THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Latın Amerikası dövlətləri haqqında saqa

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11290
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 sentyabr – Newtimes.az

Bir zamanlar Latın Amerikası ölkələri Böyük Britaniya, İspaniya, Fransa və Portuqaliyanın müstəmləkəsi idilər. 1803-cü ildə ABŞ Luiziananı aldı.

O ildən Latın Amerikasının taleyində yeni işğallar mərhələsi başladı. XIX əsrdə Böyük Britaniya həmin ərazilərə daha çox nüfuz etmişdi. 1861-1867-ci illərdə Fransanın Meksikada möhkəmlənmək cəhdi uğursuzluqla nəticələndi. İspaniyanın da keçmiş müstəmləkə ərazilərinin bir hissəsini qaytarmaq üçün atdığı addımlar əbəs oldu. Ancaq ABŞ-ın Cənuba nüfuzu daha uğurlu alındı. Amerikanın şimalı cənubunu işğal etməyə başladı.

Birinci zərbə: Peru kampaniyası

Əvvəlcə ABŞ üsyana qalxmış ispan müstəmləkələrinin bir hissəsini zəbt etdi. Sonra Meksikanın ərazisinin böyük bir hissəsi işğal edildi. 1823-cü il Monro doktrinası isə yankilərin əlində ideoloji əsas oldu. Həmin sənədə əsasən, avropalılar Amerika qitəsinə, ABŞ isə Avropaya nüfuz etməməli idilər.

1879-1884-cü illərdə Sakit okean müharibəsi zamanı ABŞ daha geniş ərazini tutmaq kursunu seçdi. Onda ingilislər Çiliyə yardım edirdi. Amerika Perunu dəstəklədi. Peru Takna və Arikada Çiliyə məğlub oldu. Yankilər Çilinin zəbt etdiyi bütün Peru torpaqlarının qaytarılmasını tələb etməyə başladı.

ABŞ-ın təmsilçisi Herlbat amerikan kapitalistlərinin maraqlarından çıxış edərək barışığın olmasına maneçilik törədirdi. Amerikanlar Peru və Boliviyanın zəifliyindən istifadə edərək "Peru kompaniyası” planı hazırladılar. Həmin plana görə, Çilinin işğal etdiyi Peru və Boliviya ərazisindəki faydalı qazıntılar ABŞ-ın ixtiyarına keçməli idi.

Amerika diplomatiyasının fəallığına baxmayaraq, Çili mövqeyindən dönmədi. Peru hökumətinin başçısını Santyaqoda həbs etdilər. Peru və Boliviya çətin vəziyyətə düşdü. ABŞ isə verdiyi vədi yerinə yetirmədi. Bununla da iki Latın Amerikası ölkəsi ABŞ-ın diplomatik avantürasına qurban getdi.

Ancaq bu, yankiləri ruhdan salmadı. 1889-cu ildə rəsmi Vaşinqtonun təşəbbüsü ilə birinci ümumamerika konfransı çağırıldı. Konfransın məqsədi Latın Anerikasında ABŞ-ın hakim mövqeyini təmin etməkdən ibarət idi. Bundan 6 il sonra ABŞ-ın o dövrdəki dövlət katibi Olni yeni ideya ilə çıxış etdi. O, Monro doktrinasına yeni məzmun verdi.

Olni bəyanatının bir yerində deyirdi: "...Məsələ ondan ibarətdir ki, başqa səbəblərlə yanaşı ABŞ-ın zəngin ehtiyatları xüsusi (söhbət ABŞ-ın quru ərazisinin böyük dövlətlərdən təcrid olmasından gedir – Newtimes.az) mövqeyi ilə bir yerdə onu vəziyyətin hakimi edir”. Bu bəyanat 1895-ci ildə verilmişdi.

1898-ci ildə ispanları məğlubiyyətə uğradan Amerika, bütün dünyaya nüfuz etmək üçün imkan əldə etdi. Əsas hədəf isə Latın Amerikası idi. ABŞ orada asılı ölkələrin imperiyasını yaratmağa başladı. Puerto-Riko, Kuba, Panama... Sonra siyahı uzandı.

1904-cü ildə Teodor Ruzvelt bəyan etdi ki, Birləşmiş Ştatlar "beynəlxalq polis funksiyasını yerinə yetirə bilər”. Bu, yeni imperial gücün ciddi dünya ağalığı iddiasına düşdüyü anlamını verirdi. T.Ruzveltdən sonrakı Taft isə bu gün də aktual sayılmalı olan bir fikir ifadə etdi: "Xarici siyasətimiz...bizim kapitalistlərə və tacirlərə imkanlar yaratmaq üçün cəsarətlə fəal müdaxilələrə əl ata bilər”.

Latın Amerikasında üç fərqli Xose

T.Ruzvelt "böyük dəyənək” siyasətini, Taft isə "dollar diplomatiyası”nı yaratdı. Birinci siyasət ABŞ-ın Latın Amerikasına maneəsiz kapital qoymasını, ikinci isə həmin sərmayənin təhlükəsizliyini təmin etməyi nəzərdə tuturdu. Bu gün də həmin xətt davam etdirilir.

Yeni siyasətin ilk hədəfi Nikaraqua oldu. Bu ölkəyə ABŞ-ın nüfuz etməsinə Böyük Britaniya uzun müddət mane oldu. 1903-cü ildə Panamanın Kolumbiyadan ayrılması ilə yankilərin əlinə yeni imkan düşdü. ABŞ-ın "United Fruit Company” şirkəti Nikaraquanın banan yetişdirmə sahəsini ələ keçirdi.

Nikaraquanın prezidenti Xose Santos Selayya amerikanların ölkə iqtisadiyyatına nüfuz etməsinə mane olmağa çalışdı. 1909-cu ildə prezidentə qarşı üsyan təşkil edildi. Üsyanda bir neçə amerikan hərbi mütəxəssisi iştirak edirdi. Onlardan iki nəfəri Nikaraqua ordusuna məxsus gəmini partlatdı. Təxribat törədən həmin amerikanları tutub güllələdilər. ABŞ-da dəhşətli antinikaraqua kampaniyası başladı.

Ölkəni işğaldan xilas etmək üçün Nikaraqua prezidenti istefa verdi. Onun yerinə 1910-cu ildə gələn Xose Madris üsyanla birdəfəlik qurtarmaq kursunu götürdü. Dərhal ABŞ hərbi müdaxilə etdi. Nəticədə Madris də hakimiyyətdən getməyə qərar verdi. Onun yerinə amerikanlara sədaqətli Xose Dolores Estrada gəldi.

Ancaq üsyançılar hakimiyyət uğrunda gərgin mübarizə aparmağa başladılar. Amerika Nikaraquaya qayda-qanun yaratmaq üçün hərbi qüvvə göndərdi. Xoseni Adolfo Diaz əvəz etdi. Diaz amerikanların bütün tələblərini yerinə yetirərək "demokratik prezident” oldu.

ABŞ isə borclu qalmadı: Nikaraquaya yüksək faizli istiqrazlar verərək, onu özündən tam asılı vəziyyətə saldı (Nikaraqua ilə bu sahədə yalnız Rusiyadan tam asılı olan Ermənistanla müqayisə oluna bilər).

İki dünya müharibəsi: ABŞ-ın Cənub siyasəti

Artiq Birinci Dünya müharibəsi ərəfəsində ABŞ-ın Latın Amerikası ölkələrinə sərmayə qoyuluşu 173 milyon dollar təşkil edirdi. Ancaq o, Böyük Britaniyadan geridə qalırdı. Müharibə Avropa ilə Amerika qitəsi arasında əlaqələrə böyük zərbə vurdu. Latın Amerikası ölkələri məcburən ABŞ bazarına üz tutdu.

O vaxtlarda Almaniyanın Latın Amerikasına təsiri vardı. Ancaq ABŞ daha çox nüfuz qazandı. 1917-ci ildə Amerika Almaniyaya müharibə elan edəndə əksər Latın Amerikası ölkəsi ABŞ-ı dəstəklədi. Kuba və Braziliya müttəfiq oldu. Peru, Boliviya, Uruqvay və Dominikan Respublikası Almaniya ilə diplomatik münasibətləri kəsdi.

Buna baxmayaraq, ABŞ müharibədən istifadə edərək Latın Amerikası ölkələrinə onları Almaniyadan qorumaq adı ilə təcavüz etdi. 1914-cü ildə Meksika və Haitiyə hərbi qüvvə göndərdi. Haitiyə müdaxilə oradakı fransız kapitalını sıxışdırmaq üçün edilirdi.

Ölkə rəhbərliyi müqavimət göstərməyə çalışdı. Lakin amerikanlar Haitinin milli qızıl ehtiyatını ələ keçirib, "özündə saxlamaq üçün” Nyu-Yorka apardı. Görünür, 1949-cu ildə Amerika Almaniyanın qızıl ehtiyatına əl qoyanda artıq Latın Amerikası təcrübəsi vardı.

1915-ci ildə Haitidə üsyan baş qaldıranda ABŞ ikinci dəfə ora hərbi güc yeritdi. Nəticədə ABŞ Haitidə hərbçilərin iştirakı ilə yeni iqtidar qurdu. Ölkə tamamilə Amerikanın nəzarətinə keçdi. Domnikan Respublikasında oxşar proseslər cərəyan etdi. Bunların fonunda avropalıların qitədə təsiri azaldı.

İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Latın Amerikası ölkələrinə təsir imkanları artdı. 1947-ci il sentyabrın 2-də Rio-de-Janeyroda qitənin 20 ölkəsi və ABŞ "Qarşılıqlı yardım haqqında Ümumamerika sazişi” imzaladılar.

Saziş Qərb yarımkürəsində "təhlükə yarandıqda məsləhətləşmələri” və "xüsusi təhlükəsizlik zonasında” "təcavüzə qarşı” birgə mübarizəni nəzərdə tuturdu. Ancaq ortaq silahlı qüvvə yaratmaq ideyası qəbul edilmədi. 1948-ci ildə Boqotoda Amerika Dövlətləri Təşkilatı yaradıldı.

Bütün bunlara paralel olaraq ABŞ-ın qitə dövlətlərində özünə uyğun iqtidar yaratmaq siyasəti davam etdi. 1950-ci ildə Qvatemala bu siyasətin növbəti hədəfi oldu. Qvatemalanın prezidenti Arbens banan plantasiyalarını "United Fruit Company”-yə vermək istəmədi. Nəticədə MKİ üsyan təşkil etdi. Arbens istefa verməli oldu.

Yeni dönəm: rəqiblər çoxalır

1960-ci illərdə əvvəlcə prezident Kennedinin Latın Amerikası ölkələri ilə əməkdaşlığı nəzərdə tutan "Tərəqqi naminə ittifaq” doktrinası yarandı. Kuba bura daxil deyildi. Bu proqram çərçivəsində Amerika siyasi şərtlərlə yardımlar edirdi. 1965-ci ildə "Conson doktrinası” qəbul edildi.

Prezident Consonun adı ilə bağlı olan bu sənəd Latın Amerikası ölkələri ilə daha sərt şərtlər daxilində əməkdaşlığı nəzərdə tuturdu. Yalnız 1969-cu ildə prezident Nikson həmin kursu dəyişməli oldu.

"Soyuq müharibə” başa çatandan sonra Amerikanın Cənub siyasətində yeniliklər özünü göstərməyə başladı. Artıq Vaşinqton "yumşaq” kursa üstünlük verdi. Şimali Amerika üçün yaradılmış iqtisadi əməkdaşlıq modeli olan NAFTA-nın Latın Amerikası analoqunu yaratmaq cəhdləri başladı.

Nəticədə FTA (ABŞ-Çili azad ticarət sazişi), SASM (Mərkəzi Amerika ümumi bazar) modelləri meydana çıxdı. Mahiyyətdə isə elə bir dəyişiklik olmadı. Latın Amerikası ölkələri ABŞ-ın nüfuz dairəsində qalmalı idilər.

Həmin dövrdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə Latın Amerikası ölkəsində üsyanlar və çevrilişlər təşkil etdi. Bu qitə ölkələri indi də Amerikanın maraq dairəsindədir.

Lakin orada başqa dövlətlər də fəallaşıblar. Artıq Avropa İttifaqı, Çin, Rusiya, Hindistan, İran ora nüfuz etməkdədir. ABŞ-ın rəqiblərinin çoxaldığını demək olar. Çinin siyasəti daha praktikidir. O, regionun təbii sərvətlərindən faydalanmağa çalışır. İqtisadi əməkdaşlığa üstünlük verir.

Rusiya müəyyən müddət fasilədən sonra Latın Amerikasına qayıdır. Moskva iqtisadi və hərbi əməkdaşlığa üstünlük verir. Hindistan region ölkələri ilə yeni müqavilələr imzalayır.

Cənubi Afrika Respublikası isə Merkosura daxil olan ölkələrlə (Argentina, Braziliya, Paraqvay, Uruqvay və b.) Cənubi Afrika Gömrük İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsinə çalışır. İran da enerji sahəsində əməkdaşlıq istiqamətində addımlar atır.

Bu prosesləri Vaşinqton diqqətlə izləyir. Görünür o, yeni strategiya hazırlamağı düşünür. Əlbəttə, indi də Amerikanın həmin istiqamətdə siyasəti çox güclüdür. Ona görə də Latın Amerikası ölkələrinin tarixlərindəki "macəralar” davam edir

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...