THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avrasiya qlobal mübarizənin əsas məkanına çevrilir (I hissə)

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10836
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Vladimir Putin ilk xarici səfər proqramı ilə dünyanı həm təəccübləndirə, həm də planlarının ciddiliyinə inandıra bildi. Rusiya paralel olaraq Qərb və Şərq istiqamətində xarici siyasətinin qarşısında duran vəzifələri reallaşdırmağa başlayıb. Səfərin yekunlarının ilkin təhlili göstərir ki, Avrasiya məkanında ciddi geosiyasi dəyişikliklərin startı verilmişdir.

Rusiyadan Avropaya tarixi mesaj

Avropa İttifaqının prezidenti Herman Van Rompuy Rusiya-Avropa İttifaqının Sankt-Peterburqun Konstantinovsk sarayında keçirilən sammitində tarixi paralellik aparıb. O, həmin sarayı Böyük Pyotrun tikdirdiyini, V.Putinin isə 2005-ci ildə "böyük səkkizlər” üçün bərpa etdirdiyini qeyd edib. H.V.Rompuy Böyük Pyotr və V.Putinin "Böyük Rusiya” yaratmaq planlarında Avropaya xüsusi diqqət yetirildiyini ifadə edib. Rusiya prezidenti Avropa İttifaqı ilə əlaqələrin gələcəyinə Avrasiya inteqrasiyası kontekstində baxdığını sammitdəki çıxışında açıq bildirib. Putin qeyd edib: "Həm Avropa İttifaqı ilə münasibətlərin inkişafında, həm də Avrasiya məkanında inteqrasiya prosesində heç bir problem görmürük. Üstəlik, bu iki inteqrasiya prosesinin bir-biri ilə əlaqələndirilməsi üzərində işləmək niyyətindəyik” (1).

Rusiya prezidenti mövqeyini aydın ifadə edib: Moskva Avropa İttifaqı ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır, lakin bu proses Avrasiya məkanındakı inteqrasiyanın tərkib hissəsi ola bilər. Problemin belə qoyuluşu Avropa İttifaqı ilə Rusiyanı geniş bir inteqrasiya prosesinin bərabərhüquqlu iştirakçısı kimi təqdim etməyə imkan verir. Bu tezisdə Rusiyanın Qərb istiqamətində yeritməyə başladığı uzunmüddətli siyasətin mərkəzi ideyası ifadə olunmuşdur.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Avropa İttifaqının prezidenti Herman Van Rompuyun sammitdəki çıxışının məzmunundan hiss edilir ki, Aİ bütövlükdə Rusiyanın mövqeyini ehtiyatla qəbul edir. Ancaq hələlik Aİ üçün bu, sərfəli variantdır. Birincisi, ABŞ faktoruna görə. Aİ müstəqil geosiyasi güc olmaq iddiasındadırsa, eyni iddiada olan Rusiya ilə münasibətləri inkişaf etdirməli və tədricən ABŞ-dan asılılıqdan qurtulmalıdır. İkincisi, Aİ Rusiyadan Çin tərəfdən gələn "təhlükələrdən” sipər kimi istifadə etmək istərdi. Rusiya Çindən fərqli olaraq Avropa dəyərlərinə çox yaxındır. "Modernləşmə üçün tərəfdaşlıq” proqramının yerinə yetirilməsi gələcəkdə Rusiyanı Birləşmiş Avropanın tərkibinə qata bilər. Çin üçün isə belə bir perspektiv görünmür – o, ayrı bir sosial-mədəni aləmdir!

V.Putin əslində Rusiya-Aİ sammitinə Almaniya və Fransada keçirdiyi görüşlərdən dərhal sonra gəlmişdi. O, Almaniyaya Belarusla tam anlaşma əldə etdikdən sonra getmişdi. Almaniya kansleri A.Merkel ilə danışıqlarda ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təhlükəsizliklə bağlı mövqelərin uyğunlaşdırılması müzakirə olunmuşdu. Fransada isə prezident F.Holland ilə danışıqlarda Suriya və İran məsələsindəki fikir ayrılığı özünü göstərmişdi. Ancaq hər iki dövlət başçısı "siyasi dialoqu davam etdirmək” qərarı almışdılar (2 və 3).

Geosiyasi liderliyin "Şanxay səhnəsi”

Bütün bunlar V.Putinə Mərkəzi Asiya və Çinə səfəri zamanı geniş manevrlər etmək imkanı yaratdı. Əsas hədəf Avrasiya məkanında Rusiya ssenarisi üzrə inteqrasiyaya nail olmaqdır. Bunun yolu isə təhlükəsizlik sisteminin qurulmasından və iqtisadi əməkdaşlığı daha da dərinləşdirməkdən keçir. Bu səbəbdən V.Putin "Asiya qapısını Özbəkistandan açdı”. O, İ.Kərimovla həm azad ticarət zonası, həm də təhlükəsizlik məsələsində razılığa gələ bildi. İ.Kərimov keçirdiyi mətbuat konfransında Özbəkistana kənardan, xüsusilə Əfqanıstan tərəfdən olan təhlükələrdən sığortalanmaq üçün Rusiya ilə əməkdaşlığa önəm verdiyini vurğulamışdı. Bunu Rusiyanın geosiyasi planlarına tam uyğun olan bir addım kimi qəbul etmək gərəkdir. Çünki Rusiya ətraf dövlətləri əsas olaraq iqtisadi və təhlükəsizlik aspektləri üzrə bir araya gətirmək istəyir.

Ona görə də V.Putin Pekinə danışıqlara tam hazır vəziyyətdə gedə bildi. Orada aparılan danışıqların məzmunu və alınan qərarlar bunu sübut edir. "Kommersant” qəzeti yazır ki, Şanxay Əməkdaşlıq Təşkilatı rəqabətliliyin yeni formasıdır (4). Rusiya bu rəqabətdə ilk uğurunu qazanmışdır – V.Putin Pekinin bəzi proqramlarını tormozlaya bilmişdir. Bu proqramlar ŞƏT çərçivəsində maliyyə və iqtisadi strukturlar yaratmaqla Çinin liderliyini təmin etməyə yönəlibmiş. Həmin proqramlardan biri ŞƏT məkanında azad ticarət zonası yaratmağa aid imiş. Rusiya bu proqramı dayandırıb. Paradoks – Rusiya özü MDB məkanında azad ticarət zonasına yeni üzvlər cəlb edir (məsələn, qeyd etdiyimiz ŞƏT üzvü Özbəkistanı), ancaq strateji əhəmiyyət verdiyi ŞƏT daxilində oxşar prosesin getməsini istəmir.

Əsas səbəb belədir: Rusiya ilə Çin arasında artıq Avrasiya məkanında liderlik uğrunda rəqabət başlayıb. Tərəflər bir-birinə önə çıxmaq üçün imkan verməyəcəklər və hər ikisi "yumşaq silah” kimi ABŞ-ın hegemonluq iddiasından yararlanmağa çalışacaq. Yəni Rusiya ABŞ-Çin münasibətlərində rəqabətin güclənməsinə loyal yanaşacaq. Eyni mövqeni Pekinin nümayiş etdirməsi təəccüblü olmazdı.

Bu proseslərdən məntiqi olaraq alınan başqa nəticə Rusiyanın Avrasiya məkanında geosiyasi lider roluna ciddi iddiasının olduğunun dəqiqləşməsidir. İndi Türkiyəni ŞƏT-ə dialoq üzrə tərəfdaş statusunda dəvət edirlər. Türkiyə Avrasiya inteqrasiyasına ciddi baxır.

Lakin Avrasiyada inteqrasiya məsələsinə həm Rusiya, həm də Türkiyədə fərqli yanaşmalar mövcuddur. Bu yanaşmaların geniş təhlilini professor Novruz Məmmədov "Geosiyasətə giriş” kitabının I cildində vermişdir (bax: 5, s.390-404). Burada onu qeyd edək ki, avrasiyaçılıq hərəkatı keçən əsrin 20-ci illərində Rusiyada formalaşmışdır. XX əsrin sonlarında "yeni avrasiyaçılıq”dan danışmağa başladılar. Onun bir neçə növü var (5, s.396-404). Rusiya avrasiyaçılığı bir qayda olaraq, Avrasiya məkanında Rusiyanın liderliyini qəbul edir, Türkiyəni isə arxa plana çəkir. Türkiyə avrasiyaçılığının da bir neçə növü vardır (bir təsnifatda 3, digərində 6 növ göstərilir, 5, s.399-402). Avrasiyaçılığın bu növlərində isə Türkiyə və türk dövlətləri Avrasiya məkanının lideri olaraq qəbul edilir, Rusiya ilə "geosiyasi tarazlıq yaratmaq” (5, s.401) nəzərdə tutulur. Onu deyək ki, Türkiyənin indiki xarici işlər naziri Əhməd Davudoğlu "mühafizəkar avrasiyaçılıq” adlı konsepsiyanın müəllifidir (bax: 6).

Ancaq bu gün Rusiya Avrasiyada konkret inteqrasiya modeli təklif edir. Ona görə də Türkiyənin Rusiya ssenarisi üzrə inteqrasiya proseslərinə cəlb edilməsi cəhdləri gözləniləndir. Yuxarıda deyilənləri nəzərə alsaq, Türkiyənin bu təklifə reallıqda necə reaksiya verəcəyi birmənalı aydın deyil. Yəni hətta yeni avrasiyaçılar daxilində belə böyük rəqabət planları artıq masanın üstündədir.

(ardı var)

Kamal Adıgözəlov

Ədəbiyyat və mənbələr

  1. Саммит Россия-Европейский союз. Начало рабочего заседания саммита Россия-Европейский союз. Rusiya Federasiyası prezidentinin rəsmi internet səhifəsi. 4 iyun 2012. URL: http://kremlin.ru/transcripts/15538.
  2. Рабочий визит во Францию. Rusiya Federasiyası prezidentinin rəsmi internet səhifəsi. 1 iyun 2012. URL: http://kremlin.ru/transcripts/15525.
  3. Рабочий визит в Германию. Rusiya Federasiyası prezidentinin rəsmi internet səhifəsi. 1 iyun 2012. URL: http://kremlin.ru/transcripts/15523.
  4. Александр Габуев, Елена Черненко. Шанхайская организация соперничества / "Коммерсантъ", №101 (4886), 6 июня 2012.
  5. Novruz Məmmədov. Geosiyasətə giriş (İki cilddə. I cild). Bakı, "Azərbaycan” nəşriyyatı, 2011, 576 s.
  6. Ahmet Davutoğlu. Stratejik derinlik. Türkiyenin uluslararası konumu. İstanbul, Küre Yayınları, 2011, 584 s.
  7. Владимир Путин. Россия и Китай: новые горизонты сотрудничества. Rusiya Federasiyası prezidentinin rəsmi internet səhifəsi. 5 iyun 2012. URL: http://kremlin.ru/transcripts/15547.
  8. Встреча с Заместителем Председателя Китайской Народной Республики Си Цзиньпином. Rusiya Federasiyası prezidentinin rəsmi internet səhifəsi. 6 iyun 2012. URL: http://kremlin.ru/transcripts/15567.
  9. Henry Kissinger. On China. New York: Penguin Press, 2011, 608 pp.
  10. Владимир Скосырев. Москва и Пекин отвергнут антиасадовскую интервенцию. Но договоренность о строительстве газопровода маловероятна / Независимая газета, №118 (4923), 6 июня 2012.
  11. Katherine Hille, Jamil Anderlini. Russia and China to strengthen trade ties / The Financial Times, June 5, 2012.
  12. Виктор Васильев. Путин в Китае: стратегическое партнерство против Запада? / Русская служба "Голоса Америки", 5 июня 2012.
  13. Елена Серветтаз. Александр Гольц о НАТО, ШОС, Китае, Роcсии, Казахстане и космодроме "Байконур" / Русская служба RFI, 5 июня 2012.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...