THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO-nun Çikaqo Sammiti: yeni mərhələnin başlanğıcımı?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7239
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Soyuq müharibənin başa çatmasından sonra NATO-nun funksiyası quruma üzv ölkələrdə geniş müzakirə olundu. Bu müzakirələrdə NATO-ya ehtiyac varmı və genişlənmə məsələsi nə qədər aktualdır suallarına cavab axtarıldı. Cavab çox gecikmədi. Başda ABŞ olmaqla, NATO-nun saxlanılmasında maraqlı olan dövlətlər, beynəlxalq təhlükəsizliyi təhdid edən terrorizmi, antidemokratik rejimləri, kimyəvi və nüvə silahları qaçaqmalçılığı problemlərini önə çıxararaq NATO-nun saxlanılmasını və hətta genişlənməsini məqsədəuyğun gördülər.

Soyuq müharibənin qurtarmasından sonra NATO dünyanın müxtəlif bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxmillətli proqram və layihələr həyata keçirsə də, nə bu qurumun sülhməramlı qüvvələrinin olduğu "qaynar bölgələrdə”, nə də digər münaqişə ocaqlarında təhlükəsizlik tam olaraq təmin edilməyib. 2010-cu ildə NATO-nun Lissabon Sammitində qurumun strukturunun və fəaliyyətinin yenidən planlaşdırılması haqqında sənədlər qəbul edildi. Cari il 20-21 mayda ABŞ-ın Çikaqo şəhərində keçirilmiş növbəti Sammitdə Lissabon Sammitində qəbul edilən sənədlərin necə tətbiq olunduğu və aşağıdakı məsələlər müzakirə edilmişdir:

- NATO-nun Əfqanıstandakı vəziyyəti;

- 2008-ci ildə yaşanan dünya iqtisadi böhranından sonrakı vəziyyət;

- qısa, yaxın və uzun zamanda ortaq fəaliyyət strategiyasının planlaşdırılması;

- "ağıllı müdafiə” (smart defence) proqramının həyata keçirilməsi;

- NATO-nun hərbi gücünün qorunması və davam etdirilməsi;

- Rusiya ilə münasibətlər.

Sammitdə əhəmiyyətli olan digər məsələ də Orta Asiya və Cənubi Qafqaz dövlətlərinin Prezidentlərinin dəvət edilməsidir. Orta Asiya dövlətlərinin Prezidentləri bu dəvəti qəbul etməmiş, Cənubi Qafqaz dövlətlərindən olan Ermənistan Prezidenti isə Azərbaycan və digər Müstəqil Dövlətlər Birliyi üzvlərinin ərazi bütövlüyün tanınmasının Sammitin yekun bəyannaməsində yenidən təsdiq ediləcəyi üçün bu tədbirdə iştirak etməmişdir. Sammitin yekun bəyannaməsində Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünün tanındığı və münaqişələrin beynəlxalq hüququn prinsip və normalarına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, Helsinki yekun aktına uyğun olaraq danışıqlar yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb.

ABŞ və NATO rəsmiləri Əfqanıstandakı sülhməramlı qüvvələrin fəaliyyətinin uğurlu olduğunu bildirsələr də, ölkəyə tam olaraq nəzarət edə bilmirlər. Son yaşanan dünya iqtisadi böhranı Əfqanıstanda və digər bölgələrdə sülhməramlı qüvvələrin saxlanılmasında ciddi problemlər yaradıb. NATO 2014-cü ildə Əfqanıstandan sülhməramlı qüvvələrini çıxarmağı planlaşdırır. NATO Əfqanıstanda nə sabitliyi təmin edə bilib, nə də sülhməramlı imicini qorumağı bacarıb. NATO əsgərlərinin sivil insanlara qarşı törətdiyi cinayətlər sülhməramlı missiyası ilə tərs mütənasibdir. NATO-nun 2014-cü ildə Əfqanıstandan çəkilməsindən sonra ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bütün siyasi və hərbi məsuliyyəti Həmid Karzay rejiminə aid olacaq. Karzai rejimi isə böyük bir ehtimalla bunun öhdəsindən gələ bilməyəcəkdir.

Sammitdən əvvəl NATO Hərbi Hava Qüvvələrinin "yanlışlıqla” Pakistan hərbiçilərini bombalaması nəticəsində 24 əsgərin öldürülməsindən sonra Pakistanın Əfqanıstana gedən tranzit haqqını təxminən 20 dəfə bahalaşdırması gərginlik yaratmışdır. Bu eyni zamanda 2014-cü ildən etibarən Əfqanıstandan sülhməramlı qüvvələrin çıxarılması məsələsində çətinliklərə səbəb olacaqdır. ABŞ-ın Pakistanın bu tələbindən məmnun olmadığını bildirmək üçün Prezident Barak Obama Pakistan Prezidenti Asif Əli Zərdari ilə əvvəlcədən planlaşdırılmış ikili görüşdən imtina etmişdir.

2008-ci ildə yaşanan dünya iqtisadi böhranı NATO-nun genişləmə, raket əleyhinə müdafiə sisteminin, hava müdafiə sisteminin qurulması, yeni çoxmillətli proqram və layihələrin həyata keçirilməsi qarşısında ciddi bir problemdir. Təşkilata üzv olan bəzi dövlətlər raket əleyhinə müdafiə sisteminin daha bahalı olduğunu irəli sürərək Şərqi Avropada hava müdafiə sisteminin qurulmasını tələb edirlər. Əslində Rusiya Federasiyası NATO-nun hər iki planını milli təhlükəsizliyinə təhdid olaraq dəyərləndirir və qarşı çıxır. İqtisadi böhranın nəticələrini azaltmaq üçün NATO üzvləri daha praktik proqram və layihələrin həyata keçirilməsinə, köhnəlmiş silah texnologiyalarından imtina etməyə üstünlük verirlər. ABŞ-ın NATO-nun əsas donoru olduğu diqqətə alınarsa, son 10 ildə hərbi büdcəsinə 487 milyard dollar qənaət edəcəyini planlaşdırdığı üçün NATO ciddi maliyyə problemləri ilə qarşılaşacaqdır.

NATO-nun qısa, yaxın və uzun zamanda ortaq fəaliyyət strategiyanın planlaşdırılması Sammitdə ciddi müzakirə olunan məsələlərdən biri olmuşdur. Yuxarıda qeyd edildiyi kimi dünya iqtisadi böhranı bu cür layihələrin həyata keçirilməsində üzv dövlətləri daha təmkinli davranmağa sövq edir. Dünya iqtisadi böhranının nəticələri aradan qaldırılmadığı, yeni strateji fəaliyyət planı təsdiqlənmədiyi müddətcə, NATO-nun gələcəyinə yönəlik şübhələr artmaqdadır.

"ağıllı müdafiə” proqramının həyata keçirilməsi üç əsas elementdən ibarətdir:

- həyati əhəmiyyət daşıyan kritik güc və vasitələrin təmin edilməsi üçün çoxmillətli layihələr hazırlamaq;

- maliyyə böhranı həll edilmədiyi təqdirdə çoxmillətli layihələri, raket əleyhinə müdafiə sisteminin, hava müdafiə sisteminin, yerüstü obyektlərə nəzarət və hava məkanında patrul uçuşlarının daha sonra təmin edilməsi;

- 2020-ci ilə qədər kəşfiyyat məlumatlarının paylaşımı, hava məkanının müşahidə edilməsi və havada yanacaq doldurma sistemlərinin təkmilləşdirilməsi.

NATO-nun hərbi gücünün qorunması və davam etdirilməsi üzv dövlətlər üçün olduqca əhəmiyyətlidir. 50 ildən çoxdur ki, fəaliyyətinə davam edən təşkilat dünyanın müxtəlif bölgələrində üzv dövlətlərin siyasi, iqtisadi və hərbi təhlükəsizliyini təmin edir. Bunun davam etməsi üçün daha optimal layihə və proqramların hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Bu barədə xüsusilə NATO-nun lokomotiv gücü olan ABŞ daha maraqlıdır və Sammitdə bunu xüsusilə ifadə edib.

Rusiya ilə münasibətlərə gəlincə, NATO və Rusiya arasında əsas problem Şərqi Avropada raket əleyhinə müdafiə sisteminin və hava müdafiə sisteminin qurulmasıdır. Rusiya bunu birbaşa təhdid kimi qarşılayır. NATO Baş Katibinin müavini Aleksandr Verşbou 3 may 2012-ci ildə Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi konfransda NATO-nun hədəfinin irəliyə yol tapmaq və raket əleyhinə müdafiə sistemi çərçivəsində Rusiya ilə əməkdaşlığı təmin etmək olduğunu qeyd etmişdir. Rusiyanı raket əleyhinə müdafiə sistemində tamhüquqlu tərəfdaş olaraq görmək istədiklərini, bu layihənin Rusiyaya qarşı olmadığını bildirən Verşbou, Çikaqo Sammitindən əvvəl Rusiya ilə münasibətləri qaydaya salmağa çalışmışdır. Ancaq təşkilata üzv olan dövlətlərin hamısı Rusiyanı raket əleyhinə müdafiə sistemində tərəfdaş olmaq görmək istəmir. Belə ki, Polşa buna qəti şəkildə etiraz edir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç Çikaqo Sammitində sürprizlərlə qarşılaşmadıqlarını, müzakirə edilən məsələlər barəsində tərəfdaşları tərəfindən əvvəlcədən məlumat verildiyini, Gürcüstanın Abxaziya və Cənubi Osetiya Respublikaları ilə qonşuluq siyasətində NATO ilə eyni görüşləri paylaşmadıqlarını, ancaq bütün problemləri danışıqlar yolu ilə həll edilməsinə çalışdıqlarını qeyd etmişdir. Görünən odur ki, NATO-Rusiya arasında problemlər hələ uzun zaman davam edəcəkdir. NATO-nun genişlənməsi, Şərqi Avropada raket əleyhinə müdafiə sisteminin, hava müdafiə sisteminin qurmağı planlaması Rusiyanın siyasi, iqtisadi, hərbi ambisiyaları ilə tərs mütənasibdir. Böyük bir ehtimalla önümüzdəki 10 ildə bu ziddiyyətlər dəyişən dinamizm üzrə davam edəcəkdir.

Dr. Hatəm Cabbarlı,

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...