THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərqdə qarşıdurma: yeni geosiyasi gərginlik və terror dalğası fonunda

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1874
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 mart 2018 – Newtimes.az

Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə proseslər keyfiyyətcə yeni səviyyəyə yüksəlməkdədir. Onu böyük güclər arasında münasibətlərin daha da gərginləşməsi və terror hadisələrinin miqyasının genişlənməsi xarakterizə edir. Proseslərin mərkəzində isə region uğrunda ABŞ-la Rusiyanın mübarizəsi dayanır. Amerika orada fəallığını artırıb. Lakin bu, diplomatik addımlardan çox, bir sıra yerli silahlı qruplara yeni silahlar verib, onları daha radikal hala gətirməkdə əks olunur. Bəzi məlumatlara görə, amerikalılar minlərlə yük maşını silahı Suriyadakı kürd qruplaşmalarına verib (əsasən PYD/YPG-yə). Bu da həm regionun qonşu dövlətlərinin, həm də Rusiyanın narahatlığına səbəb olub. İndi Suriyada və İraqda müharibədən sonrakı siyasi bərpa işlərindən bəhs edən Vaşinqtonun hansı addımlar atacağı gözlənilir. Təbii ki, başqa böyük dövlətlər – Rusiya, İran, Türkiyə passiv qalmırlar. Nəticədə, regionda kifayət qədər mürəkkəb və ziddiyyətli bir mənzərə alınır. Bu proses hansı nəticələri verə bilər? Bu suala geosiyasi cavab axtarmağa dəyər.

Düşmənçilik toxumu: Yaxın Şərqdə səpilir

Yaxın Şərqdə xeyli dərəcədə narahatedici geosiyasi proseslər başlamaqdadır. Bir neçə ildir ki, ekspertlərin dilində həmin "gərginlik" kəlməsi bu region bağlılığında daim işlənir. Ancaq indi yeni bir mərhələnin başladığı haqqında yazırlar. Onu təsdiq edən faktları da gətirirlər. Onların təhlili göstərir ki, real olaraq Yaxın Şərq yeni geosiyasi münasibətlərin formalaşması ərəfəsindədir. Təəssüf ki, bu prosesin pozitiv aspektdə getdiyini demək isə xeyli çətindir.

Öncə vurğulamaq gərəkdir ki, Yaxın Şərqdə gərginliyin miqyası genişlənib. Əgər mütəxəssislər daha çox İraq və Suriyadan danışırdılarsa, indi bunlara Liviya, İordaniya, Yəmən və Misir də əlavə olunub. İsrail isə son zamanlar hərbi müdaxilələri ilə bəzi çətinliklər ortaya çıxarmaqdadır. Təl-Əviv Suriyaya hərbi təyyarələrlə müdaxilə edir və bunu orada İranın mövqeyinin güclənməsi ilə izah etməyə çalışır. Eyni məntiqlə Misir, Yəmən, Liviya məsələsi gündəmdədir. Misir Sinay yarımadasında antiterror əməliyyatlarına başladığını bəyan edib. Yəmən məsələsində Tehran-Ər-Riyad qarşıdurması öz gərginliyini saxlayır. Livanın baş naziri Saad Həriri isə bəyan edib ki, artıq "Hizbullah"la ittifaqa getməyəcəklər. Bu, İranın Yaxın Şərqdəki fəaliyyətinə ciddi zərbədir.

Bunlar Suriya və İraqla bağlı böyük dövlətlərin geosiyasi və hərbi mübarizəsinin fonunda baş verir. Xüsusilə Suriyada vəziyyət olduqca həssas və dayanıqsız hala gəlib. Burada başlıca qarşıdurma Qərb-Rusiya-İran-Türkiyə xəttində özünü göstərir. Düşündürücü olan situasiyanın son dərəcə qeyri-müəyyənliyidir. Demək olar ki, bütün böyük oyunçular fəaldırlar və hər biri öz marağı uğrunda güzəştsiz mübarizə aparır. ABŞ Suriyada geniş bir ərazidə əsas olaraq kürdlərdən təşkil edilmiş silahlı qrup vasitəsilə təsirini saxlayır. Bunu təsdiq edən faktlardan biri Deyr əz-Zor yaxınlığında Rusiyaya aid müqavilə əsasında xidmət edən bir neçə döyüşçünün Amerika təyyarəsi tərəfindən vurulmasıdır. Bundan bir qədər öncə isə Rusiyanın Hmeymimdəki hərbi bazasına hücum olmuşdu. Son faktlara görə, bunu amerikalılar ediblər. Deməli, dünyanın iki ən güclü hərbi potensialına malik ölkəsi real surətdə qarşı-qarşıya gəliblər. Moskvanın bunlara necə cavab verəcəyi yaxın vaxtlarda aydın olacaq. Hər bir halda kimsə vəziyyətin sabitləşməsi barədə düşünmür.

Mütəxəssislər bunları nəzərə alaraq belə nəticə çıxarırlar ki, ABŞ Yaxın Şərq siyasətində yeni mərhələyə keçir. Dövlət katibi Reks Tillersonun bu regiona son səfərinə məhz bu prizmadan diqqət yetirilir. R.Tillerson İordaniya, Türkiyə, Livan, Misir və Küveytdə olub. Bundan başqa o, İraq şəhərlərinin bərpasına həsr edilmiş beynəlxalq konfransda iştirak edib. Ekspertlərin rəyinə görə, söhbət faktiki olaraq müharibədən sonra İraq və Suriyanın yenidən qurulması siyasətindən gedir. Və burada Vaşinqton üçün əsas müəyyənedici faktor öz marağına uyğun geosiyasi mənzərənin yaranmasından ibarətdir.

Böyüklərin savaşı: iki təhlükəli nəticə

Konkret ifadə edilsə, Vaşinqton Yaxın Şərqdə bundan sonra da ABŞ-ın liderliyini təmin edə biləcək bir siyasi nizam bərqərar etmək niyyətindədir. Bu nə deməkdir? Birincisi, Amerika hesab edir ki, regionda terror qruplarına qarşı mübarizə əsasən başa çatıb. Bu proses eyni zamanda orada başqa böyük güclərin fəallaşması və geosiyasi marağını təmin etməsi ilə müşayiət olunur. Amerika həmin qüvvələrin daha çox nüfuz qazanmaması və pay istəməməsi üçün savaşdan sonrakı İraq və Suriya layihəsini başlayır.

İkincisi, Vaşinqtonun İŞİD və "əl-Qaidə" üzərində qələbə qazanıldığı haqqında bəyanatlar verməsi reallıqda bunun belə olmadığını göstərir. ABŞ sadəcə onu deyir ki, bu terror təşkilatları Vaşinqton tərəfindən müəyyən edilmiş missiyalarını başa vurdular. İndi onların səhnədən getməsi vaxtıdır. Əvəzində "yeni nəfəs", "yeni qan", "yeni radikalizm, terror və şovinizm" meydana gəlməlidir. Çox təəssüf ki, bu rola kürdlərin hazırlandığı müşahidə edilir. Kürdlər mərd, o torpaqların qədim sakinləri və bölgə xalqları ilə çiyin-çiyinə yaşamış insanlardır.

Onların regionun digər xalqları ilə qarşı-qarşıya gətirilməsi hətta dini məzhəbçilikdən də təhlükəlidir. Çünki bu halda söhbət süni olaraq fərqli etnik mənsubların maraqlarının uyğun gəlmədiyi görüntüsünün yaradılmasından gedir. Bunun uzun zaman davam etməsi mümkündür. Ən pisi də o ola bilər ki, erməniləri qafqazlılara düşmən edənlər daha qorxunc ssenarini kürd qardaşlarımız üçün hazırlayıblar.

Bu baxımdan Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması olduqca diqqətçəkicidir. Ankara bu adımı atırsa, deməli, özünə qarşı böyük təhlükə gözləyir. Həmin təhlükəni əlində silah olanlardan çox, onları buna hazırlayanlar yaradır. Ankara dəfələrlə bəyan edib ki, Türkiyəyə qarşı terrorun arxasında Amerika dayanır! Bu, çox ciddi və əsaslı ittihamdır. Türkiyə rəhbərliyi son 100 ildə ilk dəfədir ki, bu dərəcədə açıq və konkret danışır. Ankaranın dövlət maraqlarının qorunması üçün bütün addımları atacağına kimsə şübhə etmir. Məsələnin başqa düşündürücü tərəfi də bundan ibarətdir.

Yəni meydana əlavə təhlükələr və risklər çıxa bilər. İlk növbədə, onu nəzərə almaq gərəkdir ki, Türkiyə bu və ya digər formada Yaxın Şərqdəki müharibəyə cəlb edilir. Hadisələrin xronologiyasına baxsaq, öncə ABŞ və Avropa ölkələri, sonra isə Rusiya və İran bu prosesə qoşulmuşdu (biz bölgənin digər dövlətlərini nəzərə almırıq). İndi isə həmin sıraya Türkiyə əlavə edilir. Özü də Ankaranın hadisələrə müdaxiləsi başqalarından fərqlidir. Türkiyə bölgə xalqlarının və özünün təhlükəsizliyi üçün savaşır. Bu da təbiidir, çünki əsrlərlə həmin yerlər Osmanlının nüfuz dairəsinə daxil olub. Belə çıxır ki, kənardakı qüvvələr həmin bağlılıqda tarixi düzəni pozmağa çalışırlar ki, Ankara da buna qarşı sərt mövqeyini nümayiş etdirməkdədir.

Reks Tillersonun Türkiyəyə səfəri öncəsi tərəflərin informasiya mübarizəsi aparmasının səbəbi də həmin faktora bağlıdır. Vaşinqton Türkiyədən geri çəkilməsini və onun planının tərkib hissəsi olmasını tələb edir, Ankara isə bunun mümkünsüzlüyünü bəyan edir. Rəcəb Tayyib Ərdoğanın amerikalıların "Osmanlı şapalağı" alacağı haqqında məşhur sözləri məhz bu iradəni ifadə edir.

Belə çıxır ki, ABŞ, Avropa və Rusiya ilə yanaşı, Türkiyə də regionda nüfuzunu saxlamaq istiqamətində ciddi addımlar atır və kimsədən çəkinmədiyini nümayiş etdirir. Hələlik Moskva susur, çünki onun başlıca rəqibi Amerikanın ziyan görməsini gözləyir. Əgər bu baş versə, Rusiyanın Türkiyəyə əsl münasibəti onda məlum olacaq. Eyni zamanda, burada İranın maraqlarını arxa plana atmaq real vəziyyətə uyğun deyildir.

Tehranın İraq, Suriya və Livanda mövqeyinin güclü olduğunu ekspertlər qeyd edirlər. İran Yəmənə də təsir göstərə, ərəb ölkələrinin daxili işlərinə müdaxilə edə bilir. Ancaq bu, daha çox güc tətbiqi və təzyiqə əsaslanır. İran yerli əhalinin və iqtidarların sevgisini qazanmaq yolunu seçməyib. Bu da indi üstünlük kimi görünən məqamların qəfil çatışmazlığa çevrilməsi ehtimalının yüksək olduğunu göstərir. Məsələn, Livanın "Hizbullah"a olan münasibətinin dəyişməsi, yaxud Səudiyyə Ərəbistanının İranla mübarizə aparması bunun əlamətlərindən sayıla bilər. İsrail isə son vaxtlar tez-tez İranın regiondakı hərbi obyektlərinə hücum edir.

Bunlar göstərir ki, Yaxın Şərqdə geosiyasi gərginliyin yeni səviyyə yüksəlməsinin əlamətləri özünü büruzə verir. Bu proses iki nəticə verə bilər. Birincisi, Yaxın Şərqdə böyük geosiyasi güclər arasında qarşıdurma daha da şiddətlənə bilər. İkincisi, meydana yeni terror qrupu atıla bilər ki, bu da yalnız Yaxın Şərqdə deyil, digər regionlarda da terrora yeni təkan verər. Bu bağlılıqda mütəxəssislər Şimali Afrikanın, Qafqazın, Mərkəzi Asiyanın, Rusiyanın və Çinin hədəf olduğunu ifadə edirlər. Zaman bu proqnozun nə dərəcədə doğru olduğunu göstərəcək!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on Saturday in the latest sign that a major...

Davamı...
ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...