THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

G20 sammitinin başlıca məsələsi: qlobal problemlərin düzgün həlli yolu

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2437
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 iyul 2019 – Newtimes.az

Dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrinin (G20) zirvə görüşləri aktual problemlərin müzakirəsinə həsr edildiyindən, həmişə maraq doğurur. Bu dəfə də istisna olmadı. Yaponiyanın Osako şəhərində keçirilən sammitdə qlobal miqyasda narahatlıq doğuran bir sıra problemlərin həlli yolları müzakirə olundu. Bu dəfə tədbir çərçivəsində aparılan müzakirələrlə yanaşı, ikitərəfli danışıqlar formatı da yer alıb. Və hər iki üsul maraqlı təsir bağışlayıb. Doğrudur, dünyanı narahat edən məsələlərin heç biri ilə bağlı konkret razılıq əldə edilməyib. Ancaq böyük dövlətlər öz mövqelərini ifadə etməklə müəyyən məqamlara aydınlıq gətiriblər. İkitərəfli görüşlərdə isə konkret problemlər üzrə fikir mübadiləsi aparılıb. Bütövlükdə müzakirələrin məzmunu göstərir ki, artıq dünya miqyasında hamının qəbul etdiyi problemlər mövcuddur. Onların həlli zamanı isə artıq yetişib. Əgər həmin istiqamətdə ciddi addımlar atılmasa, sonuc bütün dünya üçün pis ola bilər. Bəlkə də bu kimi nəticə sammitin başlıca yekunudur. Onun növbəti tədbirlər üçün düşünməyə əsas verdiyi şübhəsizdir. Həmin kontekstdə sammitdəki müzakirələrin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Bəşər övladının qayğıları: Osakoda gərgin müzakirələr

"Böyük iyirmiliyə" daxil olan ölkələrin liderlərinin növbəti sammitinə ekspertlər öncədən elə də nikbin baxmırdılar. Hesab edilirdi ki, dünyada yığılıb qalmış geosiyasi, hərbi, iqtisadi və ticari problemlərin bir tədbirdə həlli imkansızdır. Hətta ayrı-ayrı məsələlər üzrə ciddi irəliləyişin əldə ediləcəyinə də inam az idi. Müəyyən mənada bu proqnozlar özünü doğrultdu. Ancaq sammit tam səmərəsiz də olmadı.

Yekun bəyannamədə ifadə edilən fikirlər onu göstərir ki, bir sıra məsələlər üzrə ortaq mövqeyə gəlmək mümkün olub. Yaponiyanın Baş naziri Şinzo Abe də mətbuata verdiyi açıqlamada bu barədə danışıb. O, sammitin nəticələri ilə bağlı danışarkən qeyd edib: ""İyirmilər"lə bağlı ən müxtəlif rəylər mövcuddur. Deyirlər ki, bu klubda mövqe eyniliyi tapmaq çətindir. Ancaq vacibdir ki, biz bir çox problemlərə ümumi yanaşma tapa bildik, ziddiyyətləri qabartmadıq, lakin ortaq məqamlara diqqət yönəltdik". Bütövlükdə sammitin ən böyük nailiyyəti iştirakçıların azad və sərbəst ticarətin inkişaf etdirilməsində eyni mövqedə olması ilə bağlıdır.

Tədbirdə vurğulanıb ki, hazırda bu sahədə problemlər çoxdur. Ticarətdə proteksionizm başlıca prinsipə çevrilməkdədir. Xüsusilə, Amerikanın apardığı ticarət müharibələri dünya miqyasında vəziyyətə neqativ təsir edir. Çinlə bu sahədə olan qarşıdurmadan bütün dünya ziyan görür. Ümumiyyətlə, qloballaşmanın indiki mərhələsində ticarətin qarşısına çıxarılan hər bir maneə hamının zərərinədir. Müzakirələrdən sonra ifadə edilən fikirlər və yekun sənəddə əksini tapan müddəalar göstərir ki, bununla bağlı tədbir iştirakçıları ortaq fikrə gəliblər ki, bunu da siyasi liderlər müsbət addım hesab edirlər.

Sammitin başqa müsbət nəticəsi informasiya terrorunun qarşısının alınması ilə bağlıdır. Hazırda radikal qruplar təbliğatlarını əsasən İnternet üzərindən qururlar. Və uğur da əldə edirlər. Onlar bu üsulla özlərinə kifayət qədər tərəfdaş toplaya biliblər. Bu proses davam edir. İndi dünyanın bir sıra regionlarında terror təbliğatı aparan qruplar güclərini artırmaqdadırlar. Belə getsə, yaxın perspektivdə dini zəmində terror qarşıdurmaları daha geniş məkana yayıla bilər. Bütün bunlara görə, dünya dövlətləri İnternet vasitəsi ilə terror təbliğatının aparılmasına qarşı ortaq hərəkət etməlidirlər. Osakoda bununla bağlı razılıq əldə olunub və o, yekun bəyannamədə öz əksini tapıb.

Ekspertlərin tədbirlə bağlı söylədikləri fikirlərdə iqlim məsələsi ayrıca vurğulanır. Məsələ ondan ibarətdir ki, bu mövzuda mübahisələr daha kəskin olub. Ş.Abenin dediyinə görə, Fransa nümayəndələri yekun sənəddə iqlim dəyişiklikləri ilə bağlı Parisdə qəbul edilmiş sənəd əks olunmasa, onu imzalamayacaqlarını ifadə ediblər. Məlumdur ki, ABŞ Paris müqaviləsindən çıxıb. Bu səbəbdən, müzakirələr bir qədər qızğın olub. Lakin sonucda ortaq mövqeyə gəlinib və bununla bağlı maddə təsbit edilib.

Ekoloji aspektdə digər aktual məsələ plastik qabların istifadəsi ilə bağlı olub. Dünya okeanı plastik tullantılarla çirklənir. Dünyada ən çox plastik qab ABŞ-da istehsal olunur. Sonrakı yerləri Çin, Yaponiya və digərləri tutur. Bu tendensiyanın təhlükəli olduğu vurğulanıb və plastik qabların istehsalının məhdudlaşması, daha sonra isə dayandırılması ilə bağlı müzakirələr aparılıb. 2050-ci ilədək dünya sularının plastik tullantılarla çirklənməsinin tamamilə qarşısının alınması qərara alınıb.

Ədalət və beynəlxalq hüquq: xilas yolunun iki aspekti

Bu kimi pozitiv məqamlarla yanaşı, tədbir iştirakçıları dünya miqyasında siyasi vəziyyətin pisləşməsindən narahatlıqlarını ifadə etməkdən çəkinməyiblər. Onlar iqtisadi vəziyyətin pisləşməsi qədər geosiyasi mənzərənin də gərginləşməsindən narahat olduqlarını açıq deyiblər. Bu sıraya ticarət müharibələri ilə yanaşı, müxtəlif regionlarda müşahidə edilən münaqişələr də daxildir. Bu kontekstdə sammit iştirakçıları İran problemi üzərində xüsusi dayanıblar.

İştirakçıların hamısı bu məsələdən ciddi narahat olduqlarını ifadə ediblər. Baş nazir Ş.Abe mətbuat konfransında həmin məsələ ilə bağlı deyib: "G20 ölkələri İran ətrafında yaranmış situasiyadan böyük qayğı duyduqlarını ifadə ediblər. Regionda gərginlik artır, ABŞ-ın pilotsuz uçan təyyarəsi vurulub. Bir sıra ölkələr bununla bağlı narahatlıqlarını bildiriblər. Tankerlərlə bağlı münaqişələr olub".

Aydındır ki, "İyirmilik" qrupu təsadüfən İran məsələsini qlobal geosiyasi gərginlik kontekstində xatırlatmayıb. Burada ifadə edilir ki, ABŞ-İran qarşıdurması ancaq bu ölkələrin sərhədləri ilə məhdudlaşmır. Onun bütün dünyaya təsiri qaçılmaz olacaq. Və həmin dalğa siyasi, iqtisadi, hərbi, geosiyasi və digər sferalarda öz mənfi təsirini göstərəcək. Bu səbəbdən, İranla bağlı ədalətli və ehtiyatlı mövqe tutmaq gərəkdir. Məlumdur ki, bu cür mövqe Türkiyə və Rusiya tərəfindən bir neçə dəfə ifadə edilib.

Ümumilikdə, qlobal geosiyasi proseslərlə bağlı narahatlığın yekun sənəddə öz əksini tapması ciddi faktdır. Bir daha nüfuzlu beynəlxalq bir qurum etiraf edir ki, dünya miqyasında geosiyasi, siyasi, hərbi və iqtisadi proseslər düzgün istiqamətdə getmir. Böyük dövlətlərin öz maraqları naminə beynəlxalq hüququ tapdalaması öz mənfi nəticələrini verməkdədir. Artıq bu proses o səviyyəyə çatıb ki, üzərində ciddi işləmək lazım gəlir.

Osako sammitinin G20-nin digər sammitlərindən əsas fərqi ondan ibarətdir ki, onun çərçivəsində ikitərəfli danışıqlara daha çox diqqət yetirilib. ABŞ-Çin, ABŞ-Türkiyə, ABŞ-Rusiya, Türkiyə-Rusiya, Fransa-Rusiya və digər ikitərəfli danışıqların nəticələrinin şərhi KİV-də geniş yer alıb. Və maraqlıdır ki, onlara sammitin yekun sənədində ifadə edilən fikirlərdən az əhəmiyyət verilməyib. ABŞ-Türkiyə, ABŞ-Rusiya və ABŞ-Çin danışıqları xüsusi maraq doğurub. Donald Trampla Vladimir Putin saatyarımlıq müzakirələrdə tərəfləri maraqlandıran bütün problemlərə toxuna biliblər. Konkret nəticə olmasa da, mövqelər aydınlaşdırılıb və birgə işləməyi davam etdirmək qərara alınıb. Donald Trampla Rəcəb Tayyib Ərdoğanın görüşü isə konkret nəticə verib. ABŞ Prezidenti Türkiyəyə qarşı səhv mövqe tutduqlarını etiraf edib və müəyyən işlər görməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, Ankaraya qarşı sanksiyalar tətbiq edilməyəcək.

Rusiya-Türkiyə danışıqlarında başlıca mövzu qarşılıqlı əməkdaşlıq və Suriya məsələsi olub. Hər iki mövzuda ortaq mövqeyə gəlinib. V.Putin Suriyada vəziyyətin iki ölkə tərəfindən tam nəzarətdə olduğunu deyib. Rusiya Prezidenti Suriya ilə bağlı daha çox Türkiyə ilə müzakirələr apardıqlarını da ifadə edib.

Vurğulanan məqamlar G20 ölkələrinin sammitinin ümumi ruhunu əks etdirə bilir. Aydın görünür ki, dünya iqtisadiyyatının ən böyük 20 ölkəsini ticarətlə yanaşı, geosiyasi məsələlər də narahat edir. Bu təşkilat etiraf edir ki, dünya miqyasında kifayət qədər problemlər yığılıb qalıb və onları həll etmək zəruridir. Əks halda, bütün ölkələr ziyan görəcək. Hətta böyük müharibə belə yarana bilər. Bunun birbaşa səbəbi kimi Şimali Koreya, beynəlxalq terrorla bərabər İrana qarşı olan münasibəti də göstərmək olar. Deməli, Osako sammiti bütün dünyaya bir daha sadə bir həqiqəti xatırlatdı: ədalət və beynəlxalq hüquq bütün problemlərin düzgün, sivil həlli yoludur. Yuxarıda vurğulanan bütün problemləri birləşdirən də bu iki çatışmazlıqdır. Onlar birbaşa ədalətin və beynəlxalq hüququn prinsiplərinin pozulması nəticəsində meydana gəlib.

Beləliklə, Osako sammiti birbaşa yekun sənəddə ifadə edilən fikirlərlə yanaşı, strateji xarakterli problemlərin həllinin perspektivinin müəyyən edilməsi baxımından da maraqlı olub. Dünyanın böyük dövlətlərinin liderləri canlı ünsiyyətdə 20 aparıcı ölkənin narahatlıqlarını bir daha dinləyiblər. Onlar özləri bundan nəticə çıxarmalıdırlar. Osako sammiti də sübut etdi ki, indiyə qədər şəxsi maraqlara üstünlük verməklə heç bir dövlət heç bir problemini həll edə bilməyib. Əksinə, meydana yeni çətinliklər çıxıb. Bu baxımdan Osako zirvə görüşünün başlıca sualını belə ifadə etmək olar: "bu cür davam etməyin mənası vardırmı?"

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...