THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənilərin Qafqazda dominantlıq xülyası

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17147
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Qafqaz bəşər tarixində hər zaman mühüm əhəmiyyətə malik region olmuşdur. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən bu bölgə müxtəlif sivilizasiyaların, dinlərin və xalqların qarşılaşdığı məkandır. Qafqazın coğrafi mövqeyi, təbii sərvətləri onun geosiyasi əhəmiyyətini daha da artırmışdır. Dünyanın geosiyasi həssas olan bu regionu tarixən əksər imperiyaların diqqətini cəlb etmişdir. Qafqaz uğrunda kimlər vuruşmamışdır?

Lakin zamanın sınağında heç bir xarici müdaxiləçi Qafqazda daimi qala bilməmişdir. Müasir dövrün geosiyasi reallığında isə Qafqazın ən böyük problemi bu xarici müdaxiləçilərdən çox onların regiona köçürtdükləri ermənilərdir. Qafqazın yerli xalqı olmayan ermənilər daha çox XVIII əsrdən başlayaraq Rus-Türk, Rus-İran müharibələrindən sonra Qafqazın ayrı-ayrı bölgələrinə köçürülmüş və o zamandan bəri sözün əsl mənasında regionun baş bəlasına çevrilmişlər. Regiona yazıq, miskin qaçqınlar kimi gələn ermənilər öz himayədarlarının sayəsində bir müddət sonra Qafqazda əsas söz sahibi iddiaçısına çevrildilər.

Cənub Qafqazda əzəli Azərbaycan torpaqlarının ermənilərə peşkəş verilməsi hesabına qurulan bu kiçik dövlətin iştahası olduqca böyükdür. Əsrin əvvəllərində İrəvan, Zəngəzur, Dərələyəz, Vedibasar, Göyçə mahalı kimi tarixi Azərbaycan torpaqlarını zəbt edən ermənilər Azərbaycanı coğrafi cəhətdən parçalamağa (Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşdü) və Dağlıq Qarabağda muxtariyyət almağa nail oldular.

Təxminən 70 il ərzində ermənilər öz "Böyük Ermənistan” xülyalarına hazırlaşır və əlverişli məqam gözləyirdilər. Keçən əsrin sonlarında dünyada baş verən siyasi təlatümlər isə ermənilərə yeni bir şans verdi. Öz böyük qardaşlarının işinə yaramaq və əvəzində yeni torpaqlar qazanmaq. Dağlıq Qarabağ məhz bu ssenarinin qurbanı oldu. Keçən dövr ərzində aparılan bütün danışıqlara, dünya ictimaiyyətinin erməniləri işğalçı kimi rəsmən tanımasına baxmayaraq Azərbaycanın ərazi bütövlüyü hələ də bərpa olunmamışdır. Ermənilər özləri üçün tapdıqları ayrı-ayrı böyük qardaşların geosiyasi ambisiyalarına xidmət etməklə öz arzularını da reallaşdırmağa can atırlar.

Erməni hiyləgərliyinin ən mühüm xüsusiyyətlərindən biri də onun əlverişli zamanı və məqamı duymalarıdır. Tarixə nəzər saldıqda aydın olur ki, adətən bu xalqın xəyanətkar rəhbərləri dünya siyasi tərəddüdlər qarşısında qaldıqda öz çirkin niyyətlərini reallaşdırmaq istiqamətində hərəkətə keçir. 1905-1908-ci illərdə çar Rusiyasının çətin vəziyyətində, I dünya müharibəsi zamanı siyasi sabitlik pozulduqda, SSRİ-nin dağılması dövründə və s.

Son vaxtlar ermənilərin yeni xülyalarının konturları cızılmaqdadır. Hazırda ən böyük hədəf isə Gürcüstan torpaqlarıdır. 2002-ci ildə aparılan əhalinin siyahıyaalmalarının nəticələrinə görə Gürcüstanda 248 min erməni yaşayır ki, bunlardan da 113 mini Samsxe-Cavaxetiya regionundadır. Bu regionda ermənilər ümumi əhalinin 54,6%-ni təşkil edir. Regionda ermənilərin demoqrafik üstünlüyü isə müsəlmanların (məhsəti türklərinin və azərbaycanlıların) sıxışdırılması hesabına baş vermişdir. Belə ki, 1897-ci ildə Çar Rusiyasının apardığı siyahıyaalmaya əsasən Tiflis quberniyasının Axalçix uezdində ermənilər ümumi əhalinin 22%-ni təşkil edirdisə, 24317 nəfərlik məhsəti türkləri (35,1%) və 12370 nəfərlik azərbaycanlılar (18%) birlikdə ümumi əhalinin 53%-ni təşkil etmişdir.1 2002-ci il siyahıyaalmasına əsasən isə Samsxe-Cavaxetiyanın Axalçix rayonunda  sayları 16 879 nəfər olan ermənilər artıq ümumi əhalinin 36,6%-ni təşkil edirdi. Sovet imperiyasının məhsəti türklərini sürgün etməsi regionda erməni say üstünlüyünə səbəb olmuşdur. Ermənilər buranı tarixi vətənləri hesab etsələr də, reallıq budur ki, regiona köçürüldükləri cəmi 150-170 il ərzində azlıqdan çoxluğa çevrilə bilmişlər.

Samsxe-Cavaxetiyadakı ermənilərin separatçı çıxışları günü-gündən artmaqdadır. Onlar ilkin inzibati-bölgü baxımından Kvemo-Kartli regionuna daxil olan Çalk bələdiyyəsinin (əhalinin təxminən yarısı ermənilərdir) Cavaxetiyaya birləşdirilməsini tələb edirlər. Bundan sonra isə Samsxe-Cavaxetiyaya muxtariyyat verilməsini, erməni dilinə rəsmi dil, erməni apostol kilsəsinə isə statusun verilməsini tələb edirlər.

Samsxe-Cavaxetiya bölgəsi Ermənistan Respublikası və Türkiyə ilə birbaşa sərhədə malikdir. Ermənistan üçün şimaldan bufer rolunu oynayır. Burdakı ermənilər siyasi cəhətdən "Vahid Cavakx” ictimai-siyasi hərəkatı ətrafında birləşiblər və həm Gürcüstan, həm də Ermənistan siyasi həyatına təsir edə biləcək siyasi qüvvəyə çevriliblər. Belə ki, onlar bu regiondan olan 5 erməninin Parlamentdə təmsil olunması ilə bağlı Ermənistan rəhbərliyi qarşısında tələblə çıxış edirlər.

Onlar Gürcüstan siyasi xəttinə təsir etməyə çalışırlar. Belə ki, Gürcüstanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərdən biri olan "Repatriasiya barədə qanun”un tələblərini yerinə yetirərək məhsəti türklərinin öz ana vətənlərinə geri dönmələrinə mane olmağa çalışırlar. Yerli ermənilərin fikrincə, məhsəti türklərinin regiona köçürülməsi ilə Ermənistan Respublikası dörd bir tərəfdən türklərlə əhatə olunacaqdır və bu Ermənistanın geosiyasi mövqeyi üçün ən böyük təhlükədir. Gürcüstan-Rusiya, Gürcüstan-Türkiyə, Gürcüstan-ABŞ münasibətlərində də erməni faktoru mühüm amildir. Axalkalakidə Rusiyanın hərbi bazasının bağlanması zamanı ermənilərin qaldırdığı səs-küy, eləcə də Gürcüstanın NATO-ya üzvlüyü məsələsinin gündəliyə gətirilməsinə ermənilərin münasibəti ölkənin siyasi həyatına təsir edə bilmək iqtidarındadır. Cavaxetiya ermənilərinin Gürcüstan hökuməti qarşısında qondarma "erməni soyqırımı”nı yanıması tələbi ilə çıxış etməsi də onların siyasi dikbaşlığından irəli gəlir.

Digər tərəfdən ikiüzlü erməni xisləti burda da özünü göstərir. Bir tərəfdən Rusiyanın müəyyən orqanlarına bağlı olan "Rusiyanın Cavakx diasporu” 2011-ci ilin dekabrında yaydıqları bəyanatda bildirmişdir ki, "Gürcüstanın NATO-ya üzvlüyü Cavaxetiya ermənilərinin maraqlarına ziddir və Cavaxetiya erməniləri Gürcüstanın tərkibindən çıxmaq məsələsini qaldıra bilərlər”.2 Digər tərəfdən ABŞ-da ermənipərəst konqresmenlər Cavaxetiya ermənilərinə də ABŞ-ın vəsait ayırması məsələsini gündəliyə gətirmişlər. Yəni ermənilər öz məqsədləri üçün hər kəsi satmağa hazırdırlar.

Gürcüstanda erməni separatçılığına məruz qaldığı digər bir bölgə Abxaziyadır. Öz müstəqilliyini elan etmiş bu qondarma "dövlətcikdə” ermənilər aparıcı mövqe tuturlar. Aparılan rəsmi statistikaya görə 2003-cü ildə ermənilər ümumi əhalinin 21%-ni (44 900 nəfər) təşkil etmişlər.3 Qeyri-rəsmi məlumatlara görə isə onların sayı təxminən 70 minə çatır. Cəmi 180-200 minlik Abxaziyada bu olduqca böyük rəqəmdir. Ermənilərə hökumətdə də kifayət qədər yer verilmişdir. Qondarma respublikanın iqtisadiyyat naziri, parlamentin vitse-spikeri erməni mənşəlidir. Deputatlar arasında, biznes dairələrdə də ermənilər təmsil olunurlar.

Abxaziyada ermənilərin mövqeyini müəyyənləşdirən xüsusi məqamlardan biri də "Baqramyan adına tabor”dur. Gürcü-abxaz müharibəsində abxazların tərəfindən vuruşan bu hərbi birləşmə gürcülərə qarşı xüsusi amansızlığı və qəddarlığı ilə tanınan bu hərbi birləşmə gürcü-erməni dostluğunun üstündən birdəfəlik xətt çəkdi. Baqramyan taborunun komandir və döyüşçüləri isə Abxaziyada xüsusi çəkiyə malik siyasi mövqeyə yiyələndilər.

Samsxe-Cavaxetiya və Abxaziya Gürcüstanda ermənilərin açıq-aşkar separatist çıxışlarının şahidi olduğu bölgələrdir. Bundan əlavə hələlik real olaraq görünməyən, ancaq potensial partlayış yarada biləcək üçüncü bir region isə Acarıstan Muxtar Respublikasıdır. Gürcüstanın investisiya üçün əlverişli olan bu bölgəsində ermənilərin çirkli pulları realizə olunur. Regionda 100-dən çox erməni şirkəti fəaliyyət göstərir. Ermənilərin Gürcüstandakı biznes şəbəkəsinə öz soydaşlarını cəlb etməsi müşahidə olunur. Erməni iş adamları yerli ermənilərin vasitəsilə burada iri mülklər və torpaq sahələri alırlar. İrəvan-Batumi dəmir yolu xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparılır.

Görünən odur ki, Ermənistandan Samsxe-Cavaxetiya – Acarıstan istiqamətində hərəkət etməklə öz xəyali arzularına çatmaq istəyirlər. Bu yol ermənilərin Qara dənizə çıxışını təmin etməlidir. Qara dənizə çıxmaqla isə Abxaziya ilə də əlaqə güclənmiş olacaq. Bununla da ermənilərin əsas müttəfiqləri ilə birbaş təmas arzusu da gerçəkləşə bilər. Yəni ermənilərin qarşıdan gələn yüz ildə hədəflərinin konturları artıq görünür.

Lakin maraqlı məqam ondan ibarətdir ki, dövlətçiliyinə qarşı çevrilmiş bütün bu geosiyasi oyunlar Gürcüstanı bir o qədər də narahat etmir. Amma sonra gec olmasa yaxşıdır. Azərbaycan öz tarixi torpaqlarında ermənilərin iki dəfə öz müqəddəratını təyin etmə avantürası ilə qarşılaşmışdır. Ona görə də ermənilərin bu siyasi oyunlarının təhlükəli nəticələrini əvvəlcədən görür. Qafqazda köçürülmə xalq olan ermənilərin bu böyük xülyası isə region üçün heç nə yaxşı vəd etmir.

Ərəstü Həbibbəyli,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

İstifadə olunan mənbələr:

  1. http://www.ethno-kavkaz.narod.ru/rngeorgia.html
  2. http://javakhk.ru/news/111.html
  3. http://www.ethno-kavkaz.narod.ru/rnabkhazia.html
Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...