THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqazda təhlükəsizlik təşkilatları layihələri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8883
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Cənubi Qafqazda yaşanan problemlər və əməkdaşlıq perspektivləri elm adamlarının, siyasətçilərin və dövlət adamlarının son iyirmi ildir müxtəlif aspektlərdən müzakirə etdiyi və bundan sonra da müzakirə edəcəkləri bir mövzudur. Xüsusilə, bölgənin təhlükəsizliyi haqqındakı təhlillərdə əsasən Qərbin və Rusiyanın maraqlarını ifadə edən görüşlər ortaya çıxmışdır. Bu görüşlərin ortaq nöqtələri bölgədəki problemləri dövlətlərin sərhədlərinin toxunulmazlığı çərçivəsində həll etməkdən daha çox, “status quo”nun qorunması şərti ilə silahlı münaqişələrin başlamasına mane olmaq və yaxud separat qüvvələri dəstəkləməkdir. Bu görüş xüsusilə, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesində daha açıq hiss edilməkdədir.

Qafqaz xalqlarının birlik və bərabərliyini təmin etməyə, bölgə təhlükəsizliyinin, sülhün və sabitliyin qorunması üçün ilk layihələr XX əsrin əvvəllərində hazırlanmışdır. Azərbaycanlılar, gürcülər, ermənilər və Şimali Qafqaz xalqlarının nümayəndələri 1915-ci ildə Osmanlıda toplaşaraq Qafqaz Komitəsini qurmuşdur. Lozan Konfransına nümayəndə göndərən Komitə azərbaycanlı, erməni, gürcü və Şimalı Qafqaz xalqlarından təşəkkül edən konfederasiya şəklində dövlət qurmaları üçün böyük dövlətlərdən kömək istəmişdir. Ancaq Birinci Dünya Müharibəsi və 1917-ci ildə Rusiyada baş verən burjua inqilabı və 1920-ci ildə bolşevik Rusiyanın Cənubi Qafqazı işğal etməsi bu layihənin həyata keçməsinə mane olmuşdur.

Bölgədə bolşevik hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstan ZSFSR-də birləşmişlər. Həmin ildə Zaqafqaziya Şurası qurultayında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qurulması haqqında qərar alınmışdır. 1991-ci ilə qədər Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi SSRİ-nin təhlükəsizlik mexanizmi çərçivəsində qorunmuşdur. SSRİ-nin dağılmasından sonra bölgədə olduqca ciddi təhlükəsizlik problemləri ortaya çıxmış və bu günə qədər həll edilməmişdir.

Cənubi Qafqaz dövlətlərinin NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına, GUAM və başqa təşkilatlara üzv olmaları bölgədə yaşanan problemlərin həll edilməsində yetərli olmamışdır. Bu problemlərin həll edilməsi və bölgənin iqtisadi inkişafını təmin etmək üçün bütün Qafqaz dövlətlərinin qəbul etdikləri bir təhlükəsizlik doktrinasının hazırlanması və həyata keçirilməsi ehtiyacı ortaya çıxmışdır. Ancaq bu gün, Cənubi Qafqazdakı iqtisadi, siyasi və hərbi qütbləşmə nəzərə alındığında, belə bir təhlükəsizlik doktrinası çərçivəsində razılaşmanın imkansız olduğu görünür.

Böyük dövlətlərin bölgədəki maraqları da nəzərə alındığında, Qafqazın təhlükəsizliyinin artıq bölgə sərhədlərini aşaraq beynəlxalq mahiyyət qazanması anlaşılmaqdadır. Bu gün Rusiya Qafqazdakı son qalası olan Ermənistan ilə iqtisadi, siyasi və hərbi münasibətlərini ən üst səviyyəyə çıxarmağa; ABŞ, Xəzər enerji mənbələrinin nəzarətini əlinə keçirdikdən sonra hərbi və siyasi olaraq bölgəyə yerləşməyə; Avropa İttifaqı dövlətləri də bölgənin yer altı və yer üstü sərvətlərindən pay almağa; Türkiyə, 1990-cı illərin əvvəllərində “Adriaktikdən Çin Səddinə,” siyasi ideologiyasını ön plana çıxararaq özünə bölgədə yer etməyə, İran isə Azərbaycan və Orta Asya dövlətlərində dini və iqtisadi imkanlardan maksimim şəkildə istifadə etməyə çalışır.

Cənubi Qafqaz dövlətlərinin milli təhlükəsizlik anlayışı bu dövlətlərin bir-birilərindən hiss etdiyi təhdidlərdən ibarətdir. Bu dövlətlər sərhədlərindən kənarda yerləşən böyük dövlətlər tərəfindən işğal edilmə təhlükəsi ilə deyil, birbaşa sərhəd qonşuları ilə yaşadıqları siyasi və hərbi problemlərə görə milli təhlükəsizliklilərinin təhdid edildiyini düşünürlər. Ermənistan qondarma və tarixə həqiqətləri əks etdirməyən soyqırımı iddialarına istinad edərək Türkiyədən hiss etdikləri təhlükəsizlik problemini önə çıxararaq bölgəyə yönəlik revizionist siyasətini gizlətməyə çalışmaqdadır.

Bölgədə təhlükəsizliyin təmin edilməsinin qarşısında ən böyük əngəl Ermənistandır. Zira bu dövlət Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş, Gürcüstanın Cəvaheti əyalətində yaşayan Ermənilərin separat tələblərini dəstəkləmiş, Türkiyəni qondarma soyqırımı ilə günahlandırmış, torpaq və təzminat tələb etmişdir.

Azərbaycan terrorizmlə mübarizədə Rusiya ilə nə qədər əməkdaşlıq etsə də, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarını geri alması üçün hərbi əməliyyatlara başladığı zaman Rusiyanın necə reaksiya verəcəyini təxmin etmək olduqca qarışıq bir məsələdir.

Cənubi Qafqazda yaşanan bu problemlərə paralel olaraq, bölgə dövlətləri və digər böyük dövlətlər bu problemlərin həll edilməsi üçün müxtəlif layihələr hazırlamışdır. Bu layihələrin əsas məqsədi bölgədəki problemləri qəti şəkildə həll etmək, bölgənin iqtisadi, siyasi və sosial həyatında inkişafı təmin etmək və ən əhəmiyyətlisi özlərinin də bölgəyə yönəlik iqtisadi, siyasi və hərbi siyasətlərini rahat bir şəkildə həyata keçirə biləcəkləri şəraiti hazırlamaq olmuşdur.

Bu layihələrdən birincisi 1993-cü ildə Gürcüstanın prezidenti Eduard Şeverdnadze tərəfindən “Qafqaz Evi” adı ilə təklif edilən və daha sonra “Sülhsevər Qafqaz Üçün” adı ilə bilinən layihədir. Bölgənin hərbi, siyasi və iqtisadi problemlərinin bölgə dövlətləri arasında danışıqlar yolu ilə həll edilməsini planlaşdıran bu layihə digər dövlətlər tərəfindən müsbət qarşılanmış, ancaq heç bir dövlət görüşlərə başlamaq üçün siyasi iradə göstərməmişdir.

Azərbaycanın ümummilli lideri prezident Heydər Əliyev və Şevardnadze arasında “Sülhsevər Qafqaz Üçün Pakt” imzalanmışdır. Ancaq bu layihədə Rusiya kənarda qaldığı üçün bölgədəki bu şəkildə qruplaşma və problemlərin həlli üçün belə bir mexanizmi təşəbbüsü Rusiyanı narahat etmişdir.

Bölgə təhlükəsizliyinin təmin edilməsi üçün bir digər layihə isə ümummilli lider Heydər Əliyev tərəfindən ATƏT-in 1999-cu ildə keçirilən İstanbul Zirvə Görüşündə “Cənubi Qafqaz Təhlükəsizlik Paktı” adı ilə təqdim edilmişdir. Bu layihədə terrorizmə qarşı mübarizəni gücləndirmək, bölgədən kənar dövlətlərin hərbi güclərin Qafqaza yerləşməsini və separat qrupların fəaliyyətlərini, etnik qruplara təzyiq edilməsini qadağan etmək və bölgə dövlətlərinin iqtisadi münasibətlərinin inkişaf etdirmək nəzərdə tutulmuşdur.

Bölgə dövlətlərinə paralel olaraq ABŞ da təhlükəsizliyin təmin edilməsi üçün bəzi təkliflər vermişdir. ABŞ-ın sabiq Xarici İşlər Naziri Madlen Olbrayt 1999-cu ildə “Qafqaz İqtisadi Forumu” adlı layihə hazırlamışdır. Ancaq bu layihə də həyata vəsiqə qazana bilməmişdir.

Bölgə dövlətlərindən olan Ermənistanın sabiq Xarici İşlər Naziri Vardan Oskanyan 15 mart 1999-cu ildə İngiltərə Kral İnstitutunda keçirilən bir konfransda bölgədə təhlükəsizliyin və sabitliyin qorunması və Avropa ilə inteqrasiyanın təmin edilməsi üçün “Bölgə Təhlükəsizliyi və Əməkdaşlıq Paktı”nın qurulmasını təklif etmişdi. Bu layihəni Ermənistanın sabiq prezidenti Robert Köçəryan 1999-cu ildə ATƏT-in İstanbul Zirvə Görüşündə yenidən gündəliyə çıxarsa da, tərəflər arasında razılaşma əldə etmək mümkün olmamışdır.

Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin 20 iyun 2000-ci ildə Moskvada keçirilən görüşündə Oskanyan Cənubi Qafqaz dövlətlərinin Rusiya ilə dialoq qurmalarını təmin edilməsi üçün 3+1 (Cənubi Qafqaz dövlətləri+Rusiya) tərkibində iki ildə bir görüşmələrinin mümkün olduğunu bildirmişdir. Ancaq bu layihə də digərləri kimi nəticəsiz qalmışdır.

Qafqaz G8-ləri olaraq bilinən 3+3+2 (Cənubi Qafqaz dövlətləri + Rusiya + Türkiyə + İran + ABŞ + Avropa Birliyi) adlı layihə bölgə və digər dövlətlər tərəfindən dəyərləndirilsə də, bu haqda irəliləyiş əldə edilməmişdir.

Gürcüstanın ərazi bütövlüyünü təmin etməsi məqsədilə hərbi qüvvələrini Cənubi Osetiyaya göndərməsindən sonra Rusiyanın Gürcüstana müdaxiləsi bölgədə və beynəlxalq aləmdə son iyirmi ildə formalaşmaq üzrə olan təhlükəsizlik mexanizmini kökündən dəyişmişdir. Bu ərəfədə Türkiyə bölgə təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Qafqaz İttifaqı” layihəsini gündəliyə çıxarmışdır. Hadisələrin cərəyan etdiyi bir mərhələdə belə bir təklif bölgə və digər dövlətlər tərəfindən məmnuniyyətlə qarşılansa da, daha sonra Ermənistan və Rusiya bu layihədə yer almaq istəmədiklərini ifadə etmişdir.

Son iyirmi ildir ki, bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələrə paralel olaraq bölgə və bölgədən kənar böyük dövlətlər Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin qorunması üçün müxtəlif təhlükəsizlik mexanizmləri hazırlamışdır və bundan sonra da böyük bir ehtimal ilə hazırlanacaqdır. Ancaq öncə böyük dövlətlərin maraqlarının, sonra isə onların güclü təsirinə və təzyiqinə məruz qalaraq forposta çevrilən bölgə dövlətlərinin maraqlarının üst-üstə düşmədiyi bir layihənin həyata keçmə şansı olduqca azdır.

Dr. Hatəm Cabbarlı,

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

Copyright © Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...