THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan Prezidentinin Brüssel səfəri: əməkdaşlıq formatında tarixi yenilik

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1853
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 fevral 2017 – Newtimes.az

Müasir dünyada çox mürəkkəb geosiyasi, hərbi və maliyyə vəziyyətinin yarandığı sirr deyil. Yaxın Şərqdə münaqişələrin daha da şiddətlənməsi, prosesə getdikcə daha çox sayda dövlətin qarışması ilə yanaşı, Avropada davam edən böhranlı durum meydana bir sıra təhlükələr çıxarıb. Bunların fonunda yeni müstəqil dövlətlərin Avropa İttifaqı ilə əlaqələri prinsipial məzmun kəsb edir. O cümlədən mürəkkəb Cənubi Qafqaz regionunda yerləşən Azərbaycanın Aİ ilə əlaqələrini səmərəli müstəviyə çıxarması əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın dövlət başçısı İlham Əliyevin fevral ayında Brüsselə səfər etməsini olduqca aktual göstərir. Ölkə rəhbəri səfəri zamanı apardığı danışıqlarda maraqlı və əhəmiyyətli nəticələr əldə edib. Bir daha təsdiqlənib ki, İlham Əliyev uzaqgörən siyasi liderdir. Prezidentlə müzakirələr aparan hər bir Aİ rəsmisi həmin məqamı vurğulayıblar. Əldə olunan razılıqlar Aİ-Azərbaycan münasibətlərində tamamilə yeni səhifə açır. Məsələnin bu tərəfini şərtləndirən müxtəlif məsələlər üzərində geniş dayanmağa ehtiyac vardır.

Siyasi iradə və düzgün kurs: Azərbaycan rəhbərinin uzaqgörənliyi

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə fevralın 5-də Belçika Krallığına etdiyi səfərə siyasətçilər və ekspertlər böyük maraq göstəriblər. Azərbaycanın dövlət başçısı Avropa İttifaqı və Azərbaycan üçün əhəmiyyəti olan məsələləri müzakirə edərək çox vacib nəticələr əldə edib. Mütəxəssislərin rəyinə görə, faktiki olaraq tərəflər arasında əməkdaşlığın yeni mərhələsi başlayır. Bu mərhələdə Aİ-Azərbaycan əlaqələrinin keyfiyyətcə daha yüksək səviyyəyə qalxması gözlənilir. Rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlığın məzmunu və məqsədində elə dəyişiklikləri meydana gətirib ki, avropalı mütəxəssislər və təşkilatın rəhbərliyi onları tarixi adlandırırlar. Bundan başqa, Azərbaycanın Aİ ilə münasibətlərini daha da inkişaf etdirməsi üçün zamanın yetişdiyi çox vacib faktorlardandır.

Bu bağlılıqda Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Brüssel səfəri ilə əlaqəli fikirləri maraqlıdır. Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində bu yaxınlarda Brüsselə etdiyi səfər çox böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Brüsselə Avropa İttifaqı rəhbərliyinin rəsmi dəvəti ilə səfər etmişdi. Məlumdur ki, başqa dövlətlərin rəhbərləri də tez-tez Brüsseldə səfərdə olurlar. Prezident İlham Əliyevin səfəri isə həmin səfərlərdən fərqlidir" (bax: Novruz Məmmədov: Prezident İlham Əliyevin Brüsselə səfəri mühüm əhəmiyyətə malikdir / AZƏRTAC, 11 fevral 2017).

Fikirlərinə davam edərək Novruz Məmmədov ayrıca ifadə edib ki, Azərbaycan rəhbərliyinin ciddi fəaliyyəti nəticəsində hazırda Aİ ilə demək olar ki, bütün sahələrdə əməkdaşlıq mövcuddur. Onu nəzərə almaq lazımdır ki, tərəflər arasında əlaqələrin bu cür məzmun kəsb etməsində rəsmi Bakının "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş" layihəsini hazırlaması prinsipial rol oynayıb (bax: əvvəlki mənbəyə). Məhz bu kontekstdə başqa bir əhəmiyyətli faktoru mütləq qeyd etmək gərəkdir.

Məsələ ondan ibarətdir ki, dünyanın müxtəlif regionlarında ixtilafların baş alıb getdiyi, hətta böyük dövlətlərin belə əməkdaşlıqdan çox ziddiyyətlərə düçar olması fonunda Cənubi Qafqazın lider ölkəsi dünyanın güclü təşkilatlarından biri ilə strateji xarakterli əməkdaşlıq istiqamətində ciddi addım atır. Bu, bir tərəfdən, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun səmərəliliyinin göstəricisidirsə, digər tərəfdən, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti təntənəsidir. Həmişə humanizmi, konstruktivizmi və praqmatikliyi ilə seçilən bu xətt bir daha sübut etdi ki, əsas qayəsi əməkdaşlıq və bərabərhüquqlu tərəfdaşlıqdır.

Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında uzunmüddətli əməkdaşlığın yeni əsaslar üzərində qurulması ilə bağlı geniş müzakirələr aparılıb, müsbət nəticələr əldə edilib. Türkiyə mətbuatının yaydığı informasiyaya görə, Aİ Azərbaycanla 28 illik tərəfdaşlığı əhatə edəcək sənədin hazırlanmasına start verib. Bunda əsas məqsədlərdən birinin Brüsselin Rusiyadan enerji asılılığını azaltmaqdan ibarət olduğu ifadə edilir (bax: AB ve Azerbaycan'dan iş birliği / "Habertürk", 6 fevral 2017). Həmin kontekstdə ekspertlərin diqqətini Prezident İlham Əliyevin Brüsseldə çox yüksək səviyyədə qarşılanması cəlb edib.

Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin müasir tələblər müstəvisində inkişaf etdirilməsinin vacib məqamlarını müzakirə edib (bax: По следам Президента: главные итоги визита Ильхама Алиева в столицу Европы / "1news.az", 8 fevral 2017).

Burada mühüm bir məqamı vurğulamaq istərdik. Məsələ ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi belə müzakirələrə nail olmaq üçün sistemli, düşünülmüş və ardıcıl fəaliyyət göstərib. Avropa İttifaqı assosiativ üzvlüklə bağlı bir neçə ölkə ilə danışıqlar apardığı mərhələdə bəzi dairələr rəsmi Bakının tutduğu mövqeyə elə də haqq qazandırmaq istəmirdilər. Azərbaycan strateji tərəfdaşlıqla bağlı fərdi sazişin əvəzinə "Şərq tərəfdaşlığı" proqramının bütün üzvlərinə assosiativ üzvlüyün təklif edilməsi ilə razılaşmadı. 2013-cü ilin sonunda bununla bağlı rəsmi mövqe bildirilmişdi. Əvvəlcə, Brüssel buna görə Azərbaycandan müəyyən dərəcədə "küsdü". Avropalılar sazişi özlərinin müəyyən etdikləri şərtlər daxilində bağlamağı arzulayırdılar. Müxtəlif üsullarla təzyiq cəhdləri, "qara piar" kampaniyaları oldu.

Lakin 2015-ci il may ayının 21-də Aİ-nin keçmiş Sovet İttifaqının 6 ölkəsi ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Riqada keçirdiyi sammitdə yalnız Ukrayna, Gürcüstan və Moldova assosiativ üzvlüyə aid sənədə imza atdılar. Azərbaycan Prezidenti həmin tədbirə getməmişdi, səbəbi də o idi ki, rəsmi Bakı yeni hüquqi əsaslarla əməkdaşlıq formatına üstünlük verirdi. Həmin tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov mövcud vəziyyəti dəqiqliklə ifadə etmişdi. Prezident Administrasiyası rəhbərinin müavini demişdi: "Əlbəttə ki, Aİ ilə əməkdaşlıqda bizim xüsusi mövqeyimiz var. Forumun yekun bəyannaməsi ilə bağlı narazılığımızı bildiririk, çünki o, Aİ-nin Azərbaycanla əməkdaşlığına uyğun gəlmir. Azərbaycan keçmiş sovet məkanında Avropa İttifaqı ilə uğurla və hərtərəfli əməkdaşlıq edən ölkədir. Amma bu sənəddə Azərbaycanla bağlı vəziyyət bu əməkdaşlığın ruhuna uyğun deyil" (bax: Riqa sammiti: əsassız ümidlər, siyasi boşluq və Azərbaycanın məxsusi fikri / "Newtimes.az", 27 may 2015).

Bununla Aİ rəsmiləri bir daha əmin oldular ki, Azərbaycan rəhbərliyinin mövqeyi qətidir və o, ölkənin ərazi bütövlüyü, suverenliyi məsələsindən imtina etməyəcək. Bundan başqa, assosiativ üzvlüklə bağlı tərtib edilən sənəddə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzrə qurulması aydın ifadə edilməyib. Bu da gələcəkdə Brüsselə diqtə etmək imkanı verə bilər. Burada bir haşiyə çıxmağa ehtiyac görürük.

Biz indi Aİ üzvlərinin belə Brüsselin müxtəlif sahələrdə dominantlıq etməkdə olduğu barədə açıq danışmasını nəzərdə tuturuq. "Brexit" bu prosesin əsas tərəflərini üzə çıxardı. Hazırda Fransa, İtaliya, Hollandiya, Almaniya, Avstriya kimi ölkələrdə bir sıra siyasətçilər "Brüsselin diqtələri"ndən xilas olmaqdan danışırlar. Onların sırasında Marin Le Pen xüsusilə seçilir. Bu fransız siyasətçisi Aİ-nin dövlətlərüstü qurumlarının "ölkələrin suverenliyinə zərər verdiyini" deyir. Deməli, Azərbaycan Prezidenti öz mövqeyində tam haqlı imiş. İlham Əliyev həmişə ifadə edib ki, dövlətin suverenliyi hər şeydən önəmlidir.

Əslində, Aİ rəhbərliyi həmin fikirlə razılaşdı. Məsələn, Aİ Şurasının prezidenti Donald Tusk bir neçə dəfə təşkilatın tərəfdaşlarına fərdi yanaşmanın daha doğru olduğunu söyləyib. Konkret olaraq, D.Tusk bəyan edib: "Biz hamımız başa düşürük ki, Aİ və "Şərq tərəfdaşlığı" üçün bizə yeni vasitələr lazımdır". O, həmçinin Riqa sammiti iştirakçılarının Aİ daxilində zidd mövqelərin uzlaşdırılması yollarının axtarışında çətinliklər olduğunu etiraf etdiklərini də xüsusi vurğulayıb (bax: əvvəlki mənbəyə).

Əməkdaşlığın transformasiyaları: strateji tərəfdaşlığa doğru

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın mərhələlərinə qısa nəzər salsaq, rəsmi Bakının mövqeyində haqlı olduğunu, Donald Tuskun da bunu etiraf etməsinin tam məntiqi olduğunu görərik. Mütəxəssislər Aİ-Azərbaycan əlaqələrini obrazlı olaraq "dəstəkdən yardıma, yardımdan əməkdaşlığa çevrilən" proses kimi səciyyələndirirlər. Bu o deməkdir ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə əsasən Aİ-nin dəstəyini görüb. Paralel olaraq yardımlar edilib. Sonrakı mərhələdə isə proses qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə keçib. Yəni Azərbaycan keçən müddətdə sürətlə inkişaf edərək, Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaş kimi münasibətlər qura bilib. Bu, ciddi irəliləyişdir, xüsusilə ona görə ki, postsovet məkanında buna heç də hər bir müstəqil dövlət nail ola bilməyib. Onlar hələ də Aİ-nin yardımlarına ehtiyac içində yaşayırlar.

Əvvəlcə, Aİ humanitar yanaşmalar əsasında tədricən layihələri reallaşdırmaq üçün müxtəlif alətlərdən istifadə edib, bu təməldə kompleks xarakterli və hərtərəfli proqramlara doğru irəliləyib. Avropa İttifaqı 1992-ci ildən bəri ikitərəfli xarici yardımlar (qrantlar və natura şəklində töhfələr) üçün 600 milyon avrodan çox vəsait ayırıb. Bununla yanaşı, Azərbaycan müxtəlif proqramlardan faydalanıb. Onların sırasında Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA), INNOGATE Regional Enerji Proqramı, Kiçik və Orta Müəssisələr üçün Flaqman Proqramı (özəl sektorun inkişafı) xüsusi yer tutur. Eyni zamanda, münaqişə nəticəsində zərər dəyən infrastrukturun bərpa edilməsi, Azərbaycanın Aİ standartları və qabaqcıl təcrübələrə daha da uyğunlaşdırılması məqsədilə "Tvinninq" proqramı həyata keçirilir (bax: "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə'' / İdeya müəllifi: Novruz Məmmədov. Bakı, 2016, 645 s).

Keçən müddət ərzində Azərbaycana Avropa Birliyi Humanitar Yardım İdarəsi (ECHO) və Avropa Birliyi Ərzaq Təhlükəsizliyi Proqramı humanitar yardım göstərib. 1992-ci ildən fəaliyyətə başlayan TACIS proqramı çərçivəsində 2000-ci ilə qədər iqtisadiyyatın və infrastrukturun inkişafı, inzibati və hüquqi islahatların həyata keçirilməsinə dəstək göstərilib. 1995-ci ildən isə TEMPUS/ERASMUS proqramı çərçivəsində universitetlər və ölkənin təhsil sektoruna yardım edilib.

Lakin davamlı və sürətli siyasi-iqtisadi inkişafa nail olan Azərbaycanın 2000-ci ildən etibarən humanitar yardıma, infrastrukturun bərpa olunmasına və ərzaq yardımının göstərilməsinə ehtiyacı qalmayıb. Əvəzində, 2000-2006-cı illərdə TACIS proqramı çərçivəsində göstərilən texniki yardım əsasən hökumət orqanlarının potensialının gücləndirilməsinə sərf edilib. O cümlədən sosial müdafiə və iqtisadi inkişaf, ticarət və investisiya sahələrinə dəstək artırılıb. Konkret desək, Aİ-Azərbaycan əməkdaşlığı 2000-ci ildə yeni mərhələyə qədəm qoyub. Bu zaman Azərbaycanın bütün sahələrdə inkişaf etməsi əsas rol oynayıb. Münasibətlərin transformasiyası prosesi 2007-ci ildən başlayaraq yeni məzmun kəsb edib. Bu, yüksək iqtisadi artımın baş verməsi və yoxsulluğun azalması ilə əlaqədar olub. Həmin ildə Azərbaycan TACIS proqramını əvəz edən Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinə (AQTA/AQA) hüquq əldə edib.

Bu mərhələdə 2007-2011-ci illər ərzində Aİ enerjinin səmərəliliyi, ədliyyə, kənd təsərrüfatı və regional inkişaf sahələri üzrə dörd sektora büdcə dəstəyi proqramlarını həyata keçirib. 2011-ci ildən etibarən heç bir Büdcəyə Dəstək proqramı qəbul edilməyib. Bunun əvəzinə "Tvinninq" formasında həyata keçirilən bərabər səviyyəli təcrübə mübadiləsinə üstünlük verilib. Azərbaycanda regionda ən yüksək göstəricilərdən biri olan 31 "Tvinninq" layihəsi həyata keçirilib. 2012-ci il qiymətləndirmələrinə görə, "Tvinninq" hökumətin idarəçiliyi müasirləşdirmək və seçilmiş sektorlarda onu Avropa standartları və təcrübəsinə uyğunlaşdırmaqda uğurlar əldə edib.

Onu vurğulayaq ki, Aİ-Azərbaycan münasibətləri bir sıra siyasi və hüquqi sazişlərə əsaslanır. Onların sırasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS), 2004-cü ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti, 2009-cu ildə imzalanmış "Şərq tərəfdaşlığı" Sazişi və enerji sahəsində strateji əməkdaşlığın yaradılmasına dair 2009-cu ildə imzalanmış Anlaşma Memorandumu xüsusi yer tutur. Bunlardan başqa, 2013-cü ildə mobillik naminə tərəfdaşlığa dair saziş imzalanıb və 2014-cü ildə vizanın sadələşdirilməsi və readmissiya sazişi qüvvəyə minib. 2014-cü ildə isə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair protokol imzalanıb (bax: əvvəlki mənbəyə).

Aİ-Azərbaycan əməkdaşlığının yuxarıda verilən qısa təsviri göstərir ki, burada mütəmadi olaraq transformasiyalar olub. Bu, Aİ, Azərbaycan və bütövlükdə dünyada özünü göstərən dəyişikliklərlə əlaqədar olub. Həmin məntiq çərçivəsində bu qısa tarixçənin Azərbaycan-Aİ əməkdaşlığında yeni mərhələnin əhəmiyyəti haqqında təsəvvür əldə etməyə imkan yaradığını da görmək mümkündür. O cümlədən Brüsseldə energetika, nəqliyyat, təhlükəsizlik, regional məsələlər kimi aktual sahələr üzrə əməkdaşlıqla bağlı ortaq mövqeyə gəlinməsinin strateji əhəmiyyəti buradan aydın olur. Azərbaycan Prezidentinin diplomatik ustalığının konkret təsdiqi kimi bu məqamın tarixi önəmi dərk edilməlidir.

Aİ-Azərbaycan münasibətləri: müasir çağırışlar kontekstində

Məsələnin Ermənistan da daxil olmaqla, bəzi dairələrin Azərbaycanı qaralamaq, onun reallığa uyğun olmayan imicini yaratmaq istiqamətində apardıqları piar kampaniyalarının iflası aspektində də əhəmiyyəti az deyil. Azərbaycan sözdə deyil, əməldə sübut edir ki, xarici siyasəti XXI əsrin ruhuna tam uyğundur, dövlətlərarası əlaqələrin real, ədalətli və konstruktiv əsaslarla qurulması üçün sistemli fəaliyyətini davam etdirir. Onun əsas məqsədi demokratik dövlət quruculuğunu inkişaf etdirmək, regional əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, Avropanın enerji təhlükəsizliyi sisteminin formalaşmasında yaxından iştirak etmək və bütün ölkələrin hüquqlarına hörmətlə yanaşmaqdan ibarətdir. Deməli, Ermənistan kimi dövlətlərin destruktiv fəaliyyətinin qarşısı alınmalıdır ki, Cənubi Qafqaz sabit geosiyasi məkan kimi dünya sisteminə inteqrasiya ola bilsin. Rəsmi Bakı bu istiqamətdə əlindən gələni etməkdədir.

Azərbaycan Prezidenti ilə apardıqları müzakirələrdən sonra Aİ rəhbərlərinin söylədikləri fikirlər yuxarıda vurğulanan tezisin doğruluğunu təsdiq edir. Donald Tusk Azərbaycanı dost, vacib tərəfdaş hesab etdiyini deyib. Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın dövlət başçısı ilə apardığı müzakirələrdən sonra mətbuata verdiyi bəyanatda vurğulayıb: "Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim "Cənub Qaz Dəhlizi"ni tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb / AZƏRTAC, 6 fevral 2017).

Donald Tusk Azərbaycan-Aİ münasibətlərinin geniş dayaqlarının olduğunu xüsusi vurğulayıb. Həmin bağlılıqda ölkəmizin müasir dünya üçün nümunə ola biləcək bir obraza sahib olmasını Aİ rəsmisi ayrıca qeyd edib. Aİ Şurasının prezidenti deyib: "Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir" (bax: əvvəlki mənbəyə). Bizcə, bu fikrin üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Məsələ ondan ibarətdir ki, hazırda Yaxın Şərq və Şərqi Avropada geosiyasi vəziyyət xeyli gərgindir. Suriya, İraq və Ukraynada qan tökülür, orada ölkələr bir-biri ilə ixtilafdadırlar. Mütəxəssislər belə bir vəziyyətin yaranmasının səbəbləri sırasında sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında real dialoqun olmamasını ayrıca vurğulayırlar. Bu cür acınacaqlı durumdan xilas yolu mədəniyyətlər arasında əməkdaşlığı konstruktiv və real müstəviyə çıxarmaqdan ibarətdir. Azərbaycan illərdir həyata keçirdiyi siyasətlə məhz həmin aspektdə bir nümunə olduğunu dünyaya nümayiş etdirməkdədir. Müxtəlif beynəlxalq tədbirlər təşkil edən rəsmi Bakı fərqli mədəniyyətlərin qovşağında optimal inkişaf modelinə sahib olduğunu nümayiş etdirməkdədir.

Bu proses bütün intensivliyi ilə davam edir. Özü də Azərbaycan böyük iradə və xoş niyyət göstərərək Ermənistanın təcavüzkar siyasətinin davam etdiyi bir mərhələdə belə həmin kursundan kənara çıxmır. Bütün bunları nəzərə alan D.Tusk ölkəmizin mədəniyyətlər arasında körpü rolunu oynadığını ayrıca vurğulayır və bu məqamın qarşılıqlı əlaqələrin inkişafında mühüm yer tutduğunu ifadə edir. Lakin cənab Tusk sanki bir məqamı unudur: Azərbaycan mədəniyyətlər arasında körpüdürsə, onun qədir-qiymətini də hər kəsdən öncə Avropa bilməlidir. Demokratiyaya, sivil münasibətlərə, vətəndaş cəmiyyəti formalaşdırmağa, mədəni əməkdaşlığa daim iddialı olan Aİ, nədənsə, Azərbaycanı haqlı mövqeyində real olaraq dəstəkləməkdə axsayır. Konkret olaraq, "Qafqazın mədəniyyətlərarası körpüsü" kimi çıxış edən bir ölkəyə təcavüzün aradan qaldırılması üçün işğalçıya təsir göstərmir. Rəsmi İrəvana dəqiq və qəti surətdə anlatmır ki, zəbt etdiyi Azərbaycan torpaqlarını tərk etməkdən başqa yol yoxdur. Əks halda, dünya təhlükədə qalır, Azərbaycan kimi mədəniyyətlərin beşiyi və qoruyucusu olan bir ölkənin dinindən asılı olmayaraq hər bir insanı zərər görür.

Ədalət naminə onu da deməliyik ki, Donald Tusk mətbuata verdiyi bəyanatda vurğulayıb: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Status-kvo bu cür davamlı qala bilməz. Münaqişənin hərbi yolla həlli yoxdur və o, beynəlxalq hüquqa əsasən siyasi qaydada nizamlanmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir" (bax: əvvəlki mənbəyə). Təbii ki, bu, alqışa layiqdir, lakin yenə də belə bəyanatlar real addımlarla təsdiqlənməlidir. Əgər praktiki addım yoxdursa, onda İrəvan ifadə edilən hər bir fikri qulaqardına vurur və pis əməllərinə davam edir. Görünür, artıq Brüssel də Cənubi Qafqaz siyasətinin praktiki aspektində müəyyən dəyişikliklər etməlidir.

Bunlarla yanaşı, Brüsseldə tərəflər arasında əməkdaşlıqla bağlı yeni sazişin hazırlanması barədə razılığın əldə olunması mühüm hadisədir. Aİ rəsmiləri vurğulayırlar ki, Azərbaycanla "yeni qlobal siyasi və iqtisadi maraqları" var və birlikdə "müasir çağırışlarla mübarizə aparmaq əzmindədirlər" (bax: əvvəlki mənbəyə). D.Tuskun bu kontekstdə ifadə etdiyi aşağıdakı fikir əhəmiyyətlidir: "Mən sevinc hissi ilə bəyan edirəm ki, sabah (fevralın 7-si nəzərdə tutulur – müəllif) yeni Avropa İttifaqı-Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcək. Mən danışıqları aparanlara böyük uğurlar arzulayıram" (bax: əvvəlki mənbəyə).

Yeni əməkdaşlıq sazişi barədə Prezident İlham Əliyev fikir bildirib. Dövlət başçısı mətbuata verdiyi bəyanatda D.Tuska müraciətən ifadə edib: "Sizin 2015-ci ildə Azərbaycana etdiyiniz çox uğurlu səfəriniz yadımdadır. Səfər zamanı biz əməkdaşlıq perspektivlərini müzakirə etdik. Çox məmnunam ki, sabahdan Siz qeyd etdiyiniz kimi, yeni saziş üzrə danışıqlara başlayırıq. Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir..." (bax: əvvəlki mənbəyə).

Lakin yeni sazişin memarı Prezident İlham Əliyevdir. Məhz Azərbaycan rəhbərinin səbirli, təmkinli, məntiqli izahları Avropa İttifaqı rəsmilərini inandırdı ki, assosiativ üzvlük modeli müasir tələblərə cavab vermir. Tərəflərin bərabərhüquqlu statusda olmasını, bütün sahələrdə, o cümlədən təhlükəsizlik sferasında real səmərəli əlaqələri təmin edə biləcək yeni sazişə ehtiyac vardır. İndi Brüsselin də həmin məntiqlə çıxış etməsi birbaşa Azərbaycan Prezidentinin siyasi-diplomatik uğurudur.

Onu da vurğulayaq ki, Aİ-nin digər rəsmi şəxsləri də eyni ruhda fikir söyləyiblər. Məsələn, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsində İlham Əliyevin səfərinin xüsusi əhəmiyyət daşıdığını söyləyib (bax: Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti ilə işçi səhər yeməyi edib / AZƏRTAC, 6 fevral 2017). Aİ rəsmisi təşkilat üçün Azərbaycanla əlaqələrin inkişafının xüsusi önəm daşıdığını ifadə edib. Bu sırada "Cənub Qaz Dəhlizi" layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolu olduğunu qeyd edib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın yeni səviyyəyə yüksəlməsində dövlət başçısının Brüsselə səfərinin mühüm rol oynadığını açıq bildirib (bax: Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb / AZƏRTAC, 6 fevral 2017).

Azərbaycanın dövlət başçısı ilə görüşündə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edib. O vurğulayıb ki, yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və o, imzalanandan sonra münasibətlərin inkişafında yeni mərhələ başlayacaq (bax: Prezident İlham Əliyevin Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub / AZƏRTAC, 6 fevral 2017).

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Brüsseldə Avropa Parlamentinin (AP) sədri Antonio Tayani ilə görüşdən imtina edib. Bunun ciddi səbəbi vardır. Dövlət başçısı Belçikaya səfər edərkən, AP-də bəzi qüvvələr anti-Azərbaycan xarakterli məsələni müzakirəyə çıxarıblar. O da məlum olub ki, müzakirəni Azərbaycana qarşı qərəzli mövqe tutan bir qrup deputat təşkil edib. Onların sırasında Çexiyadan olan Y.Ştetina xüsusi fəallıq göstərib (bax: bax: По следам Президента: главные итоги визита Ильхама Алиева в столицу Европы / "1news.az", 8 fevral 2017).

Antoni Tayaniyə gəldikə isə, o Avropa Xalq Partiyasının üzvüdür və konservativ-xristian baxışlara malikdir. İndiki vəzifəsində o, Martin Şultsu əvəz edib. M.Şultsun sədrliyi dövründə AP-Azərbaycan münasibətləri böhrana uğrayıb. Görünür, A.Tayani bunu düzəltmək üçün ciddi addım atmaq fikrində deyil. Hər bir halda o, sədr seçilən zaman parlamentdəki azlıqlara daha çox diqqət yetirəcəyini vəd etmişdi. Azərbaycan əleyhinə sənəd hazırlayanlar da parlamentdə azlıqdadırlar.

İki vacib yenilik: mandat verilməsi və danışıqlara davam...

Buna baxmayaraq, Brüsseldə tərəflər arasında yeni əməkdaşlıq sazişinin hazırlanması üzrə danışıqlara başlanması barədə razılığın əldə edilməsi böyük əhəmiyyət daşıyır. Həmin bağlılıqda daha iki məqama diqqət yönəltmək istərdik. Birincisi, Azərbaycan Avropa İttifaqı tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir. Bu, əvvəllər baş verməyib, çünki adətən Avropa İttifaqı sənəd layihəsini təqdim edir və sonra hər iki tərəf bunun üzərində işləyir. Azərbaycanın təqdim etdiyi sənəddə isə Aİ-Azərbaycan münasibətlərinin strateji səciyyə daşıyan və gələcəyə köklənən bərabərhüquqlu əlaqələr əsasında qurulması nəzərdə tutulur. Bu, keyfiyyətcə yeni əməkdaşlıq formatıdır.

İkincisi, 2016-cı ilin noyabrında Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqeriniyə mandat verilib. Bu addım Avropa İttifaqının Azərbaycanın təqdim etdiyi strateji tərəfdaşlıq sənədinə çox ciddi yanaşdığını göstərir. Azərbaycan tərəfi həmin təyinatı razılıqla qarşılayıb (bax: XİN: Aİ tərəfindən Azərbaycan ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması üçün mandatın verilməsini alqışlayırıq / AZƏRTAC, 14 noyabr 2016).

Yuxarıda aparılan təhlillər və vurğulanan məqamlar Azərbaycan-Avropa İttifaqı münasibətlərində prinsipial dəyişikliklərin baş verməkdə olduğunu göstərir. Hər şeydən əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət kursu bütün səmərəliliyi ilə göz önünə gəlir. Rəsmi Bakı müstəqil və milli maraqlara uyğun siyasi kursu ilə Aİ-ni daha konstruktiv əməkdaşlıq formatına gətirə bilib. Bundan sonra iki il müddətində aparılan danışıqlar əlaqələrin konkret müddəalarını müəyyənləşdirəcək. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, Aİ ilə bərabərhüquqlu strateji tərəfdaşa çevrilir. Yəni söhbət Azərbaycanın bu təşkilata inteqrasiyasından deyil, qarşılıqlı faydalı əməkdaşlığı maksimum dərəcədə müasir tələblər səviyyəsində qurmaqdan gedir. Hətta Rusiya belə buna nail ola bilməyib. İndi Aİ-Rusiya münasibətlərində dərin böhran hökm sürür və onun nə zaman aradan qaldırılacağı məlum deyil. Ukrayna, Gürcüstan və Moldova assosiativ üzv kimi Aİ-dən xeyli asılı vəziyyətə düşürlər. Ermənistan tam qeyri-müəyyən vəziyyətdədir. Avropa İttifaqının Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı durğunluq keçirir.

Azərbaycan isə bütün bunların fonunda prinsipcə yeni məzmunda saziş imzalamağa nail olur. Deməli, təcrübə göstərir ki, rəsmi Bakı daha konstruktiv, sivil, XXI əsrin tələblərinə uyğun xarici siyasət yeridir. Bu siyasətin bütövlükdə regionun taleyinə müsbət təsir edəcəyi ilə bağlı mütəxəssislər fikir irəli sürürlər. Onlar vurğulayırlar ki, rəsmi Bakı Aİ ilə əlaqələrini elə qurur ki, Cənubi Qafqazda birlik, həmrəylik və təhlükəsizlik bu təşkilatın regiondakı əsas gücü olacaq. Bu isə Aİ-nin xarici siyasət üzrə qlobal strategiyasının əsas elementlərinə tam uyğundur (bax: məs., Live Blog – Visit of President Ilham Aliev of Azerbaijan to Brussels – 6 February 2017 / "CommonSpace.eu", 6 fevral 2017).

Bununla Azərbaycan yalnız enerji sahəsində deyil, ümumiyyətlə, təhlükəsizlik aspektində Avropa üçün çox vacib tərəfdaşa çevrilir. Bizcə, yeni əməkdaşlıq mərhələsinin mühüm əlamətlərindən biri bundan ibarətdir. Həmin məntiq çərçivəsində Azərbaycan Prezidentinin Brüssel səfəri də ciddi tarixi hadisə təsiri bağışlayır.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...