THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

BMT: mövcud vəziyyətdə islahatların zəruriliyi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2559
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 yanvar 2017 – Newtimes.az

Xülasə: Birləşmiş Millətlər Təşkilatının (BMT) dünya siyasətindəki rolu danılmazdır. İkinci Dünya müharibəsindən sonra bu təşkilat beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində ciddi rol oynayıb. Lakin keçən əsrin 90-cı illərindən başlayaraq, qlobal səviyyədə geosiyasi aspektdə köklü dəyişikliklər baş verdi. Bunun fonunda BMT-nin təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilmədiyi açıq surətdə özünü göstərməyə başladı. Bir sıra alimlər bu beynəlxalq təşkilatda islahatların aparılması zərurəti barədə yazmağa başladılar. Məqalədə həmin çərçivədə BMT-nin qarşılaşdığı ziddiyyətli məqamlar, böyük dövlətlərin təşkilatın işinə təsiri, islahatların keçirilməsi zərurəti ilə bağlı təhlillər yer alıb. Göstərilir ki, BMT-nin hazırkı tarixi mərhələdə öz rolunu tam yerinə yetirməsi üçün ciddi yeniləşmələr gərəkdir. Onları həyata keçirmədən beynəlxalq təhlükəsizliyi təmin etmək olduqca çətin olacaq. İndi müxtəlif regionlarda müşahidə edilən ziddiyyətli proseslər bu qənaəti bir daha təsdiq edir. Dünya xaosa sürüklənir. Bu səbəbdən BMT kimi nüfuzlu və universal funksiyalı bir beynəlxalq təşkilatın XXI əsrin çağırışlarına uyğun yeniləşməsi vacibdir. Müəllif hesab edir ki, bunun üçün böyük dövlətlərin birlikdə çalışması qaçılmazdır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) müasir dünyanın geosiyasi, siyasi, iqtisadi, mədəni və hərbi həyatında ciddi yer tutur. Keçən əsrin ortalarında yaradılmış bu təşkilat bir müddət qlobal miqyasda beynəlxalq təhlükəsizliyin təmin edilməsində söz sahibi olub. Beynəlxalq təhlükəsizlik konsepsiyaları yeniləşdikcə, BMT də müvafiq təşkilati, struktur və funksional dəyişikliklər aparmalı olub, ötən müddət ərzində bir sıra yeniliklər həyata keçirilib. Məsələn, 1965-ci ildə Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinin sayı dəyişib. Lakin müasir mərhələdə meydana çıxan çoxsaylı amillər üzündən BMT öz funksiyalarını yerinə yetirməkdə ciddi çətinliklərlə üzləşir. Məntiqi olaraq, bu mühüm beynəlxalq təşkilatın dünya siyasətindəki yeri və roluna yenidən baxılması məsələsi aktuallaşır. Bu istiqamətdə hazırkı vəziyyət necədir? BMT real islahatlara hazırdırmı? Bu kimi suallara mütəxəssislər, analitiklər və siyasətçilər cavab axtarırlar.

Müharibədən sonra sülh məsələsi

İkinci Dünya müharibəsi təhlükəsizlik probleminin həllinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. 1945-ci ildən sonra böyük dövlətlər ciddi surətdə həmin məsələnin həlli yollarını axtarmağa başladılar. Beynəlxalq təhlükəsizlik konsepsiyası vasitəsilə hərbi-siyasi qüvvələrin balansını yaratmaq və onu saxlamaq lazım idi. Bunun üçün prinsiplər, qaydalar, yanaşmalar və üsullar işlənməli, onların da əsasında qlobal, regional və dövlətlərarası strukturlar yaradılmalı idi. Eyni zamanda, sülh şəraitində birgə yanaşıyaşamanın təminatçısı qismində "əməkdaşlıq mexanizmləri"ni də yaratmaq lazım gəlirdi.

Onu vurğulayaq ki, bütün bunlar İkinci Dünya müharibəsindən sonra beynəlxalq təhlükəsizlik konsepsiyasının başlıca elementləri olan aşağıdakı faktorları nəzərə almaqla həyata keçirilməli idi: ABŞ və SSRİ başda olmaqla kapitalist və sosialist sistemlərinin qarşıdurmasının yaratdığı gərginliyin azaldılması, nüvə silahının yayılmasının, "soyuq müharibə"nin "real müharibə"yə çevrilməsinin qarşısının alınması (1).

XX əsrin 70-ci illərindən etibarən bu müddəalar daha konkret prinsiplərə transformasiya etdi. Belə ki, yeni beynəlxalq təhlükəsizlik konsepsiyasının əsasını hərbi-strateji paritet uğrunda mübarizə, bərabərgüclü nüvə-raket qüvvələrinin yaradılması, onların məhdudlaşdırılması vasitəsilə ixtisarına nail olunması təşkil etdi.

Bu tədbirlər nüvə müharibəsinin qarşısını aldı, lakin lokal hərbi toqquşmaların yaranmasına əngəl ola bilmədi. Bütün dünya üçün ciddi təhlükələr qalmaqda davam etdi. Digər tərəfdən, XX əsrin 90-cı illərində SSRİ və Varşava Müqaviləsi Təşkilatının dağılması ilə hərbi təhlükələrin də xarakteri kökündən dəyişdi. Lakin ortaya çıxan yeni ziddiyyətlər əvvəllər görünməyən təhdidlərin mənbəyinə çevrildi.

Belə şəraitdə yeni təhlükəsizlik konsepsiyasına ehtiyac yarandı. Həmin konsepsiyanın tərkib elementləri sırasında silahlanma yarışının aradan qaldırılması, adi və nüvə silahlarının ixtisarı və məhdudlaşdırılması, hərbi münaqişə ocaqlarının ləğv edilməsi, hərbi qarşıdurmanın gərginliyinin azaldılması, beynəlxalq terrorizmin kökünün kəsilməsi və s. kimi vacib müddəalar yer aldı (1). Lakin bu prosesə mütəxəssislərin münasibəti fərqlidir. Bir sıra tədqiqatçı hesab edir ki, yeni təhlükəsizlik konsepsiyaları, əslində, əvvəlkilərə qayıdış prosesi ilə müşayiət olunur. Məsələn, A.Svain hesab edir ki, həmin tendensiya o dərəcədə güclüdür ki, bütövlükdə "dəbdə olan konsepsiyalardan geriyə dönüş"dən danışmaq olar (2).

Nəhayət, son illərdə dövlətlərarası əlaqələrin daha da dərinləşməsi nəticəsində milli təhlükəsizlik məsələləri ilə regional və qlobal təhlükəsizliyin əlaqələndirilməsi ön plana çıxdı. Bütövlükdə bu məqam yeni dünya nizamının sistem olaraq formalaşmasında mühüm rollardan birini oynamalıdır.

Proseslər artıq İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində dəyişikliklərin getdiyini təsdiqləyir. Uyğun olaraq, beynəlxalq təhlükəsizlik konsepsiyası da məzmun və funksiya baxımından yeni çalarlar kəsb edib. Qlobal miqyasda təhdidlər törədən faktorlar zaman-zaman transformasiyaya uğrayıb, super geosiyasi güclər arasında tarazlıq yaratmaq mexanizmləri təkmilləşib.

Bütün bunlar sonda beynəlxalq təhlükəsizlik sistemi və onun təmini məsələsini aktuallaşdırıb. Keçən müddət ərzində dünya nüvə müharibəsinin qarşısı alınsa da, lokal müharibələr, regional münaqişələr, maliyyə-iqtisadi böhranlar, enerji təhlükəsizliyi problemi və s. kimi yeni təhdidlərin meydana gəlməsi beynəlxalq aləmin reallığıdır. Konkret desək, beynəlxalq təhlükəsizlik sistemi dəyişdikcə, onun daha çevik tənzimləmə mexanizmlərinə malik olmasının əhəmiyyəti də artır.

Bu proseslərin fonunda beynəlxalq təhlükəsizlik sisteminin həm struktur, həm də funksional aspektlərinin aktuallığını vurğulamaq lazımdır. Həmin şərtlər daxilində vacib tənzimləmə mexanizmləri kimi Birləşmiş Millətlər Təşkilatını (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) qeyd etmək gərəkdir.

BMT beynəlxalq təhlükəsizlik sisteminin mühüm elementidir. Onun qərarlarının yerinə yetirilməsinin əsas vasitələri isə sülhyaratma qüvvələrindən, siyasi, iqtisadi və hərbi sanksiyalar sistemindən, çəkindirmə güclərindən, silahlı birləşmələrin tətbiqinin məhdudlaşdırılmasından ibarətdir. Bu təşkilat beynəlxalq gərginliyin azaldılmasında, dünyada sülhün saxlanmasında, dövlətlərin və xalqların təhlükəsizliyinin təminində ciddi rol oynamalıdır. BMT-nin struktur-funksional özəlliklərinə və tarixi təkamülünə nəzər salmaqla onun bu vəzifənin öhdəsindən necə gəldiyi haqqında təsəvvürlər əldə etmək olar.

BMT-nin yaranması və təkamülü: ziddiyyətli yollarla...

1945-ci il oktyabrın 24-də 51 ölkənin nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının əsasını qoydular. Onların məqsədi bütün dünyada sülh və təhlükəsizliyə dəstək vermək, ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirmək, sosial tərəqqiyə yardım etmək, həyat səviyyəsini və insan haqları sahəsindəki vəziyyəti yaxşılaşdırmaqdan ibarət idi (3).

BMT-nin Nizamnaməsində beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin təmini üçün effektiv kollektiv tədbirlərin həyata keçirilməsi xüsusi qeyd edilib (3). Bu zaman millətlər arasındakı dostluq münasibətlərinin bərabərhüquqlu əsaslarla inkişaf etdirilməsi ayrıca vurğulanır. Bunlar BMT-nin yaradılmasının vacib tərəflərini anlamağa yardım edir.

Qeyd edək ki, təşkilatın yaradılmasının təşəbbüskarları İkinci Dünya müharibəsinin qalibləri olduğundan, bütövlükdə onun strukturlaşmasında və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində də Vaşinqton, London və Moskva ciddi rol oynayıb. Təcrübə göstərir ki, bu məqamın müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var.

BMT-nin Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Beynəlxalq Məhkəmə və Katiblik kimi 5 əsas orqanı var (3). Onlarda 44 min əməkdaş çalışır. Baş Məclisdə BMT-yə daxil olan bütün dövlətlərin nümayəndələri iştirak edir (hazırda BMT-nin 192 üzvü var). Onun köməkçi komitələri mövcuddur. Baş Məclis məşvərət xarakterli müzakirələr aparır. Son illər qlobal əhəmiyyətli problemlər (məsələn, beynəlxalq terrorizmlə mübarizə, ətraf mühitin qorunması və s.) bu orqanda müzakirə edilir.

Təşkilatın daimi fəaliyyət göstərən ali orqanı Təhlükəsizlik Şurasıdır. BMT Nizamnaməsinə görə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində başlıca məsuliyyəti Təhlükəsizlik Şurası daşıyır. Onun tərkibinə veto hüququ olan 5 daimi (Böyük Britaniya, ABŞ, Çin, Fransa və Rusiya) və 10 müvəqqəti üzv daxildir. Sonuncuları Baş Məclis ikiillik müddətə seçir. TŞ beynəlxalq sülhü və təhlükəsizliyi pozan dövlətlərə qarşı məcburi xarakterli tədbirlər görə bilər. Məsələn, qaydaları pozan ölkələrə qarşı iqtisadi embarqo qoyula və ya münaqişə zonalarına sülhməramlı qüvvələr yeridilə bilər. Son dövrlərdə BMT TŞ-nin qlobal miqyasda təhlükəsizlik məsələlərini həll edə bilmədiyi barədə tez-tez fikirlər səsləndirilir. Hətta onun qəbul etdiyi qərarların reallığa uyğun olmadığını iddia edən tədqiqatçılar vardır. A.Hammerstad yazır ki, bir sıra hallarda bu beynəlxalq təşkilatın aldığı qərarlar "ritorik örtüyə malikdir" və onların dövlətlərin həqiqi maraqları ilə əlaqəsi olmur (4, s.8).

Bu əsasda TŞ-də ciddi islahatların aparılması zərurəti vurğulanır. O cümlədən beş dövlətin veto hüququnun normal olmadığı haqqında danışılır. Bununla bağlı hətta bir sıra təkliflər də verilib. Maraqlıdır ki, veto hüququnun məhdudlaşdırılması haqqında təklif verənlər sırasında TŞ-nin daimi üzvlərindən olan Fransa da vardır. Hələlik bu istiqamətdə real addımlar atılmayıb. Buna baxmayaraq, Təhlükəsizlik Şurası BMT-nin çox vacib orqanıdır və onun fəaliyyətinin əhəmiyyəti çoxdur.

Hazırda BMT qlobal məsələlərə aid 30 kompleks xarakterli mövzu müəyyənləşdirib (5). Onlardan 8 prioritet istiqamət seçilib. Bunlara davamlı iqtisadi inkişafa yardım, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, Afrikanın inkişafı, silahsızlaşdırma, beynəlxalq terrora qarşı mübarizə və s. aiddir (6). Onu deyək ki, BMT insan haqlarının qorunması, narkotik maddələrin qanunsuz dövriyyəsi, beynəlxalq cinayətkarlıqla mübarizə məsələlərinə də xüsusi diqqət yetirir.

BMT-də baş verən dəyişikliklərin istiqamətini aydın təsəvvür etmək üçün onun üç nisbətən müstəqil münasibətlər səviyyəsinə nəzər salmaq lazımdır. Birinci səviyyə siyasi-hüquqi münasibətləri əhatə edir. İkinci struktur-təşkilati və ya institusional səviyyədir. Üçüncü isə sosial səviyyədir (7).

Bu üç səviyyə kompleks şəkildə hazırda təşkilatın fəaliyyətinin məzmununu təşkil edir. BMT qarşısında duran qlobal, regional və lokal problemlərin həlli fəlsəfəsi və onun sosial-hüquqi mexanizmləri həmin əsasda konkret forma alır. Təşkilatın fəaliyyət tarixində rast gəlinən məqamlar bu müddəanın əhəmiyyətini anlamağa imkan verir.

Hazırda BMT-də islahatların zəruriliyindən çox bəhs edilir. Analitiklər, alimlər, siyasətçilər, diplomatlar, ekspertlər və ümumilikdə mütəxəssislər BMT-nin yeniləşmə zamanının çatdığını əsaslandırmağa çalışırlar (8; 9). Eyni zamanda, müxtəlif təkliflər də irəli sürülür ki, bunların da əksəriyyəti beynəlxalq təhlükəsizlik məsələləri ilə əlaqəlidir. Bu səbəbdən də həmin təkliflər daha çox TŞ-də aparılmalı olan islahatlara bağlanır.

İslahatlar: ehtiyacdan yaranan zərurət

Təhlükəsizlik Şurası məsələsinin aktuallaşması və islahatların mərkəzi elementi kimi götürülməsi müasir dünyada gedən geosiyasi proseslərin məntiqi və real mənzərəsi ilə bağlıdır. Məsələ burasındadır ki, XXI əsrin əvvəllərindən dünya miqyasında bir sıra mürəkkəb və ziddiyyətli hadisələr baş verir. Lakin onların həllində BMT acizlik göstərir. Bir halda bütün ciddiyyəti ilə tətbiq olunan qayda, başqa bir analoji situasiyada həyata keçirilmir. Burada bir növ ölkələr arasında ayrı-seçkilik yaradılır. BMT-də dəyişikliklər haqqında hələ keçən əsrin 60-cı illərindən danışılmağa başlanıb. 1965-ci ildə TŞ-nin üzvlərinin sayının artırılması məsələsi qaldırılmışdı. O zaman üzvlərin sayı 11-dən 15-ə yüksəldildi. Lakin TŞ-nin daimi üzvləri və onların hüquqları dəyişmədi.

XXI əsrin başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra BMT-də islahatların aparılması daha kəskinliklə gündəmə gəldi. Təşkilatın 59-cu və 60-cı sessiyalarında bu məsələ geniş müzakirə edildi. 2004-cü ildə keçirilmiş 59-cu sessiyada 120 nümayəndə rəhbəri BMT-də islahatların aparılması tələbi ilə çıxış etdilər (10).

2005-ci ildə keçirilmiş 60-cı sessiyada isə BMT-nin baş katibi Kofi Annanın TŞ üzvlərinin sayını 24-ə çatdırmaq haqqında verdiyi təklif geniş və gərgin müzakirə edildi. Belə ki, K.Annan Braziliya, Almaniya, Hindistan və Yaponiyanın Təhlükəsizlik Şurasına daim üzv seçilməsi məsələsini qaldrımışdı (11).

Ayrıca vurğulayaq ki, BMT-də (xüsusilə də onun Təhlükəsizlik Şurasında) islahatların aparılması zərurəti barədə bir çox siyasətçi, dövlət rəhbərləri və ekspertlər danışıblar. Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "dünya 5-lərdən böyükdür" fikrini xatırlatmaq olar. Hindistanın keçmiş Baş naziri Manmohan Sinqh də bu bağlılıqda deyib: "...İkinci Dünya müharibəsində qalib gəlmiş 5 dövlətin daimi üzv kimi veto hüququna sahib olması açıqca anormallıqdır" (12).

Rusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primakov da həmin kontekstdə maraqlı fikir ifadə etmişdi. O söyləmişdi: "Bu və ya digər ölkənin BMT TŞ-nin daimi üzvlüyünə qəbul olunması meyarı, onun İkinci Dünya müharibəsində iştirakından ibarət ola bilməz" (13).

Rusiyalı analitiklər S.Roqov, A.Konovalov və başqaları da analoji fikir bildiriblər (14). Bir vaxtlar BMT Baş katibinin köməkçisi olmuş Rameş Takur Təhlükəsizlik Şurasının vacib bir tənzimləmə orqanı olduğunu qeyd etməklə yanaşı, BMT-də islahatların çox dərin köklərdən qaynaqlandığını da xüsusi vurğulayır (15).

Nəhayət, BMT-nin 70-ci yubiley sessiyasında Ukrayna və Suriyada baş verən hadisələr kontekstində islahatlar haqqında daha qabarıq surətdə danışılıb. Dünya təhlükəsizliyi ilə məşğul olan bir təşkilatın mütləq islahatlara getməli olduğu qətiyyətlə vurğulanıb. O cümlədən daha çox sayda ölkə BMT TŞ-nin genişlənməsini vacib sayır. Özü də TŞ-nin həm daimi, həm də müvəqqəti üzvlərinin yeniləşməsi gündəmə gətirilir. Burada həm coğrafi baxımdan düzgün təmsilçilikdən, həm də sülhyaratma missiyasını effektiv yerinə yetirmə ehtiyacından bəhs edirlər (7).

İkili standartlar və böyük güclərin maraqları: dərinləşən ziddiyyətlər

Artıq qeyd edildiyi kimi, BMT-də yeniləşmələrin aparılması haqqında mütəxəssislərlə yanaşı, dövlət rəhbərləri də fikir bildirirlər. Almaniyanın federal kansleri Angela Merkel BMT-nin 70-ci sessiyasında açıq bəyan etdi ki, təşkilat XXI əsrin tələblərinə uyğun strukturlaşmalıdır (7). Təqribən eyni mövqeni Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin bir çox başçıları bildirdilər. Deməli, məsələ yalnız BMT-nin təşkilat kimi fəaliyyətinin gücləndirilməsindən ibarət deyil. Reallıqda qlobal geosiyasətdə müşahidə edilən əhəmiyyətli nəzəri və praktiki proseslərin yaratdığı mənzərə yuxarıda vurğulanan dəyişiklikləri aktuallaşdırıb.

Burada mövcud vəziyyətə bir neçə aspektdən yanaşmaq olar. Hər şeydən əvvəl, dünya miqyasında geosiyasi proseslər daha mürəkkəb və ziddiyyətli xarakter alıb. Açıq görünür ki, həmin səviyyədə ortaya çıxan problemləri indiki beynəlxalq təşkilatlar çərçivəsində həll etmək mümkün deyil və ya çox çətindir. Məsələn, regionlarda münaqişələrin həlli və yaxud dövlətlər arasında ixtilafların aradan qaldırılması istiqamətlərində səmərəli nəticələr əldə edilmir.

Yaxın Şərq hələ də qan içindədir. BMT-nin mandatı ilə Əfqanıstana, İraqa, Liviyaya, Suriyaya müdaxilə edən böyük dövlətlər bu ölkələri tamamilə fərqli nəticələrlə tərk etməli oldular. Sadalanan ölkələrin heç birində nə davamlı sülh yaranıb, nə də sabit inkişaf kursu müəyyənləşib. Əlavə olaraq, başqa dövlətləri də sabitsizlik və terror dalğaları bürüyür. İndi dünyanın elə bir ölkəsi yoxdur ki, terrordan sığortalansın. Bu barədə böyük dövlətlərin başçıları açıq danışırlar. Məsələn, Fransa Prezidenti Fransua Olland cəmiyyətə müraciət edərək, terror təhlükəsinin qaldığını bildirib və ehtiyatlı olmağı tövsiyə edib. Avropanın paytaxtı Brüsseldə törədilən terror aktları bunu bir daha təsdiq edir.

BMT üçün ciddi problem müxtəlif regionlarda müşahidə edilən münaqişələrin ədalətli həllinə nail olma çətinliyidir. Buna misal olaraq, Cənubi Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgələrində, Uzaq Şərqdə mövcud olan münaqişələri göstərə bilərik. Onlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, həll edilməmiş qalır. Baxmayaraq ki, BMT TŞ bununla bağlı 4 qətnamə qəbul edib, onlar hələ də reallaşmayıb. Həmin sənədlərdə birmənalı göstərilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir. Lakin bu, baş vermir. Niyə?

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində kənar dövlətin hərbi qüvvələri yerləşdirilib. Bu bölgələr faktiki olaraq işğal altındadır. Beynəlxalq təşkilatların həmin ərazilərdə Gürcüstanın suverenliyinin təmin edilməsi barədə dəfələrlə qərar qəbul etməsinə baxmayaraq, heç bir dəyişiklik yoxdur.

Ukraynanın Krım bölgəsi zəbt edilib, ölkənin şərqində silahlı qarşıdurma davam edir. Məsələnin həlli isə hələ ki, görünmür. Suriyada vəziyyət olduqca mürəkkəb olaraq qalır. BMT isə acizliklə nə isə etməyə çalışır, real nəticə yoxdur. Əvəzində, böyük dövlətlər istədikləri zaman oraya ordu göndərə bilir. Əgər BMT bu prosesin qarşısını ala bilmirsə, o necə effektiv təşkilat sayıla bilər?

Afrika qitəsində də terrorun insanları qətlə yetirməkdə davam etməsi faktdır. Humanitar fəlakət orada yüksək səviyyəyə çatıb. Milyonlarla insan dünyanın müxtəlif regionlarına səpələniblər. Onların hüquqları addımbaşı tapdalanır. Qida ehtiyacları ödənilmir. Bir çox hallarda isə günahsız adamlar terror qurbanı olurlar.

Başqa faktları da göstərmək olar. Ancaq BMT-də islahatları zəruri edən bu obyektiv faktorlarla yanaşı, mütəxəssislər başqa məqamlara da diqqət çəkirlər. Burada əsas olaraq böyük dövlətlərin dünya liderliyi iddiası irəli sürülür.

R.Takur həmin kontekstdə ABŞ-ın Təhlükəsizlik Şurasının qərarlarına etdiyi ciddi təsirlərdən yazır. O göstərir ki, BMT-nin indiki Baş katibi Pan Gi Mun birbaşa Vaşinqtonun təzyiqi ilə hazırkı vəzifəsinə gətirilib (15).

Müəllif yazır ki, bütövlükdə BMT Amerikanın maraqlarına, dəyərlərinə və qayğılarına "hörmət və diqqətlə" yanaşıb. Üstəlik, "BMT-nin çox vacib icraçı orqanı olan, əsas qərarları qəbul edən Təhlükəsizlik Şurası tez-tez ABŞ-ın iradəsinə tabe olur və veto hüququ sayəsində onun həyati maraqları əleyhinə hərəkət edə bilməz" (15).

Bu halda BMT-nin obyektiv qərarlar qəbul etməsi və onların reallaşmasında israrlı olması necə mümkündür? Təcrübə göstərir ki, həqiqətən də burada ziddiyyətli məqamlar kifayət qədərdir. Məsələn, İraq və Liviya ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr dərhal yerinə yetirildi, çünki onlara ABŞ başçılıq edirdi. Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamələr isə neçə illərdir ki, həyata keçməmiş qalıb. Hətta təcavüzkar Ermənistana qarşı heç bir səmərəli addım atılmayıb. Hansı səbəblərdən?

Deməli, ortada ikili standartlar var və təəssüf ki, bu fakt hətta BMT-nin rəsmi otaqlarında qəbul edilən qərarlara və onların reallaşması mexanizmlərinə təsir göstərməkdədir. Buradan mütəxəssislərin vurğuladığı bir mühüm nəzəri problem meydana çıxır. BMT real olmayan beynəlxalq konsensusu süni üsullarla təmin edə bilməz (15). Bu təşkilat milli maraqları uyğunlaşdırma mərkəzi rolunu oynaya bilməz, fikir ayrılıqlarının çox dərin olduğu məsələlərdə BMT müxtəlif ölkələr arasında vasitəçi ola bilməz.

Ədalətli yanaşma: real çıxış yolu

Onda belə çıxır ki, BMT-də islahatların aparılması o zaman səmərəli ola bilər ki, bütövlükdə geosiyasi mühit sağlamlaşmış olsun. Bunun baş verməsi üçün isə ikili standartları ədalətli yanaşma əvəz etməlidir. Böyük dövlətlərin buna hazır olduğuna inanmaq çətindir. Əksinə, Suriya hadisələri göstərir ki, onlar yeni səviyyədə ikili standartlar siyasətini davam etdirməkdədirlər. Görünür, məhz həmin kursdan imtina etmədiklərinə görə nə BMT-də ümumi səviyyədə islahatlar aparılır, nə də vacib icraçı orqan olan Təhlükəsizlik Şurasında dəyişiklik edilir.

Bunların mənfi nəticəsi isə göz qabağındadır. Birincisi, qlobal təhlükəsizlik sistemini formalaşdırmaq mümkün olmur. Müxtəlif yerlərdə baş qaldıran ixtilaflar bir-birini əvəz edir. İkincisi, ABŞ, Rusiya, Aİ və Çinin geosiyasi nüfuz uğrunda savaşı yeni məzmun çalarları alır. Yaxın Şərq, Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Asiya-Sakit okean hövzəsi kimi regionlarda münaqişə ocaqları sönmür. Əvəzində, nüfuz dairələrinin yeni geosiyasi bölgüsü uğrunda mübarizənin daha sərt elementlərinə rast gəlinir. Bir növ BMT-də islahatlar haqqında yalnız nəzəri səviyyədə diskussiyalar gedir, lakin konkret addımlar atılmır.

Belə vəziyyətin anlaşılmazlıqları artırdığının nümunəsi kimi Suriya məsələsində Rusiya və Çinin veto hüququndan istifadə etməsi faktını göstərmək olar. Digər daimi üzvlərin hazırladığı sənədi Moskva və Pekin qəbul etmədi. Eyni qaydada Rusiya və Çinin meydana çıxardığı istənilən sənədə Qərb öz maraqlarına uyğun reaksiya verir. Şübhəsiz ki, belə gərgin və tərəfkeş psixoloji mühitdə BMT-nin səmərəli işləməsi imkan xaricindədir.

Bəs yaranmış bu ziddiyyətli vəziyyətdən çıxış yolu nədən ibarət ola bilər? Görünür, burada qlobal miqyasda geosiyasi proseslərin məzmunu yeniləşməlidir. Müasir elmi tələblərə və prinsiplərə dayanan beynəlxalq təhlükəsizliyi təmin etmək, münaqişələri aradan qaldırmaq haqqında konsepsiyalar hazırlanmalıdır. Orada hər hansı dövlətin üstünlüyü məsələsi qoyulmamalıdır. Hazırkı yanaşmaya görə, BMT-də bütün ölkələr bərabərhüquqludur, lakin "5 dövlət daha çox bərabərhüquqludur" prinsipi işləkdir. Məhz bu səbəbdəndir ki, mütəxəssislər yazırlar: "ABŞ əvvəlki kimi trans-atlantik, trans-sakitokean və trans-amerika təhlükəsizliyinin qarantıdır" (15).

Dəqiq ifadə etsək, dünyanın istənilən guşəsində təhlükəsizlik planı Vaşinqtonun diktəsi ilə hazırlana bilər. Belə yanaşmanın obyektiv və ədaləti sayılması mümkün deyildir. O, bəri başdan ayrı-seçkilik yaradır. Əsas çətinlik isə supergüclərin öz maraqlarından bəşəriyyətin xeyrinə imtina etmək istəməməsi ilə bağlıdır. Bu barədə çox az-az danışırlar, lakin bütün ziddiyyətli məqamların kökündə həmin faktor dayanır. Diplomatik ibarələrlə obyektivlikdən, ədalətdən, sülhdən, demokratiyadan, insan haqlarından geniş danışılsa da, onların konkret reallaşması istiqamətində addımlar atılmır.

Yuxarıda ifadə etdiyimiz ziddiyyət davam edərsə, BMT-də real islahatları gözləmək əbəsdir. Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılması da mürəkkəb məsələlərdəndir. Belə ki, irəli sürülən təkliflərdə müsəlman dövləti yoxdur. O zaman son illər daha çox təzyiqlərə məruz qalan müsəlman ölkələrin hüquqlarını TŞ-də kimlər müdafiə edəcək?

Yaxın Şərqdəki müsəlman ölkələri ixtilaflar içində boğulur, Türkiyəni terrorla çalxalayır, İranı sıxışdırmaqda davam edirlər, Pakistanda terror yenidən ayaq açır, Əfqanıstanın vəziyyəti məlumdur, Mərkəzi Asiya ölkələri müstəqil siyasət yetirməkdə çətinlik çəkirlər və s. Bunların qarşısını Braziliyamı, Almaniyamı, Hindistanmı, yoxsa Yaponiya alacaq? Heç biri. Afrikadan ola biləcək daim üzv də bu məsələdə səmərəli addım ata bilməz. Bəs onda BMT TŞ-də müsəlman dövlətlərin təmsil olunması hansı səbəblərdən gündəmə gətirilmir?

İslahatlardan danışarkən, məsələnin bu aspektinə xüsusi diqqət yetirmək gərəkdir. Çünki real olaraq yeniləşmədən BMT üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilməz. O, müxtəlif bölgələrə maddi yardım daşıyan adi qeyri-hökumət təşkilatı səviyyəsinə enə bilər. Təsadüfi deyil ki, mütəxəssislər bu təşkilatın humanitar siyasətini də son zamanlar ciddi tənqid atəşinə tuturlar (17).

Azərbaycana münasibət: BMT oyundan kənardır

Bu kontekstdə bizim regionla sıx bağlı olan bir məqamın üzərində dayanmaq istərdik. Biz, hər şeydən əvvəl, Azərbaycana olan münasibəti nəzərdə tuturuq. Azərbaycan BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında bu təşkilata üzv qəbul edilib. Bizim ölkə BMT-nin 181-ci üzvüdür (18).

Azərbaycan BMT-də kifayət qədər fəallıq göstərir. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində bu təşkilatın aparıcı rol oynamasına çalışıb. Təsadüfi deyil ki, "Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilmişdir. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilmişdir" (18).

Rəsmi Bakı BMT-də yalnız özünə aid olan və regional xarakterli problemlərin həllini qaldırmayıb, həmçinin BMT-nin qlobal məsələlərin də həllində səmərəli fəaliyyəti üçün təşkilatda daim islahatların aparılmasının zəruriliyi barədə dəfələrlə fikir bildirib.

Bundan başqa, Azərbaycan BMT-nin müxtəlif qurum və orqanları ilə aktiv əməkdaşlıq edir. Bu sıraya BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. daxildir (19).

Bakı BMT-nin təhsil, elm və mədəniyyətlə bağlı olan qurumları ilə geniş əlaqələr saxlayır. UNESCO çərçivəsində bu əməkdaşlıq daha çox nəzərə çarpır və hətta Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası da təsis edilib. Əlavə olaraq, onu deyək ki, Azərbaycan BMT-nin müvafiq orqan və xüsusi qurumlarına öz namizədlərini irəli sürür. "Azərbaycan Respublikası 1995-1997, 1998-2000-ci illər ərzində UNICEF-in İcra Heyətinin, 2000-2002-ci illər ərzində Qadınların vəziyyəti haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir" (19).

Bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı aktiv münasibət bildirməsi ölkənin BMT kimi təşkilata nə dərəcədə önəm verdiyini göstərir. Məsələn, 2003-cü ilin sentyabr ayında BMT Baş Məclisinin 58-ci sessiyasında o dövrdə Baş nazir vəzifəsini tutan İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyini vurğulayıb, təşkilata daxil olan üzvlər arasında anlaşılmazlıqların yarana biləcəyini diqqətə çatdırıb.

İlham Əliyev Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat reaksiya verməli olduğunu əsaslandırıb, eyni zamanda, BMT-nin mövcud mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini də ifadə edib. Çıxış yolu kimi İlham Əliyev təşkilat daxilində islahatların aparılması zəruriliyini xüsusi qeyd edib. Bunun üçün əsas prinsiplərdən birinin Təhlükəsizlik Şurasında müasir reallıqlarla yanaşı, son 50 ildə dünyada özünü göstərən proseslərin də nəzərə alınmasından ibarət olduğunu göstərib.

BMT Baş Məclisinin 59-cu sessiyasında isə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə geniş aspektdə yanaşaraq maraqlı təklif irəli sürüb. Azərbaycan Prezidenti həmin iclasda vurğulayıb ki, Təhlükəsizlik Şurası təkmilləşdirilməli, onun tərkibi genişləndirilməli, iş metodları şəffaf olmalı, ən əsası isə XXI əsrin yeni təhdidlərinə, risklərinə, təhlükələrinə çevik şəkildə reaksiya verməlidir. TŞ bu funksiyaları yerinə yetirə bilmək üçün daha çox məsuliyyətli və demokratik olmalıdır.

Dövlət başçısı bununla ifadə edib ki, islahatlar aparılarsa BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirə bilər və onların həyata keçirilməsinin işlək mexanizmini hazırlamaq imkanı yaranar. Kifayət qədər rasional olan bu mövqe qlobal reallığı ciddi surətdə nəzərə alır.

Azərbaycanın BMT orqanlarında aktiv iştirakı 2011-ci il oktyabrın 24-də öz bəhrəsini verdi. Həmin tarixdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Prezident İlham Əliyev bu münasibətlə bəyan etmişdi: "Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

Azərbaycan iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyət göstərib. TŞ-yə sədrlik etdiyi müddətdə isə Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün böyük zəhmət sərf edib. Bütövlükdə Azərbaycan TŞ-də keçirilən müzakirələrdə həmişə öz qətiyyətli mövqeyini ortaya qoyub.

Ən əsası odur ki, Azərbaycan TŞ-yə sədrliyi dövründə beynəlxalq terrora qarşı mübarizədən tutmuş, Afrika ölkələrinin hüquqlarının qorunmasına qədər geniş spektrli məsələlərin müzakirəsini gündəmə çıxarıb. Bununla da rəsmi Bakı sübut edib ki, BMT-nin sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət edir.

Bəs bütün bunların əvəzində Azərbaycana münasibət necə olub? Təəssüf ki, Bakının nümayiş etdirdiyi ədalətli və qətiyyətli mövqeyi, prinsiplərə sədaqətliliyi adekvat qarşılığını görməyib. BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi qətiyyət ortaya qoymayıb. İraqın dərhal bombalanmasına rəvac verən Təhlükəsizlik Şurası Ermənistanla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsində kifayət qədər prinsipial mövqe tutmayıb. Nəticədə, uzun illərdir ki, bu haqsızlıq özünü göstərir və regionda sülhə təminat yoxdur. Əslində isə, BMT Azərbaycana olan münasibətinə yenidən baxmalı, özünün aktiv bir üzvünün hüquqlarının təmin edilməsində həlledici addım atmalıdır.

Azərbaycanla bağlı misallar da göstərir ki, BMT-də ciddi islahatlar aparılmalıdır. Qlobal səviyyədə təhlükəsizlik təmin edilməlidir. Bunu yeni dünya nizamının formalaşması məntiqinə uyğun həyata keçirmək gərəkdir. Çünki təcrübə göstərir ki, təşəbbüs məhdud sayda dövlətlərin əlinə keçdikdə, gec və ya tez tərəfkeşlik yaranır, çoxlu sayda ölkənin hüquqları pozulur.

O cümlədən BMT TŞ-də daim üzvlərin sayının dəyişməməsi ciddi çətinliklər yaradır. Sözün həqiqi mənasında dünyanın taleyi beş ölkənin əlindədir. Artıq bu format ədaləti təmin etmək üçün yetərli deyil. Bunu Suriya prosesləri də tam təsdiq etməkdədir. Yaxın Şərqin müsəlman dövlətləri bir kənarda qalıb, ABŞ, Avropa və Rusiya həmin regionda problemləri həll etməyə çalışırlar.

İndi nəzərə alınmalıdır ki, dünya geosiyasi proseslərə çox həssas olub. Ən kiçik silkələnmə belə böyük miqyasda qarşıdurma yarada bilər. Bu o deməkdir ki, müasir mərhələdə bəşəriyyətin taleyi ilə oynamaq olduqca risklidir. Əvvəllər müşahidə edilməyən təhdidlərin ortaya çıxması, radikal qrupların sayının və imkanlarının artması BMT-ni düşündürməlidir. Xüsusilə gənclər arasında ekstremist dünyagörüşünün, müxtəlif növ təhlükəli ideologiyaların getdikcə geniş yayılması qəti tədbirlər görülməsini gündəmə gətirir.

Bütün bunların nəticələrindən biri müxtəlif regionlarda ixtilafların daha da dərinləşməsi, insanların məzhəb mənsubluğuna görə düşmənçilik etməsidir. Bu vəziyyətdən çıxış yolu Yaxın Şərq ölkələri də daxil olmaqla çoxlu sayda dövlətin münaqişələrin həllində, beynəlxalq terrorçuluğa qarşı mübarizədə real söz sahibi olmasından ibarətdir. Sadəcə kağız üzərində iştirak yetərli deyil.

BMT bu kimi problemlərin həllində həlledici rol oynaya bilər. Bu məqsədə çatmaq üçün isə təşkilatın özündə ciddi islahatlar aparılması qaçılmazdır. Dünya, obrazlı desək, yenidən "geosiyasi formatlaşırsa", qlobal təhlükəsizliyi təmin etməli olan qurum da struktur və funksional cəhətdən yenidən "formatlaşmalıdır". Hələlik isə bunun real əlamətlərini görmürük.

Leyla Məmmədəliyeva,

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı

Ədəbiyyat

1)  Война и мир в терминах и определениях. Военно-политический словарь / Под ред. Д.О. Рогозина. М.: Вече, 2011, 640 с.

2) Swain A. Understanding Emerging Security Challanges. Threats and Opportunities. London; New York: Routledge, 2013; MacFarlane S.N., Foong Khong Y. Human security and the UN: a critical history. Bloomington: Indiana University Press, 2006.

3) Hannay D. New World Disorder. The UN after the Cold War: an Insider's view. London; New York: I. B. Tauris, 2008.

4) Hammerstad A. The Rise and Decline of a Global Security Actor. UNHCR, Refugee Protection, and Security. Oxford: Oxford University Press, 2014.

5) Глобальные вопросы повестки дня ООН / URL: http://www.un.org/ru/globalissues/index.shtml (дата обращения: 20.10.2015).

6) Предлагаемые стратегические рамки на период 2016-2017 годов. C.11. Док. ООН A/69/6 (Part one).

7) Кутейников А.Е. Векторы изменений и современное состояние ООН. К 70-летию Объединенных Наций // Международные процессы. Т. 13. № 4., сс. 20-44.

8) Лукьянов Ф.А. МВФ дали срок / Огонек. 2011, № 26, c. 26-27

9) Гончаров К. Реформирование ООН: от "глубокой обеспокоенности" до эффективных действий / УНİАН, 05.10.2015. http://www.unian.net/world/1143196-reformirovanie-oon-ot-glubokoy-obespokoennosti-do-effektivnyih-deystviy.html

10) Лошилин А. На 59-й сессии Генассамблее ООН завершилась общеполитическая дискуссия / РИА Новосвти, 2004, 01 окт.).

11) Орлов А. Кофи Аннан поготовил доклад о реформировании ООН / РИА Новости, 20.03.2005

12) Безека Е. Премьер Индии назвал анахронизмом современную структуру совбеза ООН / РИА Новости, 07.07.2009

13) Критерием принятия страны в состав постоянных членов СБ ООН не можеть быть ее участие в войне / РИА Новости, 02.04.2005

14) Беленкова Е.Ю. современные дискуссии о реформировании организации объединенных наций / Власть, 2011, №12, с.115-117

15) Такур Р. Объединенные нации и Соединенные Штаты / Россия в Глобальной политики, 15.12.2011 // http://www.globalaffairs.ru/number/Obedinennye-natcii-i-Soedinennye-Shtaty-15404

16) Искендеров П. Гуманитарные интервенции в контексте геополитики. http://russiancouncil.ru/inner/?id_4=967#top-content, 26 oktyabr 2012; Дилеммы гуманитарных интервенций http://russiancouncil.ru/inner/?id_4=1025#top-content, 9 noyabr 2012.

17) Azəraycanın BMT-yə üzv qəbul olunmasından 22 il ötür / AZƏRTAC, 01.03. 2014 // http:// azertag.az/xeber/Azerbaycanin_BMT_ye_uzv_ qebul_olun masindan_22_il_otur-56 185

18) Haqq səsimizi dünyaya çatdıran qlobal platforma / "Azərbaycan” qəzeti, 02.03.2016 // http://www.azerbaijan-news.az/index.php? mod=3&id=91490

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...