THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Biarritz görüşü: G7-nin fikir ayrılıqları və geosiyasi parçalanmalar sammiti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3545
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 avqust 2019 – Newtimes.az

ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Kanadanın üzv olduğu "Yeddilər qrupu"nun (G7) builki zirvə görüşünün gərgin keçəcəyi öncədən məlum idi. Çünki qlobal miqyasda o qədər çoxlu anlaşılmazlıq, ziddiyyətlər və münaqişələr mövcuddur ki, onların asan həllini gözləmək sadəlövhlükdür. Bundan başqa, artıq dünyada G7-ni hər şeyə qadir qüdrətli təşkilat kimi qəbul etmirlər. Rusiya Prezidenti V.Putin açıq ifadə edib ki, daha böyük təşkilat da var – G20! Dünyanın aktual məsələlərini orada müzakirə etmək daha konstruktivdir. Yəni G7-yə daxil olan ölkələrin iradəsi bütün dünya üçün məcburi deyil. Qlobal səviyyədə olan problemlərin məzmunu da onu göstərir ki, real həll üçün ciddi çalışmalar gərəkdir. Dünyada söz sahibi olan bir neçə dövlətin birgə fəaliyyəti zəruridir. Bu fikirlərin kontekstində Biarritz samitinin nəticələrinin təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Böyük problemlər: həlli yolları görünmür

Dünyanın inkişaf etmiş yeddi ölkəsini birləşdirən təşkilatın Fransanın Biarritz şəhərindəki zirvə görüşünə ekspert dairələrinin marağının böyük olmasının konkret səbəbləri mövcud idi. Bu səbəblərin kökündə iştirakçıların özlərinin qismən etiraf etdikləri problemlər və fikir ayrılıqları dayanır. Fransa Prezidenti E.Makron "kapitalizm ağlını itirib" və "liberalizm çətin vəziyyətdədir" kimi fikirləri təsadüfən ortaya atmayıb. Bunlardan başqa, qlobal miqyasda müşahidə edilən geosiyasi trendlər, problemlər, ziddiyyətlər, ciddi fikir ayrılıqları, münaqişələr də G7 sammitinə olan marağı izah edir.

Sammitin gedişi və yekun bəyannamə bu qənaətin doğruluğunu təsdiqlədi. Tədbirdə iştirakçılar arasında açıqca özünü göstərən fərqli mövqelər, mübahisələr və hətta kəskin razılaşmamalar ekspertlərin diqqətindən yayınmayıb. Özü də maraqlıdır ki, bu kimi hadisələr həm təşkilata üzv olan ölkələrin arasında, həm də digər dövlətlərlə münasibətlərdə özünü göstərib. Dünya siyasətində nələr baş verir?

Məsələlər o qədər çox olub ki, ekspertlər onları sistemləşdirməkdə çətinlik çəkiblər. Bu səbəbdən öncə G7 daxilində mövcud olan vəziyyətə baxaq. Burada ABŞ-ın ənənəvi tam liderlik statusu, deyəsən, bir qədər laxlayıb.

Artıq iştirakçılar yekun sənəd üçün Vaşinqton tərəfə baxmaq istəməyiblər. E.Makron deyib ki, geniş bir bəyannamə qəbul etməyə ehtiyac yoxdur. Burada iki faktor gizlənib. Birincisi, ötən sammitdə qəbul edilən bəyannaməyə D.Tramp Amerikaya dönəndə təyyarədəcə etiraz etmiş və imzasını onun altından çıxarmağı tələb etmişdi. İkincisi, təşkilat üzvlərini tam razı sala biləcək prinsipial məsələlər çox azdır.

Buna görə də G7 dəyəri olmayan bir sənəd qəbul etməyi lazım bilməyib. Əvəzində, cəmi bir səhifədə yerləşən beş bəndli qısa bəyannamə qəbul edilib. Onun dörd bəndi regional münaqişələrə və cəmi bir bəndi ticarət qaydalarına aiddir. Bu isə o deməkdir ki, G7 əsas beynəlxalq problemlərin həllinə münasibət bildirməkdən qaçıb. Bu da təbii ki, yaxşı əlamət sayılmır. Bir neçə səbəbdən.

Hər şeydən öncə anlaşılır ki, dünyanın böyük dövlətləri arasında ortaq siyasi platforma mövcud deyil. Bu vəziyyət yalnız Qərb-Rusiya, Qərb-Çin və ya Qərb-Yaxın Şərq münasibətlərinə aid deyil. Bu istiqamətlərdə siyasi mənzərənin problemli olduğu şübhə doğurmur. Bunlarla yanaşı, G7-yə daxil olan ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, İtaliya, Kanada və Almaniya arasında münasibətlər də yüksək səviyyədə konstruktiv sayıla bilməz.

Yəni təşkilatdaxili siyasi-diplomatik mühit tam konstruktiv məzmun kəsb etmir. Burada hazırda lider olanların özlərinin siyasi taleyinin aydın olmaması da rol oynaya bilər. Məsələn, D.Tramp gələn il seçkidə iştirak etməlidir, Böyük Britaniya "Breksit" yükünün altındadır, A.Merkel siyasi qürubunu yaşayır, İtaliyada koalisyon hökumət dağılıb, Kanada və Fransada da seçkilər olmalıdır. Liderlərin belə vəziyyəti onların tam obyektiv olmasına, cəsarətli addımlar atmasına mane olur. Onlar daha çox öz siyasi karyeralarına uyğun məzmunda danışmağa üstünlük verirlər.

Digər səbəb ABŞ-ın faktiki olaraq G7-yə daxil olan hər bir üzvü ticarət məsələsində və İran problemində sıxışdırması ilə bağlıdır. Üzv dövlətlər ticarət mübahisələrindən elə də məmnun deyillər. Buna görə də onlar D.Trampın "öncə Amerika" deməsinə etiraz etməsələr də, bütövlükdə G7-ni də düşünməsi gərəkliyini söyləyirlər.

Nəhayət, dünyanın müxtəlif regionlarında doğrudan da mürəkkəb münaqişələrin mövcudluğu öz təsirini göstərir. Onların hələlik həlli yolu görünmür. G7 ayrıca təşkilat kimi həmin çətinliklərin öhdəsindən gələ bilmək iqtidarında olmadığını qəbul etməli olur. Ekspertlər burada G7-nin dünya iqtisadiyyatında, demoqrafik çəkidə və başqa faktorlarda mövqeyini itirməyə başladığını da göstərirlər. Məsələn, artıq G7-nin dünya iqtisadiyyatındakı payı 70 faiz deyil, 49 faiz təşkil edir.

Bir səhifəlik sənəd: arzular və reallıq

Bütün bunlar Biarritzdə sammit boyu aparılan müzakirələri və bəzi mübahisələri təbii qarşılamağa əsas verir. G7 üzvləri Rusiyanın yenidən buraya dəvət edilməsi ilə bağlı razılığa gələ bilməyib. ABŞ və Fransanın təşəbbüsünü Almaniya və Böyük Britaniya pis qarşılayıblar. Onlar öncə Krım və Donbas məsələlərinin həll edilməli olduğunu deyiblər. Nəticədə, yekun sənəddə Böyük Britaniya və Fransanın Normand formatında görüş təşkil etməsi haqqında bənd yer alıb.

Ancaq bir sıra ekspertlər Rusiyanın G7-yə dəvətini qlobal geosiyasi proseslərlə birbaşa əlaqələndirirlər. Onlar əsas məsələnin Rusiyanı Çindən uzaq tutmaqdan ibarət olduğunu deyirlər. Lakin Kreml də bunun nə demək olduğunu yaxşı bilir və çətin ki, ikinci dəfə həmin tələyə düşsün.

İran məsələsi də kifayət qədər dramatik situasiya yaradıb. Öncə G7-dən məlumat veriblər ki, H.Ruhaninin Biarritzə dəvəti ilə bağlı ümumi razılıq vardır. Ancaq D.Tramp dərhal reaksiya verərək belə bir razılığı vermədiyini açıq ifadə edib. Buna baxmayaraq, E.Makronun dəvəti ilə xarici işlər naziri M.C.Zərif təcili Fransaya uçub. Fransızlar, almanlar və ingilislərlə üç saatdan çox danışıqlar aparıblar. Nəticə barədə geniş məlumat verilmir. Sammitin yekun bəyannaməsində isə konkret vurğulanır ki, təşkilat üzvləri İranın nüvə silahına malik olmasına qəti surətdə imkan verməyəcəklər, eyni zamanda, regionda sabitsizliyin pozulması da qəbul edilən deyil.

Bunun üçün İrana gündə 700 min barrel neft ixrac etmək imkanı verilə bilər. Tehranın bu təklifə münasibəti məlum deyil. Həm də Tramp-Ruhani görüşü haqqında konkret razılıq yoxdur. Maraqlıdır ki, D.Tramp İran haqqında fikrini dəyişib. O hesab edir ki, onun prezidentliyi müddətində İran "terror dövləti kimi" çox dəyişib, lakin indi necədir, onu aydınlaşdırmır.

Sammitin sənədində Liviyadakı vəziyyət də əks olunub. Orada göstərilir ki, dərhal atəşkəs elan edilməli və məsələnin siyasi müstəvidə həllinə başlanılmalıdır. Bunun üçün beynəlxalq konfrans təşkil etmək olar. Siyasi həll Şimali Afrika ölkəsi üçün yeganə düzgün yoldur. Yanaşma yaxşıdır, ancaq müharibə məsələsində G7-yə daxil olan ölkələrin hansı mövqe tutduğu aydın deyil.

G7 iştirakçıları Honkonqdakı vəziyyətlə də bağlı narahatlıqlarını bildiriblər. Onlar 1984-cü ildə Honkonqla bağlı Çin-Böyük Britaniya bəyannaməsini bir daha xatırladıblar. Həmin sənədə görə, Honkonq 1997-ci ildən Çinə məxsusdur, lakin eyni zamanda, onun yüksək səviyyəli muxtarlığı təmin edilməlidir. G7 Honkonqda zorakılıqdan çəkinməyə çağırıb.

Ekspertlər üçün vurğulanan məsələlərlə yanaşı, ticarət müharibələri ilə bağlı G7-nin ortaq mövqeyi də çox maraqlı olub. Onlar qeyd ediblər ki, 2020-ci ildə bu problemlə bağlı razılaşma əldə edəcəklər. Müəyyən baryerləri sadələşdirəcək və beynəlxalq vergi sistemini yeniləşdirəcəklər. Dünya Ticarət Təşkilatında da dərin islahatlar aparılmalıdır. Bununla "açıq və ədalətli" ticarət mümkün olacaq.

Təbii ki, vurğulanan bəndlər üzrə razılığın əldə edilməsi müsbət haldır. Bununla yanaşı, G7 üzvlərinin konkret olaraq hansı addımları atacaqları məsələsi qaranlıqdır. Yəni bu ümumi müddəalardan asanlıqla imtina edə bilərlər. Həm də üzv dövlətlərdə liderlər dəyişsə, əldə edilən razılıqlar qalacaqmı? Bu sual da açıqdır.

Ayrıca, Rusiya və İran məsələsinə gəldikdə isə, burada hələlik müəmmalı məqamlar az deyil. İran diplomatiyasının aktivliyindən danışırlar, ancaq məsələ tək Tehranla bağlı deyil. ABŞ-ın hansı şərtləri ortaya qoyacağı üzərində də düşünmək gərəkdir. Məsələn, indi İsrail aviasiyası qonşu ölkələri İran obyektləri adı altında bombalayır. Bunun sonu necə ola bilər?

Rusiya məsələsi daha qəlizdir. H.Kissincerin diplomatik məharəti artıq geridə qalıb. Bu, Rusiya üçün indi acı təcrübədir ki, "o sahəyə bir də daxil olmaq" istəmir. Digər tərəfdən də Ukrayna problemi. O halda G7-Rusiya münasibətlərinin taleyi necə olacaq? Deyəsən, qeyri-müəyyənliklər razılıqları üstələyir...

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...