THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqının iki mühüm sənədi: suverenlik və sərhədlərin toxunulmazlığının önəmi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4842
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 may 2019 – Newtimes.az

Avropa Parlamenti son toplantılarından birində iki tarixi sənəd qəbul edib. Həmin sənədlərdə təşkilata olan təhlükələr vurğulanıb, onlara qarşı mübarizənin prinsipləri ifadə olunub. Aydın olur ki, Brüssel problemə kifayət qədər böyük ciddiyyətlə yanaşır. Çünki hər iki sənəddə mövcud təhlükələr geniş ifadə edilir. Onların ümumi təbiəti və dağıdıcılıq rolu konkret verilir. Belə görünür ki, Avropa İttifaqı əsas olaraq informasiya müharibələrini təhlükə kimi görür. Burada hərbi element də iştirak edir. Faktiki olaraq, həm Aİ-yə üzv olan dövlətlər, həm də müstəqilliyini əldə etmiş gənc ölkələr üçün ortaq təhlükə meydana gəlir. Bu vəziyyət dövlətlərin suverenliyi və sərhədlərin toxunulmazlığını ciddi təhlükələrə atır. Bütün bunlarla mübarizə aparmaq üçün Brüssel konkret fəaliyyət prinsiplərini müəyyən edib və həmin istiqamətdə addımlar atmağa qərar verib. Həmin kontekstdə Aİ-Azərbaycan münasibətlərinin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac vardır.

Bakı-Brüssel xətti: strateji tərəfdaşlığa maraq

Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamağa çalışan qüvvələr mövcuddur. Zaman-zaman onlar fəallaşır və tərəflər arasında süni anlaşılmazlıqlar yaratmağa cəhdlər göstərirlər. Təəssüf ki, onların sırasında Aİ-nin müxtəlif təsisatları da vardır. Məsələn, Avropa Şurasında bu kimi hallara rast gəlinir. Lakin Azərbaycan diplomatiyasının güclü fəallığı sayəsində real vəziyyət bir qədər fərqlidir. Konkret desək, Aİ getdikcə daha böyük əminliklə başa düşür ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və regionun təhlükəsizliyinin təminində açar rolunu oynayır.

Bunlara Avropa Parlamentinin plenar iclasında böyük səs çoxluğu ilə qəbul etdiyi iki sənəd də əlavə olunub. Onlar "Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə Avropa əleyhinə təbliğata strateji cavab tədbirləri" haqqında və "Avropa Komissiyasına və Avropa İttifaqının xarici nümayyəndələrinin fəaliyyəti ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinə tövsiyələr" adlı qətnamələrdir.

Bu sənədlər Aİ-nin təhlükəsizlik, xarici siyasət, təbliğat, informasiya müharibəsi kimi müxtəlif sahələrdə qarşısında dayanan vəzifələri konkretləşdirir. Qətnamələr geniş hazırlanıb və maddələrdə Aİ-nin aktual hesab etdiyi məsələlər yer alıb. Əgər onları ümumiləşdirsək, Avropa üçün informasiya müharibələri, strateji kommunikasiya vasitələrinin inkişafı və kənardan olan kiberhücumalara müqavimət məsələlərinin daha çox önəm kəsb etməyə başladığını deyə bilərik. Bu istiqamətlərin hər biri üzrə təşkilat qarşısında duran vəzifələr də konkret ifadə edilib.

Belə görünür ki, Brüssel Rusiya, İran, Şimali Koreya və terror təşkilatlarının təhdidlərinə ciddi yanaşır. Xüsusilə sənədlərdə Rusiyanın kiberhücumları, Aİ-dəki seçkilərə müdaxiləni ifadə edən informasiya müharibələrinin aparılması və bu təşkilatla "Şərq tərəfdaşlığı" proqramı, "Yeni qonşuluq siyasəti" layihəsi çərçivəsində əməkdaşlıq edən ölkələrə qarşı yarana biləcək təhdidlərlə mübarizə geniş yer alıb.

"Üçüncü ölkələr dezinformasiyası" ifadəsi altında Aİ özünə və tərəfdaşlarına yönəlik dağıdıcı fəaliyyətlərin mövcudluğunu təsdiq etmiş olur. Bunun nəticəsində dövlətçilik və ərazi bütövlüyünün təmini baxımından ciddi problemlər meydana gələ bilər. Həmin səbəbdən də AP "ondan çıxış edir ki, indi yayılan və gələcək təhlükələr "Şərq tərəfdaşlığı" ölkələrinin hamısının müstəqilliyi və suverenliyini pozmaq məqsədini güdməklə onların beynəlxalq tanınmış sərhədlərini təhdid etməyə yönəlib".

Bununla da Aİ tarixində çox əhəmiyyətli bir qərara imza atmış olur. Brüssel faktiki olaraq özünə qarşı təhdidlərin mərkəzində kiberhücumların və "hibrid-informasiya müharibələri"nin dayandığını qəbul edir. Bu təhlükələr isə birbaşa strateji kommunikasiya vasitələrinin fəaliyyəti ilə bağlıdır. "Strateji kommunikasiya vasitələri" dedikdə, burada inkişaf etmiş ölkələrin istifadə etdiyi ən müasir informasiya-kommunikasiya texnologiyaları nəzərdə tutulur. Konkret olaraq, AP vurğulayır ki, hərbi-informasiya və kommunikasiya texnologiyalarını Aİ ölkələrinin suverenliyinə qarşı istifadə edən ölkələr var. Bu təhlükələr müxtəlif formalar alır. Bunlara qarşı Aİ xarici siyasət üzrə qlobal strategiyanı önə çəkir. Həmin strategiyaya görə, Aİ "üzv olan və olmayan ölkələrin hamısının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını Avropa təhlükəsizliyinin açar elementi kimi müəyyən edir".

Sərhədlərin toxunulmazlığı: başlıca prinsiplərdən biri

Deməli, bu qətnamələr göstərir ki, Aİ üzv dövlətlərlə yanaşı onunla əməkdaşlıq edən hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması qayğısına qalır. Bu prizmadan Azərbaycana Aİ-nin münasibəti ilə bağlı maraqlı nəticələr çıxarmaq olar. Qətnamələrdən görünür ki, bir sıra dairələrin Azərbaycana qarşı "qara piar" kampaniyası aparmasına baxmayaraq, Avropa İttifaqı reallığı görməyə başlayıb. Brüssel Cənubi Qafqazın lider dövləti ilə əməkdaşlığın zəruriliyini dərk edərək, Bakı ilə münasibətlərə çox həssaslıqla yanaşır. Bunun təməl prinsiplərindən biri isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sərhədlərinin toxunulmazlığını qəbul etməkdən ibarətdir.

Onu vurğulayaq ki, Ermənistanın rəsmi dairələri və marginal KİV orqanları belə bir fikir yaratmağa çalışırdılar ki, guya Aİ Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təminindən danışır, ancaq Azərbaycandan danışmır. Bu qətnamələr isə həmin fikrin tam əsassız olduğunu nümayiş etdirir. Aİ bütün müstəqil dövlətlər kimi, Azərbaycanın da suverenliyini və ərazi bütövlüyünü tam qəbul edir. Hətta onlara qarşı mümkün təhlükələrin qarşısının alınmasında da maraqlı olduğunu təsdiqləyir.

Belə çıxır ki, Avropa üçün Azərbaycan geosiyasi baxımdan çox qiymətli ölkədir. Bu müstəvidə Ermənistanın təcavüzkarlığının qəbuledilməz olduğu aydındır. Erməni silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxarılmasından başqa yol yoxdur. Maraqlıdır ki, AP yuxarıda vurğulanan qətnamələri N.Paşinyanın Brüsselə səfərindən bir həftə sonra qəbul edib. Deməli, Brüssel Ermənistan baş nazirinin söylədiklərinə əhəmiyyət vermir. Aİ-nin Azərbaycanla ən yaxın əməkdaşlıqda maraqlı olduğuna şübhə yoxdur.

Bu məsələ Azərbaycanın təklif etdiyi əməkdaşlıq strategiyası çərçivəsində tərəflər arasında əlaqələrin qurulması prosesində özünü göstərir. Brüssel Bakını qane edən şərtlər daxilində strateji əməkdaşlığa razıdır. Bu istiqamətdə Brüssel-Bakı əlaqələrinin inkişaf edəcəyinə şübhə yoxdur.

Qəbul edilən qətnamələrin geosiyasi əhəmiyyəti böyükdür. Aydın olur ki, Avropa İttifaqı öz maraqlarını daha güclü şəkildə qorumağa qərar verib. O cümlədən postsovet məkanında dövlətlərin suverenliyi və təhlükəsizliyi üçün ciddi addımlar atmaq fikrindədir. Təbii ki, bu, Aİ-Rusiya münasibətlərinə əlavə gərginlik gətirə bilər. Bunu Cənubi Qafqazda da hiss etmək mümkündür. Digər tərəfdən, bu regionda ABŞ-Rusiya münasibətlərinin kəskinləşdiyi məlumdur. Bütövlükdə bu cür geosiyasi mənzərə region üçün yeni risklərin meydana gəlməsinə gətirib çıxara bilər.

Ancaq önəmlisi odur ki, Aİ region ölkələrinin suverenliyi və ərazi bütövlüyü məsələsini ön plana çıxarır. Deməli, Brüsselin fəaliyyətində həmin məqamlar özünü daha çox göstərməlidir. Məntiqi olaraq, bu prinsiplərə qarşı çıxan hər bir qüvvə ilə Aİ mübarizə aparmalıdır. Daha açıq ifadə etsək, AP-nin qəbul etdiyi qətnamələrə görə, Brüssel Ermənistanın təcavüzkarlığına son qoyulması istiqamətində daha fəal mövqe tutmalıdır. Avropa İttifaqı bunu edəcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Çünki, təəssüflə demək lazımdır ki, dünyanın digər güc mərkəzləri kimi Aİ də özünün məhdud maraqları naminə bəzən ikili standartlar siyasətinə əl atır.

Eyni zamanda, artıq geosiyasi reallığın dəyişdiyi faktdır. Bunun fonunda ikili standart oyununun sonunun olmadığı bilinməlidir. Əgər Brüssel qəbul etdiyi sənədlərə uyğun davranmasa, onların heç bir dəyəri olmayacaq. Bu isə o deməkdir ki, Azərbaycanla real strateji tərəfdaşlıq niyyəti reallaşmamış qala bilər.

Bütün bunları nəzərə alsaq, Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin Brüssel üçün tarixi bir şans olduğunu deyə bilərik. Həmin sənədlərdə açıq bildirilir ki, təşkilat ciddi təhlükələrlə üz-üzədir. Onlara qarşı mübarizə həyat əhəmiyyətli məsələdir. Mübarizənin mühüm komponentlərindən biri də ölkələrin suverenliyinə və ərazi bütövlüyünə olan təhdidlərin aradan qaldırılmasıdır. Bəlkə, bu prosesə Ermənistanın təcavüzkarlığının aradan qaldırılması ilə başlanılsın? Niyə də yox?!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...