THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Trampın istefası: tərəfdarları prezidenti tərk edirlər

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1100
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 sentyabr 2017 – Newtimes.az

Amerikanın yeni dövlət başçısı Donald Trampın çətin günləridir. Bir zamanlar ona inanıb dəstəkləyən və müxtəlif sferalarda nüfuz sahibi olan şəxslər artıq kənara çəkilirlər. Avqust ayının yalnız bir həftəsində bir neçə vəzifəli şəxs istefa verib. Bu prosesin davam edəcəyini düşünənlər var. Və sonda D.Trampın özünün hakimiyyətdən çəkilməyə məcbur qalacağı proqnozlaşdırılır. Hazırda Amerika cəmiyyəti prezidentlə bağlı yaranmış situasiyadan narahatlığını ifadə edir. Onların sırasında sənət adamlarından təşkil edilmiş qrupun üzvləri də vardır. Onlar mədəniyyət və təhsilə dövlət başçısının lazımi dəstək vermədiyini, əlavə olaraq, insan haqları sahəsində kifayət qədər demokratik davranmadığını ifadə edirlər. Bütün bunların fonunda ABŞ-ın yeni prezidentinin istefa verəcəyi təxmin edilir. Hətta onun bu ilin sonuna qədər baş verəcəyi bildirilir.

Prezident səhvlərinin bədəli: Trampın ağır günləri

Amerikada prezident Donald Trampla bağlı qalmaqal səngimək bilmir. Getdikcə daha çox qurum və tanınmış adamlar onun istefa verməsini tələb edir. Son günlər bu istiqamətdə yeni fikirlər səsləndirilir. Onların sırasına Trampın kitabını yazan adam da qoşulub. O, "Twitter" səhifəsində prezidenti tənqid edib və istefa verməyə çağırıb. Hətta proqnoz verərək, bu ilin sonuna qədər D.Trampın prezidentlikdən gedəcəyini vurğulayıb.

Bir qədər əvvəl isə seçki marafonunda D.Trampa dəstək verən ABŞ-ın zəngin insanlarının yaratdığı qrup da istefa verdiyini açıqlayıb. Onların sırasında milyarder (var-dövləti təqribən 17 milyard dollar təşkil edir), Wall Street yatırımçısı Karl Aykan da vardır. O, Trampa yazdığı məktubda Amerikada son dövrlərdə özünü göstərən zorakılıq, terror, ayrı-seçkilik və antidemokratik qərarlara etiraz etdiyini ifadə edib. Xatırladaq ki, K.Aykanın daxil olduğu iş adamları qrupu D.Trampın yaratdığı məsləhət qrupunu təşkil edir. Bununla bütövlükdə iş adamları qrupu istefa vermiş oldu.

NBC ve "New York Times"ın iddiasına görə, strateji məsələlər üzrə prezident köməkçisi Stiven Bennon Ağ evdəki işinə son verib. Bu barədə hələlik rəsmi açıqlama olmasa da, administrasiyadakı mənbələr onu təsdiqləyiblər. Maraqlıdır ki, S.Bennon Trampın seçkisində ciddi rol oynamışdı.

Nəhayət, D.Trampa bir zərbə də mədəniyyət və təhsil üzrə Prezident Komitəsindən vurulub. Onun 17 üzvündən 16-sı istefa ərizəsi yazıb. Xatırladaq ki, bu Komitə 1982-ci ildə Ronald Reyqan tərəfindən yaradılıb. Əsas məqsəd elm, mədəniyyət və təhsil üzrə xüsusi proqramlar həyata keçirməklə həmin sferaların inkişafını stimullaşdırmaqdan ibarətdir. D.Tramp da özünün lazım bildiyi ziyalılardan həmin Komitəni formalaşdırmışdı. İndi onlar birbaşa D.Trampın yeritdiyi siyasətə etiraz olaraq vəzifələrindən gediblər.

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, ABŞ prezidentinə qarşı etiraz dalğası genişlənir və dərinləşir. D.Trampı bir-birinin ardınca tərk edənlər bir qayda olaraq bir neçə faktı qeyd edirlər. İlk olaraq, Şarlottsvilldə ultrasağçılarla ultrasolçuların toqquşması ilə bağlı yaranmış situasiya göstərilir. Orada bir nəfər həlak olmuş, şəhərdə ciddi surətdə iğtişaşlar baş vermişdi. Maraqlıdır ki, D.Tramp bu hadisədə ultrasağçıların günahının olmadığını bəyan etmişdi. Yəni faktiki olaraq irqçiliyi, zorakılığı, şovinizmi dəstəkləmiş, ağdərililərin imtiyazlı olmasını dolayısı ilə ifadə etmişdi.

D.Trampın bu fikirləri Amerikada ciddi etirazlar yaratdı. Müxtəlif sosial təbəqələrə aid olan, cəmiyyətdə nüfuz sahibləri, sənət və elm adamları belə bir vəziyyətlə barışmayacaqlarını bildiriblər. Onlar Amerikada irqçiliyə, antidemokratik əhval-ruhiyyəyə yol verməyəcəklərini deyiblər.

Digər məsələ KİV-ə olan hücumlarla bağlıdır. Son vaxtlar D.Tramp jurnalistlərin fəaliyyətini məhdudlaşdıra biləcək fikirlər səsləndirib. O, Rusiya məsələsində mətbuatın qərəzli mövqe tutduğundan danışıb. Bu isə Amerikada fikir azadlığına qarşı atılmış addım kimi qiymətləndirilir.

Başqa bir məsələ D.Trampın İqlim üzrə Paris müqaviləsindən çıxması ilə əlaqəlidir. Bu qərara dünyada etiraz çox oldu. Ancaq Tramp öz mövqeyindən çəkilmək istəmir. O, iqlim məsələsini böyük dövlətlərin oyunu kimi qələmə verir. Müxtəlif müraciətlərin olmasına baxmayaraq, D.Tramp qərarını dəyişmək fikrində olmadığını bildirib.

Demokratiya və irqçilik: toqquşan dəyərlər

Daha bir məsələ mədəniyyət və təhsil üzrə proqramların maliyyələşməsinin ixtisarı ilə bağlıdır. Donald Tramp onların bir qismini lazımsız sayır. Büdcənin indiki vəziyyətinin bir sıra proqramların reallaşmasına imkan vermədiyini deyir. Həmin sırada xüsusi təhsil proqramları da vardı ki, dünyanın müxtəlif regionlarında amerikan dəyərlərinin yayılmasına xidmət edirdi. Bu kimi məqamlarla bağlı olan təhsil layihələrinin ixtisara salınmasını Amerika cəmiyyəti qəbul etmir.

Amerika prezidentinə tutulan iradlar sırasında bir sıra ölkələrdən, əsasən, müsəlman dövlətlərindən olan insanların ölkəyə girişinə qadağa qoyulması da var. Bunu ABŞ-da birbaşa insan haqlarına olan qəsd kimi qiymətləndirir, belə qadağalarla nəticə əldə etməyin mümkün olmadığını deyirlər. Doğrudan da, D.Tramp hakimiyyətə gəldikdən sonra Amerikada terror və zorakılıq halları daha da artıb. Bu proses getdikcə dərinləşir. Üstəlik, ABŞ cəmiyyətinin özündə radikalizm, başqalarını qəbul etməmək kimi hallar vüsət alır. Ultramillətçilər və irqçilər fəallaşırlar. Şarlottsvilldəki hadisə buna misaldır.

İnsan haqlarının pozulması kimi qiymətləndirilən başqa bir hadisə D.Trampın cinsini dəyişmiş insanların orduda xidmətini qadağan etməsi ilə əlaqəlidir. Bir tərəfdən, seksual azlıqların hüquqlarını bütün dünyada qoruduqlarını bəyan edən Qərb siyasətçiləri, başqa ölkələri bu məsələdə ittiham edirlər, digər yandan isə özlərinə uyğun gəlməyən məqamlarda insan haqlarını kobudluqla pozurlar. Cinsini dəyişmiş insanların orduda xidmətdən uzaqlaşdırılmasını Amerika elitası məhz bu cür qiymətləndirir. Hesab edilir ki, ABŞ dünyanın ən güclü demokratik qaydaları olan ölkəsi olaraq qalmalıdır.

Nəhayət, istefa verənlər D.Tramın Şimali Koreyanı nüvə savaşı ilə hədələməsinə etirazlarını bildiriblər. Onlar vurğulayırlar ki, Pxenyan nə etsə də, ABŞ güc tətbiq etməməli, xüsusilə xalqı məhv etməklə hədələməməlidir. D.Tramp Şimali Koreya rəhbərliyi ilə yanaşı, xalqın da ciddi zərbə alacağını, hətta görünməmiş vəziyyətə düşəcəyini demişdi.

Göründüyü kimi, iradlar kifayət qədər ciddidir. Bunlardan başqa, D.Trampın Rusiya hakimiyyət dairələri ilə gizli əlaqəsi barədə yayılan söz-söhbəti də kənara qoymaq olmaz. Bir sıra ekspertlər hesab edirlər ki, yaxın aylarda bu məsələ ilə bağlı prezidentə qarşı ittihamlar irəli sürülə bilər. Əgər bu, baş versə, Amerika üçün çox ağır bir vəziyyət yaranacaq. Vaşinqtonun bütün müdafiə sisteminin kifayət qədər səmərəli işləmədiyi barədə təsəvvürlər təsdiqini tapmış olacaq.

Yuxarıdakı təhlillər onu göstərir ki, dünya növbəti siyasi qalmaqalın şahidi ola bilər. ABŞ dünyanın ən güclü və zəngin ölkəsi olaraq qalır və onunla bağlı baş verən hər bir hadisə qlobal səviyyədə həssaslıqla qarşılanır. Əgər D.Trampın istefası reallaşsa, dünya ictimaiyyəti Vaşinqtonun hansı mövqeni tutacağını maraqla gözləyəcək. Adətən bu cür dəyişikliklərdən sonra siyasi kursda düzəlişlər olur. Onlar nələri əhatə edəcək? Ümumiyyətlə, dünyanın indiki mürəkkəb vəziyyətində Amerika nə dərəcədə demokratiya ənənələrini milli maraqlardan üstün tuta biləcək?

Bütün bunlar təbii ki, qeyri-müəyyənlikləri göstərən məqamlardır. Onların fonunda Amerikanın siyasi səhnəsində riskli proseslərin cərəyan etdiyini görmək mümkündür. Bu, bir tərəfdən, ABŞ-ın dünyadakı geosiyasi nüfuzuna neqativ təsir göstərəcəksə, digər tərəfdən başqa güclərin daha da fəallaşmasına imkan yaradacaq. Çünki aydın olur ki, Amerika üzərinə düşən geosiyasi-diplomatik vəzifənin öhdəsindən gələ bilmir. Təkcə D.Trampın Şimali Koreyanı hədələməsini xatırlatmaq yetərlidir. Çünki Pxenyanı dəstəkləyən böyük dövlətlər də var. Hətta bir sıra ekspertlər bu oyunun arxasında hansı maliyyə qruplarının dayandığını da qeyd edirlər. Yəni D.Tramp haradasa korporativ maliyyə maraqlarına uyğun addımlar atır.

Etiraf edək ki, bunlar həqiqət olmuş olsa, bütün dünya üçün daha çətin vəziyyət yaranmış olacaq. Bu aspektdə D.Trampın istefası yalnız Amerikada demokratiya və insan haqlarının taleyi ilə bağlı görünmür. Pərdə arxasında hansı qrupların at oynatdığı daha böyük və mürəkkəb məsələ kimi qarşıya çıxır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...