THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-İran münasibətləri: təxribatçı qüvvələrin yeni planları fonunda

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2966
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 sentyabr 2019 – Newtimes.az

Tehranla Bakı arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq xətti Ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Prezident İlham Əliyev həmin xətti uğurla inkişaf etdirir. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri öz bəhrəsini verir. Hazırda iki qonşu və dost ölkə arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı etimad mühiti mövcuddur. Lakin təcrübə göstərir ki, bir sıra mənfur dairələr bu iki müsəlman ölkəsi arasında ixtilaflar yaratmaq planlarından əl çəkmirlər. Son zamanlar bunun təzahürləri özünü göstərir. Livan və İranın bəzi mətbu və şəbəkə resurslarında Bakı və Tehran arasında narazılıq yaratmağa xidmət edən müəyyən informasiyalar yayılıb. Ekspertlər hesab edirlər ki, erməni lobbisi bu istiqamətdə fəallığını artırmağa çalışır. Bununla yanaşı, Ermənistan hakimiyyəti də da pozucu fəaliyyətindən qalmır. Nəticədə, bütövlükdə regionun geosiyasi dinamikası təhlükəli və riskli çalarlar almağa başlayır. Yaradılmağa çalışılan qeyri-müəyyənlik, sözsüz ki, bütün Cənubi Qafqazda sabitliyə və əməkdaşlığa zərbə vura bilər. Bu kontekstdə biz, Ermənistanın və erməni lobbisinin təxribatçı davranışları fonunda regional geosiyasi proseslərdə baş verə biləcək mümkün mənfi tendensiyalar üzərində geniş dayanmağa ehtiyac görürük.

Dağıdıcı fəaliyyət: erməni lobbisi və rəsmi İrəvanın təhlükəli addımları

İran ətrafında yaradılmış gərginlikdən istifadə edərək bir sıra qüvvələr regionda qarışıqlıq meydana gətirməyə çalışırlar. Amerika-İran münasibətlərində risklərin artması fonunda bu, çox təhlükəlidir. Çünki region istənilən an partlaya biləcək barıt çəlləyi halına gələ bilər, bu isə total anarxiyaya gətirib çıxarar. Bu bağlılıqda İranla həmsərhəd olan müsəlman dövlətləri bir-biri ilə düşmən etmək siyasəti də özünü göstərir. Bu baxımdan müəyyən dairələr hazırda üç istiqamətdə fəallıq göstərirlər.

Birincisi, İran-Türkiyə münasibətlərini pozmağa çalışırlar. Çünki Türkiyə İrana böyük dəstək nümayiş etdirir və Amerikanın tətbiq etdiyi sanksiyalara qoşulmur. Prezident Rəcəb Tayyib Ərdoğan son ABŞ səfərindən sonra da bəyan etdi ki, Türkiyənin İrana münasibəti dəyişməyəcək. Yəni Ankara Tehranla qarşılıqlı faydalı əməkdaşlıq xəttini inkişaf etdirəcək. Buraya təbii ki, Suriyada əməkdaşlıq da daxildir.

İkincisi, İranla qonşu Asiya ölkələri arasında ixtilaf yaratmağa cəhd göstərirlər. Bu, Mərkəzi Asiyada Türkmənistan-Tacikistan, Qırğızıstan-Tacikistan, Özbəkistan-Tacikistan münaqişələrini yaratmağa yönəlmiş cəhdlərdir. Buraya Yaxın Şərqdəki terror qruplarının Əfqanıstana köçürülməsi nəticəsində yeni terror dalğası yaratmaq da daxildir. Artıq təhlükəsizlik xidməti orqanları bu barədə xəbərdarlıq edirlər. Terrorçuların Mərkəzi Asiya ölkələrinə sızma cəhdlərinin artdığı müşahidə edilir.

Üçüncüsü, İranla Azərbaycanın arasını vurmağa çalışanlar da mövcuddur. Məsələnin bu tərəfi bizim üçün çox önəmlidir. Məsələ yalnız qonşu və dost İran ilə münasibətlərin pozula bilməsi ilə bağlı deyil, burada həm də Ermənistanın xüsusi geosiyasi məqsəd güdməsi də nəzərə alınmalıdır. Çünki həmin təxribatlar əsas olaraq İrəvandan gəlir. Onun ilk əlamətlərindən biri Nikol Paşinyanın İrana səfəri zamanı "Qarabağ Ermənistandır" şüarı fonunda erməni baş nazirin foto çəkdirməsi oldu. Azərbaycan tərəfinin ciddi etirazları nəticəsində təxribatçı prosesin qarşısı alındı. Lakin sonra aydın oldu ki, məsələ bununla məhdudlaşmır.

İranda ermənilərə məxsus müxtəlif xeyriyyə cəmiyyətləri Azərbaycanın işğal olunmuş ərazilərinə yardımlar göstərməyə başladılar. Onlardan biri "Tevanik" (2014-cü ildə yaradılıb) Azərbaycanın işğal altında olan ərazilərində layihələr həyata keçirir. Bu təşkilatın üzvləri işğal altındakı Azərbaycan torpaqlarına səfərlər edirlər. Həmin hadisələr erməni KİV-lərində geniş işıqlandırılır. Bundan başqa, "Tevanik" sosial şəbəkələrdəki səhifələri vasitəsilə daim Azərbaycanla İranın münasibətlərini sarsıtmağa çalışır. Müxtəlif yalanlar uydurur, şayiələr yayır və iki dövlətin bir-birinə şübhə ilə yanaşmasına səbəb ola bilən addımlar atırlar. Onu da vurğulamaq lazımdır ki, Ermənistanın İrandakı səfirliyi "Tevanik"in üzvləri ilə mütəmadi görüşlər və tədbirlər keçirir. Deməli, həmin təşkilata, əslində, Ermənistan nəzarət edir. İran üçün bu, ciddi siqnal olmalıdır. Dünyanın hər yerində nailiyyətlə fəaliyyət göstərən İran gizli servisinin bu məsələdəki passivliyi düşündürücüdür.

Bu yaxınlarda isə erməni tərəfi yeni bir təxribat prosesinin əsasını qoyaraq İran səmasında vurulan pilotsuz təyyarənin Azərbaycana məxsus olduğu haqqında yalan informasiyalar yaydı. Maraqlıdır ki, bu məsələ Livan mətbuatında da daha çox şişirdilib. İranda da müəyyən informasiyalar yayılır. Ekspertlər hesab edirlər ki, bu hadisələrin arxasında İrandakı və Livandakı erməni lobbisi dayanır. Tamamilə mümkün haldır. Lakin burada yalnız erməni faktorunu nəzərə almaq yarımçıqlıq olmalıdır. Görünür, İranda və Livanda olan bəzi dairələrin marağında vardır ki, Azərbaycanı pis vəziyyətə salsınlar. Bunun da səbəbi aydındır.

Bakı və Tehran ayıqdır: iki müsəlman dövlətin bir-birinə dəstəyi

Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, müstəqil xarici siyasət yeridir, dövlət suverenliyini tam təmin edə bilir. Bu məqam da məlum dairələrin xoşuna gəlmir. Azərbaycanı özünə tabe etdirmək istəyənlər İran və Livandakı əlaltılarının xidmətindən yararlanmağa çalışırlar. Bunun region üçün mənfi fəsadlarının ola biləcəyi şübhəsizdir. Çünki istənilən halda iki qonşu və dost dövlət arasında hər hansı anlaşılmazlığın meydana gəlməsi bütövlükdə regiona təsir göstərəcək. Məsələ ondan ibarətdir ki, İran regionun güclü dövlətidir, Azərbaycan da bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və aktiv iştirakçısıdır. O cümlədən ölkə Şərq-Qərb və Şimal-Cənub dəhlizində xüsusi rola malikdir.

Azərbaycan Şimal-Cənub dəhlizi layihəsində İranla ciddi əməkdaşlıq edir. Xəzər dənizinin statusunun müəyyənləşməsində ölkələr arasında əhəmiyyətli təmaslar vardır. İranla Azərbaycanın əməkdaşlığı həm ikitərəfli xarakter daşıyır, həm də "Yeni İpək Yolu" layihəsi çərçivəsində yeni məzmun kəsb etməkdədir. Bunlardan başqa, İran Azərbaycanın təklif etdiyi üçtərəfli əməkdaşlıq modelində xüsusi yer tutur. Azərbaycan, İran və Rusiya prezidentləri mütəmadi olaraq həmin model çərçivəsində görüşlər keçirirlər. Bundan da bütün region faydalanır.

Hazırda Rusiya-Azərbaycan-İran əməkdaşlığı regional sabitliyin təmin edilməsində ciddi rol oynayır. Hər üç ölkənin liderləri bu istiqamətdə irəli getməyin vacibliyini vurğulayırlar. Deməli, Azərbaycan-İran münasibətləri ancaq iki ölkənin sərhədləri ilə məhdudlaşan hadisə deyil – o, regional təhlükəsizliyin mühüm hissəsidir.

Bunlardan başqa, Azərbaycanla İranı tarix və ənənələr birləşdirir. Hazırda İranda milyonlarla azərbaycanlı yaşayır. Ermənistanla İran arasında hər hansı yaxınlaşmanı azərbaycanlıların ayağına yazmağa çalışanlar da az deyil. Onlar KİV-də belə təəssürat yaradırlar ki, azərbaycanlılar özləri bir-birinə zərbə vururlar. Yəni bir xalq və millət kimi özlərinə qəsd edirlər. Təbii ki, bu primitiv və kobud izahı Azərbaycan xalqı rədd edir. Azərbaycanlılar kimin kim olduğunu çox gözəl bilirlər. İran-Ermənistan əməkdaşlığını inkişaf etdirməyə hansı dairələrin çalışdığı da sirr deyil. Lakin sadə insanlar müəyyən anlarda təxribata uyaraq, lazımsız hərəkətlər edə bilərlər. Bu səbəbdən erməni təbliğatının bu çirkin üzü də ifşa olunmalıdır.

Nəhayət, burada rəsmi İrəvanın bir gizli məqsədini də açıq demək gərəkdir. Ermənistan rəhbərliyi təcavüzkar siyasətini ört-basdır edib, diqqəti başqa səmtə yönəltməklə həm özünün, həm də işğalın ömrünü uzatmağa cəhd göstərir. Onlar hesab edirlər ki, İranla Azərbaycanı bir-birinə düşmən etsələr Dağlıq Qarabağ arxa plana atılacaq. Dünya üçün bu iki dost ölkənin münasibətlərinin normallaşması daha önəmli məsələ kimi qəbul ediləcək. Bununla da Ermənistan həm özünü proseslərdən kənara çəkir, həm də müsəlman dünyasında ziddiyyətlər yaratmaq imkanı əldə edir.

Əlbəttə, bu çirkin planın da puç olması labüddür. Çünki İran və Azərbaycan dövlətləri kifayət qədər ayıq, güclü və işlərini biləndirlər. Onlar Ermənistanın bədxah niyyətlərinin reallaşmasına imkan verməzlər.

Beləliklə, Cənubi Qafqazda erməni təxribatı mövcud geosiyasi mənzərəni xeyli dərəcədə yeni risklərə atır. Ermənistan dağıdıcı və qeyri-konstruktiv siyasəti ilə region dövlətləri arasında nifaq salmağa çalışır. Bu, zatən, erməni xislətinə həmişə xas olmuş xüsusiyyətdir. Onun hazırda məhz yuxarıda vurğulanan aspektdə təzahür etməsi isə regional təhlükəsizlik və əməkdaşlıq baxımından təhlükəli məqamdır.

Həm də ona görə ki, bir sıra dövlətlər regionda vəziyyəti mürəkkəbləşdirmək üçün fürsət gözləyirlər. Onlar əsas olaraq müsəlman ölkələri və xalqlarını bir-birinə düşmən etməyə cəhd göstərirlər. Deməli, indi regionda müşahidə edilən dağıdıcı addımlarda başqa faktorlarla yanaşı, bir islamofobiya əlaməti də mövcuddur.

Bütün bunlar regionda həm də informasiya savaşının daha da intensivləşməsinin əlamətidir. Azərbaycan müstəqil siyasətində, təbii ki, davam edəcək. Eyni zamanda, Azərbaycan informasiya müharibəsində uğur əldə etməkdədir. Prezident İlham Əliyevin tapşırığı ilə hücum taktikasının seçilməsi öz səmərəsini verməkdədir. Bu səbəbdən Ermənistanın yeni təxribat planlarının hamısının puç olacağı tam aydındır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...