THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ-Azərbaycan əməkdaşlığı: müxtəlif aktorlarla birlikdə işləmək

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9514
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 oktyabr 2016 – Newtimes.az

Malena Mard,

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri

Müstəqillik – arzunun reallığa çevrilməsi

25 il əvvəl Azərbaycan xalqının arzusu gerçəkləşdi, ölkənin milli suverenliyi və müstəqilliyi bərpa olundu. SSRİ-nin dağılması ilə Azərbaycan xalqı millətin atalarının nəzərdə tutduğu, lakin reallaşdıra bilmədiyi müstəqil, suveren, demokratik, beynəlxalq aləmdə nüfuza malik və iqtisadi baxımdan çiçəklənən Azərbaycana nail olmaq üçün ikinci şans əldə etdi. Yeni Azərbaycan Respublikası da öz sələfi kimi beynəlxalq münaqişə, daxili qarışıqlıq və iqtisadi çətinliklər kimi ağır sınaqdan keçməli idi. Bununla belə, Azərbaycan xalqı öz ölkəsini müstəqil dövlət kimi hər yolla inkişaf etdirmək kursunu müəyyən etdi. Azərbaycan həmçinin müxtəlif siyasi təsirlər, dinlər, mədəniyyətlər və ənənələrin kəsişdiyi beynəlxalq siyasi arenada müstəqil iştirakçı kimi özünü doğrultdu.

1918-ci ildən fərqli olaraq bu dəfə Azərbaycan və Azərbaycan xalqı öz təşəbbüslərində tək deyildi, artıq beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanmışdı. Həmin zamanlar Avropa Birliyi və onun bəzi üzvləri Azərbaycanın müstəqilliyini tanıyan və yeni qanad açan dövlətçiliyini diplomatik və maliyyə baxımından dəstəkləyən ilk beynəlxalq aktorlar arasında idi. Tezliklə bugünkü Avropa İttifaqı (Aİ) və onun bəzi üzv dövlətləri Azərbaycanla diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edə biləcəklər.

Aİ və Azərbaycan arasındakı əməkdaşlığın əsasları

25 il ərzində Aİ və Azərbaycan bir çox sahələrdə güclü əlaqələr qurublar. Təəccüblü deyil ki, Azərbaycan tarixində baş verən dönüş nöqtələri Aİ-Azərbaycan münasibətlərində də dönüş nöqtələr hesab olunur. Azərbaycan bu gün Aİ-nin xarici siyasətində mühüm rol oynayır. Aİ ilə Azərbaycan arasındakı dialoq üçün müxtəlif forumlar həyata keçirilir. Azərbaycan tədricən, lakin uğurlu şəkildə Aİ-nin strateji enerji tərəfdaşı kimi özünü doğrultmuşdur. Qarşılıqlı fayda prinsipinə söykənən bu strateji əməkdaşlıq Avropanın birbaşa investisiyasının uzunmüddətli müqavilələr əsasında əldən-ələ keçməsi və Azərbaycanın enerji sektorunun inkişafının ən son texniki standartlara əsaslanması üzrə fəaliyyət göstərir. Digər tərəfdən, Avropa ölkələri etibarlı enerji ixracından gəlir əldə edirlər. 2015-ci ilin iyul ayında qəbul edilmiş Enerji Diplomatiyasına dair Fəaliyyət Planında, Şura tərəfindən təsdiq edildiyi kimi, enerjinin şaxələndirilməsi layihəsinin əsas prioritetlərindən biri olan "Cənubi Qafqaz Dəhlizi'' layihəsini Aİ qətiyyətlə dəstəkləyir.

Bu gün Aİ-Azərbaycan münasibətləri bu münasibətlərin genişlənməsi və dərinləşməsi üçün əsas kimi xidmət göstərən bir sıra hüquqi və siyasi sazişlərə əsaslanır. Onlardan ən əhəmiyyətliləri 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS), 2004-cü ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti, 2009-cu ildə imzalanmış Şərq Tərəfdaşlığı Sazişi və enerji sahəsində strateji əməkdaşlığın yaradılmasına dair 2009-cu ildə imzalanmış Anlaşma Memorandumudur. 2013-cü ildə mobillik naminə tərəfdaşlığa dair saziş imzalanmışdır və 2014-cü ildə vizanın sadələşdirilməsi və readmissiya sazişi qüvvəyə minmişdir ki, bu da ayrı-ayrı dövlətlər, həmçinin insanlar və şirkətlər arasındakı münasibətlərin inkişafına yol açmışdır. Bundan başqa, 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair protokol imzalanmışdır. Bu protokol da Azərbaycana Aİ-nin müəyyən inteqrasiyalı strukturlarına tam çıxış imkanını təmin edir.

Aİ və Azərbaycan həmçinin ATƏT, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı kimi digər beynəlxalq təşkilatlarda da birlikdə işləyirlər. Azərbaycanın həmin təşkilatların müvafiq konvensiya, prinsip və öhdəliklərinə üzv olması və ya onlara qoşulması Aİ üçün vacib faktordur. Çünki onlar Aİ-nin demokratiya, fundamental insan hüquqları və qanunun aliliyinə hörmət kimi bir sıra əsas xarici siyasət prinsiplərini müəyyən edir.

Münaqişənin həlli və davamlı inkişaf

Müstəqillik qazandıqdan 25 il sonra da Azərbaycan SSRİ-nin dağılma mərhələsində başlayan və bütün regionda dərin iz buraxan Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən əziyyət çəkir. Aİ zərər çəkmiş insanlara münaqişədən sonrakı dövrdə humanitar yardım göstərmişdir. Bu yardım Azərbaycanın hakimiyyət orqanları tərəfindən qəbul edilmişdir. Aİ həmçinin sülh naminə edilən beynəlxalq səyləri də dəstəkləmişdir, eləcə də münaqişənin tərəfləri və müvafiq beynəlxalq aktorlarla əlaqə saxlamışdır. Aİ münaqişənin sülh yolu ilə həllini xarici siyasətinin bir prioriteti hesab edir. Bununla əlaqədar münaqişənin həlli Aİ və Azərbaycan arasında ən yüksək siyasi səviyyədə, o cümlədən 2015-ci ilin iyul ayında Avropa Şurasının Prezidenti Donald Taskın və 2016-cı ilin fevral ayında Aİ-nin Ali nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerininin səfərləri zamanı aparılan dialoqun bir hissəsini təşkil etmişdir. Prezident Task və Ali nümayəndə Moqerininin Bakıda qeyd etdikləri kimi, Aİ Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Aİ və onun üzv dövlətləri Dağlıq Qarabağın müstəqilliyini qəbul etmirlər. Onun gələcək statusu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların mövzusudur.

Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səyləri və münaqişənin Madrid Prinsipləri əsasında həlli ilə bağlı onların irəli sürdükləri təklifləri dəstəkləyir. Bu yaxınlarda təmas xəttində zorakılığın görünməmiş şəkildə artması göstərdi ki, status-kvo dayanıqlı deyil. Aİ atəşkəsin möhkəmləndirilməsi və sülh istiqamətində aparılan yüksək səviyyəli danışıqların intensivləşdirilməsinə çağırır. Münaqişə hərb yolu ilə deyil, beynəlxalq normalar çərçivəsində siyasi yolla həll edilməlidir. Aİ Minsk Qrupu həmsədrlərinin səylərini 2014-cü ilin iyul ayında vəzifəyə təyin olunandan bu yana Azərbaycana səkkiz dəfə səfər etmiş Aİ-nin Cənubi Qafqaz və Gürcüstan Böhranı üzrə indiki Xüsusi nümayəndəsi Herbert Salberin vasitəsilə tamamlayır. Aİ xüsusilə hazırda həyata keçirilən "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa tərəfdaşlığı'' çərçivəsində münaqişə ərazisindəki dövlətlər arasında ayrı-ayrı insanlarla əlaqələri və vətəndaş cəmiyyəti üçün sülhməramlı və etimad qazanma fəaliyyətlərini dəstəkləmişdir.

Münaqişə və onun nəticələri eyni zamanda 2004-cü ildə qəbul edilən Avropa Qonşuluq Siyasətindən sonra yaradılan ikitərəfli əməkdaşlıq mexanizmləri formatında da müzakirə olunmuşdur. 2003-cü ildə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinin təyin edilməsi Aİ və münaqişə tərəflərinin Minsk Qrupunun həmsədrləri ilə mütəmadi ünsiyyət qurması, o cümlədən yerli maraqlı tərəflərlə əlaqə saxlaması üçün rabitə kanalını açıq saxlamağa imkan vermişdir.

Azərbaycan: bir çox sahələrdə əldə olunan çoxsaylı nailiyyətlər

Azərbaycan və Azərbaycan xalqının əsrin bu rübündə əldə etdiyi nailiyyətləri hər hansı bir yolla qiymətləndirmək üçün gözəl, hərəkətli və sürətlə inkişaf edən paytaxt Bakı şəhərinə nəzər yetirmək lazımdır. Aİ ölkələrindən gələn çoxsaylı ziyarətçilər bu şəhərə son əsrdə edilən səfərdən sonra Bakını çətinliklə tanıyırlar. Lakin dəyişən təkcə paytaxt deyil. Bütün Azərbaycan ərazisində infrastruktur yenilənmiş, genişlənmiş və ya yenisi yaradılmışdır. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən biri olmaq ərəfəsindədir. Daha da önəmlisi odur ki, Azərbaycan təkcə müasir infrastrukturu inkişaf etdirməklə deyil, həmçinin əhalisinin kommunikasiya qurmaq və bizneslə məşğul olmaq üçün müasir texnologiyalardan fəal şəkildə istifadə etməsi ilə telekommunikasiya sahəsində inqilaba imza atmışdır. Enerji sektoru əlverişli investisiya şərtləri və əsasən Avropanın böyük maliyyə və insan kapitalı axınlarından faydalanmışdır. Azərbaycanın enerji infrastrukturu müasir həll yolları və tətbiq edilən ən son texnologiyalar ilə bir çox aspektlərdə hələ də yüz il əvvəlki pioner ruhunu nümayiş etdirir. Lakin inkişaf edən təkcə xarici mühit deyil, Azərbaycan xalqının özü də yeni siyasi və iqtisadi çərçivə şərtlərinə, yeni vəzifə və tapşırıqlara uyğunlaşmışdır. Azərbaycan getdikcə sayı artan gənc nəsli əmək bazarına inteqrasiya etməyi və yoxsulluğu əhəmiyyətli dərəcədə azaltmağı bacarmışdır. Azərbaycan regionda ADA Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası kimi öz sərhədlərində yüksək nüfuza malik bir sıra ən yaxşı təhsil müəssisələrini təsis etmişdir. Azərbaycanlı tələbələr yüksək dərəcəli təhsil almaq və öz doğma ölkələrinin təkcə enerji sektorunda deyil, həmçinin iqtisadiyyatın digər sahələrində də rəqabətədavamlı olmasına nail olmaq məqsədilə zəruri bilik və bacarıqları (nou-hau) əldə etmək üçün xaricə, xüsusilə Avropa ölkələrinə üz tuturlar. Rəqabətqabiliyyətli dünyada zəruri islahat və innovasiyalara müraciət etmək həmişə mühüm əhəmiyyət kəsb edir. Aİ Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı kimi bu təşəbbüsləri mərkəzi hökumət, regional idarələr və vətəndaş cəmiyyəti kimi cəmiyyətin bütün səviyyələrində davamlı şəkildə dəstəkləyir. Bizim Avropa təcrübəmiz və düşüncəmizə əsasən sabit və firavan cəmiyyəti inkişaf etdirmək üçün dövlət, biznes və vətəndaş cəmiyyəti strukturları əl-ələ verib işləməlidirlər.

Dəstəkdən yardıma, yardımdan əməkdaşlığa çevrilən Aİ-Azərbaycan əlaqələrinin 25-ci ildönümü

Azərbaycan müstəqillik əldə etdikdən sonra Aİ onun üçün etibarlı və güclü tərəfdaş olmuşdur. Aİ Azərbaycanı müxtəlif yollar və formalarla dəstəkləmişdir. Aİ daha humanitar yanaşmalarla başlayaraq tədricən layihələri reallaşdırmaq üçün müxtəlif alətlərdən istifadə edərək daha kompleks və hərtərəfli proqramlara doğru irəliləmişdir. Aİ Azərbaycan üçün ən iri xarici qrant donorudur və 1992-ci ildən bəri ikitərəfli xarici yardımlar (qrantlar və natura şəklində töhfələr) üçün 600 milyon avrodan çox vəsait ayırmışdır. Bununla yanaşı, Şərq Tərəfdaşlığı ölkəsi kimi Azərbaycan Avropa- Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA), INNOGATE Regional Enerji Proqramı, Kiçik və Orta Müəssisələr üçün Flaqman Proqramı (özəl sektorun inkişafı) və Avropa Şurası vasitəsilə Aİ-nin əhəmiyyətli regional xarici yardımından (ədliyyə, demokratik idarəetmə və s. sahələrində) faydalanır.

Aİ-nin Azərbaycana göstərilən ikitərəfli xarici yardımı ölkənin dinamik inkişafı ilə paralel olaraq genişlənmişdir. Bu, humanitar yardım və müstəqilliyin ilk illərində münaqişə nəticəsində zərər dəyən infrastrukturun bərpa olunması, Azərbaycanın Aİ standartları və qabaqcıl təcrübələrə daha da uyğunlaşdırılması məqsədilə həyata keçirilən bərabər səviyyəli "Tvinninq'' proqramı formasında olmuşdur. Azərbaycanın 25 illik müstəqilliyi ərzində Aİ ölkənin ehtiyacları və inkişaf gündəliyi ilə tam şəkildə uyğunlaşdırılmış xarici yardımı təmin edərək ölkənin tərəfdaşı olmuşdur.

Ölkənin müstəqilliyinin bərpa olunmasından sonra Aİ Azərbaycana Avropa Birliyi Humanitar Yardım İdarəsi (ECHO) və Avropa Birliyi Ərzaq Təhlükəsizliyi Proqramı vasitəsilə ərzaq yardımı da daxil olmaqla humanitar yardım göstərmişdir. Aİ-nin Reabilitasiya Proqramı çərçivəsində münaqişəli regionların əsas sosial-iqtisadi infrastrukturu (su və elektrik təchizatı, məktəblər, suvarma) maliyyələşdirilmişdir. MDB ölkələrinə Texniki Yardım Proqramı (TACIS) 1992-ci ildən etibarən fəaliyyətə başlamışdır. 1992-2000-ci illərdə bu proqram əsasən iqtisadiyyatın və infrastrukturun inkişafı, o cümlədən institusional, inzibati və hüquqi islahatların həyata keçirilməsinə dəstək göstərmişdir. 1995-ci ildən bəri TEMPUS/ERASMUS proqramı çərçivəsində universitetlər və ölkənin təhsil sektoruna dəstək göstərilmişdir.

Ölkənin siyasi və iqtisadi cəhətdən inkişaf etməsi ilə əlaqədar olaraq Aİ-nin humanitar yardımı, infrastrukturun bərpa olunması və ərzaq yardımının göstərilməsi nəticə etibarilə 2000-ci ildə dayandırılmışdır. Aİ-nin TACIS proqramı vasitəsilə texniki yardım göstərməsi isə nüfuz qazanmağa başlamışdır. 2000-2006-cı illərdə TACIS proqramı çərçivəsində göstərilən texniki yardım əsasən hökumət orqanlarının potensialının gücləndirilməsi (xüsusən, ətraf mühit və ədliyyə sahələrində), eləcə də Aİ tərəfindən təmin edilən yardım isə sosial müdafiə və iqtisadi inkişaf, ticarət və investisiya sahələrinə yönəldilmişdir.

2007-ci ildən başlayaraq yüksək iqtisadi artımın baş verməsi və yoxsulluğun azalması ilə Azərbaycan həmin ildə TACIS proqramını əvəz edən Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinə (AQTA/AQA) hüquq əldə etmişdir. İlkin olaraq Aİ-nin ölkəyə göstərdiyi yardımın əsas forması büdcə dəstəyi şəklində olmuşdur. 2007-2011-ci illər ərzində Aİ enerjinin səmərəliliyi, ədliyyə, kənd təsərrüfatı və regional inkişaf sahələri üzrə dörd sektora büdcə dəstəyi proqramlarını həyata keçirmişdir. 2011-ci ildən etibarən heç bir Büdcəyə Dəstək proqramı qəbul edilməmişdir. Bunun əvəzinə Aİ-nin Azərbaycanda istifadə olunan əsas yardım aləti Aİ-nin üzv ölkələrinin dövlət təşkilatları ilə "Tvinninq'' formasında həyata keçirilən bərabərsəviyyəli təcrübə mübadiləsidir. 2007-ci ildə "Tvinninq'' layihəsinə hüquq əldə edəndən bəri Azərbaycanda regionda ən yüksək göstəricilərdən biri olan 31 "Tvinninq'' layihəsi həyata keçirilmişdir. "Tvinninq'' alətinin 2012-ci il üzrə qiymətləndirilməsi təsdiq etdi ki, "Tvinninq'' hökumətin idarəçiliyi müasirləşdirmək və seçilmiş sektorlarda onu Avropa standartları və təcrübəsinə uyğunlaşdırmaqla bağlı təşəbbüslərini dəstəkləmək işində uğurlu olmuşdur. Alətin keçmiş benefisiarlarının əksəriyyəti "Tvinninq'' dəstəyi üçün ikinci və ya hətta üçüncü dəfə müraciət etmişdir. Onlar "Tvinninq''i digər dövlət qurumlarına da tövsiyə etmişlər ki, bu da proqramın uğurunu və effektivliyini təsdiq edir. Məsələn, keçmiş benefisiarlara Vergilər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyi daxildir.

Aİ-Azərbaycan əməkdaşlığı: müxtəlif aktorlarla birlikdə işləmək

Qeyd etmək lazımdır ki, Aİ təhlükəsizlik, iqtisadiyyat və enerji sahələri ilə bağlı maraqlar və dəyərlər ilə gündəlikdə olan məsələlər arasında hər hansı ziddiyyətin olduğunu düşünmür. Avropa və Azərbaycanın maraqları qanunun aliliyi, fundamental azadlıqlara hörmətlə yanaşan və demokratik iştiraka əsaslanan sabit cəmiyyətlər tərəfindən ən yaxşı şəkildə təmin edilir. Bu baxımdan, Aİ-nin Azərbaycanda vətəndaş cəmiyyəti, ifadə azadlığı və demokratik prosesləri dəstəkləməsi Azərbaycan cəmiyyətinin gücləndirilməsinə böyük töhfələr vermişdir. Aİ adi insanlar üçün həyata keçirilən fəaliyyətlər vasitəsilə adi vətəndaşın həyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdıran təşəbbüslərin reallaşdırılmasında köməklik göstərmişdir. Belə fəaliyyətləri davam etdirə bilmək üçün cəmiyyətin bütün tərəfləri, o cümlədən vətəndaş cəmiyyəti ilə daha məqsədəuyğun qarşılıqlı əlaqələrin olmasına imkan verən əlverişli mühitin yaradılmasında Aİ-nin böyük maraqları vardır. Vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) əməkdaşlığın başlamasından etibarən Azərbaycanda Aİ-nin mühüm tərəfdaşı olmuşdur. 2007-2014-cü illər ərzində Aİ Azərbaycanda vətəndaş cəmiyyəti fəaliyyətlərini dəstəkləmək üçün ümumi dəyəri təqribən 21 milyon avro təşkil edən 76 qrant müqaviləsi imzalamışdır ki, bu da Aİ-ni ölkədə vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici qrant donoruna çevirir. Bu maliyyələşməyə müxtəlif sektor və sahələr daxildir: media azadlığı və plüralizm, qadınlara səlahiyyətlərin verilməsi, bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizənin təşviqi, məişət zorakılığına qarşı mübarizə, əmlak hüquqları, yetkinlik yaşına çatmayanların ədalət məhkəməsinə çıxışının təmin edilməsi, azad və ədalətli seçkilərin təşviqi, məcburi köçkünlərin ədalət məhkəməsinə çıxışının təmin edilməsi, Azərbaycanda dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, kənd və rayonların inkişafı, yerli gəlir mənbələrinin yaradılması, icmalara səlahiyyətlərin verilməsi, yoxsulluğun azaldılması, əhalinin həssas qruplarının sosial inteqrasiyası.

Gələcəyə baxış

Yerli və beynəlxalq çərçivə şərtlərinin Aİ-Azərbaycan münasibətlərinin başlamasından etibarən inkişaf etməsi Aİ-nin iqtisadi yönümlü Avropa Birliyindən daha siyasi yönümlü Avropa İttifaqına çevrilməsində az rol oynamamışdır. Aİ hazırda yeni müqavilə çərçivəsi ilə bağlı Azərbaycan hökuməti ilə ilkin danışıqlar aparır. Fikrimizcə, bu müqavilə 1996-cı ildə imzalanmış cari Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz edə bilər və bizim müxtəlif sahələrdəki münasibətlərimizin strateji xarakterini əks etdirəcək. Ümumilikdə, Aİ növbəti 25 il ərzində Azərbaycanla münasibətləri inkişaf etdirməyə can atır.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...