurasının qəbul etdiyi yeni sənədin məzmunu aydın göstərir ki, beynəlxalq aləmdə Azərbaycanın həyata keçirdiyi siyasi, iqtisadi, enerji, mədəni, təhlükəsizlik kursu yüksək qiymətləndirilir. Aİ kimi təşkilatlar da artıq bu reallıqla hesablaşmaq məcburiyyətindədir.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...