THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paris hücumları: İŞİD-in yeni siması və Qərbin gözlənilən addımları

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8543
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 noyabr 2015 – Newtimes.az

Məlum olduğu kimi, noyabrın 13-də Parisin müxtəlif yerlərində törədilən 8 terror aktı nəticəsində 130-dan çox insan həlak oldu, 300-dən çoxu yaralandı. Terror hücumlarına görə məsuliyyəti İŞİD üzərinə götürdü. Qeyd edək ki, bu, bir il ərzində Parisdə ikinci terror hücumudur.

Ekspertlər budəfəki Paris hücumlarını 2008-ci ilin Mumbay terror aktına bənzədirlər. Belə ki, Hindistanda da terrorçular bir neçə məntəqədə silahlı hücum təşkil etmiş, daha sonra hotellərdən birindəki sakinləri əsir götürmüşdülər. Bu hücumların nəticəsində 160-dan çox insan həlak olmuşdu. Hər iki hücumda bənzər dəst xətt özünü göstərməkdədir.

13 noyabr terror aktı özünün faciəliliyi, qəddarlığına və miqyasına görə həm də "Fransanın 11 sentyabrı" adlandırıldı. Bununla belə, bu olayı 11 sentyabrla müqayisə etmək üçün başqa əsaslar da ola bilər. Məsələn, Fransanın Yaxın Şərqdəki antiterror fəaliyyətinin yeni təkan alması və bunun bölgədəki və regionda fəaliyyət göstərən iştirakçılara təsiri 2001-ci ilin 11 sentyabr olayından sonra olduğu kimi ciddi dəyişikliklərə gətirib çıxara bilər. Doğrudur, ABŞ-dan fərqli olaraq, Fransa tək oyunçu kimi qlobal miqyasda böyük təsirə malik deyil. Lakin burada Fransanın üzvü olduğu NATO amilini və Barak Obamanın təbirincə desək, "ABŞ-ın ən qədim müttəfiqi" olan Fransaya hər cür dəstəyi verməyə hazır olan ABŞ faktorunu nəzərdən qaçırmaq olmaz.

13 noyabr terrorunun Yaxın Şərq proseslərinə təsiri

Fransa prezidenti Fransua Olland terror aktını "Fransaya qarşı müharibə" kimi qiymətləndirdi. Bu o deməkdir ki, müharibəni elan edən tərəfə cavab verilməlidir. Bu çıxışın məntiqi davamı olaraq, hücumlardan cəmi iki gün sonra Fransa hərbi təyyarələri Suriyada İŞİD-in Rakka şəhərindəki mövqelərinə zərbələr endirdi. Fransa xarici işlər naziri Loran Fabiusun "Böyük 20-liyin" Türkiyədəki sammitində söylədiyi kimi, Paris hücumları Fransanın İŞİD-ə qarşı cavab zərbələrinə legitimlik verdi (bax: Paris Attacks' Scale Underscores Global Threats / "The Wall Street Journal", 13 noyabr 2015).

İlk gündən Paris hücumlarının siyasi nəticələrinin olacağı gözlənilən idi. Hücumlar Fransa təyyarədaşıyan gəmisinin İŞİD-ə qarşı İraq və Suriyada fəal əməliyyatlarda iştirakı üçün Fars körfəzinə çıxarılmasından 5 gün əvvələ təsadüf edir. Sentyabr ayının sonundan etibarən Fransa Suriyada hava əməliyyatları həyata keçirir. Terror hücumlarından sonra isə Fransanın hərbi əməliyyatlarının daha da intensivləşdiriləcəyi gözlənilirdi və bu ehtimal özünü doğrultdu. Bəzi ekspertlər isə bir qədər də irəli gedərək sözügedən terror aktlarının Yaxın Şərqdə qüvvələr balansını dəyişəcəyini də proqnozlaşdırırlar. Fars körfəzinin ərəb ölkələri İŞİD-lə müqayisədə İranı özlərinə daha böyük təhlükə hesab edirlər. Lakin İŞİD-in üzərinə götürdüyü terror aktlarından sonra Qərbin səylərini daha çox onunla mübarizəyə yönəltməsi Körfəz ölkələrini də yeni vəziyyətə uyğunlaşmağa vadar edə bilər.

Digər tərəfdən, Fransanın Suriyadakı fəallığını artırmasının Rusiyanın ölkə ərazisində apardığı hava hücumlarına yardım etdiyi, yoxsa əksinə, maneə yaratdığı da maraq doğurur. Hücumların hədəfləri ilə bağlı Vaşinqtonla Moskva arasında ciddi fikir ayrılıqlarının olması iki ölkənin əməkdaşlığına mane oldu. Fransanın da bu məsələyə yanaşmasının Rusiyanınkından fərqlənməsi vəziyyəti bir qədər də gərginləşdirə bilər. Lakin Suriyada antiterror fəaliyyəti göstərən tərəflərin fəallığını artırması bölgədə fərqli maraq sahiblərinin hansısa bir formatda ortaq razılığa gəlməsini qaçılmaz zərurətə çevirir. Nəhayət, Parisdəki terror aktlarını törədənlərin kimliyinə dair yekun nəticələrin də proseslərin gedişatına təsiri istisna deyil.

Bəzi analitiklərin fikrincə, son olaylar Qərbdə Bəşər Əsədin hakimiyyətdə qalmasına münasibətdə müəyyən yumşalma yarada bilər. Bununla belə, Paris hücumlarının yaratdığı psixoloji sarsıntı zəiflədikcə qarşıdakı aylarda Suriya siyasətinin detalları aydınlaşacaq (bax: Paris attacks: The global consequences / "Financial Times", 14 noyabr 2015).

Qərb mediası isə İŞİD təhlükəsinin qlobal xarakter aldığını bildirir. Paris hücumlarından sonra İŞİD-in Vaşinqtonda da bənzər terror aktları törədəcəyi barədə videomüraciəti ABŞ-da təşvişlə qarşılanıb. Bu həm də İŞİD-in taktikasının dəyişdiyini göstərir. Yəni başlanğıcda İŞİD-in əsas fəaliyyət zonası İraq və Suriya əraziləri idi və terrorçu təşkilatın başlıca hədəfi də ərazilər zəbt etməklə "xilafət" yaratmaq, həmin ərazilərdəki əhalidən vergilər toplamaq və onları idarə etmək olub. Lakin son terror hadisələri İŞİD-i çoxsaylı dinc sakinin ölümü ilə nəticələnən irimiqyaslı terror aktlarına üstünlük verən "əl-Qaidə"yə bənzədir (bax: Мировые СМИ: "Исламское государство" меняет стратегию / "РИА Новости", 14 noyabr 2015). Bu dəyişiklik məhz Rusiyanın Suriya və İranla əlbir şəkildə İŞİD-in Suriyadakı qərargahlarını, bazalarını məhv edən hücumlarından sonra özünü aydın göstərməyə başladı. Görünür, özünü dünyaya dövlət kimi təqdim etmək cəhdləri iflasa uğrayan İŞİD terrorçu təşkilatların ənənəvi metodlarına üz tutub.

Terror hücumlarının üzə çıxardığı Avropa təhlükəsizlik sistemindəki boşluqlar

Əvvəlcə qeyd edək ki, Paris terror hücumlarının Fransanın daxili siyasətinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Belə ki, Fransa hökuməti miqrantların Avropa ölkələri arasında bölüşdürülməsi barədə Almaniyanın təklifini dəstəkləyir. Almaniya, İsveç kimi ölkələrlə müqayisədə Fransaya gələn qaçqınlar və qeyri-leqal miqrantlar sayca azlıq təşkil edir. Bununla belə, bu ölkədə də son zamanlar irqçi, ksenofob meyillərin güclənməsi özünü göstərir və son terror hücumları da sağçıların nüfuzunun və sərt miqrasiya siyasəti tələbi ilə hökumət üzərindəki təzyiqlərinin artmasına təkan verəcək. İlin əvvəlində Parisdəki "Şarli Hebdo" hücumlarından sonra Marin Le Penin radikal sağçı "Milli cəbhə" partiyasının nüfuzunda artım müşahidə olunmuşdu. Analitiklərin fikrincə, təhlükəsizlik məsələlərində ciddi tədbirlərin görülməsi tərəfdarı olan Nikola Sarkozinin sağ-mərkəzçi "Xalq hərəkatı uğrunda ittifaq" partiyası da bu hadisədən sonra elektoratının sayını artıra bilər (bax: What to Expect After the Nov. 13 Paris Attacks / "Stratfor", 13 noyabr 2015).

Hesab edilir ki, siyasi arenada Avropaya üz tutan qaçqınların arasında aktiv və potensial radikal dini baxışlı şəxslərin olması barədə narahatlıqlar bundan sonra daha tez-tez və açıq ifadə olunacaq. Bu narahatlıq Avropa İttifaqı ölkələrinin miqrasiya siyasətində dəyişikliklərin aparılması üçün əsas rolunu oynaya bilər.

Paris hücumları Aİ daxilində təhlükəsizlik sistemindəki boşluqları da qabarıq göstərdi. Burada bir məqam təhlükəsizlik və kəşfiyyat orqanlarının terror hücumlarının qarşısını ala bilməməsidirsə, digər bir məsələ terrorçuların Aİ ərazisində, xüsusən də Şengen zonasında sərbəst hərəkətinə maneənin olmamasıdır. Hətta hücumlardan dərhal sonra Ollandın Fransa sərhədlərinin bağlandığını bəyan etməsinə baxmayaraq, nəqliyyat sahəsində aparılan araşdırmalar bunun baş vermədiyini üzə çıxarıb. Yəni, sərhədlərin bağlanması elanına baxmayaraq, istər hava, istərsə də qatarla sərnişindaşıma xidməti göstərən şirkətlər fəaliyyətlərini olduğu kimi davam etdiriblər, beynəlxalq avtomobil yollarında da nəqliyyatın hərəkəti dayandırılmayıb. Məsələ ondadır ki, bir sıra Şengen zonası ölkələri kimi, Fransada da ciddi sərhəd nəzarəti illər öncədən ləğv edilib və sərhəddə nəzarət məntəqələrinin yaradılması, işi icra edəcək heyətin cəlb olunması üçün isə aylarla vaxt lazımdır. Beləliklə, bir tərəfdən şirkətlərin öz fəaliyyətlərində hər hansı fasiləyə, məhdudiyyətə yol vermək marağında olmaması, digər tərəfdən isə sərhədləri qısa zamanda bağlamaq üçün texniki imkanların çatışmazlığı nəticəsində Ollandın göstərişi sadəcə bəyanat xarakteri daşıyıb (bax: What did it really mean when France ‘closed’ its borders? / "The Washington Post", 15 noyabr 2015).

Yaranmış təhlükəsizlik problemləri Avropa təsisatlarının və siyasi modelinin böhran keçirdiyini göstərir. Bu isə həm də onunla əlaqədardır ki, bu gün Avropanın təhlükəsizliyi Yaxın Şərqdəki vəziyyətlə sıx bağlıdır (bax: məs., Поворотный момент Европы? Последствия парижского теракта для французской и мировой политики / "Россия в глобальной политике", 14 noyabr 2015). Avropanın qaçqın və terrorizm problemləri əsasən Yaxın Şərqdəki müharibələr, xaos və terrorizmin genişlənməsinin nəticəsidir.

Terrorizmə qarşı birgə və səmimi mübarizəyə ehtiyac var

Məlumatlara görə, Parisdəki hücumların Suriyada planlaşdırıldığı bildirilir. Bununla belə, Paris hücumlarını həyata keçirən terrorçuların bir qisminin Fransa, Belçika kimi Avropa ölkələrinin vətəndaşları olması onu göstərir ki, vaxtında öz mənbəyində zərərsizləşdirilməyən terrorizm Avropanın içərilərinə doğru kök atmaqdadır. İŞİD-in hədələyici videosundan sonra ABŞ-da narahatlıq doğuran əsas məqam onunla bağlıdır ki, Suriya və Yaxın Şərqdən olan qaçqınların üzünə qapılar bağlı saxlanılsa belə, Avropada doğulmuş, həmin ölkələrin vətəndaşlığını daşıyan radikallaşmış şəxslərin ölkəyə səyahət etməsinin qarşısını almaq çox çətindir. Onların ABŞ kimi sərbəst silah satışı olan ölkədə silahlanması da çətin deyil.

Beləliklə, Paris hücumları terrorizm təhlükəsinin bütün dünyanı hədələdiyini bir daha nümayiş etdirdi. Bu təhlükənin qarşısının alınması, aradan qaldırılması üçün isə dünya ölkələrinin birgə fəaliyyətinə böyük zərurət var. Lakin bu mübarizə, Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ifadə etdiyi kimi, digər maraqların kənara qoyulması şərti ilə aparılmalıdır. Başqa sözlə desək, beynəlxalq antiterror fəaliyyəti birmənalı şəkildə terrorizmin məhvinə yönəlməli, hansısa qlobal gücün, yaxud bir qrup ölkənin geosiyasi, geoiqtisadi maraqlarının təmin olunması vasitəsinə çevrilməməlidir. Əks təqdirdə, göstərilən fəaliyyət bir tərəfdən terrorizmə zərbə vurursa, digər tərəfdən maraqların toqquşması nəticəsində gizli və açıq dəstəkdən yararlanan terrorçu təşkilatlar fəaliyyətlərini daha da genişləndirmiş olurlar. 2001-ci il 11 sentyabr hadisəsindən sonra formalaşan qlobal antiterror koalisiyasının problemi aradan qaldıra bilməməsinin kökündə də bəzi qlobal aktorların nüfuz mübarizəsi, ikinci, üçüncü dərəcəli maraqlarının terrorizm bəlası ilə mübarizə məqsədindən önə keçməsi və ədalət prinsipinin pozulması dayanır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...