THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanın xarici siyasəti: prioritetlərin və geosiyasi ziddiyyətlərin kontekstində

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1331
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 may 2018 – Newtimes.az

Dünyada baş verən sürətli və ziddiyyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin xarici siyasət kursunu daha da aktuallaşdırır. O cümlədən müstəqilliyinə qovuşmuş ölkələrin yeni şəraitin tələblərinə cavab verən kurs müəyyənləşdirməsi strateji mahiyyət kəsb edir. Bunun üçün isə həm milli-tarixi ənənədən qaynaqlanan qaydalar gözlənilməli, milli maraqlar təmin edilməli, həm də diplomatiyanın müasir metodlarından yararlanılmalıdır. Ümumi səviyyədə isə müasir qlobal dünyanın çağırışları çərçivəsində fəaliyyət göstərilməlidir. Azərbaycanın xarici siyasət kursunun əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Təcrübə göstərir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr həm də gələcəyə ümidlə baxmağa əsas verir. Bu bağlılıqda Prezident İlham Əliyevin xarici siyasətin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməsi xüsusi əhəmiyyətli məsələ kimi göz önünə gəlir. Həmin məqamların işığında Azərbaycanın xarici siyasətinin bir sıra aspektlərini təhlil etmək zərurətini vurğulamaq istərdik.

Baza prinsiplər: ənənə və müasirliyin qovşağında

Azərbaycanın minilliklərə gedib çıxan dövlətçilik ənənəsi mövcuddur. Bu qədim ənənə siyasət və diplomatiyanı da zənginləşdirib. Dövlətçilik tariximizdə kifayət qədər nümunələr vardır ki, xarici və daxili siyasətin uğurlarını ifadə etmək mümkündür. Təkcə onu vurğulamaq vacibdir ki, hələ VII əsrdə Azərbaycan ərazisində mövcud olmuş Albaniya dövlətinin hökmdarı Cavanşir mürəkkəb geosiyasi vəziyyətdə müxtəlif maraqları tarazlaşdırmaqla dövlətin varlığını qoruya bilmişdi.

Qaraqoyunlu dövlətinin apardığı siyasətin incə məqamları indiki mərhələdə də liderlərin və tədqiqatçıların maraq dairəsindədir. Ağqoyunlu hökmdarı Uzun Həsən isə ənənəvi olan Şərq istiqaməti ilə yanaşı, Avropa ölkələri ilə də əlaqələrə önəm verirdi. Hökmdarın anası Sara Xatun isə dövrünün ən parlaq diplomatları sırasında idi.

Azərbaycanda dövlətçiliyin təkamülünə şübhəsiz ki, onun coğrafi mövqeyi də ciddi təsir göstərib. Ölkəmiz tarixi İpək Yolunun üzərində strateji mövqeyə malikdir. O, daim böyük dövlətlərin maraq dairəsinə daxil olub. Bundan başqa, Azərbaycanın özünün daxili mühiti olduqca zəngindir. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri taleyin hökmü ilə yanaşı yaşamalı olublar.

Nəticədə, Azərbaycanda qədimdən multikultural mühit formalaşıb. Bu da öz növbəsində azərbaycanlıların fərqli mədəniyyətlərə dözümlü və hörmətlə yanaşmasını formalaşdırıb. Təsadüfi deyildir ki, bu regiona səfər edən siyasət və elm adamları Azərbaycan dilini Qafqazın fransız dili, dövləti isə Şərqlə Qərb arasında ən etibarlı körpü kimi qiymətləndiriblər.

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dövlətçilik baxımından Şərqdə ilk demokratik quruluş, siyasətdə ədalətlilik və əməkdaşlıq prinsipinə əsaslanan sülhpərvər bir ölkə olduq. Qısa müddətdə Azərbaycanda bir neçə Avropa ölkəsi və ABŞ-ın diplomatik korpusları fəaliyyətə başladı. Türkiyə və İranla qarşılıqlı münasibətlər daha sistemli hal aldı. Azərbaycanın xarici siyasəti həmin dövrdə çox aktiv rejimdə işləyirdi. Lakin bolşevik istilası hər şeyi yarımçıq qoydu. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

SSRİ-nin tərkibində olduğu müddətdə Azərbaycan təbii ki, müstəqil xarici siyasət yeridə bilməzdi. Ancaq xoşbəxtlikdən xalqın Heydər Əliyev kimi övladı SSRİ-nin idarə edilməsində yaxından iştirak edirdi. Sovet dövründə Ulu Öndərin Azərbaycan üçün etdikləri ayrıca bir tarixdir. Heydər Əliyev siyasət və müxtəlif sahələr üzrə kadrların yetişdirilməsi istiqamətində son dərəcə dahiyanə addımlar atırdı.

Uzaqgörən böyük siyasətçi hər kəsdən aydın görürdü ki, vaxt gələcək və müstəqil Azərbaycanı idarə etməli olacaq kadrlara böyük ehtiyac yaranacaq. Həmin səbəbdən mərkəzi qıcıqlandırmadan ustalıqla milli kadrları yetişdirir və eyni zamanda, milli mədəniyyətin bütün sahələrinin inkişafına böyük önəm verirdi.

Tarix Heydər Əliyevin tam haqlı olduğunu təsdiqlədi. SSRİ dövründə peşəkarlıqla həyata keçirilən milli kadrların yetişdirilməsi və mədəni mühitin qorunaraq inkişaf etdirilməsi strategiyası XX əsrin 90-cı illərinin əvvəllərində müstəqil dövlət quruculuğu, o cümlədən xarici siyasət üçün həyat əhəmiyyətli olduğunu nümayiş etdirdi. Bu məqamı daha dolğun dərk etmək üçün 1991-1993-cü ilin iyununa qədər ölkədə yaranmış vəziyyətə qısa nəzər salmağa ehtiyac vardır.

SSRİ-nin dağılması ilə müstəqillik əldə edən sovet respublikaları arasında Azərbaycan da vardı. Lakin bu mərhələdə ən çox zərbə alan və praktiki olaraq parçalanmaq təhlükəsi ilə Azərbaycan qədər üzləşən ikinci bir postsovet ölkəsi də yox idi. Havadarlarının aktiv dəstəyi və istiqamətləndirməsi ilə Ermənistan Azərbaycana durmadan hərbi təcavüz edirdi. Torpaqlar işğal olunur, insanlar öz yurdlarından didərgin salınırdı.

Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Bakının nəzarətindən çıxmışdı. Lakin düşmən bununla kifayətlənmir, ölkənin digər bölgələrində də separatizmi alovlandırmağa çalışırdı. Azərbaycanlılara qarşı həmin illərdə qanlı terror aktları törədildi. Getdikcə aydın olurdu ki, dost olmayan dairələrin əsas məqsədi dünya xəritəsindən Azərbaycan adlı dövləti silməkdir.

Düşmən düşməndir – onun hərəkətləri arxasında duran məqamlar aydındır. Ən pisi o idi ki, o dövrdə Azərbaycana rəhbərlik edənlər bütün bu təhlükələrə qarşı sanballı addımlar ata bilmirdilər. Onlar həm qeyri-peşəkar siyasət yeridir, həm də hakimiyyət uğrunda bir-biri ilə savaşırdılar. Xarici siyasətdə uğur deyilən bir şey yox idi. Əksinə, bir ifratçılıqdan digərinə keçilirdi. Bu da həm müstəqil dövlətin daxili və xarici siyasətini sistemli-konseptual hala gətirməyə mane olurdu, həm də, ümumiyyətlə, müstəqil dövlətin mövcudluğunu təhlükəyə atırdı.

Bu çətin illərdə Azərbaycan xalqı çox müdrik bir addım atdı – Ulu Öndər Heydər Əliyevin yenidən ölkəyə rəhbərlik etməsi üçün təşəbbüs göstərildi. Bu, 1993-cü il iyunun 15-də baş verdi. Həmin tarix Azərbaycanın qurtuluşu, siyasətimizin isə müasir tələblərə cavab verən forma, məzmun və məqsədlərlə təmin edilməsinin başlanğıcı idi.

Xarici siyasət strategiyası: üç meyar və səkkiz faktorun işığında

Mütəxəssislər vurğulayırlar ki, Ulu Öndər müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasını üç əsas meyarı nəzərə alaraq müəyyən etdi. Onlar dövrün çağırışlarına cavab vermək, ölkəmizi əhatə edən geosiyasi reallığı nəzərə almaq və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxarmaqdan ibarət idi.

Bu, faktiki olaraq postsovet məkanında formalaşmış yeni geosiyasi şəraitdə müstəqil xarici siyasət kursu modelini yaratmaq idi. Ulu Öndər həmin strategiyanı üç səviyyəni nəzərə almaqla müəyyənləşdirdi. Birinci səviyyə Azərbaycan milli dövlətçilik ənənəsinin fəlsəfəsini xarici siyasətin təməlinə yerləşdirməkdən ibarət idi. Bu meyar birbaşa xarici siyasətdə milli maraqlara üstünlük vermək prinsipini qəbul etməyi tələb edirdi.

İkinci meyar kimi Azərbaycanı əhatə edən geosiyasi reallığın nəzərə alınmasının müəyyənləşməsi regional və qlobal miqyasda müşahidə edilən geosiyasi xarakterli proseslərin xarici siyasət modelində böyük ölçüdə nəzərə alınmasını şərtləndirirdi.

Belə bir mövqe faktiki olaraq müasir nəzəri elmdə əsas prinsiplərdən biri sayılan sistemli yanaşmanın xarici siyasətə uğurlu tətbiqi anlamına gəlir. Orada vurğulanır ki, istənilən, hətta ən mükəmməl struktura malik olan sistem belə ətraf aləmdən olan təsirləri lazımi qaydada nəzərə almadan inkişaf edə bilməz. Hətta onun mövcudluğu üçün böyük təhlükələr yaranar. Azərbaycanın xarici siyasətində mövcud geosiyasi dinamikanı nəzərə almaq çox uğurlu və praqmatik bir seçim idi.

Üçüncü meyar müasir tarixi mərhələdə siyasətə yeni yanaşmanın göstəricilərindən biridir. Çağdaş dövrün çağırışlarını diqqətə almaq xarici siyasətin ən incə və yüksək peşəkarlıq tələb edən aspektini təşkil edir. Çünki burada qlobal miqyasda özünü göstərən problemlərin, beynəlxalq münasibətlərin və beynəlxalq hüququn rastlaşdığı çətinliklərin fonunda müstəqil xarici siyasət yeritmək bacarığı tələb olunur.

Heydər Əliyev keçən əsrin 90-cı illərində BMT-nin yüksək tribunasından söylədiyi nitqlərində faktiki olaraq, Azərbaycanın xarici siyasətinin dövrün çağırışlarına reaksiyasının təməl qaydalarını ifadə edib. Həmin nitqlərdə həm Azərbaycanın üzləşdiyi problemlər, həm regional miqyasda müşahidə edilən ziddiyyətli və təhlükəli hadisələrin arxasında duran məkrli məqsədlər, həm də dünya səviyyəsində özünü göstərən geosiyasi qeyri-müəyyənliklər əks olunub. Azərbaycana olan hərbi təcavüzə bu və ya digər bəhanələrlə haqq qazandırmağın bütövlükdə dünya üçün hansı təhlükələri ortaya qoya biləcəyi barədə ciddi xəbərdarlıqlar edilib.

Bunlarla yanaşı, Ulu Öndər həmin dövrdə BMT-də ifadə etdiyi fikirlərdə bu beynəlxalq təşkilatın islahatlara getməsinin zəruriliyini əsaslandırıb. Beynəlxalq hüquq və münasibətlər sistemini böhrana salan davranışlardan uzaq durulmasını mükəmməl şəkildə çatdırıb.

Bütün bu çoxsaylı faktorları nəzərə alaraq Heydər Əliyev xarici siyasət strategiyasında səkkiz başlıca amili irəli sürdü. Onlardan birincisi Azərbaycanın təbii-coğrafi, geosiyasi özəllikləri və yerləşdiyimiz ərazinin geosiyasi əhəmiyyətini əhatə edir. İkinci faktor tarixi reallıq və ondan çıxarılan nəticələrdən ibarətdir. Üçüncü tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurətidir. Dördüncü amil Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazimizin 20 faizinin işğalı faktını əhatə edir. Beşinci məqam erməni lobbi dairələrinin ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma siyasətinin diqqətə alınmasıdır. Altıncı faktor ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat-logistika imkanlarına malik olması ilə bağlıdır. Yeddinci amil Azərbaycanın insan resursları və iqtisadi potensialı reallığından çıxış etməkdir. Səkkizinci faktor isə xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələrindən qaynaqlanır.

Təbii ki, bu amillərin hər birinin ayrılıqda və son olaraq birgə xarici siyasət kursunun məzmun və dinamikasına öz təsiri vardır. Ulu Öndər onlara çox dərin məna verib və onların araşdırılması olduqca əhəmiyyətlidir. Bu bağlılıqda vacib saydığımız bir özəlliyi vurğulamaq istərdik.

Məsələ ondan ibarətdir ki, tarixdə bir neçə dəfə milli dövlətçiliyin itirilməsində geosiyasi reallıqlar və neft faktoru ciddi rol oynayıb. Azərbaycan böyük güclərin mübarizə meydanına çevrilib. Onlar bir-biri ilə savaşaraq bizim dövlətçiliyimizə zərər veriblər. Ölkə bu səbəbdən işğal edilib. Onun sərvətlərini amansızlıqla istismar ediblər.

Reallığa uyğun balanslaşdırılmış siyasət: mürəkkəb şəraitdə nailiyyətlər

Ulu Öndər faktiki olaraq bu prosesə son qoydu. Yuxarıda vurğulanan xarici siyasət amilləri balanslaşdırılımış və reallığı nəzərə alan müstəqil siyasət yeritməyə imkan verdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşadı, inkişaf etdi və bu proses bütün sürəti ilə indi də davam edir. Keçən müddətdə Azərbaycan xalqının mənafeyi əsasında müəyyən olunan və milli maraqlardan qaynaqlanan yeni xarici siyasət strategiyası öz səmərəliliyini sübut etdi. Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət strategiyasından bəhs edərkən xüsusi vurğulamışdı: "Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi".

Bu yolun düzgünlüyünün ən bariz və konkret sübutu Prezident İlham Əliyevin fəaliyyətində ifadə olunub. Ayrıca ölkənin xarici siyasətinin son 15 ildə əldə etdiyi nailiyyətlər göz qabağındadır. Onlar Heydər Əliyevin xarici siyasət kursunun uğurla inkişaf etdirildiyini, qlobal və regional miqyasda baş verən sürətli dəyişikliklərə uyğun olaraq dinamik yeniləşmələrin həyata keçirildiyini göstərir. Bu tezis faktların işığında tam təsdiqini tapır.

Öncə onu vurğulayaq ki, dövlət başçısı 2017-ci ilin may ayında çıxışlarının birində Azərbaycanın müstəqillik dövrünün xarici siyasətini ümumi olaraq belə qiymətləndirmişdi: "Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır...". Bu siyasət milli maraqlara söykənir. Azərbaycan regionda və daha geniş məkanda qa qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq mühiti formalaşdıra bilib. Burada mehriban qonşuluq prinsipinin əsas yerlərdən birini tutduğunu xüsusi qeyd etmək istərdik. Təcavüzkar Ermənistan istisnadır. Lakin onun işğal etdiyi ərazilərdən çəkilməsi halında da əməkdaşlıq üçün qapıların açıq olacağını Azərbaycan tərəfi dəfələrlə vurğulayıb.

Son 15 ildə Azərbaycanın xarici siyasətdə əldə etdiyi mühüm nailiyyətlər sırasında Cənubi Qafqazda təhlükəsizliyin yaradıcısı və təminatçısı olması böyük marağa səbəb olur. Geosiyasi aspektdə bu, çox ciddi özəlliyi ifadə edir. Çünki Rusiyanı çıxmaq şərti ilə postsovet məkanında ikinci bir ölkə yoxdur ki, yerləşdiyi regionda təhlükəsizlik modelinin yaradıcısı statusunda çıxış edə bilsin. Azərbaycan bu səviyyəyə çoxşaxəli və balanslaşmış xarici siyasət kursu sayəsində çata bilib.

Belə ki, burada həm "yumşaq güc", həm "sərt güc", həm də enerji siyasəti strategiyası harmonik şəkildə tətbiq edilib. "Yumşaq güc" ölkənin mədəni, elmi, diplomatik, yeni əməkdaşlıq formatlarının, sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoqun təşkili mexanizmlərinin, multikulturalizmin, iqtisadi, mənəvi-əxlaqi dəyərlər sisteminin tətbiqi sayəsində beynəlxalq aləmdə təsir dairəsinin artırılmasını əhatə edir. "Sərt güc" regionda təxribat törətmək arzusunda olan destruktiv qüvvələrin cilovlanması naminə hərbi qüdrətin daim artırılmasını ehtiva edir. Enerji siyasəti isə milli təhlükəsizliyi təmin edən faktorlardan biri kimi qlobal əhəmiyyətli neft-qaz və nəqliyyat-daşınma layihələrinin, əməkdaşlıq dəhlizlərinin formalaşdırılmasını nəzərdə tutur.

Cənubi Qafqazda bu cür sistemli, hərtərəfli, kreativ və mürəkkəb tərkibli xarici siyasət yeridən ikinci bir dövlət yoxdur. Bu səbəbdəndir ki, bir sıra mütəxəssislər Azərbaycanın həyata keçirdiyi siyasəti "Smart Power"dən ("ağıllı güc", amerikalı tarixçi və publisist Cozef Nayın daxil etdiyi termindir) də dərin və yüksək məzmuna malik olan "Intelligent Power" ("intellektual güc") adlandırmağı təklif edirlər. Çünki ölkə başçısı çətin, ziddiyyətli və təzadlarla xarakterizə olunan bir regionda dünyada maliyyə və hərbi böhranın baş alıb getdiyi bir zamanda dövlətin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə nail olub.

Bu prosesdə beynəlxalq təşkilatlarda aparılan aktiv diplomatik fəaliyyət və həyata keçirilən mötəbər beynəlxalq tədbirlər xüsusi rol oynayıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində səmərəli çoxtərəfli diplomatiya nümunəsini göstərib. 2003-cü ildən AŞPA-da Azərbaycanın fəallığı yeni səviyyəyə yüksəlib. Bu təşkilatın iclaslarında çıxış edən İlham Əliyev Azərbaycanın xeyrinə sənədlərin qəbul edilməsinə nail olub.

Bu proses sonrakı illərdə də davam etdirilib. Nəticədə, qısa müddətdə Ermənistanın təcavüzkarlığını təsdiq edən və bunu qınayan çoxlu sayda sənəd meydana gəlib. Həmin sənədlər XX əsrin 90-cı illərində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri məzmunca tamamlayır.

XXI əsrin əvvəllərindən başlayaraq xarici siyasətdə baş verən müsbət dinamik dəyişikliklər Azərbaycanın 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olmasının real zəminini hazırladı. 2016-cı ildə isə Azərbaycan BMT Baş Məclisində keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazandı. Bu, 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməyə imkan yaratdı.

2011-ci ildən Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu Hərəkatın XVIII zirvə toplantısı 2019-cu ildə Azərbaycanda keçiriləcək. Bütövlükdə isə 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. Son 15 ildə Azərbaycan yalnız BMT ilə deyil, Avropa İttifaqı, NATO, Körfəz Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və başqaları ilə əlaqələrə də ciddi fikir verib.

Eyni zamanda, keçən müddətdə ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, GUAM, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarla əməkdaşlıq dinamik surətdə inkişaf etdirilib. Azərbaycanın sadalanan təsisatlarla əlaqələri ədalətli və təhlükəsiz beynəlxalq münasibətlər sisteminin tələblərinə tam uyğun şəkildə həyata keçirilib.

Məlumdur ki, ədalətli və təhlükəsiz beynəlxalq mühitin formalaşmasının təməl prinsipləri sırasında mədəniyyətlər və sivilizasiyalararası dialoqun, multikulturalizmin təşviqi xüsusi yer tutur. Bu sferalarda Azərbaycanın öz təcrübəsi və fəaliyyət modeli vardır. Birinci Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumu, Mədəniyyətlərarası dialoq forumu və bütövlükdə "Bakı Prosesi", IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi məhz həmin model çərçivəsində reallaşdırılıb. Bunu dünyanın yüksək səviyyəli dairələrində açıq etiraf edirlər.

Yuxarıda vurğulanan kontekstdə "Bakı prosesi"nin xarici siyasətdəki yeri və rolunu ayrıca qeyd etmək gərəkdir. Bu, Azərbaycan Prezidentinin 2008-ci ildə irəli sürdüyü təşəbbüsdür. Artıq 10 ildir ki, "Bakı prosesi" fəaliyyətdədir və xeyli nüfuz qazanıb. Onun əsas ideyası sivilizasiyalar və dinlərarası dialoq mexanizmlərinə real məzmun verməkdən ibarətdir. Konkret ifadə edilsə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Avropa Şurası (AŞ) arasında əlaqələrin qurulmasına xidmət edən bir addımdır. Daha geniş mənada bu, təbii ki, İslam dünyası ilə Avropa arasında rasional dialoqu təmin etməyə xidmət edir. "Bakı prosesi"nin başqa bir siyasi anlamı Azərbaycan Prezidentinin təklif etdiyi yeni əməkdaşlıq formatları kontekstində maraq doğurur.

Prezident İlham Əliyev regional miqyasda üçtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Təcrübə göstərdi ki, bu, çox uğurlu və səmərəli əməkdaşlıq formuludur. Nümunə kimi Azərbaycan-Rusiya-İran əməkdaşlığında gəlinən nəticələri göstərə bilərik. Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq Rusiya və İran dövlət başçıları Bakıda öz azərbaycanlı həmkarları İlham Əliyevlə region əhəmiyyətli problemləri müzakirə etdilər. Tərəflər bir çox istiqamətlərdə mühüm qərarlar alıblar. O cümlədən Cənubi Qafqazın təhlükəsizliyi və Şimal-Cənub dəhlizinin reallaşdırılması ilə bağlı qəti mövqe bildiriblər.

Üçtərəfli əməkdaşlıq formatı digər dövlətlərlə də faydalı əlaqələri inkişaf etdirməyə geniş imkanlar açıb. "Bakı prosesi"ni bu formatın daha geniş və əhatəli modeli kimi xarakterizə etmək olar. Lakin "Bakı prosesi" çoxlu sayda ölkənin sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında əməkdaşlığa cəlb edilməsini nəzərdə tutan ümumi formatdır. Məqsəd isə qlobal miqyasda sabitliyə, sülhə və qarşılıqlı əlaqələrin inkişafına nail olmaqdır.

Yeni əməkdaşlıq formatları: qlobal çağırışlar fonunda

Deməli, Azərbaycan xarici siyasətdə üçtərəfli və çoxtərəfli əməkdaşlıq modellərini dialoq platformasına keçirməklə beynəlxalq münasibətlər üçün müstəsna xidmət göstərir. Bizcə, mütəxəssislər Azərbaycanın xarici siyasətinin bu vacib aspektini geosiyasi-nəzəri kontekstdə geniş tədqiq etməlidirlər.

Burada son 15 ildə xarici siyasətdə enerji faktorundan uğurlu istifadə edilməsi vurğulanmalıdır. Azərbaycan bu müddətdə həm yeni layihələr irəli sürüb, həm də beynəlxalq əməkdaşlıq formatı yaradıb. TAP, TANAP, "Cənub Qaz Dəhlizi" Azərbaycan rəhbərliyinin təşəbbüsləri sayılır. Bu layihələrin reallaşdırılmasına Qərbdə böyük ümidlə baxır, onları Avropanın enerji xəritəsini dəyişə biləcək proyektlər adlandırırlar.

Avropa İnvestisiya Bankı "Cənub Qaz Dəhlizi" üçün böyük miqdarda vəsait ayırıb. Azərbaycan bu layihənin reallaşması üçün beynəlxalq əməkdaşlıq formatı yaradıb ki, nazirlər səviyyəsində onun mütəmadi müzakirələri aparılır. Bu uğuru xarici siyasətimizin parlaq nümunələrindən biri kimi qəbul etmək gərəkdir.

Ancaq məsələ bu layihələrlə məhdudlaşmır. Dövlət başçısının fəal diplomatik addımları sayəsində Azərbaycan "Bir qurşaq, bir yol" ("Yeni İpək Yolu") proyektinin əsas iştirakçıları sırasına daxil olub. Artıq bu layihə çərçivəsində həyata keçirilən daşımalarda ölkəmiz iştirak edir. Ayrıca, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ilə həmin istiqamətdə strateji bir addım da atılmış oldu. Bu barədə ekspertlər müntəzəm olaraq təhlillər aparır, proqnozlar verirlər.

Rusiyalı mütəxəssislər hesab edirlər ki, Azərbaycan Uzaq Şərqdən Avropaya qədər geniş bir məkanın mühüm nəqliyyat qovşağına çevrilib. Bu tezisi ümumiləşdirərək deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazın "geosiyasi və nəqliyyat qovşağıdır"! Bu isə reallığı nəzərə almaqla düşünülmüş xarici siyasətin həyata keçirilməsinin məntiqi nəticəsidir.

Təbii ki, bunlar son hədd deyil. Cənab Prezident Azərbaycan diplomatları qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoyub. Sürətlə dəyişən dünyada çevik və yeni situasiyaya uyğun hərəkət edilməsi Azərbaycan xarici siyasətinin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş baza prinsiplərindən biridir. Bu əsasda dövlət başçısı tarixi irsimizi və müasir beynəlxalq münasibətlər sisteminin təhdid və çağırışlarını nəzərə alaraq xarici siyasətdə aşağıdakı istiqamətlərə ciddi diqqət yetirilməsini tapşırıb:

Birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli həll edilməsi. Burada ölkənin ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin edilməsi başlıca şərt olaraq ifadə edilir.

İkincisi, əsas təhlükələrin Azərbaycanın xaricində formalaşdığını nəzərə alaraq, ölkənin xaricdən olan risklərdən qorunması. Bu, hazırkı mərhələdə təhlükəsizliyin təmin edilməsinin ən vacib faktorlarından biridir. Məlumdur ki, bir sıra dairələr Azərbaycanda daxili vəziyyəti gərginləşdirmək üçün təşəbbüslər göstərirlər. Bu cəhdlərin qarşısı düzgün siyasət və zəruri tədbirlərlə alına bilər. Bu səbəbdən xarici siyasət üzərinə olduqca məsuliyyətli vəzifələr düşür.

Üçüncüsü, xarici müdaxiləni qəbul etməyən dövlətlərarası münasibətlərin dəstəklənməsi. Həmin məsələ son zamanlar bəzi böyük güclərin başqa ölkələrin daxili işlərinə daha çox qarışmağa başlaması səbəbindən aktuallaşıb. Dünyanın bir sıra regionlarında müşahidə edilən proseslər bu tezisi təsdiq edir. Azərbaycan həmişə müstəqil xarici siyasət yeridib. Bu kursun qorunub saxlanması üçün mütləq xarici müdaxilələr neytrallaşdırılmalıdır. Ona görə də dövlət başçısının bu xətti çox mühüm əhəmiyyət kəsb edir.

Dördüncüsü, milli maraqlara əsaslanan siyasətin yeni səviyyəyə yüksəldilməsi. İndi milli müstəqil dövlətçiliyi qorumaq strateji məsələdir. Xüsusilə xarici siyasətdə, beynəlxalq aləmdə elə incə addımlar atılmalıdır ki, milli dövlətçiliyə zərər olmasın. Bunun üçün isə, heç şübhəsiz, milli mövqedən çıxış etməklə yeni diplomatik metodlardan istifadə etmək lazımdır. Cənab Prezidentin diplomatlar qarşısında bu incə məsələni bir daha qaldırması çox əhəmiyyətlidir.

Beşincisi, çoxtərəfli diplomatiyanın genişləndirilməsi kontekstində beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da inkişaf etdirmək. Bu punktda həm fəaliyyət üsulunda, həm də beynəlxalq miqyasda yeni səviyyədə uğurlar əldə edilməsi zərurəti ifadə edilib. Burada Azərbaycanın xarici siyasətində beynəlxalq hüquq prinsiplərinə əsaslanmaq xəttinin davam etdiyini müşahidə etmək mümkündür.

Altıncısı, dinlər və mədəniyyətlərarası dialoqun və multikulturalizmin təşviq edilməsi. Bu prosesdə əsas olaraq tarixi ənənələrimizə, milli-mənəvi dəyərlərimizə istinad etmək gərəkliyi vurğulanır.

Yeddincisi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması. Bu addımla bir tərəfdən ölkənin qlobal maliyyə-iqtisadi böhrandan zərər görməməsinə, digər tərəfdən isə ixracatın genişləndirilməsi və yeni bazarlara çıxış əldə edilməsinə nail olunur.

Səkkizincisi, TANAP və TAP layihələrinin qrafikə uyğun olaraq inşasının başa çatdırılması və "Cənub Qaz Dəhlizi"nin fəaliyyətə başlaması.

Doqquzuncu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə işlərin yekunlaşdırılması.

Nəticə

Beləliklə, Azərbaycanın xarici siyasət kursu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi başlıca prinsiplər əsasında yeni şəraitə uyğun olaraq davam etdirilməkdədir. Hazırda dünyada müşahidə olunan sürətli geosiyasi, iqtisadi və hərbi-təhlükəsizlik proseslərinin məntiqinə uyğun olaraq milli maraqlar çərçivəsində xarici siyasətin qarşısında konkret vəzifələr qoyulub. Cənab Prezident onları dəqiq şəkildə tapşırıq kimi xarici siyasətlə məşğul olan qurumlara çatdırıb.

Yuxarıda sadalanan punktlardan görünür ki, yeni mərhələdə də Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi və suverenliyin təmin olunmasını başlıca tələb kimi ifadə edib. Buna nail olmaq üçün isə beynəlxalq təşkilatlarla aktiv əməkdaşlığı davam etdirmək, yeni əməkdaşlıq formatlarını reallaşdırmaq, enerji layihələrinin həyata keçirilməsini tamamlamaq, beynəlxalq layihələrdə iştirakı genişləndirmək, nəqliyyat sahəsində mövcud potensialı daha dolğun reallaşdırmaq, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq əməkdaşlığın əsas qovşağı kimi yeni məqsədlərə çatmaq kimi işlərin öhdəsindən gəlmək lazımdır.

Buradan görünür ki, dövlət başçısı xarici siyasətdə sistemlilik, davamlılıq, ardıcıllıq, reallığı nəzərə almaqla yanaşı, ədalətlilik və beynəlxalq hüququn normalarına tam əməl etmək kimi amillərə də böyük önəm verir. Azərbaycan dünyəvi, demokratik və ədalətli dövlət kimi beynəlxalq aləmdə fəaliyyətini yeni səviyyəyə yüksəltməkdə qərarlıdır. Bu o deməkdir ki, xarici siyasətdə bizi yeni-yeni uğurlar gözləyir.

Azərbaycan xalqı şübhə etmir ki, bütün sahələr kimi, xarici siyasət də əmin əllərdədir. Ölkənin ərazi bütövlüyü tam təmin ediləcək, işğalçılar ərazilərimizdən qovulacaq və insanlarımız öz yurdlarına dönəcəklər. Azərbaycan Prezidenti bundan sonra da yüksək intellekti, diplomatik peşəkarlığı və əyilməz siyasi iradəsi ilə Ulu Öndərin əsasını qoyduğu milli müstəqil dövlətçiliyin inkişafı üçün yorulmadan zəhmət sərf edəcək!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...