THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-ın separatçı rejimə maliyyə dəstəyi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11459
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Hər il olduğu kimi, bu dəfə də ABŞ-ın maliyyə ili büdcəsinin müzakirələrində erməni lobbisi Dağlıq Qarabağa yardım məsələsini yenidən gündəmə gətirib. ABŞ Prezidenti Barak Obama 2013-cü ilin büdcəsi üzrə fevral ayında Konqresə göndərdiyi qanun layihəsində Ermənistana göstərilən iqtisadi yardımın 19 faiz azaldılmasını təklif edib. Prezidentin layihəsində digər proqramlarla birlikdə Ermənistana ümumilikdə 32,5 milyon dollar yardımın ayrılması nəzərdə tutulur. Dağlıq Qarabağ isə Obamanın 2013-cü il xarici yardım layihəsinə daxil edilməmişdir.

ABŞ Konqresi Nümayəndələr Palatasının Təxsisatlar komitəsinin Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsi isə Dağlıq Qarabağa ən azı 5 milyon dollar yardımın ayrılmasını təklif edib (2012-ci ildə bu məbləğ 2 milyon dollar idi) və Ermənistana ayrılan yardımın 7,5 milyon dollar azaldılmasını yolverilməz hesab edib. Alt komitə Ermənistana 40 milyon dollardan az olmayaraq, Azərbaycana isə 16 milyon yardım ayrılmasını təklif edib. Alt komitə Azərbaycana və Ermənistana göstərilən hərbi yardımlarda paritetin gözlənilməsini də zəruri sayıb (2,7 mln. xarici hərbi yardım və 600 min hərbi təhsil və tədris proqramı üçün).  Bu qərara erməni lobbisinin, xüsusilə komitənin üzvü olan konqresmen Adam Şifin ciddi təsiri qeyd olunmalıdır.

Artıq alt komitənin layihəsi ciddi dəyişikliklər edilmədən Təxsisatlar Komitəsi tərəfindən təsdiq olunub. İndi növbədə Nümayəndələr Palatasıdır. Ümumən, ABŞ-da büdcənin təsdiq olunması prosesi bu şəkildədir: büdcə layihəsi Prezidentin təklifləri ilə Konqresə göndərildikdən sonra əvvəlcə Nümayəndələr Palatasının, sonra Senatın komitələrində və ümumi iclasında müzakirə olunaraq qəbul edilir. Nümayəndələr Palatasının və Senatın layihə ilə bağlı təkliflərindəki fərqli məqamlar isə hər iki palatanın müvafiq sahələrə baxan komitələri tərəfindən razılaşdırma konfransında müzakirə olunaraq, razılaşdırılır və nəticədə Konqresin yekun layihəsi şəklində Prezidentə təsdiq üçün təqdim olunur.

Azərbaycan, Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayrılması ilə bağlı Konqresdəki təcrübə göstərir ki, Senatın qanun layihəsi adətən Prezidentin təkliflərinə daha yaxın olur. Nümayəndələr Palatasında erməni lobbisinin fəaliyyəti nəticəsində isə Ermənistan üçün nəzərdə tutulan yardım artırılır, layihəyə Dağlıq Qarabağa humanitar yardımla bağlı maddə əlavə olunur. Nəticədə, hər iki palata bütün məsələlərlə bağlı ortaq məxrəcə gəlir, lakin Dağlıq Qarabağ üçün nəzərdə tutulan yardım müəyyən azalma ilə yekun layihədə saxlanılır. Bu təcrübə əsas götürülərsə, ABŞ-ın 2013-cü il büdcəsində Dağlıq Qarabağ üçün ayrılacaq yardımın 2012-ci ildəki 2 milyondan çox da fərqlənməyəcəyi ehtimal oluna bilər.

ABŞ-da maliyyə böhranının yaratdığı çətinliklərlə əlaqədar dövlət də bir sıra xərclərini azaldır. Təxsisatlar Komitəsinin rəsmi saytında 2013-cü il büdcəsi ilə bağlı dərc olunmuş məlumatda qeyd olunur ki, "qanunvericilik orqanı daha az əhəmiyyət kəsb edən xarici proqramların maliyyələşməsini ixtisar edərək, xaricdə daha vacib olan təhlükəsizlik və diplomatik səyləri dəstəkləyir”. Belə görünür, tanınmamış separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ABŞ-ın təhlükəsizlik və diplomatik səylərində mühüm yer tutur.

Sözsüz ki, burada əsas diqqət doğuran məqam ayrılan vəsaitin məbləği yox, ümumiyyətlə beynəlxalq hüquq tərəfindən tanınmamış bu separatçı rejimə ABŞ kimi bir dövlət tərəfindən maliyyə vəsaitinin ayrılmasıdır. Ağ Ev Prezidentin irəli sürdüyü təklifdə Dağlıq Qarabağla bağlı maddənin yer almadığını və Konqresə təsir göstərmək imkanının olmadığını bəhanə gətirə bilər. Lakin burada söhbət Konqresin yox, ABŞ Prezidentinin imzası ilə qüvvəyə minən büdcədən gedir. Dövlətin icra hakimiyyəti də bu büdcəyə eyni şəkildə məsuliyyət daşıyır. Prinsip etibarilə, ABŞ Prezidentinin bu qərara etiraz edərək, onu yenidən baxılması üçün Konqresə geri göndərməsi mümkündür. Lakin Obamanın məhz Dağlıq Qarabağa yardım səbəbindən büdcəni geri qaytarması ehtimalı demək olar ki, yoxdur, çünki ABŞ üçün daha fərqli prioritetlər mövcuddur.

ABŞ Konqresində qəbul edilmiş bu qərar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kifayət qədər mənfi məqamdır. Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisinin bir hissəsidir. Bu qərar Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir.

Digər tərəfdən bu cür addımlar ABŞ-ın beynəlxalq arenada oynadığı rolu və beynəlxalq hüququn aliliyinə verdiyi əhəmiyyəti də azaldır. Dövlətlərin ərazi bütövlüyünə hörmət ABŞ-ın xarici siyasətində mühüm ünsürdür. ABŞ-ın xarici dövlətlərə, xüsusilə post-Sovet məkanında yaradılmış yeni dövlətlərə yardımında da beynəlxalq hüquqa hörmət və Helsinki Yekun Aktına riayət edilməsi vacib ilkin şərtlər kimi irəli sürülür. Dağlıq Qarabağa birbaşa yardım isə bu anlayışları sual altına qoyur. Bu yardım Azərbaycanın ərazi bütövlüyünü təhdid edir və onun bərpa edilməsinə istiqamətlənmiş səyləri zəiflədir.

ABŞ separatçı Dağlıq Qarabağa birbaşa maliyyə yardımı göstərən yeganə dövlətdir. ABŞ-ın Dnestryanı, Abxaziya, Cənubi Osetiya kimi digər separatçı qurumlardan fərqli olaraq yalnız "Dağlıq Qarabağa” humanitar yardım ayırması da xüsusi maraq doğurur. Bu məqam ABŞ-ın qeyd olunan münaqişələrə və Dağlıq Qarabağ münaqişəsinə fərqli yanaşması kimi qəbul edilə bilər.

Maliyyə cəhətdən özünü sığortalayan, inkişaf üçün maliyyə vəsaiti əldə edən separatçı qurum nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyü prinsipinə əməl etməkdə və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri tərkibinə geri qayıtmaqda maraqlı olmur. Göründüyü kimi, ABŞ-ın bu addımı Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyət kimi qəbul edilə bilər.

Göstərilən yardımın xərclənmə istiqamətləri də ABŞ-ın "humanitar məqsədləri”ni sual altına qoyur. ABŞ bu vəsaitin inkişaf agentlikləri tərəfindən xərcləndiyini bəyan etsə də, yardımın xərclənməsinə nəzarət çətin olduğundan bu vəsaitin separatçı Dağlıq Qarabağ qurumunun hərbi imkanlarının artırılmasına, regionda terrorçu şəbəkələrin fəaliyyətinin genişlənməsinə, silah ticarətinə istiqamətlənməsi daha real görünür.

ABŞ-ın Minsk Qrupunun həmsədri olması da bu yardımla ziddiyyət təşkil edir. Danışıqlar prosesində iştirak edən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ABŞ-ın separatçı quruma maliyyə yardımı ayırması ABŞ-ın bütün fəaliyyətinin obyektivliyini və tərəfsizliyini şübhə altına alır.

Əgər ABŞ Dağlıq Qarabağa ayrılan yardımın humanitar xarakter daşıdığına təkid edirsə, onda Dağlıq Qarabağ bölgəsinin əhalisinin təkcə erməni icmasından ibarət olmadığını, etnik təmizləmə nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş azərbaycanlı icmasının çətin vəziyyətdə yaşamaqda olduğunu və ABŞ-ın hər hansı humanitar yardımından istifadə etmək imkanından məhrum olduğunu da bilməlidir. Dağlıq Qarabağa ayrılan maliyyə vəsaitinin Azərbaycana ayrılan yardımın tərkibinə daxil edilməsi ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi faktını bir daha təsdiq etmiş olardı.

Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsinin məlum qərarında bir məqam da diqqəti cəlb edir. Alt komitə Dövlət Departamentini 2005-ci ildən etibarən Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində həyata keçirilən proqramların effektivliyi barədə hesabat verməyə və regionun inkişafı üçün strategiya hazırlamağa, eyni zamanda Yaxın Şərqdə baş verən proseslər fonunda, regiondakı və başqa riskli zonalardakı erməni və digər xristian icmalarına humanitar yardımları davam etdirməyə çağırıb. Cavaxetiya bölgəsindəki vəziyyət nəzərə alınarsa, bu qərar da separatizmin dəstəklənməsi mənasını daşıyır. Göründüyü kimi, ABŞ Konqresi və ABŞ-ın xarici siyasəti ermənilərin maraqlarının təmin olunmasında bir alətə çevrilib.

Elmar Hüseynov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...