THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni gərginlik dalğası: Suriyanı kimlər bölür?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1125
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 mart 2018 – Newtimes.az

Yaxın Şərqdə səngiməyən gərginliyə yeni ziddiyyətlər əlavə olunur. Hazırda Suriya və İraqda terrorla mübarizə qlobal geosiyasətin bir sıra aspektləri ilə qarşılıqlı əlaqədə aparılır. Daha doğrusu, böyük dövlətlər sırasında terrorla mübarizəni öz məqsədləri üçün istifadə edib, regionu daha çox qana bulamaq istəyənlər var. Bunun üçün Suriyanı parçalamaq planı belə ortaya atılır. Bununla əlaqədar ekspertlər həyəcan təbili çalırlar. Eyni zamanda, regionda marağı olan digər böyük güclər də passiv qalmaq fikrində deyillər. Onlar Suriyanın bölünməməsi və özlərinin təhlükəsizliyinin təmini üçün lazım olan addımları atmaqdadırlar. Həmin bağlılıqda Türkiyə "Zeytun budağı" əməliyyatını davam etdirməkdə qərarlı olduğunu ifadə edib. Rusiya öz hərbi qüdrətini nümayiş etdirib. Tehran da hər zaman maraqlarından keçməyəcəyini bildirir. Belə çıxır ki, Yaxın Şərq hələ bir müddət "barıt çəlləyi" olaraq qalacaq.

Savaşın nəfəsi: ABŞ hamıya qarşı

Suriya ətrafında böyük dövlətlərin bir-biri ilə mübarizəsi keyfiyyətcə yeni səviyyəyə yüksəlməkdədir. Başlıca olaraq ABŞ-la Türkiyə, İran və Rusiya arasında münasibətlərdə gərginlik davam edir. Məsələ o dərəcədə böyüyüb ki, bundan sonra hansı hadisələrin baş verə biləcəyini proqnozlaşdırmaq xeyli çətinləşib.

Amerikanın istəyi Suriyada radikal kürd qrupların qorunması, onlara dəstək verilməsi və Suriyanın şimalında onların hakimliyinin təmin edilməsidir. Bunun üçün bütün dövlətlər o qrupların hüquqi mövcudluğunu qəbul etməli, onlarla əməkdaşlıq etməsələr də, toxunmamalıdırlar. Bu zaman Vaşinqton İraqdan başlayaraq Aralıq dənizinə qədər uzanan geniş bir zolaqda özünə bağlı və özündən asılı bir kürd muxtariyyətinin yaradılmasında israrlıdır. Vurğulanan ərazilərdə demoqrafik tərkibi də Amerikanın arzusuna uyğun yenidən şəkilləndirmək kimi bir niyyət vardır. O cümlədən ərəblərin 95% təşkil etdiyi Münbicdə hakim mövqenin kürdlərdə olması kimi plan mövcuddur.

Buna qarşı Rusiyanın fərqli mövqeyi vardır. Moskva kürdlərlə bağlı müstəqil dövlət yaratmaqdan başqa ortada olan variantlara etiraz etmir. Bunu da öz daxilindəki xalqların eyni arzuya düşməməsi üçün edir. Lakin Kreml Suriyanın şimalında mümkün kürd varlığının daha çox Amerikanın təsiri altında olmasını da qəbul etmir. Xüsusilə Rusiyanın Deyr əz-Zor bölgəsindəki enerji yataqlarına nəzarətdə marağı vardır. Bunlardan əlavə, Rusiya üçün Bəşər Əsəd faktoru çox vacibdir. Məsələ yalnız B.Əsədin kimliyində deyil. Əsas problem stratejidə Dəməşqin kimə – ABŞ-a, yoxsa Rusiyaya yaxın olacağındadır. Yəni Kreml şəxsdən öz strateji marağı üçün imtina edə bilər. Lakin Vaşinqton heç bu şərtlə də razılaşmır.

İranın öz maraqları var. Tehran Suriyada B.Əsədi məzhəb faktoruna görə dəstəkləyir. Bu səbəbdən kürdləri rəqib görür. Əgər Şimali Suriyada Amerika ssenarisi üzrə kürd muxtariyyəti yaranarsa, bu, İranın həmin bölgədəki maraqlarına birbaşa zərbədir. Birincisi, İranın Deyr əz-Zor vasitəsilə İraqdan başlayaraq Aralıq dənizinə çıxmaq şansı heçə enir. İkincisi, İran üçün gələcəkdə kürd radikalizmi ciddi problemə çevrilə bilər. Məsələ ondan ibarətdir ki, Suriyada Amerika ssenarisi keçsə, onda belə bir əminlik yarana bilər ki, eyni məntiqlə Türkiyə və İranda da hərəkət etmək olar.

Türkiyə məsələsi Rusiya və İranla bağlı situasiyadan daha gərgindir. Çünki Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədi vardır. "Zeytun budağı" hərəkatı göstərdi ki, Amerikanın birbaşa dəstəyi ilə YPG/PKK terrorçuları Afrin istiqamətində ən müasir mühəndis layihələri əsasında hərbi infrastruktur yaradıbmış. Yəni həmin istehkamların sonradan Türkiyəyə qarşı təxribatlarda istifadə olunacağına qəti şübhə yoxdur. Türk ordusu onların hamısını bir-bir məhv etdi. ABŞ bundan rahatsızlanıb.

Təhlükəli toplantı: "Suriya qrupu"nun qərarları

Geosiyasi olaraq Türkiyə üçün daha düşündürücü olan bir məqam vardır. KİV-in yazdığına görə, Amerika diplomatları Suriya məsələsində yeni strateji və taktiki planlar hazırlayıblar. Bunlardan birincisi Rusiyanın Fərat çayının qərbinə keçməsinə imkan verməmək planıdır. Bunun üçün Amerika aviasiyası bir neçə gün öncə rusların peşəkar döyüşçülərinin Fərat ətrafındakı hərəkətini əngəlləmək üçün bombalar atdı. İkincisi Suriyanın Fəratın şərqi ilə qərbini böləcək bir muxtar kürd qurumu yaratmaq planıdır. Ekspertlər bunu Amerikanın "qırmızı xətti" adlandırırlar (bax: məs., Çetiner Çetin. ABD’nin Suriye’deki "Kırmızı çizgisi" Fırat / "Habertürk", 28 fevral 2018).

Bəs sonuncu tezisi təsdiq edə biləcək faktlar varmı? Vardır, özü də diplomatik qaynaqlardan alınan məlumatlar əsasında ekspertlər situasiyanı təhlil edib, proqnozlar verirlər. Fevralın 11-də Vaşinqtonda bir toplantı olub. Orada ABŞ-ın yaratdığı "Suriya qrupu" müzakirə aparıb. Toplantıda İngiltərənin ABŞ-dakı səfiri, Yaxın Şərq üzrə tanınmış mütəxəssis Benjamin Norman, Dövlət Departamenti təmsilçiləri, o cümlədən ABŞ-ın Yaxın Şərq üzrə məsul şəxsi, dövlət katibinin müavini David Satterfield iştirak edib. Bunlardan başqa, tədbirdə İngiltərə Xarici İşlər Nazirliyinin Suriya üzrə heyətinin koordinatoru Hugh Clary, Fransa Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Jerome Bonnafont, İordaniya xarici işlər nazirinin müşaviri Nawwaf Wasfi el Tell və Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə məsul şəxsi, general Cemal el Akil də olublar (bax: əvvəlki mənbəyə).

Müzakirələrin yekunu olaraq beş hədəf müəyyənləşib. Onlar Suriyanı bölmək, Soçi prosesini əngəlləmək, Türkiyəni geri çəkmək, BMT baş katibinin xüsusi nümayəndəsi Stefan de Misturaya Cenevrə prosesini yenidən canlandırmaq təlimatı vermək və Suriyada çözüm ilə bağlı olacaq səkkiz maddəlik sənədi təsdiq etməkdən ibarətdir. Bu da maraqlıdır ki, Amerika tərəfi həmin sənədi artıq bir neçə səhifəlik izahatla koalisiya ortaqlarına diplomatik yolla göndərib (bax: əvvəlki mənbəyə).

Mütəxəssislər onu da qeyd edirlər ki, Amerika bu hədəflərə çatmaq üçün BMT-dən geniş istifadə etməyə çalışacaq. Artıq onun ilk əlamətləri görünür. KİV-də yayılan informasiyaya görə, ABŞ-ın dövlət katibi Reks Tillerson Ankarada verdiyi vədlərin heç birinə əməl etməyib. Əksinə, Vaşinqton Türkiyə rəhbərliyindən "Zeytun budağı" əməliyyatını dayandırmağı tələb edir. Əsas kimi də BMT TŞ-nin Suriyada atəşkəs elan edən sənədini göstərir. Həmin sənəddə əməliyyatın yalnız ABŞ-ın düşmən elan etdiyi qeyri-kürd radikal qruplara qarşı davam etdirilməsi göstərilir. Yəni faktiki olaraq Suriyada Amerikadan başqa heç kəsin hərbi əməliyyat keçirmək ixtiyarının olmadığı mesajı verilib.

Təbii ki, buna nə Rusiya, nə İran, nə də Türkiyə razı ola bilməz. Vaşinqtonun BMT vasitəsilə B.Əsədə də öz ərazisində hərbi əməliyyatları qadağan etmək cəhdi ayrıca hüquq pozuntusudur. Burada Suriya kontekstindən bir qədər kənara çıxmağa ehtiyac görürük. Biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT TŞ-nin qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini ABŞ-ın ciddi tələb etməməsini xatırlatmaq istərdik. İndiyə qədər Vaşinqton bununla bağlı Ermənistana nə deyib? Sənədin reallaşması üçün hansı addımları atıb? Özü də 25 ildən çoxdur ki, bu vəziyyət mövcuddur!

İndi də Suriyada yalnız özünün düşmən hesab etdiyi qruplarla savaşı davam etdirib, Türkiyənin milli təhlükəsizliyini təhdid edən məsələlərdə tam məsuliyyətsiz, hörmətsiz və qərəzli mövqe tutmağın adı nədir? Bizə indi Vaşinqtonun başqa havadarlarla birgə təcavüzkar və satellit Ermənistana yardım göstərməsinin səbəbləri daha da aydın olur. Konkret desək, ABŞ-ın xarici siyasətinin mayasında nə demokratiya var, nə ədalət, nə də həqiqət axtarışı, onları ikili standartlar əsasında öz maraqlarını təmin etmək mərəzi bürüyüb!

Bütün bunların geosiyasi nəticələri çox acınacaqlı ola bilər. Aydın görünür ki, Amerika bütün dünyaya qarşı meydan oxumağa başlayıb. Donald Trampın seçkiqabağı kampaniyalar zamanı etdiyi vədlərin hamısı boşa çıxmaqdadır. Yəni Amerika nəinki yalnız özünü düşünür, həm də indi daha aqressiv şəkildə başqa ölkələrin daxili işlərinə qarışır.

Qlobal geosiyasətdə növbəti böhranın nəfəsi duyulur. Bu baxımdan Rusiya Prezidenti Vladimir Putinin yeni ballistik raketləri nümayiş etdirməsi də bir siqnaldır. Görünür, biz hələ bir müddət Yaxın Şərqdə gərginliyin artmasının şahidi olacağıq. Türkiyənin öz hərbi əməliyyatlarından imtina etməsi ehtimalı sıfırdır. Amerika inadından dönmür, Rusiya da tutduğu xətti davam etdirməkdən çəkinməyəcək. İran regiondakı maraqlarından keçmək fikrində deyil. Deməli, yenə savaş, yenə də qan və müsəlmanların yeni ölüm dalğası...

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...