THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərqdə dəyişiklik: parçalama siyasətinin yeni əlamətləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3133
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 iyun 2017 – Newtimes.az

Suriya ətrafında geosiyasi vəziyyətin daha da gərginləşməsi mütəxəssisləri narahat edir. Faktiki olaraq ölkənin parçalanması prosesinə başlayıblar. Müxtəlif bölgələrdə bir neçə böyük dövlət öz hərbi güclərini yerləşdirməkdədirlər. ABŞ, Rusiya, Türkiyə və İran hansı məkanlarda hərbi qüvvələrini yerləşdirəcəklərini müzakirə edirlər. Onlardan başqa bir sıra ərəb dövlətləri də öz "paylarını" almaqda israrlıdırlar. Qətər böhranının arxasında duran məqamlardan birinin bundan ibarət olduğunu yazırlar. Bütün bu proseslər Yaxın Şərqdə riskləri və təhdidləri artırır. Eyni zamanda, bu dalğanın Qafqaz və Mərkəzi Asiyaya yayılması ehtimalını çoxaldır. Yekun olaraq belə bir tendensiyanın geniş geosiyasi məkanda hansı nəticələr verə biləcəyi üzərində düşünməyə dəyər.

Qarşıdurma: iki böyük gücün mübarizəsində yeni səhifə

Suriya məsələsi qlobal geosiyasi miqyasda yeni çalarlar kəsb etməyə başlayıb. Böyük dövlətlərin Yaxın Şərqdə nüfuz uğrunda mübarizəsi aspektində bu məsələ daha həssas məzmun kəsb etməkdədir. Burada iki istiqamətdə proseslərin daha təsiredici olduğunu vurğulamaq lazım gəlir. Birincisi – Rusiya-Türkiyə-İran "üçlüyü"nün Suriyanı nüfuz dairəsinə bölmək istiqamətində atdıqları yeni addımlarla əlaqəlidir. İkincisi – ABŞ başda olmaqla Qərb dövlətlərinin öz təsir dairəsini genişləndirmək üçün daha fəal gedişlər etməsi ilə bağlıdır.

Bu iki istiqamət bir yerdə nəinki Suriyada, hətta bütövlükdə Yaxın Şərqdə kifayət qədər gərgin və riskli vəziyyət meydana gətirib. Ekspertlər hesab edirlər ki, Qətər böhranı da onun "yan təsirlərindən" biridir. Suriyanın özündə isə mürəkkəb dinamika özünü göstərməkdədir.

Döyüş meydanında İŞİD-lə savaşda xeyli gərginlik mövcuddur. Rakka, Mosul və Deyr əz-Zor istiqamətlərində qanlı döyüşlər gedir. Hərbi ekspertlər artıq İŞİD-in son günlərini yaşadığını vurğulayırlar. Xüsusilə Amerikanın dəstəklədiyi "Suriya Demokratik Gücləri" adlanan, ancaq daha çox radikal etnik qruplardan təşkil olunmuş qüvvələr Rakkaya zərbələr endirirlər. Mosulda da şiddətli döyüşlər gedir. İraqın baş naziri Heydər əl-İbadi bir neçə gün əvvəl bəyan etmişdi ki, yaxın vaxtlarda şəhər İŞİD-dən tam təmizlənəcək. Lakin döyüşlər hələ də davam edir.

Daha mürəkkəb vəziyyət Suriyanın şimalında yaranıb. Burada ABŞ, Rusiya, İran və Türkiyə arasında hərbi üstünlük uğrunda ciddi mübarizə özünü göstərir. Rusiya və İran Deyr əz-Zoru ələ keçirmək üstün tələsirlər. Vaşinqton da buraya can atır. Çünki həmin yer Suriyanın İraq və dənizlə əlaqəsi üçün strateji əhəmiyyət daşıyır. Onun başqa əhəmiyyəti kürd qruplaşmalarına nəzarət üçün əlverişli coğrafi mövqedə olması ilə izah edilir.

İran Sənəndəclə Lazkiyə arasında dəmiryolu xətti inşa etmək fikrindədir. Bu, Tehranı Aralıq dənizinə çıxaracaq. ABŞ da öz növbəsində Əmman-Bağdad avtomobil yolunu çəkməklə müttəfiqlərinin dənizə çıxışını təmin etməyə çalışır. Bu iki güc arasında Deyr əz-Zor uğrunda gərgin savaşın səbəbini bununla izah edirlər.

Bunlarla yanaşı, Rusiya və Türkiyənin hərbi güc yerləşdirməklə bağlı razılığa gəldikləri haqqında informasiyalar yayılır. Belə ki, İdlibdə Türkiyə və Rusiyanın, Dəməşq ətrafında İran və Rusiyanın hərbi qrup yerləşdirəcəyi deyilir. Əlavə olaraq Türkiyə Afrinlə Münbic arasında yerləşən Azez-Mare xəttində hərbi tağım yerləşdirməlidir. Bu, Ankaraya həm Hələbin şimalına nəzarət etməyə, həm də Afrinlə Münbicin arasını kəsməyə imkan verir. Belə olanda PYD ərazidə təcrid olunmuş hala düşür.

Təbii ki, bunlara Vaşinqton səssiz qala bilməz. O, Rusiya və Türkiyənin həmin planlarını pozmaq üçün addımlar atır. Qətər məsələsi məhz buradan qaynaqlanır. Belə bir böhran yaratmaqla Vaşinqton həm Qətəri öz tərəfinə çəkir, həm də Astana görüşünü pozmağa çalışır. Bundan sonra vəziyyət tərəflərin qətiyyətindən asılı olacaq.

Onu da vurğulayaq ki, KİV Amerikanın İordaniya ilə başqa bir plan üzərində işlədiyini yazır. ABŞ Suriyanın cənub bölgəsində nəzarəti ələ keçirməyə cəhd göstərir. O, ənənəvi müttəfiqi Türkiyə ilə deyil, İordaniya ilə birlikdə hərəkət edir. Məsələ bundan ibarətdir ki, Amerika yalnız lokal cənub bölgəsi ilə (Suriyanın) kifayətlənmir, bütövlükdə ölkəyə ciddi təsir etmək və kommunikasiya məkanında güclü olmaq fikrindədir. Bütün bunların fonunda Yaxın Şərqdə yaranmış yeni geosiyasi mənzərə kifayət qədər riskli və təhlükəli görünür.

Bölünmə sindromu: ərəb dünyası təhlükə qarşısında

Hazırda faktiki olaraq region dövlətləri iki cəbhəyə bölünməkdədirlər. Bir tərəfdə Amerikaya qulluq edən Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin başçılıq etdiyi ərəb dövlətləri vardır. Digər tərəfdə isə Türkiyə və İrana qarşı olmaq istəməyən Qətər və İordaniya. Bunların yanında regionun kiçik dövlətləri də yer alır. Küveyt isə barışdırıcı rol oynamağa çalışır.

Açıq görünür ki, Yaxın Şərq geosiyasi məkan olaraq kənardan parçalanır. Ərəb dünyasını siyasi müstəvidə qarşı-qarşıya qoyurlar. Bunun sonu bütün ərəb ölkələri üçün faciəvi ola bilər. Artıq Birləşmiş Ərəb Əmirlikləri bəyan edib ki, əgər Qətər şərtləri qəbul etməsə, yollar ayrılacaq. Üstəlik, Türkiyə və İranla münasibətlər daha pis müstəviyə keçəcək. Deməli, çox mühüm bir dönəmdə kənar qüvvələr ərəb dünyasını siyasi aspektdə çökdürməkdədirlər. Bu prosesdə onlara məhz bir sıra ərəb dövlətləri yardım edir. Bu da varlı olmağın hələ müstəqil dövlətçiliyi təmin etmədiyi anlamını verir.

Belə çıxır ki, Yaxın Şərq üçün yeni bir "sürpriz" hazırlanır. Bu, Suriya böhranının davamı kimi xarakterizə oluna bilər. Belə ki, regionda daha bir ixtilaf meydanı ortaya çıxarılır. Suriya münaqişəsi həllini tapmadan indi daha çox ərəb dövləti bir-biri ilə intriqaya baş vurmaqdadır. Bu isə o deməkdir ki, Suriya məsələsi nəinki həll edilməyə yaxındır, onun hətta daha geniş miqyaslı bir ixtilaf içinə sıxışdırılması prosesi başlayıb.

Bu anlamda böyük dövlətlərin Suriyanın müxtəlif bölgələrinə hərbi güc yerləşdirməsi son deyil, yeni ixtilaf mərhələsinin başlanğıcıdır. Görünür, kənardan plan quranlar tədrici olaraq Yaxın Şərq münaqişəsinə böyük dövlətləri cəlb etməklə regional savaş ssenarisini həyata keçirirlər. Bunun milyonlarla günahsız insanın faciəsi ilə nəticələnəcəyinə şübhə yoxdur.

Proseslərin Suriyanın parçalanmasına doğru getdiyini təsdiqləyən fakt kimi ekspertlər amerikalıların ölkənin cənubunda yerləşən Ət-Tanfa şəhərindən 70 km. şimal-şərqdə yerləşən yaşayış məntəqəsində mobil raket-artilleriya sistemləri olan "Himars"ları yerləşdirməsini göstərirlər. Hərbi ekspert Andrey Koşkinin fikrinə görə, Vaşinqton İŞİD dağıdılandan sonra Suriyanın cənub rayonlarını əbədi nəzarətdə saxlamaq niyyətindədir.

Bu, çox ciddi bir iddiadır. Çünki söhbət, əslində, Suriyanın bir hissəsinin işğalından gedir. Özü də elə bir coğrafi ərazidən bəhs edilir ki, ərəb dünyasını ortadan bölür. Belə bir mənzərənin geosiyasi nəticələri çox ciddi ola bilər. Birincisi, ərəb dünyası yenidən parçalanmış olur. Osmanlını parçalamaq bunun ilk mərhələsi idi – indi isə müstəqil ərəb məkanını bölürlər.

İkincisi, Suriya-İraq zolağında kürd dövlətini yaratmaq şansı artır. Çünki bununla Qərb faktiki olaraq kürdləri ərəblərin "təzyiqindən" sığortalamış olur.

Üçüncüsü, Türkiyə, İraq və İranın bölünməsi üçün yeni meydan yaradılır. ABŞ bu ölkələrin qulağının dibində böyük hərbi güc saxlamaqla onlara təsirləri genişləndirmiş olur.

Dördüncüsü, İran və Türkiyə məsələsini həll etdikdən sonra Rusiya və Çin istiqamətində daha fəal olmaq şansı yaranır. Bu da başqa proseslərlə yanaşı, Qafqaz və Mərkəzi Asiyada terror dalğasının vüsət alması ssenarisinin mövcudluğundan xəbər verir.

Bütün bunlardan maraqlı nəticələr almaq mümkündür. İlk olaraq aydındır ki, Yaxın Şərqdə geosiyasi vəziyyəti daha mürəkkəb və riskli hala gətirməkdədirlər. Amerika əsas olaraq iqtisadi-maliyyə və hərbi təzyiqlərlə regionda nəzərdə tutduğu geosiyasi dəyişikliklərə nail olmaq əzmindədir. Buna qarşı Moskvanın başçılıq etdiyi dövlətlər qrupu öz iradəsini qoyur. İndiki mərhələdə onlar arasında mübarizə getdikcə daha gərgin məzmun kəsb edir.

Gözləniləndir ki, ki, regionda hərbi güc yeni səviyyəyə keçsin. Bu da regional savaşın meydana gəlməsi ehtimalını artırır. Hədəfdə əsas olaraq İranın olduğunu ekspertlər vurğulayırlar. Lakin bütövlükdə müsəlman dövlətlərinin bir-biri ilə ixtilafa girməsi niyyətini də istisna etmək olmaz. Təəssüf ki, bu prosesdə bir sıra müsəlman ölkələri öz dindaşlarına qarşı doğru olmayan mövqe tutublar. Qara buludlar getdikcə sıxlaşır...

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...