THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ötən ilin uğurları: siyasi-diplomatik fəallıq, əməkdaşlıq formatları və mühüm layihələr dövrü

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1517
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 fevral 2017 – Newtimes.az

Hər bir müstəqil dövlət başa vurduğu ildə öz fəaliyyətini obyektiv olaraq analiz etməlidir. Azərbaycan hər il həmin bağlılıqda görülən işlərə yekun vurur və gələcək planlarını dəqiqləşdirir. Mütəxəssislərin yekdil rəyinə görə, 2016-cı ildə də Azərbaycan siyasi-diplomatik fəallıq göstərib. Bir çox ölkələrlə əlaqələr intensivləşib. Dövlət başçısı xarici səfərlər edib, ölkəmizə dövlət və hökumət başçıları, şirkət rəhbərləri, beynəlxalq təşkilat başçıları təşrif buyurublar. Bu zaman ölkəmiz, regionumuz və bütövlükdə dünya əhəmiyyətli qərarlar əldə edilib. Bunlarla yanaşı, Azərbaycan keçən ildə strateji layihələr reallaşdırmağa başlayıb. Onlar enerji, nəqliyyat və iqtisadi-mədəni sahələrə aiddirlər. Burada xüsusilə Azərbaycanın yeni əməkdaşlıq formatları təklif etməsi vurğulanmalıdır. Onlar kifayət qədər səmərəli nəticələr verməkdədirlər. Həmin faktların işığında 2016-cı ilə baxdıqda, gələcəklə də bağlı əhəmiyyətli proqnozlar vermək mümkündür.

Siyasi aktivlik: Azərbaycan nümunə göstərir

2016-cı il Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni həyatı üçün çox maraqlı və zəngin keçib. Dünyanın əksər ölkələrində çətinliklərin, anlaşılmazlıqların, tənəzzülün müşahidə edildiyi bir mərhələdə Azərbaycanda fərqli mühitin mövcudluğunun arxasında ciddi və demokratik idarəetmə, sistemli islahatlar, aktiv xarici siyasət faktorları dayanır. Rəsmi Bakı keçən il müddətində çox fəal addımlar ataraq, dünyanın bir sıra ölkələri ilə səmərəli əməkdaşlığı yeni səviyyəyə qaldıra bilib.

Daha önəmlisi isə, beynəlxalq miqyasda geosiyasi və iqtisadi əhəmiyyətli layihələrə imza atıb. Bütün bunlar yekunda Azərbaycanın müstəqil dövlət quruculuğu prosesini keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyi haqqında nəticə çıxarmağa əsas verməkdədir. Həmin məqamlar üzərində geniş dayanaq.

Xronoloji ardıcıllığı gözləmək bir qədər çətindir. Çünki 2016-cı ildə o qədər maraqlı addımlar atılıb ki, onların ümumi məzmunu daha əhəmiyyətli görünür. Ancaq keçən il yanvarın 15-də Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə konteyner sınaq qatarının yola salınması mərasimi rəmzi olaraq Azərbaycanın il ərzində uğurlu addımlarının başlanğıcı kimi qəbul oluna bilər.

Çünki bu marşrut ölkəmizin "Yeni İpək Yolu" layihəsində praktiki iştirakının ilk nümunəsidir. Məlumdur ki, Pekinin həmin proqramına dünya miqyasında ciddi geosiyasi və iqtisadi-mədəni qiyməti olan hadisə kimi baxırlar. Hazırda bu layihədə iştirak etmək üçün bəzi dövlətlər dəridən-qabıqdan çıxırlar. Məsələn, Ermənistan daim vurğulayır ki, İran vasitəsilə "Yeni İpək Yolu"na qoşula bilər. Lakin konkret olaraq ortada bir nəticə yoxdur.

Bu kimi hadisələrin fonunda ilin başlanğıcında Qara dənizin İlyiçevsk-Batumi və Xəzər dənizinin Ələt-Aktau-Port bərə keçidlərini əhatə edən bir marşrutun işə düşməsi real siyasətin nəticəsi olaraq qəbul edilməlidir. Eksperimental reysə bərə keçidləri və quru yol daxildir. Bu marşrutla ayda səkkiz qatar hərəkət edəcək. Mərasimdə Ukrayna baş nazirinin müavini Gennadi Zubko, infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus və digər rəsmi şəxslər iştirak ediblər. Sonra ölkənin həyatında baş verən hadisələr göstərdi ki, Azərbaycan üçün bu cür başlanğıc çox düşərlidir.

Yanvar ayının 21-də Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun "Yeni enerji tarazlığı" mövzusunda sessiyasında iştirakına da bu kontekstdə nəzər salmaq səmərəli olardı. Dövlət başçısı forum çərçivəsində təşkil olunan dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısında olub. İlham Əliyev Davosda müxtəlif ölkələri təmsil edən rəsmi şəxslər, şirkət və təşkilat rəhbərləri ilə 17 ikitərəfli görüş keçirib.

Aprel zəfəri: Ordu gücünü sübut etdi

Təbii ki, yuxarıda vurğulanan bağlılıqda hərb tariximizin qürur səhifələrindən olan aprel döyüşlərini (2-5 aprel) xüsusi qeyd etməyə böyük ehtiyac duyuruq. Əvvəlcə, ermənilərin hərbi təxribatı oldu. İrəvan sanırdı ki, bu dəfə də şıltaqlığı elə-belə keçəcək. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri düşmənin təpəsinə qartal kimi qondular.

Cəmi bir neçə gün ərzində Ermənistan ordusunun Dağlıq Qarabağdakı korpusu ağır zərbə aldı. Aydın oldu ki, Azərbaycan Cənubi Qafqazın ən güclü Ordusuna sahibdir və onun qarşısında kimsə dura bilməz. Onda Ermənistan prezidenti Serj Sarkisyan havadarlarına gah yalvardı, gah da onlardan narazılığını açıq şəkildə bildirdi.

Nəticədə, ümumi vəziyyəti nəzərə alan və danışıqlar prosesinə sədaqətini bir daha nümayiş etdirən Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşkəsə razılıq verdi. Buna baxmayaraq, Ordumuzun böyük zəfər əldə etdiyinə qətiyyən şübhə yoxdur. Aydın oldu ki, Ali Baş Komandan İlham Əliyevin Ordu quruculuğu siyasəti olduqca səmərəlidir və müasir tələblərə tam cavab verir. Bunun fonunda Ermənistan rəhbərliyinin bir-birinin ardınca generalları istefaya göndərməsi, bəzilərini isə həbsə atması və təlaşla döyüş bölgəsinə tez-tez səfərlər etməsi diqqətdən yayınmadı.

Ekspertlər bunları Ermənistan silahlı qüvvələrində ciddi problemlərin olması kimi izah edirlər. Bu qənaəti məhz Azərbaycan Ordusunun müzəffər döyüşləri nəticəsində əldə etdilər. Eyni zamanda, bu fakt İrəvanın öz ordusu haqqında yaratmağa çalışdığı mifi də alt-üst etdi.

Deməli, 2016-cı il Azərbaycanın hərb tarixində mühüm bir dəyişikliklə yadda qalacaq. Müstəqil dövlətin Ordusu döyüş meydanında həm gücünü göstərdi, həm də geosiyasi aspektdə ölkəyə yeni nüfuz gətirdi. İndi Ermənistana havadarlıq edənlərin bir böyük dərdi var – nə olur-olsun Azərbaycanın yenidən hərbi əməliyyatlara başlamasına imkan verməmək!

2016-cı ilə qədər isə onlar erməni ordusunun "qəhrəmanlığından", regiondakı bütün ordulardan "güclü" olduğundan dəm vururdular. Hətta qondarma "DQR"-də ən intizamlı və hazırlıqlı "orduya" sahib olmalarından utanmadan danışırdılar. Aprel döyüşləri hər şeyi dəyişdi.

Bu sırada geosiyasi aspektdə daha əhəmiyyətli olanı dünyanın böyük dövlətlərinin Azərbaycan Ordusunun münaqişə bölgəsində vəziyyəti kardinal dəyişmək iqtidarında olduğuna əminliyinin yaranmasından ibarətdir. Artıq bunu bilirlər və çalışırlar ki, erməni ordusunu daha güclü silahlarla təmin etsinlər. Ancaq bu da onlara kömək etmir. Çünki Azərbaycan rəhbərliyi daim Ordunun qayğısına qalır və onu daha da gücləndirir.

Enerji siyasəti: yeni məzmun çalarları

Hərbi sahə ilə yanaşı, enerji sferasında da Azərbaycan 2016-cı ildə böyük uğurlara imza atıb. O sırada may ayının 17-də Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik boru kəməri – TAP-ın təməlqoyma mərasiminin keçirilməsi ayrıca vurğulanmalıdır. Bu boru kəməri bütövlükdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsidir. Onun enerji aspektində dünya üçün əhəmiyyəti çoxdur. Hər şeydən əvvəl "Cənub Qaz Dəhlizi"nə qlobal enerji təhlükəsizliyinin təmini kontekstində qiymət verirlər. Qərbin böyük dövlətlərinin liderləri bununla bağlı dəfələrlə açıq fikirlərini bildiriblər. Təməlqoyma mərasimində iştirak edən Yunanıstanın baş naziri Aleksis Tsipras və TAP layihəsinin icraçı direktoru Yan Bradşou da çıxışlarında layihənin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan danışıblar.

ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubda bu layihənin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacağı qeyd edilib. Konkret olaraq, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilən Azərbaycan qazı Avropaya nəql ediləcək. İlkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr mavi yanacaq çatdırılacaq.

Yeri gəlmişkən, ayrıca vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə "Cənub Qaz Dəhlizi"nin iqtisadi, nəqliyyat, energetik və geosiyasi aspektləri barədə dərin fikirlər söyləyib. Dövlət başçısı TAP və TANAP-ın həmin layihənin tərkib hissəsi kimi oynadığı rolu dəqiq analiz edib. Bu, Azərbaycanın enerji siyasətinin 2016-cı ildə yeni məzmun çalarını aldığını göstərir. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Məsələ ondan ibarətdir ki, XXI əsrin əvvəllərindən dünya miqyasında enerji sferasında daha mürəkkəb vəziyyət yaranmağa başlayıb. Belə bir şəraitdə bəşəriyyət üçün enerji təhlükəsizliyi regional və milli təhlükəsizliyin vacib elementinə çevrilib. Təbii ehtiyatlarla zəngin olan dövlətlər üçün bu, daha incə və konstruktiv enerji siyasəti yeritməyi tələb edir. Həmin bağlılıqda postsovet məkanında enerji daşıyıcıları ilə zəngin olan ölkələrin hansı məzmunda siyasət aparacağı xüsusi aktuallıq kəsb etməyə başlayıb.

Çünki bu region kifayət qədər mürəkkəb, riskli və ziddiyyətli proseslərlə xarakterizə olunur. Bu səbəbdən Azərbaycanın enerji siyasətini yeni şərtlərə uyğunlaşdırması prinsipial əhəmiyyət daşıyırdı. İlham Əliyev bu vəzifəni yüksək səviyyədə yerinə yetirərək, həm Azərbaycanın enerji siyasətinə yeni geosiyasi məzmun verdi, həm də onu ölkənin milli təhlükəsizliyinin tərkib hissəsinə çevirdi.

2016-cı il fevralın sonlarında Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında Prezident İlham Əliyev vurğulamışdı: "Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur". Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu ayrıca qeyd edib və Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə inandığını vurğulayıb. Prezident deyib: "Cənub Qaz Dəhlizi" layihəsi XXI əsrin tarixi layihəsidir".

Həmin tədbirdə iştirak edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç "Cənub Qaz Dəhlizi" layihəsinə Avropa İttifaqının dəstəyini ifadə edərək, söyləyib: "Biz Avropa İttifaqı olaraq enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik".

Dünyanın böyük dövlətlərinin liderləri və Avropa İttifaqının rəhbərliyi də məhz bu səbəbdən daim Azərbaycanın dövlət başçısının bu sahədəki uğurlarını ayrıca qeyd ediblər. Onlar mötəbər beynəlxalq tədbirlərdə birbaşa həmin məqamı vurğulayıblar.

Deməli, söhbət Azərbaycanın enerji siyasətinin qlobal əhəmiyyətli yeni mərhələsindən gedir. 2016-cı il bu aspektdə mühüm mərhələlərdən birini ifadə etməkdədir. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı ilə yanaşı, Bakı Sərgi Mərkəzində keçirilmiş XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisinə də məhz bu kontekstdə qiymət vermək gərəkdir.

Xarici siyasət: çoxvektorlu addımlar

Keçən ildən danışarkən, enerji siyasəti və sosial-iqtisadi islahatlarla yanaşı, müxtəlif ölkələrlə əməkdaşlığı da qətiyyən unutmaq olmaz. Həmin bağlılıqda ekspertlərin ən çox diqqət yetirdiyi məqam Prezidentin 12 ölkəyə etdiyi 16 səfərin əhəmiyyəti ilə bağlıdır. Çünki bu səfərlərin hər birində Azərbaycanın geosiyasi və siyasi-iqtisadi taleyi üçün mühüm rol oynayan razılaşmalar əldə edilib. Qardaş Türkiyəyə İlham Əliyev bir ildə 4 dəfə baş çəkib. Bu, həm iki dövlət arasındakı yaxınlığın təsdiqidir, həm də Azərbaycanın dövlət başçısının beynəlxalq nüfuzunun göstəricisidir. Türkiyə səfərlərində İlham Əliyev çox mötəbər beynəlxalq tədbirlərdə iştirak edib – İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9-10 oktyabr).

Mart ayının 15-də Prezident Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Eyni zamanda, bu səfərlər çərçivəsində İlham Əliyev 7 görüş keçirib. İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qəbul edilən yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələləri əks olunub.

Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli vacibliyi vurğulanıb. Əlavə olaraq, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmin məsələ ilə bağlı kontakt qrupu da yaradılıb. Bu da Azərbaycanın böyük diplomatik uğurudur. Türkiyədə keçirilən Dünya Humanitar Sammitinin işində də dövlət başçısı çox fəal iştirak edib. Bundan başqa, dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə və İrana rəsmi, Avstriya, Almaniya və Rusiyaya işgüzar səfərlər edib.

Keçən ildə Azərbaycana xarici ölkələrin liderləri də səfərlər ediblər. Onların sırasında Qətərin Əmirinin, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentlərinin rəsmi, Türkiyə, İran və Rusiya prezidentlərinin isə işgüzar səfərlərini vurğulamaq istərdik. Həmçinin Azərbaycanda Rusiya hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri rəsmi, İsrailin baş naziri isə işgüzar səfərdə olub. Bunların hər birində çox aktual razılaşmalar əldə edilib. Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları da IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə gəliblər.

Bunlarla yanaşı, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə aktiv iştirak edib. Yuxarıda göstərilənlərdən başqa, aşağıdakıları da qeyd etmək gərəkdir – "Suriyaya və regiona dəstək" konfransında iştirak məqsədilə Böyük Britaniyaya (London), 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münxen), IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ABŞ-a (Vaşinqton), NATO Zirvə toplantısında iştirak etmək üçün Polşaya (Varşava) ölkə başçısı səfərlər edib. Mövzulardan da göründüyü kimi, bunların hər biri həm geosiyasi aspektdə, həm də müstəqil dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində olduqca əhəmiyyətli məqamlarla əlaqəli olub.

Əməkdaşlıq formatları: Bakının təşəbbüsləri davam edir

2016-cı ildə xarici siyasətdə həyata keçirilən tədbirlərdən danışarkən ikitərəfli əlaqələrdə üçtərəfli formatda regional əməkdaşlıq mexanizmlərindən istifadə faktını mütləq qeyd etmək lazımdır. Çünki bu, əsasən, Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə baş tutub və müsbət nəticələri göz qabağındadır. Bir il müddətində Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu formatın regionda təhlükəsizliyin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyət daşıdığını siyasi liderlər etiraf edirlər. Onların sırasında keçən ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşməsi xüsusi yer tutur.

Bu barədə dövlət başçısı İlham Əliyev konkret fikir söyləyib. Belə ki, Bakıda həmin tərkibdə müzakirələr tarixdə ilk dəfə olaraq aparılırdı. Rusiya və İran imperiyalarının tərkibində olmuş Azərbaycanın artıq müstəqil dövlət qismində strateji xarakterli qərarların alındığı yüksək səviyyəli bir görüşə ev sahibliyi etməsi həqiqi mənada tarixi olaydır. Prezidentlər – İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani bütövlükdə region üçün ciddi nəticələri olan razılaşmalara nail oldular. O cümlədən Şimal-Cənub dəhlizinin işə salınması istiqamətində tarixi razılıq əldə edildi.

Eyni fikirləri biz, əminliklə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşləri haqqında da deyə bilərik. Rəsmi Bakı onların hər birində yalnız özü üçün deyil, ümumən region və dünya üçün gərəkli olan təşəbbüslər göstərib. İndi həmin addımların müsbət bəhrələrini region dövlətləri görür. Təbii ki, burada Ermənistan ayrıca analiz edilməlidir. Çünki bu dövlət təcavüzkar xarici siyasətindən əl çəkmək istəmir. Həmin səbəbdən də Azərbaycanın iştirak etdiyi əməkdaşlıq formatlarında Ermənistana yer yoxdur. Çox əhəmiyyətlidir ki, bu reallığı hətta bu ölkəyə havadarlıq edənlər belə qəbul etməli olurlar.

2016-cı ildə əldə edilən uğurlar bir daha əminlik yaradır ki, rəsmi Bakı bundan sonra da mövcud üçtərəfli formatlarda əməkdaşlığı davam etdirəcək. Eyni zamanda, Azərbaycan rəhbərliyi yeni üçtərəfli mexanizmlərin yaradılması imkanlarını nəzərdən keçirəcək.

Ümumiyyətlə götürdükdə, keçən ildə 15 dövlət rəhbəri, 13 baş nazir və spiker, 42 ölkənin rəsmisi, 26 beynəlxalq təşkilatın təmsilçisinin Azərbaycana səfər etməsi ölkəmizin yüksək nüfuzundan xəbər verir və həm də siyasi-diplomatik aktivliyin konkret göstəricisidir. Bu çərçivədə, şübhəsiz ki, Roma Papası Fransiskin Azərbaycana səfəri Prezident İlham Əliyev diplomatiyasının növbəti zəfəri kimi qəbul olunmalıdır. Onun iki aspekti vardır.

Birincisi, Azərbaycan əsrlərdir ki, müxtəlif dinlərin, konfessiyaların və xalqların mehriban yaşadığı məkandır. Ancaq onun rəsmi etirafı indiyə qədər yox idi. Xüsusilə Roma Papasının bu barədə konkret təsdiqi lazım idi. İlham Əliyev ona nail olub.

İkincisi, Azərbaycan demokratik daxili və xarici siyasət yeridən dövlətdir. Ancaq bir sıra bədxah dairələr ölkə haqqında həqiqətdən uzaq informasiyalar yayırlar, onu ləkələməyə çalışırlar. O cümlədən ermənilər Dağlıq Qarabağda və ətraf rayonlarda törətdikləri terror hadisələrini, vəhşilikləri, mədəniyyət abidələrini məhv etmələrini gizlətmək üçün azərbaycanlıların dini dözümsüzlüyü, başqalarına qarşı aqressivliyi haqqında cəfəng şeylər düşünür, şər-böhtan düzəldərək dünyaya yaymağa çalışırdılar. Roma Papası öz gözləri ilə bütün bunların yalan olduğunu gördü. Duydu ki, Azərbaycan reallıqda multikulturalizmin, fərqli dini konfessiyaların dinc yanaşı yaşadığı demokratik bir ölkədir. Papa Bakıdakı çıxışlarında bu barədə konkret fikirlərini bəyan edib.

Bu hadisə, təbii ki, Azərbaycanın xarici siyasətdə əldə etdiyi əsas nailiyyətlər sırasında öz layiqli yerini tutmalıdır. Çünki XXI əsr mədəniyyət əsridir. Azərbaycan öz konkret addımları ilə regionun demokratik və humanist lideri olduğunu sübuta yetirdi. Bu mənada 2016-cı il yeni yüksəliş mərhələsinin növbəti pilləsidir. 2017-ci ildə daha böyük uğurlar üçün tam əsas vardır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...