THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni geosiyasi konfiqurasiya: Ərdoğanın Tehran səfəri strateji kontekstdə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
969
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr 2017 – Newtimes.az

Türkiyə Prezidentinin İrana baş çəkməsinə ekspertlər ciddi maraq göstəriblər. Onlar bu səfərin arxasında qlobal geosiyasi proseslərlə bağlı mühüm məqamların dayandığını düşünürlər. Eyni zamanda, Yaxın Şərqdə son zamanlar müşahidə edilən bir sıra geosiyasi dəyişikliklər prizmasından iki böyük dövlətin əlaqələrinin yeni məzmun kəsb edə biləcəyi proqnozlaşdırılır. Buraya, bir qayda olaraq, Rusiya da aid edilir. Kremlin Ankara-Tehran əməkdaşlığının geosiyasi-hərbi aspektinin əsas təkanvericisi olduğu bildirilir. Bunların fonunda Yaxın Şərq-Cənubi Qafqaz-Mərkəzi Asiya oxunda meydana çıxa biləcək geosiyasi özəlliklərin analizi aktuallıq kəsb edir. Bundan başqa, tarixi Türkiyə-İran müttəfiqliyi baş tuta bilərmi?

Yaxın Şərqin problemləri: əzəli rəqiblər birləşirlər?

Ekspertlər Türkiyə-İran münasibətlərinin Yaxın Şərqin geosiyasi gələcəyi baxımından böyük önəm kəsb etdiyini vurğulayırlar. Onların fikirlərinə görə, regionun iki böyük dövləti əməkdaşlıq edə bilsələr, bir çox problemlərin həll edilmə şansı artar. Bu məqamın işığında Rəcəb Tayyib Ərdoğanın İrana səfərinə mütəxəssislər böyük maraq göstərdi. Onlar Ankara ilə Tehran arasında əhəmiyyətli razılıqların əldə edilə biləcəyinə inanırdılar.

Bu gözləntilər özünü doğrultdu. İki dövlətin başçıları region üçün mühüm və aktual sayılan bütün məsələlər üzrə ortaq mövqeyə gələ bildilər. Onlar dörd sənədə imza atdılar. Bu görüş Türkiyə-İran Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası çərçivəsində keçirildiyindən aparılan müzakirələr geniş məsələləri əhatə edib. İranla Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 30 milyard ABŞ dolları həcminə qədər yüksəltmək barədə razılığa gəlinib. Bunun üçün geniş imkanlar vardır. Həmin bağlılıqda tərəflər yerli valyuta ilə ticarət sisteminə keçid barədə də ümumi qərara gəliblər. Bununla onlar ABŞ dollarından asılılığı xeyli azalda biləcəklərinə ümid edirlər.

Tərəflər gömrük, turizm, mədəni-elmi mübadilələr kimi sahələrdə də əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər. Bunlarla yanaşı, onlar indi hər iki tərəf üçün daha önəmli olan təhlükəsizlik və müdafiə sənayesi sferalarında əlaqələrin inkişafı üzərində də dayanıblar. Bu məsələlər regiondakı geosiyasi vəziyyət kontekstində yeni səviyyədə aktuallıq kəsb edib.

Türkiyə Prezidenti jurnalistlərlə söhbətində ifadə edib ki, iki ölkənin hərbi sahədə bir-birinə təklif edə biləcəyi texnikaları vardır. Bu məsələləri nazirlər geniş müzakirə ediblər. O cümlədən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar həmin məsələ ilə əlaqəli iranlı həmkarı ilə müzakirələr aparıb. Bunlarla yanaşı, Ankara və Tehran kəşfiyyat sahəsində də intensiv əməkdaşlıq edirlər. Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri də bu barədə öz iranlı həmkarı ilə görüşlər keçirib.

Bunlar onu göstərir ki, Türkiyə və İran qarşılıqlı münasibətlərdə hərbi və təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verirlər. Ekspertlər bunun səbəbinin əslində aydın olduğunu qeyd edirlər. Məsələ bütövlükdə Yaxın Şərqdə geosiyasi vəziyyətin yeni dinamika alması ilə bağlıdır. Mənzərə daha çox Şimali İraqda keçirilən müstəqillik referendumu və Suriyada meydana gələn hərbi-siyasi durumla sıx bağlıdır.

Suriyada təhlükəsizlik zonalarının yaradılması indi çox aktualdır. Bu istiqamətdə Rusiya, Türkiyə və İran birgə fəaliyyət göstərirlər. Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə bildirib ki, Suriyanın İdlib bölgəsində türk əsgərləri təhlükəsizliyi təmin edəcəklər. Kənardan isə Rusiya əsgərləri olacaq. Deməli, İdlibin dini və etnik tərkibi nəzərə alınaraq, əyalətin təhlükəsizliyi faktiki olaraq Türkiyəyə etibar edilir. Bu, çox prinsipial məsələdir. Çünki məsələ həm də Türkiyənin təhlükəsizliyinin təmin edilməsi ilə sıx bağlıdır. İdlib və Afrinə nəzarət regionda separatçılıq zolağının yaradılmasının qarşısını ala bilər. Belə çıxır ki, İran da Türkiyənin İdlibə nəzarət etməsinə qarşı çıxmır.

Tehranda müzakirə edilən digər vacib məsələ İraqdakı kürd muxtariyyətinin keçirdiyi qeyri-qanuni müstəqillik referendumu olub. Tərəflər qətiyyətlə bu səsvermənin nəticələrini tanımayacaqlarını bəyan ediblər. Onlar İraqın ərazi bütövlüyünün təmin edilməsinin vacib olduğunu bir daha vurğulayıblar. Ancaq kürd muxtariyyətinin rəhbərliyi hələlik region dövlətlərinin tələblərinə heç bir reaksiya vermir. Bunun əsas səbəbini kürdlərin İsrail və Aİ-nin bir sıra ölkələrindən dəstək alması ilə izah edirlər.

Ərbilin oyunu: kimin marağına uyğundur?

Türkiyə Prezidenti də açıq bildirib ki, muxtariyyətin lideri Məsud Bərzani Fransanın siyasi dairələri ilə sıx təmasdadır. Ərbilin küçələrində İsrail bayraqlarının dalğalanması isə Təl-Əvivlə muxtariyyət rəhbərliyinin sıx əlaqəsinin siqnalı kimi təqdim olunur. Belə məlum olur ki, türk rəsmilərin daim vurğuladığı muxtar qurum başçılarının kənardan bu işə təhrik edilməsi əsaslıdır. Qərb sanki Yaxın Şərq üçün növbəti "bahar" hazırlığındadır.

Lakin Türkiyənin dövlət başçısı qətiyyətlə bəyan edir ki, deyilənlərin yeganə yekunu M.Bərzaninin referendumunun nəticələrini ləğv etməsi ola bilər. Bunun necə və nə zaman reallaşacağı haqqında isə fikir bildirilmir.

Bununla yanaşı, İran və Türkiyə ifadə edirlər ki, əgər qoyulan şərtə Ərbil əməl etməsə, hərbi müdaxilə gündəmə gələcək. Ekspertlər bunu kifayət qədər ciddi addım hesab edirlər. Çünki bu halda regionun növbəti irimiqyaslı ixtilaflara meydan olacağı ehtimalı yüksəlir. Həmin aspektdə Yaxın Şərqdə geosiyasi mənzərənin dəyişməsi məsələsi son dərəcə ciddi əhəmiyyət kəsb edir. Suriya və İraq məsələlərinə də məhz bu kontekstdə nəzər salmaq daha doğru olardı.

Bir çox ekspertlər belə hesab edirlər ki, Suriya və İraqda baş verənlərə ümumən Yaxın Şərq kontekstində baxmaq lazımdır. Buraya Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb dövlətinin Qətərlə bağlı mövqelərinin sərtləşməsini də daxil etmək gərəkdir. Qətər böhranının daha çox İran məsələsi ilə bağlı olduğu barədə fikirlər vardır. Çünki Doha qarşısında qoyulan şərtlər sırasında Tehranla əlaqələrin dayandırılması ayrıca vurğulanıb. Bununla hansısa dairələr ərəb dünyasını növbəti dəfə parçalayıb. İndiyə qədər Qətər məsələsində müsbət dəyişiklik yoxdur. Üstəlik, artıq ərəblərin birləşərək kimə qarşısa mübarizə apara biləcəyindən də söhbət gedə bilməz.

Bu prosesin fonunda Suriyada Deyr əz-Zor ətrafında gərginlik yüksəlir. Orada Rusiya hərbi kontingentinə qarşı hücumlar artır. Bir neçə əsgər əsir alınır, bəziləri öldürülür, bir general isə partladılır. Məhz bu məqamda Astanada Rusiya, İran və Türkiyə İdlib məsələsində razılığa gəlirlər. Və... İraqın şimalında kürdlər müstəqillik referendumu keçirirlər. Hər kəs Ankara və Tehranın buna kəskin reaksiya verəcəyini bilirdi. Deməli, referendum olayı reallıqda Türkiyə və İranı regional miqyasda daha qarışıq bir vəziyyətə salmaq üçün ortaya atılıb. Nə yazıq ki, vətənpərvər kürdlər belə bu tora düşüblər. Onlara dəfələrlə bu addımı atmamaq barədə xəbərdarlıq edildi, lakin görünən odur ki, Ərbil qlobal geosiyasi oyunun və bəzi dövlətlərin maraqlarının qurbanı olmağa razıdır.

Bütün bunları nəzərə alaraq indi ekspertlər Rusiya-İran-Türkiyə müttəfiqliyinin meydana gələ biləcəyi barədə proqnoz verir, bunun bir sıra əlamətlərini belə sadalayırlar. Prezident R.T.Ərdoğan da bildirib ki, arada olan fikir ayrılıqlarını bir kənara qoyub, ümumi maraqlara cavab verən sferalarda (ilk olaraq təhlükəsizlik və ərazi bütövlüyünün təminində) əməkdaşlıq etmək zəruridir. Tehran da bu mövqeni qəbul edir.

Təbii ki, ekspertlərin belə bir proqnoz verməsi üçün xeyli əsaslar vardır. Ancaq burada bir incə məqam da unudulmamalıdır. Dünyada bir sıra dairələr İran, Türkiyə və Rusiya üçün Cənubi Qafqaza yaxın bir bölgədə yeni bir tələ hazırlamırlar ki? Həmin məkanda xaos yaratmaqla, onlar üç böyük dövləti qeyri-müəyyən vəziyyətə sala bilərlər. O halda nəinki sabitlik bərqərar olmaz, hətta ortaya daha geniş miqyasda separatçılıq və terror çıxar. Bir müddətdir ki, ekspertlər yeni bir terror təşkilatının yarana biləcəyindən bəhs edirlər. Özü də əvvəlcədən "bilirlər" ki, həmin təşkilatı müsəlmanlar "yaradacaqlar" və mütləq ilk növbədə regiondakı dövlətlərə qarşı vuruşacaqlar. Təbii ki, "yeni terrorçular" Rusiya və Çin istiqamətində də fəallaşacaqlar.

Bu kimi fikirlər onu göstərir ki, bəzi qüvvələr gizli planlar qururlar. Onlar indi yalnız Yaxın Şərqi deyil, Qafqaz və Mərkəzi Asiyanı da alova bürüməyi hədəfləyiblər. Bu prosesin qarşısını Rusiya-İran-Türkiyə birliyi ala bilər.

Onu da deyək ki, erməni terror qruplarının və siyasi dairələrinin Cənubi Qafqazda ara qarışdıranlarla əməkdaşlıq etmə ehtimalı yüksəkdir. İndidən Ermənistanın siyasi dairələri Rusiyadan uzaqlaşıb, "demokratik Qərbə inteqrasiya olmaq" barədə səs-küy salırlar. Təbii ki, rəsmi İrəvanın Qərbin həqiqi demokratik dairələri ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki həqiqi demokratiya Ermənistan rəhbərliyinin ruhuna və əməlinə tamamilə yad bir anlayışdır. İrəvanın qayğısı antiislam cəbhəsində yer almaqdan ibarətdir ki, öz mənfur niyyətlərinə çata bilsin.

Beləliklə, Cənubi Qafqaza da mümkün təsiri ola biləcək ciddi geosiyasi proseslər gedir. Onların hansının üstünlük təşkil edəcəyini zaman göstərəcək.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...