THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi: tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
351
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 avqust 2017 – Newtimes.az

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı hazırladığı məqalədə ölkələrimizin müstəqillik illərində tarixi dostluqdan strateji müttəfiqliyə gedən yolda qazandığı uğurlardan bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir.

Ortaq soykökü, birgə tarix, mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan müasir dövrdə Avrasiya məkanında müstəqil siyasət yeridən lider dövlətlərdir. Hər iki ölkə mühüm geostrateji mövqeyə, zəngin enerji resurslarına malikdir, enerji və nəqliyyat qovşaqlarının üzərində yerləşir və tarixən harmonik multikultural mühitlə fərqləniblər. Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan Azərbaycan üçün Şərqə doğru mühüm dəhliz, Azərbaycan isə Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan qapıdır.

Bir çox analitiklər Avrasiya regionunda strateji əhəmiyyətinə görə Qafqaz, Mərkəzi Asiya və Balkanları bərabər tuturlar. Bu bölgələr geosiyasi çəkisinə, eləcə də fərqli sivilizasiyaların kəsişmə mövqeyində yerləşməsindən irəli gələn coğrafi əhəmiyyətinə görə fərqlənirlər. Təsadüfi deyil ki, qlobal geosiyasi mühitdə transformasiyaların getdiyi yeni dünya nizamında hər üç region qaynar bölgə hesab olunur və bu bölgələrdə etnik-dini münaqişələr davam edir. Buna görə də geosiyasi cəhətdən bu qədər həssas regionlarda milli maraqlara söykənən müstəqil siyasət yeritmək olduqca çətindir.

Sovetlər İttifaqının dağılmasından sonra əsrin dörddəbirini geridə qoyan Azərbaycanın və Qazaxıstanın müstəqil dövlət olaraq formalaşmasının ağırlığı, ilk növbədə, siyasi liderlərin çiyinlərinə düşmüşdür. Məhz Heydər Əliyev dühasının və Nursultan Nazarbayevin uzaqgörən siyasəti hesabına hər iki respublika beynəlxalq aləmdə müstəqil dövlət kimi mövqelərini ortaya qoya bildilər. Ümumiyyətlə, hər bir xalqın həyatında taleyüklü şəxsiyyətlərin mühüm rolu olmuşdur. Əgər ingilislər üçün bu şəxsiyyət Uinston Çörçill, amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, ruslar üçün I Pyotr, çinlilər üçün Mao Tsze Dun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün ulu öndər Heydər Əliyev, qazaxlar üçün isə Nursultan Nazarbayevdir. Hər iki lider, eyni zamanda, türk dünyasının inteqrasiyası yolunda da tarixi missiyaları ilə yaddaşlara yazılıb.

2017-ci il Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik tarixi ilə əlamətdardır. Bu 25 illik tarixi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Nursultan Nazarbayevin əsasını qoyduqları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən dostluq və qardaşlıq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2005-ci ildə "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə''ni imzalamaqla ölkələrimiz təbii strateji tərəfdaşlığını rəsmiləşdirmişdir.

Hazırda Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ali və yüksək səviyyədə davamlı olaraq qarşılıqlı səfərlər, müxtəlif tədbirlərdə görüşlər həyata keçirilir. Sonuncu dəfə cari ilin aprel ayında Qazaxıstan Respublikası Prezidentinin Azərbaycana baş tutmuş rəsmi səfəri münasibətlərimizin daha da dərinləşməsinə və konkret sahələr üzrə yeni əməkdaşlıq sahələrinin müəyyənləşməsinə güclü təkan vermişdir.

Hər iki ölkə ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq və regional təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir. Hətta fərqli siyasi və iqtisadi birliklərdə təmsil olunsalar belə qarşılıqlı dəstəyi nümunəvi adlandırmaq doğru olar. Bu mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Qazaxıstanın göstərdiyi prinsipial mövqe olduqca böyük əhəmiyyət daşıyır. Nursultan Nazarbayevin Moskvada keçirilən Avrasiya Ali İqtisadi Şurasının zirvə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması zamanı bu ittifaqın sərhədlərinin dəqiqləşdirilməsinin vacibliyi ilə bağlı nümayiş etdirdiyi mövqe bütün Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbi qüvvələrinin təxribatı nəticəsində baş verən hadisələr zamanı Qazaxıstan ictimaiyyətinin sosial şəbəkələr və mətbuat vasitəsilə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi iki qardaş xalqın hisslərinin təbii ifadəsi kimi qəbul olunur.

Azərbaycan və Qazaxıstan artıq dünya miqyasında etibarlı tərəfdaş kimi tanınırlar. Müxtəlif beynəlxalq layihələrin iştirakçısı və müəllifi olan ölkələrimiz daim öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Buna görə də hər iki ölkəyə qlobal müstəvidə böyük inam və etimad vardır. Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, Qazaxıstanın isə 2017-2018-ci illərdə bu mötəbər mövqeyə layiq görülməsi ölkələrimizə böyük inamın bariz nümunəsidir. Bu, cəmi 25 il ərzində beynəlxalq münasibətlər sisteminin müstəqil üzvü olan iki qardaş dövlətin zəfəridir.

Hər iki ölkə türkdilli xalqların inteqrasiyası istiqamətində də birgə addımlayır. Azərbaycan Qazaxıstan, Türkiyə və Qırğızıstanla birgə 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşü zamanı əsası qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçisidir. Eyni zamanda, ölkələrimiz türkdilli ölkələr arasında parlament diplomatiyasının, elmi, mədəni əməkdaşlığın gücləndirilməsini ortaq tədqiqatların və layihələrin həyata keçirilməsini istiqamətləndirən Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası çərçivəsində fəal iştirakçılardır. Fikrimcə, Qazaxıstanda latın qrafikasına keçidlə bağlı qəbul edilən qərar humanitar sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir. Türk Şurasının artıq 3 üzvünün latın qrafikasında əlifba sistemindən istifadəsi gələcək nəsillərin qarşılıqlı anlaşmasını daha da intensivləşdirməyə xidmət edəcəkdir.

Azərbaycan və Qazaxıstan bütün dünyada fərqli dəyər daşıyıcılarının birgəyaşayışının uğurlu nümunəsi kimi tanınırlar. Şərqlə Qərbin, Şimalla Cənubun, İslamla xristianlığın kəsişməsində yerləşən Azərbaycan və Qazaxıstan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirir. Hər iki ölkədə çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Digər tərəfdən, artıq dünyada monokultural və monoetnik cəmiyyət və ölkə anlayışı qəbul olunmur. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər. Müasir dünyanın daha çox müxtəlif dinlərin, mədəniyyətlərin və ümumilikdə fərqliliklərin toqquşması ilə müşayiət olunduğunu nəzərə aldıqda, tolerantlıq və harmoniyaya söykənən bir həyat tərzinin dövlət siyasəti kimi dünyada təqdimatı olduqca aktualdır.

Hazırda dünyada mədəniyyətlərin barışmazlığı, İslam aləmində müxtəlif məzhəb və təriqətlər arasında mübarizənin artması, Qərb-İslam münasibətlərinin kəskinləşməsi və müxtəlif fobiyaların güclənməsi fonunda həm Azərbaycan, həm də Qazaxıstan mədəniyyətlərarası dialoqa töhfə vermək üçün addımlar atır. 2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2016-cı ildə isə Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilmiş, 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli'' elan olunmuşdur. Qazaxıstanda da Dünya və Ənənəvi Din Liderlərinin qurultayları, Mənəvi Mədəniyyət üzrə Dünya Forumu kimi dinlər və sivilizasiyalararası dialoqa çağırış edən mötəbər tədbirlər keçirilir. Bütün bunlar ölkələrimizin dünyada sülh, barışıq və birliyə çağırışının göstəricisidir. Həm Azərbaycan, həm də Qazaxıstan "həmrəylik nümunəsini'' bütün dünyaya, o cümlədən İslam aləminə çatdırır.

Yüksək səviyyəli siyasi münasibətlərimiz iqtisadi əməkdaşlığımızın daha da dərinləşdirilməsinə yeni imkanlar açır. Xəzər dənizinin əks sahillərində yerləşən Azərbaycan və Qazaxıstanın tranzit mövqeyi və müvafiq kommunikasiya infrastrukturu Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizə üstün mövqe qazandırır. Hazırda Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan kəməri, eləcə də dəmir yolu vasitəsilə Avropaya nəql edir. Hər iki ölkə qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır. Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycandan Qazaxıstana 195 milyon ABŞ dolları, Qazaxıstandan Azərbaycana isə 68 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur.

Keçən il iki ölkə arasında qeydə alınan 125 milyon dollarlıq ticarət dövriyyəsinin yaxın gələcəkdə bir neçə dəfə artırılması proqnozlaşdırılır. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Qazaxıstanda Aktau limanının yenidən qurulması Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizin qarşısında yeni imkanlar açır. Bundan əlavə, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra dəfələrlə artacaqdır.

Azərbaycan və Qazaxıstanın strateji coğrafi mövqeyi ölkələrimizin iqtisadi əlaqələrinin çoxvektorlu olmasına şərait yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Xəzərdən Avropaya doğru, Qazaxıstandan şərqə doğru neft və dəmir yolu xətləri isə Çin istiqamətində vahid dəhliz yaradır. Yeni minillikdə Çinin irəli sürdüyü və həyata keçirməyə başladığı "İpək Yolu İqtisadi Kəməri”nin Şərqlə Qərb arasında ən böyük qovşaq olması gözlənilir. "Bir kəmər-bir yol'' təşəbbüsü adlandırılan bu dəhliz Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın yeni istiqamətləri üçün mühüm perspektivlər vəd edir.

Beləliklə, diplomatik münasibətlərin qurulduğu 25 il ərzində iki qardaş və dost ölkə olan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası siyasi, iqtisadi, ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışlar. Türk dünyasının bu iki yüksələn ulduzu gündən-günə bütün dünyada böyük hörmətlə qarşılanır və etibarlı tərəfdaş kimi tanınır. Əsrin dörddəbiri ərzində keçilən yol qarşıdakı 25 ildə daha uğurlu əməkdaşlıq vəd edir.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...