THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2638
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 aprel 2019 – Newtimes.az

Qlobal dünya siyasətində sular durulmur. Geosiyasi güc mərkəzləri arasında mübarizə yeni çalarlar alır. Meydana yeni təhlükələr və risklər çıxır. Düşündürücüdür ki, siyasi liderlər vəziyyəti gərginləşdirməyə yönəlmiş üsullara daha çox üstünlük verirlər. Yəni siyasətçilərin niyyətlərinin də sabitliyə, sülhə nail olmaqla əlaqəli olmadığı təəssüratı yaranır. Bu baxımdan son dövrlərdə Yaxın Şərqlə bağlı baş verən iki hadisə diqqəti daha çox çəkir. Onlardan biri Vaşinqtonun patronajlığı ilə "ərəb NATO-su"nun yaradılmasına başlanması, digəri isə Suriyada böyük dövlətlərin geosiyasi maraqlarının yenidən toqquşmasıdır. Hər iki hadisəni birləşdirən ümumi cəhət regionda vəziyyətin gərginləşdirilməsidir. Həmin kontekstdə Yaxın Şərqdə yaranmış geosiyasi mənzərəni təhlil etməyə ehtiyac görürük.

Bir planın gizli tərəfləri: "ərəb NATO-su" kimlərə sərf edir?

Yaxın Şərqdə geosiyasi əhəmiyyətli proseslərin meydana çıxması gözlənilir. Bu regionda ümumi mənzərənin mürəkkəbləşməsinə aparıb çıxara biləcək hadisələrin ssenariləri hazırlanır. Ekspertlər hesab edirlər ki, bir neçə ildir ki, özünü göstərən dinamika dəyişmək üzrədir. Digər qrup isə bildirir ki, məsələ "Ərəb baharı"nın yeni dalğasının yaradılması ilə bağlıdır. Nümunə kimi Sudan, Əlcəzair və Liviya göstərilir. Bu ehtimalı istisna etmək olmaz. Eyni zamanda, problem həmin prosesin arxasında dayanan qüvvələrin geosiyasi planları və mübarizələri aspektində daha aktual görünür.

Bu prizmadan baxdıqda ümumi mənzərə kifayət qədər mürəkkəbdir və risklərlə doludur. Onun fonunda iki hadisəni ayırmaq olar. Onlardan biri Ər-Riyadda "Strateji Yaxın Şərq Alyansı" (Middle East Strategic Alliance – MESA) üçün çalışmalara başlanmasıdır. Bu layihə Səudiyyə Ərəbistanının liderliyi ilə həyata keçirilməlidir. Onu obrazlı şəkildə "ərəb NATO-su" da adlandırırlar. Bu təşkilatın əsas məqsədi "regionda və dünyada sabitlik və təhlükəsizliyin gücləndirilməsi" kimi təqdim edilir. ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, İordaniya və Qətər bu prosesdə yaxından iştirak edirlər. Misir qəfil həmin layihədən çıxdığını açıqlayıb.

Misir prezidenti Əbdül Fəttah əs-Sisinin bu addımını ekspertlər belə izah edirlər – Qahirə İrana qarşı olan hər hansı siyasi təşkilatda iştirakçı olmaq istəmir. Misir rəhbərliyinin son dövrlərdə Rusiya və Türkiyə ilə müəyyən razılığa gəldiyi vurğulanır. Belə çıxır ki, "ərəb NATO-su" öncədən antiiran mövqedədir. Bu cür hərbi ittifaqın nə dərəcədə qalacağını demək çətindir. Tarixi təcrübə göstərir ki, bir neçə dəfə analoji qurum yaratmaq cəhdi olub. Hələ 1955-ci ildə Türkiyənin liderliyi ilə Yaxın Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok yaratmaq barədə "Bağdad paktı" işlənib hazırlanmışdı. Ancaq sonralar Vaşinqton və Təl-Əviv bundan Türkiyənin daha çox geosiyasi-hərbi dividend götürəcəyini bəhanə edərək, prosesi dayandırıblar.

Digər cəhdlərin də aqibəti eyni cür olub. Lakin bu dəfə amerikalılar Səudiyyə Ərəbistanına üstünlük verməklə həm də Türkiyəyə bir növ xəbərdarlıq edirlər. Ankara təbii ki, öz mövqeyində qalır. Bununla yanaşı, ekspertlər Ər-Riyadın belə bir təşkilatda liderlik edə bilmək potensialının mövcudluğuna şübhə edirlər. Antiiran məqsədli bir təşkilatın yaradılması ilə, ərəb dövlətlərinin öz içində də razılaşmayanlar vardır. Məsələn, Suriya, İraq, Livan və b. Onda faktiki olaraq "ərəb NATO-su" ərəbləri birləşdirmir, onları yeni prinsip üzrə parçalayır. Bu isə həm təşkilatın varlığını sual altına alır, həm də Yaxın Şərqi daha dərin uçuruma aparır.

Vurğulanan səbəblərdən "ərəb NATO-su" layihəsinin həqiqi məqsədləri üzərində düşünməyin vacib olduğu qənaəti yaranır. Onu ABŞ və İsrailin "ortaq planı" adlandırırlar. Başlıca məqsədi isə Yaxın Şərqdə geosiyasi qüvvələr nisbətini İsrailin xeyrinə dəyişməkdən ibarətdir. Bunun üçün diqqəti "dağıdıcı İran"ın üzərinə yönəldirlər. Həm də bu prosesdə özləri ancaq logistik dəstək verən tərəf kimi iştirak etmək niyyətindədirlər. Meydanda isə ancaq müsəlmanlar olmalıdırlar. Yəni müsəlmanlar bir-birini əzməli, qırmalı, geosiyasi qazanc isə kənarda oyunu təşkil edənlərin olmalıdır.

İkinci təhlükə: terrorla mübarizədə anlaşılmazlıq

Yaxın Şərq üçün çox qarışıq, təhlükəli və risklərlə səciyyəvi olan bir vəziyyət yaranır. Faktiki olaraq regionun böyük dövlətləri bir-biri ilə savaşa girməyə yaxınlaşırlar. Bunun mümkün nəticələrini təsəvvür etmək çətin deyildir. Əvvəla, İslam aləmi parçalanır. İkincisi, ərəb dünyası ikiyə bölünür. Üçüncüsü, region mənasız və süründürməçi ixtilaflar prosesinə sürüklənir. Dördüncüsü, bundan daha çox kənarda duran dövlətlər yararlanır.

Sonuncu məqamın da bir neçə aspekti var. Deyək ki, İslam sivilizasiya kimi inkişaf potensialını itirir. Müsəlmanların birləşməsi imkansız hala gəlir. Onların dövlətçilikləri inkişaf perspektivindən məhrum olur. Ölkələr xarabalıqlara çevrilir və onları bərpa etmək yenə də kənarda duranlara qalır ki, bu da əlavə gəlir mənbəyidir. Yəni həm dağıtdırırlar, həm də sonradan dağılanların pulları hesabına ölkələrini bərpa edib, bütün mənalarda özlərindən asılı vəziyyətə salırlar.

Bu kimi proseslərə rəvac verəcək "ərəb NATO-su" nəyə lazımdır? Bu suala, belə məlum olur ki, müsəlmanlar arasında cavab axtaran yoxdur. Olsa da, onların gücü heç nəyə çatmır.

Lakin Yaxın Şərqdə geosiyasi mənzərəni dəyişə biləcək başqa faktor da mövcuddur. Bu, Suriya və İraqla bağlı yaranmış vəziyyətdir. Suriyada Türkiyə və Rusiyanın əməkdaşlığı məlumdur. Bu iki böyük dövlət artıq bir müddətdir ki, orada uğurlu əməkdaşlıq edirlər. Lakin İdlib və Münbic məsələsində fikir ayrılıqları qalmaqdadır. Rusiya İdlibdə terrorla mübarizədə israr edir, Türkiyə isə Münbicdə. Son olaraq bu iki dövlətin həmin mövzuda razılığa gələ bilmədikləri haqqında informasiyalar yayılır. Türkiyə isə Münbicə hücum etmək planından imtina etməyib. Onda müəyyən məqamda Suriyada Rusiya ilə Türkiyə arasında ziddiyyət yaranar ki, bu da bütövlükdə Yaxın Şərqdə geosiyasi dinamikanı yeniləyə bilər.

Bu aspektdə Tehranı da unutmaq olmaz. İran Suriyada hərbi varlığını daha da genişləndirir. Üstəlik, onun İraqda da hərbi əməliyyatlar aparmaq niyyətinin olduğundan danışılır. Artıq Suriyada İsrail İrana məxsus hədəfləri havadan vurur. Rusiya isə buna elə də etiraz etmir. Deməli, ola bilsin ki, Rusiya İranı əvvəlki kimi müdafiə etmək fikrində deyil. Əgər belə bir fakt varsa, onda Suriyada hadisələr çox riskli bir mərhələyə qədəm qoya bilər. İranın "geosiyasi atəş hədəfi"nə alınması daha böyük miqyasda xaosun meydana gəlməsinə rəvac verəcək. Bu halda heç bir region dövləti üçün salamat qurtarmaq şansı qalmır. Çünki İran böyük dövlətdir və onun silkələnməsi bütün regiona ağır zərbələr vura bilər. Məhz bu səbəbdən Yaxın Şərqdə Rusiya-Türkiyə əməkdaşlığı və İranın bu prosesdə yeri və rolu məsələsi daha çox önəm kəsb etməyə başlayıb.

Beləliklə, Yaxın Şərq tədricən iki böyük "geosiyasi axın"ın məkanına çevrilir. İsraildəki seçkilər göstərir ki, Qərb bu istiqamətdə fəaliyyətini gücləndirəcək. Ekspertlərə görə, əslində, "ərəb NATO-su" ideyası da Donald Trampın yenidən seçilməsinə xidmət edir. Vaşinqtonu Yaxın Şərqdə uğur qazanan güc kimi göstərirlər. Deməli, indiki məntiqlə proseslər davam etsə, Yaxın Şərq ciddi təhlükələrlə dolu vəziyyətə düşə bilər.

Əlbəttə, məsələ yalnız həmin regionla məhdudlaşmaya bilər. Proses tədricən Qafqaza və Mərkəzi Asiyaya da yayıla bilər. Bu da həmin regionlarda yeni risk mənbələrinin yaranması, terror dalğasının güclənməsi deməkdir. Ermənilərin Dağlıq Qarabağda terror qrupları yaratdıqları haqqında informasiyalar bu baxımdan düşündürücüdür. Bu proses daha fəlakətli hadisələrin əsasını qoya bilər.

Bunlar indi Yaxın Şərqdə planlaşdırılan hadisələrin yaxın gələcəkdə geniş bir geosiyasi məkanda böyük fəlakətlərə səbəb ola biləcəyi qənaətinə gətirir. Meydanda olan oyunçular kifayət qədər güclüdürlər. Onlar böyük hərbi potensiala malikdirlər. Dağıdıcı silahları var. Ancaq, deyəsən, əsas keyfiyyətə, dialoq aparmaq qabiliyyətinə malik deyillər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...