THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hərbi bazalar – demokratik xarici siyasətin əsas aləti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7667
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 sentyabr – Newtimes.az

Tarixən hər hansı bir ölkənin ərazisində xarici dövlətin qoşunlarının yerləşməsi siyasi asılılığı xarakterizə etmişdir. Böyük imperiyalar işğal etdikləri yerlərdə və müxtəlif iqtisadi maraqlarını müdafiə etmək üçün imperiya sərhədlərindən kənarda qoşun hissələri saxlayırdılar. Bəşəriyyətin ərazisinə görə ən böyük imperiyalarından olan Roma imperiyasının öz inkişafının ən pik çağında Britaniyadan Misirədək uzanan torpaqlarda qoşunlarını saxladığı 37 əsas məntəqəsi var idi. Bu məntəqələr həm müharibə aparmaq üçün dayaq nöqtəsi, həm də bölgəyə nəzarət, ticarət yollarının təhlükəsizliyi kimi funksiyaları yerinə yetirirdi.

Keçən əsrdə soyuq müharibə dövründə qarşı-qarşıya duran hər iki blok öz təsir dairələrini rəhbərlik etdikləri hərbi ittifaqların hüquqi-təşkilatı çərçivəsi ilə müəyyənləşdirirdi. Müvafiq olaraq hərbi bazalar da müttəfiq ölkələrdə yerləşdirilirdi. Dünyanın müxtəlif regionlarında bir tərəfdən Atlantik blokun, digər tərəfdən isə SSRİ-nin hərbi bazaları yerləşmişdi. SSRİ-nin dağılması ilə yaranmış yeni geosiyasi mühitdə hərbi bazaların coğrafiyası və hətta yerinə yetirdiyi missiya da dəyişdi. Son illər baş verən hadisələr də göstərir ki, artıq hərbi bazalar müdafiə deyil, hücum taktikasına xidmət edir.

İnformasiya texnologiyalarının bu qədər inkişaf etdiyi müasir dövrümüzdə peyk vasitəsilə kosmosdan izləmə imkanları, elektron ticarət və mürəkkəb maliyyə əməliyyatları mexanizminin mövcud olması keçmiş hərbi qarnizonların əksər funksiyalarını yerinə yetirə bilir. Bəşəriyyətin nüvə əsrinə daxil olması ilə böyük dövlətlərin ən azı öz aralarında birbaşa müharibə aparmaq ehtimalı da sıfıra bərabərdir. Çünki nüvə müharibəsi dünyanın sonu demək olar. Artıq onlar arasında nüfuz mübarizəsi informasiya və ya təmassız müharibə taktikasına keçmişdir. Bütün bunları nəzərə aldıqda bu cür hərbi dayaq məntəqələrinə xüsusi ehtiyac görünmür.

Lakin III minillikdə izlənilən yeni geosiyasi şərait fərqli mənzərənin yaranmasına səbəb olmuşdur. Hazırda dünya üzrə hərbi bazaların 95%-i ABŞ-a məxsusdur. Keçən əsrdə mövcud olan Almaniya, İtaliya, Yaponiyanın hərbi bazaları artıq ləğv olunmuş, Britaniya, Fransa və Rusiyaya məxsus hərbi məntəqələrin isə sayı azalmışdır. ABŞ-ın bu sahədə dominantlığı yeni qüvvələr nisbətini əks etdirir.

ABŞ-ın ilk hərbi bazaları 1898-ci il ABŞ-İspaniya müharibəsindən sonra yaranmışdır. İspaniyaya qalib gəlməklə ABŞ Karib hövzəsində və Okeaniyada üstün mövqe qazandı. Ümumilikdə ABŞ-İspaniya müharibəsi ABŞ-ın müasir qlobal hərbi şəbəkəsi üçün mühüm rol oynadı. Müharibənin nəticəsi olaraq 1898-ci il Paris sülh müqaviləsinə əsasən İspaniyadan ABŞ-a keçən Filippin, Quam, Kuba, Puerto-Rikonun hər birində ABŞ-ın əsas hərbi bazaları yerləşdirildi. Sakit okeanda bir tərəfdən Filippin, digər tərəfdən Quam adasında strateji mövqeyə yiyələnməklə ABŞ Çin və Yaponiyanın əsas dənizçilik marşrutlarına nəzarəti ələ keçirdi. Kuba və Puerto-Rikodakı hərbi bazalar isə Karib dənizində müdafiə xətti yaratmağa yönəlmişdi.

ABŞ II dünya müharibəsindən də məharətlə istifadə etdi. Müharibə dövründə ABŞ antihitler koalisiyası üzrə müttəfiqləri olan İngiltərə və Fransadan onların limanlarından istifadə etmək və baza tikmək hüququ almışdı. Müharibə qurtardı, ancaq ABŞ öz hərbçilərini İngiltərə, Qərbi Almaniya, İtaliya, Fransa, Belçika, İslandiya, Norveç, Yaponiya və Cənubi Koreyadan çıxarmadı. 1960-cı ilə qədər ABŞ digər dövlətlərin ərazisində hərbi kontingent yerləşdirə bilməklə əlaqədar 42 dövlətlə 8 çoxtərəfli müqavilə və 30 ölkə ilə ayrıca ikitərəfli müqavilə imzalamışdır. ABŞ bu ölkələr qarşısında müstəqilliyin qorunması, kommunist rejimindən müdafiə, Almaniya və Yaponiyanın qisas almasının qarşısının almasını təmin etməklə bağlı öhdəlik götürürdü.

Qlobal məkanda hərbi bazalar ABŞ xarici siyasətində II dünya müharibəsindən sonra daimi faktora çevrildi. Hazırda dünyanın 130-dan çox ölkəsində ABŞ-ın 700-dən çox müxtəlif təyinatlı hərbi məntəqəsi mövcuddur. Bu məntəqələr arasında ərazisi hektarlarla ölçülən böyük hərbi bazalarla yanaşı hərbçi kontingentinin sayı 20 ilə 200 arasında olan kiçik aerodrom, əlaqə mərkəzi, analitik mərkəzlər də vardır. Bundan əlavə ABŞ silahlı qüvvələrinin strukturuna daxil olan 11 böyük hərbi gəmi də hərbi baza funksiyasını yerinə yetirir. Bu gəmilər dünyanın istənilən yerinə hərəkət etməklə “üzən hərbi baza” rolunu oynayır.

Xaricdə ABŞ hərbi bazalarının coğrafiyasının genişlənməsində mühüm faktorlardan biri də onların kommersiya dəyəridir. Hərbi bazalar ABŞ ordusu üçün silah istehsal edən hərbi sənaye müəssisələri ilə yanaşı mülki sənaye sahələri üçün də böyük gəlir mənbəyidir. Amerikan tədqiqatçıların hesablamalarına görə hazırda ABŞ iqtisadiyyatının bir sıra sahələrinin dayanıqlığı bazaların tikintisi ilə bağlı konraktlardan və silah-sursatla təchizatın davamlılığından asılıdır. Bu kompaniyalar arasında “Halliburton” şirkətlər qrupunu xüsusi qeyd etmək olar. Bu qrupa daxil olan şirkətlər (“Kellogg”, “Braun”, “Ruth company” və s.) dünyanın müxtəlif yerlərində bazaların tikilməsi, təchizatı və personalın ehtiyaclarının qarşılanması ilə bağlı sifarişləri yerinə yetirirlər. Ata və oğul Buşun prezidentliyi dövründə bir sıra administrasiya və hökumət üzvlərinin bu şirkətin səhmdarı və ya direktorlar şurasının üzvü olması isə mətbuatda ciddi rezonans doğurmuşdur.

Ümumilikdə ABŞ hərbi bazalarının yerləşmə coğrafiyasını geosiyasi baxımdan təhlil etdikdə bir neçə məqam diqqəti cəlb edir. Ən böyük hərbi bazalar ABŞ-la “ xüsusi münasibətlər”ə malik Britaniya, İsrail, Koreya Respublikası və ikinci dünya müharibəsini uduzduqdan sonra bərpa işlərini ABŞ-ın dəstəyi ilə aparan Almaniya və Yaponiyada yerləşir. Lakin maraqlıdır ki, Avropada ABŞ hərbçilərinin və bazalarının ən çox olduğu ölkə Britaniya deyil, Almaniyadır. Eynilə Asiyada da Cənubi Koreya deyil, Yaponiyadır. Almaniya ərazisində 205 hərbi obyekt var və burda 250 min nəfərdən çox şəxsi heyət var. Mülahizə yürütmək olar ki, bu hərbi bazalar ABŞ-ın 2 dəfə dünya müharibəsində qarşı-qarşıya gəldikləri, indi müttəfiq adlandırsalar belə əzəli rəqiblərinə tam etibar etmədiyini göstərir və daimi nəzarət funksiyası yerinə yetirir.

İkincisi, ABŞ hərbi bazalarının dislokasiyası hərbi əməliyyatlar və qaynar nöqtələr hesabına daim genişlənir. Koreya müharibəsi, Filippin azadlıq hərəkatı, Küveyt, Balkan, İraq, Əfqanıstan müharibələri bu region və ölkələrdə ABŞ hərbi bazalarının yaradılması ilə nəticələnmişdir. 11 sentyabr hadisələrindən sonra isə həmin vaxta qədər əlçatmaz görünən – post-sovet məkanında (Özbəkistan və Qırğızıstan) ABŞ hərbçiləri peyda oldu. Yəni hər bir müharibə və ya münaqişənin nəticələrindən biri mütləq ABŞ-ın burda hərbi baza yaratması olmalıdır. Taktiki baxımından müharibə və münaqişə ocağı ABŞ-ın hərbi təsir zolağının genişləndirilməsi üçün stimullaşdırıcı rol oynayır.

Digər bir məqam neftlə zəngin bölgələr və neft marşrutları, ticarət yolları, nəqliyyat dəhlizlərinə nəzarət nöqtələri üzərində ABŞ hərbi bazalarının cəmlənməsidir. Dünyanın neftlə zəngin bütün bölgələri ətrafında ABŞ hərbi bazaları mövcuddur. Münaqişə isə bu bölgələrə daxil olmaq üçün bir vasitədir. Misal üçün, Küveyt müharibəsindən sonra ABŞ İran körfəzi hövzəsinə (Bəhreyn, Qatar, Oman) daxil oldu, İraq müharibəsi zamanı isə regionun digər ölkələrində öz hərbi məntəqələrini yaratdı. Hazırda bu region ABŞ hərbi bazalarının ən çox cəmləşdiyi bölgələrdən biridir. Bütün mühüm su yollarının üzərində də (Panama, Cibuti, Malayziya, Oman və s.) amerikan hərbçilərinin nəzarəti vardır. Bu mənada son illər müşahidə olunan əsas məqam ABŞ hərbi bazalarının geoiqtisadi mərkəzlərə doğru yönəlməsi ilə bağlıdır.

ABŞ hərbi bazalarının böyük hissəsi Qərbi Avropada yerləşib. Avropanın dərinliklərinə doğru irəliləməsinə, eləcə də İran körfəzi ətrafında kontingentin çoxaldılmasına baxmayaraq əsas diqqət Çinin dənizlərə çıxış yolları üzərində cəmləşib. Yeni minillikdə qlobal səhnədə ABŞ-ın əsas rəqibi olacaq Çinin dənizlərə bütün çıxış yollarında ABŞ hərbi bazaları var. Tayvanın timsalında real münaqişə ocağını da bura əlavə etsək, ABŞ-ın üstünlüyü görünür.

Hazırda ABŞ xarici siyasətində “Asiya oxu” prioritetdir. Sakit okeanı ümumilikdə “ABŞ dənizi” də adlandırmaq olar. Bu hövzədə ABŞ yeganə dominant qüvvədir. Bundan əlavə Avstraliyada, Kokos adalarında yeni hərbi bazalar yaradılmışdır. ABŞ hətta Vyetnama qayıtmışdır. 2011-ci ildə keçmiş düşməni olan Vyetnamla hərbi əməkdaşlıq haqında müqavilə imzalamışdır, amerikan gəmilərinin Vyetnam limanlarına girişinin artırılması ilə bağlı danışıqlar aparılır. İndoneziya, Malayziya və Bruneydə yeni hərbi məntəqələr yaradılır. Müşahidələr göstərir ki, son 10 ildə Çinin ətrafında 200 hərbi məntəqə peyda olmuşdur. Xüsusi ilə qeyd edilməlidir ki, ABŞ indi daha çox səs-küyə səbəb olmasın deyə kiçik mobil bazalara (“lilypad”) üstünlük verir.

Beləliklə, yeni geosiyasi şəraitdə və perspektivə hesablanmış proqnozlara əsasən iddia etmək olar ki, müxtəlif iqtisadi maraqların olmasına baxmayaraq ABŞ xarici siyasətində hərbi bazaların yerləşdirilməsinə ilk növbədə ölkənin geosiyasi ambisiyaları təsir göstərir. Dünyadakı qaynar nöqtələr və bu hərbi bazaların sinxron asılılığı isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Görünən odur ki, ABŞ-ın hərbi baza şəbəkəsi bütün dünyanı tam əhatə etməyincə planetdə sakitlik olmayacaq.

Ərəstü Həbibbəyli,

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Copyright © Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...